BDU-nun Filologiya fakültəsi - 100 29
SULTAN SEYİDOVA Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti
PROFESSOR YUSİF SEYİDOVUN “AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ SÖZ BİRLƏŞMƏLƏRİ” MONOQRAFİYASI Azərbaycan dilçiliyinin XX əsrin 50-ci illərindən sonrakı inkişafında böyük rolu olan görkəmli
alimlərdən biri Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Yusif Seyidovdur. Y.Seyidov
Azərbaycan dili qrammatikasının yaradıcılarındandır. Onun dilçiliyimizdəki ən böyük xidməti sintaksis
sahəsində apardığı tədqiqatlardır. Görkəmli alimin bu sahədəki araşdırmaları onun ayrı-ayrı məqalələrində və
kitablarında öz əksini tapmış, bütöv halda isə “Azərbaycan ədəbi dilində söz birləşmələri” adlı
monoqrafiyasında əks olunmuşdur. Müəllifin uzun və gərgin elmi axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi
“Azərbaycan ədəbi dilində söz birləşmələri” əsəri nəinki Azərbaycan dilçiliyi üçün, türkologiya üçün,
ümumən, nəzəri dilçilik üçün əhəmiyyətli olan fundamental araşdırmadır. Təsadüfi deyil ki, bu dəyərli
tədqiqat işi türkoloqlar tərəfindən maraqla qarşılanmışdır. Onun yaradıcılığının zirvəsini təşkil edən bu əsəri
akademik A.Kononov hələ 1977-ci ildə yüksək qiymətləndirmiş, onun müəllifinin – Y.Seyidovun adını türk
dilləri sintaksisinin əsas problemlərinin həllində böyük xidmətləri olan sovet alimlərinin sırasında çəkmişdir.
Həmin dissertasiyanın rəsmi opponenti olmuş SSRİ Elmlər Akademiyasının baş elmi işçisi, professor
N.A.Baskakov dissertasiyanın yüksək elmi dəyərindən danışmış, bu dissertasiya işini dilçilik elmində
yeniliyin nümunəsi kimi xarakterizə etmişdir.
İki dəfə işıq üzü görümüş bu əsərdə söz birləşmələrinin nəzəri və praktik məsələləri bütövlüklə əhatə
edilmiş, tədqiq tarixi araşdırılmış, söz birləşmələrinin növləri haqqında sistemli məlumat verilmişdir.
Araşdırmada qədim hind, yunan dilçilərindən başlayaraq XX əsrin 60-cı illərinə qədər söz birləşmələri
haqqında müxtəlif fikir və mülahizələrin ardıcıl və yığcam elmi xülasəsi verilmişdir. Müəllif yunan
filosoflarının söz birləşmələri barəsindəki ibtidai baxışlarında məntiqi arqumentləri açıb göstərmiş, müasir
filosofların bu problemlə əlaqədar fikirlərini təhlil etmişdir. Azərbaycan dilçiliyində ənənəvi olaraq ikinci və
üçüncü növ təyini söz birləşmələrinin tərəfləri birlikdə bir mürəkkəb cümlə üzvü kimi təhlil edilir. Təbii ki,
bu, dilçilərimizin həssas dilçilik intuisiyasından irəli gəlirdi. Lakin həmin birləşmələrin cümlə üzvü kimi
parçalana bilməməsinin elmi qrammatik əsasları ilk dəfə professor Yusif Seyidov tərəfindən
müəyyənləşdirilmişdir.
Azərbaycan dili sintaksisinin ən aktual problemlərinə həsr olunmuş və biblioqrafik nüsxəyə
çevrilmiş bu sanballı kitab bu gün də mütəxəssislərin, türkoloqların və tələbələrin istinad etdiyi fundamental
elmi mənbədir.