Baki – 2012 Bismillahir-rəhmanir-rəhim amea-nın müxbir üzvü, prof. A. Nəbiyevin xatirəsinə həsr edirəm



Yüklə 2,17 Mb.
səhifə6/11
tarix26.02.2017
ölçüsü2,17 Mb.
#9658
1   2   3   4   5   6   7   8   9   10   11

Folklorda Aşıq Alıda

Altında xalça Elmi dayazlar

Çalır kamança Kamaldan azlar

On dənə xonça Hədyan avazlar

Gələr qızım üçün Yamandır, yaman
Yuxarıda qeyd etdiyimiz şeir şəkilləri lirik üslubun yaradıcılıq növləri kimi meydana gəlmişdir.

Məhəbbət dastanları. M.Cəfərli yazır ki, məhəbbət dastanlarının strukturu qəhrəmanlıq dastanlarından gəlir. O, qəhrəmanlıq dastanlarının arxeplanda məhəbbət dastanları olması qənaətindədir (33, s.67).

Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinin səciyyəsi haqqında V.M.Jirmunski də məlumat verir. O, özbək məhəbbət dastanlarında qəhrəmanlıq başlanğıclarının qoşa struktur vahidi kimi çıxış etməsini göstərir (34). Belə bir struktur həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarında poetik səciyyə daşıyır. Həmin poetik səciyyə eyni zamanda dastanın struktur poetikasını təşkil edir.

Məhəbbət dastanlarının təhkiyəsi nağıl təhkiyəsinə yaxın olduğu üçün burada nağıl elementlərindən çox istifadə olunur.

Məhəbbət dastanlarında qəhrəmanın qəhrəmanlığının sehrli-magik xüsusiyyəti daşıması almanın və digər sehrli qüvvənin sehrli-fantastik və magik əlamətə malik olması ilə bağlıdır. Əgər alma uşaq verə bilirsə, onun gələcək fəaliyyətində də magik rol oynayır. Deməli, alma təhtəlşüurda qəhrəmanın doğulması üçün vasitədir.

Ümumiyyətlə, məhəbbət dastanlarının quruluşunda aşiq və məşuqun bir-birinə buta verilməsi böyük rol oynayır. Butalar adətən dərviş, Xızır, hz .Əli tərəfindən yuxu vasitəsilə verilir. Butanın çox böyük ictimai-mənəvi əhəmiyyəti vardır. Adətən məhəbbət dastanlarında aşiq buta almamışdan əvvəl cılız, süst, zəif halda təsvir olunur. Buta alandan sonra onun bu halı dəyişir.

Dastanda buta sosial məna daşımır. Məhəbbət dastanlarının quruluşunda buta əsas amil olsa da, keçid dövründə yaranan dastanlarda buta bədii priyom kimi istifadə olunmamışdır. Bu cəhətdən dastanın mətn strukturu xüsusi bədii forma kimi özünəməxsus xüsusiyyətlərə malikdir. Hər şeydən əvvəl onu deyək ki, dastan tarixi qaynaqlara söykənir.

Qəhrəmanlıq dastanlarının kökündə eyni zamanda sehrli, magik, əsatiri görüşlər də iştirak edə bilir. Bu, dastanın formalaşma xüsusiyyətidir. Çünki hər bir epos formalaşarkən onun strukturuna həmin elmentlər mifoloji çağın tələbləri kimi daxil olur. Bu, həm də qəhrəmanın gücünü fantastik şəkildə izah etməyə xidmət edir. Bu sehrli qüvvələr divlər, pərilər, sehrli qılınc, xalça, üzük və s. ola bilər. Eposdan məhəbbət dastanı yarananda bu sehrli, magik qüvvələrə ehtiyac qalmır. Qəhrəman ancaq öz fizioloji gücünə arxayın olur.

Dastan quruluşunda iki növbələşmə vardır. Bunlardan biri yurd, digəri isə yuva hissəsidir. Dastanın yurd hissəsi onun bədii poetikasını əks etdirir, yuva hissəsi isə hərəkəti, dinamizmi göstərir. Bunlardan biri olmazsa dastan formalaşa ­bilməz. Bu da dastanın əsas quruluş xüsusiyyəti kimi diqqəti cəlb edir. Həm yurd, həm də yuva hissələri dastanın poetikasını inkişaf etdirir. Dastanda instifadə olunan hər bir şeir öz-özlüyündə poetik düşüncə olub, qoşma, gəraylı və s. şəklində istifadə olunan poetik fiqurdur.

Hər bir dastan özünə məxsus məzmuna malik olur. Məzmun öz quruluşuna görə sadə məzmun və ya mürəkkəb məzmun olaraq səciyyələndirilir. Sadə məzmun əsasən kiçik süjetə malik olan mətnlərdə daha çox diqqət çəkir. Belə süjetlərdə məzmunun nəql olunmasında çox detallardan istifadə olunmur. Mürəkkəb quruluşlu mətnlərdə isə süjetin mürəkkəb şəkildə ifadə olunması ilə qarşılaşırıq. Mürəkkəb quruluşlu mətnlərdə bir neçə və daha çox süjetlərdən istifadə olunur.

Məzmun universal ifadədir. Bizi əhatə edən hər şeyin məzmuna malik olduğunu düşünmək, onun dəyərini malik olduğu formaya əsasən təyin etmək olar. Dastan da onun məzmununun ifadə olunduğu mürəkkəb strukturdur. Dastan mürəkkəb strukturda olduğu qədər də mürəkkəb formaya malikdir. O, ustadnamələrlə başlayır, ustadnamələrdən sonra başlanğıc formulunu izah edən cümlə tipi verilir. Dastanın əsas hissəsi kimi buta məsələsini qeyd etmək olar. Butadan sonra qəhrəmanın səfərə çıxması, çətinliklərlə qarşılaşması, butasına sahib olması, vətəninə qayıtması, toy səhnəsi, duvaqqapma hissələri gəlir. Bütün bu saydıqlarımız dastanın bədii modelidir. Dastanın da məzmununu xarakterizə edən əsas cəhətlər onun mürəkkəb süjet xəttinə malik olması, nəzm və nəsrin qoşalaşması, bədii formasının, kompozisiyasının mətndən asılılığı, bədii ifadə vasitələrindən istifadə olunması və s. təşkil edir.

İlk baxışda elə görünə bilər ki, ustadnamələrin dastanla heç bir əlaqəsi yoxdur. Lakin bu belə deyildir. Ustadnamələrin daşıdığı ictimai məna mətnin məzmunundan irəli gəlir. Ustadnamələrdə olan didaktik məzmunla dastanın didaktik məzmunu arasında bir bağlılıq vardır. Buna görə də ustadnamələri dastan hissəsi saymaq olar.

Dastanın məzmununu xarakterizə edən bir çox xüsusiyyətlər vardır. Bunlardan birincisi dastanın mifoloji motivlərə malik olma xüsusiyyətidir. Dastanlarda ilk motiv kimi övladsızlıq motivi diqqət çəkir. Bu motiv dastanlarda çox qabarıq şəkildə özünü göstərir. Övladsızlıq motivi ilə dastanın məzmunu arasında sıx bağlılıq vardır. Çünki dastanın məzmunu qəhrəmanın övladsızlıq motivinin nəticəsi olaraq doğulmasından sonrakı hadisələri əks etdirir.

Ümumiyyətlə, dastanın geniş məzmununu müəyyən hissələrə ayırmaq olar. Bu hissələri bir-birindən fərqləndirmək üçün onları dastan motivləri əsasında izah etmək daha məqsədəuyğundur. Məzmuna belə yanaşma ayrı-ayrı dastan motivləri üzrə onların əsasını təşkil edən süjetləri də təhlil etməyə imkan verir.

Dastançılıqda əsas motivlərdən biri ov motivdir. Bu motiv qəhrəmanın daxili mənəvi keyfiyyətlərini qabarıq vermək üçün çox əhəmiyyətlidir. Bu motivin dastanın harasında işlənməsindən asılı olmayaraq, əsas süjetin izah olunmasında rolu böyükdür.

İkincisi dastanın məzmununun öz daxili xüsusiyyətləridir. Daxili ziddiyyətlər isə dastanın məzmununun hissələrinin bir-birindən asılılıq dərəcəsini göstərməyə xidmət edir. Dastanda ov motivinin məzmun xüsusiyyətləri ritual bir proses kimi qəhrəmanın gələcək fəaliyyətində onun sınaqdan keçirilməsi ilə bağlıdır. Keçmişdə şahzadələri yay-ox müsabiqəsi, at yarışı, ovda məharət göstərmək kimi proseslərdən keçirirdilər.

Dastanın bədii quruluşunda şeirlər də böyük rol oynayır. Burada şeirlərin məzmunu dastanın yurd hissəsində əks olunur. Şeirlər əsasən dastanın yurd hissəsi ilə bir-birinə uyuşur. Dastanın yurd hissəsi qəhrəmanın lirik-psixoloji duyğularının açımında da fəal rol oynayır. Dastandakı şeirlər hər bir obrazın ruhi aləmini əks etdirir. Dastanın sonu duvqqapma ilə bitir. Duvaqqapma dastanın bitdiyini göstərir və aşığın, ifaçının hər hansı bir hadisə, əhvalat və s. haqqında, yaxud aşığın lirik duyğularının bədii təcəssümündən ibarət olur.

Hər bir dastanda şeirlər aparıcı rol oynayır. Dastanın quruluşundan asılı olaraq şeirin forması seçilir. Dastanlarda ən çox istifadə olunan qoşma şəklidir. Dastanın sonunda isə müxəmməs və s. şəkillərdən istifadə olunur ki, bu da duvaqqapma adlanır.

Dastanların ilk bədii detalı ustadnamələrdə ifadə olunur. Ustadnamə ustad nəsihəti, ustad öyüdüdür. Adətən, ustadnamələrin dastanın məzmununa aidliyi olmur. Ancaq ustadnamələrin bədii-poetik xüsusiyyətləri dastandakı qoşmaların ideya-bədii məzmununun açılmasında rol oynaya bilər.

Ustadnamələrin məzmunundakı bədii detallar, aforizmlər dastanın ümumi məzmunundakı mənanı əks etdirə bilir. Ustadnamədəki məna ya dolayısı ilə, ya da birbaşa dastan məzmununa dəlalət edir. Bu mənada ustadnaməni forma adlandıra bilərik. Məlumdur ki, forma dəyişən xüsusiyyətə malikdir. Məzmun isə spesifiklik təşkil edir. Buna görə də tədqiqatçılar məzmun kateqoriyasının forma kateqoriyasından ayrılmadığını söyləyirlər (35, s.134). Ustadnamənin bədii-poetik xüsusiyyətləri onun bədii dil faktlarından nə dərəcədə istifadə etməsindən asılıdır. Ustadnamələrdə olan bədii məcazlar sistemi, bədii ifadə vasitələri, heca sisteminin qafiyə strukturu, rədif və cinaslardan istifadə edilməsi. Misraların poetik yükü, bədii pafosu – öütün bunlar şeirin poetik xüsusiyyətlərinin üzə çıxmasında əsas vasitələrdəndir. Ustadnamələrdə aforizmlərdən çox istifadə olunması bu şeirin poetik təsirinin qüvvətlənməsinə səbəb olur.

Ustadnamələrdə bədii dil, bədii üslub, xalq dilindən yararlanan obrazlı ifadə, qafiyə sistemi yüksək sənətkarlıqla aşıq tərəfindən yaradıcı şəkildə istifadə olunmuşdur.

Dastanda yurd və yuva hissələri növbələşir. Yurd nəsrlə ifadə olunan dastanın süjet xəttidir, yuva isə dastanda vəziyyətə uyğun olaraq istifadə olunan şeirlərdir. Dastanda onların növbələşməsi qanunauyğunluq təşkil edir, bir-birindən funksional asılılıqdadır. M.Cəfərli yazır ki, «bu baxımdan dastanın poetik strukturunda nəzmin bir neçə yöndən reallaşan funksional istiqamətləri görünməkdədir. Bunun birincisi dastan şeirinin dastan nəsri ilə birlikdə sistem təşkil etməsi məsələsidir. İkincisi, dastan şeirinin sistem içində «sistem» kimi funksiyalarıdır» (33, s.206). Bu sitatdan da göründüyü kimi, dastanın yuva hissəsi ilə yurd hissəsi sistem içində «sistem» təşkil edir. Dastanların arxaik strukturunda yurd hissəsi də şəkli xüsusiyyətinə görə nəzmlə olmuşdur. Ona görə də arxaik eposda onun «yuva», yurd» işarələrinə bölünmə məsələsi olmamış, hər ikisi bir sistem içində paylanmışdır (sistem daxilində).

Görünür, dastan təhkiyəsinin nağıl təhkiyəsi əsasında formalaşması sonradan yurd hissəsinin nəzmlə ifadə olunması ehtiyacını doğurmuşdur. Yurd hissədə dialoqlardan istifadə olunması da yurd hissənin formalaşmasına təsir etmişdir. Nağıllarda istifadə olunan sehrli motiv, süjetlər və s. dastan dilinə «tərcümə» olunanda qəlibdəki strukturun eyni ilə saxlanılması vacib olduğundan onun şeirlə ifadə olunması dastan poetikasından kənarda əhəmiyyətli sayılmamışdır. Bu kimi səbəblər ümumi mətndən şeirlərin diferensasiyasına səbəb olmuş, şeirlər fikrin müstəqil ifadə vasitəsi kimi yenidən dastan poetikasına daxil olmuşdur. Həm də şeirlər yuva hissədəki məzmunu qabarıqlaşdırmaq məqsədini də güdür.

Dastanlardakı şeirlərin qafiyə sistemi aşıq şeiri üslubunda olduğu üçün misralararası qafiyələnmə qoşmanın, gəraylının və s. şeir şəklinin şəkli xüsusiyyətləri kimi üslub və forma gözəlliyinə malikdir. M.Cəfərli yazır ki, «Dastanda işlənən qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. şeir janr və formalar arasında poetik janr fərqi qətiyyən yoxdur» (33, s.207).

Dastanlarda qafiyəni qüvvətləndirən poetik üslub kimi rədiflərdən çox istifadə olunur. Rədif qoşmanın həm şəkli xüsusiyyətini, həm də forma gözəlliyini artıran vasitə kimi diqqət çəkir.

Dastanda bənzətmələrdən daha çox istifadə edilmişdir. Adətən bənzətmələrdə yarın qaşı, gözü, yanağı, dodağı və s. ilə bənzədilən arasında poetik məna olur. Aşıq-dastançı belə bənzətmələrlə gözəlin poetik fiqurunu təsvir etmiş olur.

Dastanlardakı bədii təsvir vasitələrinin çoxçeşidliliyi onun poetikasının rəngarəngliyinə səbəb olur. Bu təsvir vasitələri ekspressiv-emosional duyğuların ifadə olunmasına kömək edir. Qəhrəmanın təsvirində bu bədii təsvir vasitələri aparıcı rol oynayır. Əgər belə təsvir vasitələrindən istifadə olunmasa, dastanın şeiriyyəti zəif alınar, sönük mahiyyət daşıyar. Ona görə də dastançı aşıqlar öz bədii təhkiyəsində belə üsullara yer verir, qəhrəmanların hiss və duyğularını bu bədii vasitələrlə tamamlayırlar. Dastanın şeir dilindən əlavə nəsr dilində də poetik qəliblərdən istifadə olunması dastan dilinə bir axıcılıq, bədii gözəllik gətirir. Məhz bu bədii gözəlliyə görə, dastanlarda epitet, metafora, məcazlar, təşbehlər, andlar, qarğışlar və s. fikrin bədii tutumunu artırmaq məqsədi güdür. Bu bədii ifadələr xalq arasında işlək olduğuna görə şeir dilinə də gətirilir. Buna görə də dastançı-aşıq və xalq deyimləri təhkiyədə bir-birindən ayrılmazdır.

Azərbaycan məhəbbət dastanlarının çoxunda sufi dünyagörüşü əks olunur. Məhəbbət dastanlarının quruluşunda da sufi-təsəvvüf simvolika əsas rol oynayır. Sufilikdə çoxlu sufi simvolları vardır. Eşq, buta, yol, sınaq, dil, üpək, dost, qəlb, könül, yoladüşmə, məkan, zaman anlayışları sufi dünyagörüşündə ilahi məhəbbətə qovuşmaq üçün dastanlarda rast gəlinən ünsürlərdir. Məhəbbət dastanlarında aşiq-məşuqun ilahi məhəbbəti 4 pillədən keçir. Bu mərhələlərdən birincisi şəriət mərhələsidir ki, hər bir aşiq islamın bu qanunlarını dəqiq bilməli və ona əməl etməlidir. İkinci mərhələ təriqət, yəni yolla bağlıdır. Burada da aşiq öz nəfsini qorumalı, onu dünyəvi həzzə qurban verməməlidir. Üçüncü mərhələ olan mərifətdə aşiq tam şəkildə həqiqi idraka sahib olur, yəni kamala çatır. Dördüncü mərhələ isə həqiqəti dərk etmək mənasında ilahi sevgiyə qovuşmanı əks etdirir (33, s.120). Sufizmin mərhələləri ilə bağlı elmi ədəbiyyatda çox deyilmişdir. Əsas olan sufi dünyagörüşün mərhələlərinin dastanlarda bədii təcəssümüdür. Sufizmin əsas göstəricisi qəhrəmanın sınaqlardan keçirilməsidir. Buna səbəb qəhrəman aşiqin həqiqi məhəbbət yolunda dözümlülüyünü, məqsədə çatmaq uğrunda mübarizə apara bilmək əzmini ortaya qoymasıdır.

Adətən məhəbbət dastanlarında aşiqlərin sufi semantikası onların haqq aşığı olması ilə açılır. Məhəbbət dastanlarında haqq aşığı olmaq üçün onlar buta prosesindən keçməlidirlər. Məhz belə bir prosesi keçəndən sonra onlar haqq aşığı statusunu qazanırlar.

Sufi dastanlarda qəhrəman əzab-əziyyət çəkərək öz həqiqi məhəbbətinə qovuşur. Bu məhəbbətə qovuşma ilahiyə qovuşma kimi də xarakterizə olunur. Belə dastanlarda aşiqin sevdiyi qız ilahiyə çox yaxındır. Allaha məxsus sufi təsəvvürlərin hamısı onun sevdiyi yer gözəlində təsvir olunur. Sufi məhəbbəti dialektikasında ilahiyə qovuşmaq yer mənşəli gözələ qovuşmaq timsalında həyata keçirilir. İkinci bir qisim məhəbbət dastanlarında isə yer qızı ilə son anda birləşə bilməməklə Allaha qovuşmaq, yəni qəhrəmanların – aşiq-məşuqun ölümü onların Allaha olan məhəbbətinə qovuşması kimi xarakterizə olunur.

Sufizmdə 4 əsas mərhələ vardır. Bunlardan birincisi şəriət, ikincisi təriqət, üçüncüsü mərifət, dördüncüsü həqiqətdir. Bu mərhələlərin hamısı sufi dünyagörüşün əsasını təşkil edir. Sufiliyin dörd mərhələsinə uyğun olaraq dastanda qəhrəman da dörd maneədən keçir. M.Cəfərli yazır ki, sufi kamilləşməsinin bu dörd mərhələsi ilə məhəbbət dastanları qəhrəmanı yolunun struktur tutuşdurulması formal nəticələr verə bilər (33, s.120).

Ozan yaradıcılığının aşıq yaradıcılığına transformasiya olunmasında rol oynayan birgə yaşayış, tayfa məişət həyatı, tayfadaxili ziddiyyətlər, tarixi hadisələr və şəxslərin adı ilə bağlı süjetlər məhəbbət dastanlarının yaranmasına kömək edir.

İlk məhəbbət dastanları nağıl motivləri və ənənəvi süjetlər əsasında yaranmışdır. Adi məhəbbət dastanları və avtobioqrafik dastanlar da ilkin modellər kimi diqqəti cəlb edir. Ancaq onu qeyd etmək lazımdır ki, məhəbbət dastanlarının qədim eposların məhəbbət süjetlərinin inkişaf dinamikasından asılılığı, eyni zamanda, epos-məhəbbət dastanlarının qarşılıqlı əlaqəsinin geriyə təsirini də özündən ayırmır. Yəni öz-özlüyündə məhəbbət dastanlarındakı qəhrəmanlıq süjetləri qədim eposların inkişafında yeni eposçuluq ənənələrinin üzə çıxmasına səbəb olur. Bunu «Koroğlu» dastanının yeni-yeni variantlarının yayılmasın­da və yeni qolların tapılmasında müşahidə etmək mümkündür. Müəyyən inkişaf nəticəsində epos süjeti parçalanır, özündən yeni janr əmələ gətirir, yeni janrda epos qanunları fəaliyyət göstərir və köhnə eposun (köhnə «Koroğlu»nun) süjetinin içindən yenilərini törədir. İstənilən mövzu, janr, dövr üzərində çalışmalar aparıb yeni söz demək məharətinə malikdir.

Qəhrəmanlıq epoxasının başa çatması ilə əlaqədar qəhrəmanlıq dastanları da öz tarixi inkişaflarında məhəbbət süjetlərinin artmasına şərait yaradırdı. Onsuz da qəhrəmanlıq dastanlarının süjetində məhəbbət, sevgi xətti var idi. Ancaq bu, aparıcı rol oynamırdı. Artıq qəhrəmanlıq dastanlarının yaranmasına tarixi şərait olmadığından oradakı süjet xətti qəhrəmanın məhəbbət macəralarının əsasında qurulmağa başlayırdı. Beləliklə, dastan yaradıcılığında məhəbbət dastanları aparıcıı mövqe qazanırdı. Dastançılıqda yeni yaranan məhəbbət süjetləri qəhrəmanlıq dastanlarının məhəbbət süjetlərinin əsasında formalaşsa da, məhəbbət dastanlarında sevgi motivi ilahi eşq ilə birləşərək eşqin yüksək zirvəsinə qalxmışdır. Türk xalqlarının məhəbbət dastanlarını müqayisə etmiş olsaq, şahid ola bilərik ki, Koroğlu Məcnun kimi sevgidən dəli ola bilməz, Beyrək Kərəm kimi eşqin odunda yana bilməz, eyni zamanda Məcnun Koroğlu kimi, Kərəm Beyrək kimi qəhrəman ola bilməz. Bunun səbəbini bəlkə də Koroğlu, Beyrək və b. qəhrəman tiplərinin tanrı səviyyəsindən enərək qəhrəman statusuna keçməsində, Kərəmin, Məcnunun, Qəribin isə ilahi eşq ilə bağlı tanrıların (Xızır, Əli) əlindən məhəbbət badələrini içməsində axtarmaq olar.

Bu xüsusiyyətləri Azərbaycan məhəbbət dastanları olan «Əsli-Kərəm», «Aşıq Qərib», «Tahir və Zöhrə», «Leyli-Məcnun», «Abbas-Gülgəz» və s. dastanlarda görürük.



Qəhrəmanlıq dastanları. Qəhrəmanlıq dastanlarının leytmotivinin qəhrəmanlıq olduğunu bilirik. Azərbaycan qəhrəmanlıq dastanları ilə türk qəhrəmanlıq dastanlarının istər iri qəhrəmanlıq motivlərini, istərsə də leytmotivlərini müqayisə etmiş olsaq, Azərbaycan dastanlarındakı («Dədə Qorqud», «Koroğlu» və başqaları) qəhrəmanlıq süjetlərinin həm bir-biri ilə bağlı olması, həm də ayrıca boy, dastan tipi olması barədə qənaətlərə gələ bilərik.

Milli dastançılıqda «Koroğlu» süjetləri aşıq yaradıcılığının əsas tərkib hissələrindən birini təşkil edir. «Koroğlu» dastanı öz səciyyəsi etibarilə nəinki milli dastançılıqda, hətta böyük türk aşıq yaradıcılığında öndə gedən qəhrəmanlıq mövzusu olmuşdur.



«Koroğlu» dastanı. Dastan yaradıcılığı həmişə inkişafda olan, daim yeniləşən bir prosesdir. «Koroğlu» dastanının da mövzusu belə bir tarixi inkişafda olmuş, özünün variantlarını əmələ gətirmişdir. Aşıq yaradıcılığının da dialektikası dastan yaradıcılığının tərəqqisinə imkan yaratmaqdadır. Bu xüsusiyyət «Koroğlu» dastanının süjetlərinin artmasında da müşahidə olunur. Həm də bu inkişaf böyük bir ərazini əhatə etdiyindən aşıq yaradıcılığının bu xüsusiyyətini izləmək xüsusi diqqət tələb edir. «Koroğlu» dastanının məkanca yayıldığı ərazilər aşıq məktəbləri üzrə qruplaşdığından dastanın yenidən yaranma və qurulma istiqamətləri də bir-birindən fərqli ərazilərdə genişlənir. Dastan yaradıcılığı qapalı məkanlarda daha çox inkişaf etdiyindən «Koroğlu» mövzusu da belə ərazilərdə daha çox yaranma və yayılma səciyyəsinə malik olur. Aşıq yaradıcılığının təsiri ilə dastan yaradıcılığı qapalı mühitdən ayrıldıqdan sonra təsirlərə məruz qalır, ifa zamanı yeni çalarlarla zənginləşir.

Azərbaycan «Koroğlu»sunun tarixi kökündə XVI – XVII əsr hadisələri dayansa da, dastanın mifoloji kökləri daha qədim zamanlarla bağlıdır. Kitabın girişində müəllif özü də qeyd edir ki, «Koroğlu» dastanı XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycan xalqının xarici işğalçılara və yerli feodallara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin leytmotivi kimi meydana gəlmişdir. Ümumiyyətlə, türk folklorşünaslığında «Koroğlu» dastanının 20-yədək versiya və variantları tədqiq edilmişdir. Bunların içərisində Azərbaycan versiyasına yaxın olanlar və ondan müəyyən mənada fərqlənənlər də vardır. A.Nəbiyev Azərbaycan versiyası ilə türkmən versiyasının tarixi köklərinin eyni olduğunu, özbək «Goroğlu»sunun isə daha çox fantastik, sehrli mahiyyətdə olması ilə fərqləndiyini söyləyir.

«Koroğlu» dastanı haqqında ilk məlumatlar XIX əsrin sonlarında üzə çıxmağa başlamışdır. Bizim milli varlığımızı özümüzdən yaxşı qiymətləndirən İ.Şopen, A.Xod­­zko kimi şərqşünas və etnoqraflar Azərbaycanın qədim kəndlərini gəzərkən «Koroğu» süjetinin dillərdə əzbər olduğunu duymuş və ilk dəfə onu qələmə almışlar. İ.Şopen 1840-cı ildə «Mayak sovremennoqo prosveşeniya i obrazovaniya» jurnalında xalqdan topladığı epizodu nəşr etdirir. XIX əsrin əvvəllərində isə A.Xodzko Gilanda Rusiyanın konsulu işləyərkən xalqımızın tarixi, mədəniyyəti və məişəti ilə yaxından tanış olur. Elə bu illərdə də yerli camaatdan Koroğlu haqda eşitdiklərini qələmə alır və 1842-ci ildə Londonda ingilis dilində nəşr etdirir. Bu ilk təcrübələrdən sonra Azərbaycan folkloruna, xüsusən «Koroğlu» dastanına maraq artır. 1856-cı ildə S.S.Penn «Koroğlu»nu rus dilinə tərcümə edib Tiflisdə çıxan «Kavkaz» qəzetinin 21, 24, 26, 27, 30, 35, 37 və 42-ci nömrələrində çap etdirir. S.S.Penn dərc olunan bu hissələri birləşdirib 1856-cı ildə Tiflisdə «Ker-oqlı. Vostoçnıy poet-naezdnik» adı ilə də nəşr etdirir.

Dastanın ingilis və rus dillərində çapından sonra onun mətninə həsr olunmuş məqalələr yazılmağa başlanmışdır. «Sovremennik» jurnalında A.N.Pıpi­nin yazdığı resenziya dərc edilmişdi. Bu resenziya-məqalə həm də elmi cəhətdən maraqlı idi. Məqalə müəllifi Koroğlu haqqında məlumatların Şimali İranın yerli əhalisi (azərbaycanlılar) arasında qorunub saxlandığı barədə yazır, həm də şairliyi haqda mülahizə yürüdür və Koroğlunu Azərbay­can xalqının milli şairi adlandırırdı.

Koroğluşünaslıqda mühüm işlər görülmüşdür. «Koroğlu» dastanının türkmən, özbək, tacik, qazax versiyalarının təkmil nəşrləri hələ sovet dövründə nəşr edilmişdir. Müxtəlif illərdə Azərbaycan versiyasının 18 və daha çox, özbək versiyasının 47, tacik versiyasının 50, türkmən versiyasının 14, qazax versiyasının 65 qolu milli nəşrlərdə işıq üzü görmüşdür.

Azərbaycanda da koroğluşünaslıqda böyük işlər görülmüşdür. 1913-cü ildə «Koroğlu»nun ilk nəşri, 1927-ci ildə Vəli Xuluflunun çap etdirdiyi «Koroğlu» bu sahədə olan boşluğu doldurururdu. «Koroğlu»nun ilk kamil nəşri Hümmət Əlizadənin adı ilə bağlıdır. O, Azərbaycan aşıqlarından topladığı 14 qolu çap etdirməklə Azərbaycanda koroğluşünaslığın əsasını qoymuşdur. Müharibədən sonrakı illərdə Azərbaycanda bu sahədə işlər daha da canlanmağa başlanmışdı. Xüsusilə H.Araslının və M.H.Təhmasibin xidmətlərini yada salmaq kifayətdir ki, koroğluşünaslıqda görülən işlərin miqyası haqqında dəqiq məlumat əldə olunsun. Müharibədən son­ra bir-birinin ardınca 1949, 1956, 1959 və 1969-cu il «Koroğlu» nəşrləri mətnin mükəmməlliyinə görə heç də o biri «Koroğlu» variantlarından geridə qalmırdı. Onlar eyni zamanda çap etdirdikləri «Koroğlu» haqqında tədqiqat işlərini də davam etdirirdilər. Tədqiqat işlərinin ardı bununla tamamlanmırdı. Bu illərdə P.Əfəndiyev görkəmli koroğluşünas kimi yetişirdi. Xüsusilə onun «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq eposu kimi» mövzusunda yazdığı namizədlik işi, F.Fərhadovun «Koroğlu» dastanının Zaqafqaziya versiyası» mövzusunda yazdığı tədqiqat işi bu sahədəki canlanmadan xəbər verirdi. Əgər koroğluşünaslığı müəy­yən mərhələlərə bölmüş olsaq, bu sahədə A.Nəbiyevin xidmətləri də xüsusi çəkiyə malik olacaqdır. Çünki ona bu haqqı verən həm «Koroğlu»dan topladığı əlavə qollar, həm «Koroğlu» nəşrlərinə münasibət bildirməklə onun yeni mətnini nəşr etdirməsi, həm də bu sahədə dəyərli tədqiqat işləri yazmasıdır. Məsələn, o, 1967-ci ildə «Koroğlunun Quba səfəri»ni yerli aşıqlardan toplayıb oxucuların diqqətinə çatdırmışdır. Eləcə də «Koroğlunun Şirvan səfəri», «Koroğlunun Türkmənə getməsi», «Misri qılıncın oğurlanması», «Giziroğlu Mustafa bəyin Çənlibelə gəlməsi», «Bənövşə xanımın Çənlibelə gəlməsi» kimi qolları yazıya alıb nəşr etdirmişdir. Sonradan isə özünün tam şəkildə dialektdə yazıya aldığı dastanı nəşr etdirmişdir. A.Nəbiyevin dastanın təkrar nəşrlərində də xidmətləri böyükdür. 1927-ci ildə Vəli Xuluflunun «Koroğlu» nəşrini 1999 və 2003-cü illərdə ön söz, qeydlər və izahlarla bir yerdə, 2004-cü ildə isə J.Sandın tərcüməsində nəşr etdirmişdir.

Məlumdur ki, Azərbaycan folklorşünaslığında Koroğlunun tarixi şəxsiyyət olub-olmaması haqqında ziddiyyətli fikirlər vardır. A.Nəbiyev belə bir mülahizə irəli sürür ki, «əgər tarixdə Koroğlu tayfası mövcud olmuşsa, bu tayfa həmin adı daha qədim dövrlərə bağlı ideal qəhrəmanın adından götürmüş, bu qəhrəmanın epik-lirik nəğmələrini əsrlərcə yaşatmış, ən nəhayət, həmin nəğmələr kəndli hərəkatı qəhrəmanları barədə yaranan nəğmələrlə qovuşmuşdur» (20, s.41). Onun bu mülahizəsi X.Koroğlunun qəhrəmanın Koroğlu tayfasından çıxması haqda fikrinə söykənir. A.Nəbiyev öz fikrini «Koroğlu» Tiflis variantına əsasən daha da dəqiqləşdirir. «Koroğlu» və «Goroğlu»nu müqayisə edən müəllif birincinin daha erkən yarandığını, özbək «Goroğlu»sunun XIX əsrin sonlarında formalaşdığını qeyd edir. Ancaq Koroğlu obrazı özbək folklorunda da yaşamış, Azərbaycan «Koroğlu» dastanı yayıldıqdan sonra özbək qəhrəmanı Goroğlunun adına qəhrəmanlıq salnaməsi qoşulmuşdur (20, s.42).

«Koroğlu» dastanının yaranması üçün çox vacib olan bu qaynağın – süjetin müxtəlif variantlarda yaranma zəmininin Azərbaycan xalqının qəhrəmanlıq tarixi, bədii təfəkkür dünyasından kənarda olmamasın sübut edilmişdir. Məsələyə bu cəhətdən yanaşsaq, tarixi şərait faktoru «Koroğlu»nun erkən qaynağı olan bu tayfaların içərisində «Koroğlu» süjetinin yaranması və yayılmasına səbəb ola bilərdi. Bu da bir faktdır ki, Azərbaycan və türkmən «Koroğlu»su da eyni tarixi şəraitdən bəhrələnərək formalaşmışdır. Azərbaycan «Koroğlu»sunun «Alı kişi» qolu xalqın arxaik mədəniyyətini, mifoloji təsəvvürlərini qoruya bilmişdir. Həm də bu qolda macəraçılıq yoxdur, dastan yaradıcılığında rast gəldiyimiz epik-romantik qəlibə də uyğun gəlmir. «Eposun baş qəhrəmanı Koroğlunun bədii obraz kimi formalaşmasında erkən qəhrəmanlıqla bağlı döyüş meydanında kor edilən arxaik qəhrəman motivindən istifadə bunu aydın göstərir» (22, s.80).

Milli səviyyəsinə görə üstün olan azərbaycanlı qəhrəman Koroğlu Şopen Koroğlusun qat-qat güclüdür. Şopen Koroğlusu istismarçılara və yadellilərə qarşı mübarizədə zəifdir, mübarizədən yorulur, qatı dindara çevrilir, dəlilərinin qatili olur, gürcü qızını sevir. Buna baxmayaraq Xodzko variantında Koroğlu qəhrəman tipi kimi nəzərə çarpdırılır. Xodzko variantında hadisələrin inkişafı məlum «Koroğlu» dastanında olduğu kimi cərəyan edir: Dəli Həsənlə qarşılaşma, Nigarın ardınca səfərə çıxmaq, dəlilərlə məşq, nəhayət, Eyvazın ardınca getmək, övladsızlıq, Qıratın oğurlanması, dəlilərin öz məhəbbətləri yolunda səfərə çıxmaları Azərbaycan variantlarında müştərək süjetlərdir.

Azərbaycan «Koroğlu»sunda Rövşənin atası Alı kişi, özbək «Goroğlu»sunda Goroğlunun atasının adı Rövşəndir (qəribə analogiya alınır: göyü işarələyən dağ ruhu – diaxroniya, yeri işarələyən gor – sinxroniya qəhrəmanların mənşəyində biri işığı, o biri qaranlığı doğurur). Hər ikisinin məqsədi birdir – Rövşən Alı kişinin intiqamını aldıqdan sonra ictimai mübarizəyə qoşulur,

«Koroğlu» dastanında qoşalaşdırma üsulundan istifadə olunur. Buraya atların qoşalaşdırılması, xanımların qoşalaşdırılması daxildir. Övladların qoşalaşdırılması isə təkcə Azərbaycan «Koroğlu»sunda müşahidə olunur. Bu isə daha bir motivi dastan rüşeyminə çevirir.

Atalar və oğullar arasında mübarizə folklorda çox qədim hadisədir. Zevs – Prometey, Oğuz xan – Qara xan qarşıdurması həmişə oğulların qələbəsi ilə başa çatır. «Koroğlu» dastanında da Kürdoğlu (Qurdoğlu) ilə Koroğlunun «mübarizə»sində Koroğlu iki dəfə məğlub olur. «Koroğlunun Dərbənd səfəri» qolu aşıq-dastançılar tərəfindən daha qədim dövrlərdə yaradılmışdır (20, s.59). Bu dastanda qoşalaşdırmanın struktur hadisəsi olmasını nəzərə alsaq, Kürdoğlunun da dastana əlavə edilməsini qanuni olduğunu düşünə bilərik. Bu isə folklorda üçləşmənin bir əlamətidir. «Koroğlu» dastanındakı üçbucaqlar Koroğlu, Nigar, Eyvaz və Koroğlu, Möminə xatun, Kürdoğlu birliyindən qurulur. Başqa bir üçbucaq Nigar, Möminə xatun və Kürdoğlu xətlərini birləşdirir (iki dəfə və iki qat üçləmə). Oğuz mifində olduğu kimi «Koroğlu»da da üçbucaqlar ata, ana və oğulları birləşdirir. Yəni Koroğlu üçbucağın birinci, Nigar və Möminə xatun ikinci tərəfi olarsa, onda üçbucağı tamamlayan tərəflər kimi Kürdoğlunu və Eyvazı görərik. Dastanda bu proses – yəni birin ikini, ikinin üçü yaratması öz-özünü daxilən təkrarlayan, öz içindən inkişaf edən retortasiya prosesidir. Belə prosesə nağıllarda da rast gəlirik. Məsələn, qəhrəman obyekti nişan alarkən birinci ox hədəfə dəyməsə dizə qədər daş olur, ikinci ox hədəfə dəyməsə qurşağa qədər daşa dönür, üçüncü oxda nişanı düz vurur və bütün bədəni daşdan silkinir. Burada daxili inkişafda bir-birini təkrarlayan hərəkət vardır, məhz üçüncü oxdan sonra hərəkətin fasiləsizliyi təmin olunur. Çox zaman bu qanunauyğunluğu bilməyən tədqiqatçılar «Kürdoğlu» qolunun süni olduğunu, yaxud qondarma bir əlavə olduğunu söyləyirlər. Göründüyü kimi, burada riyazi dəqiqlik nəzərə alınmışdır. Məhz qoşalaşdırmadan son­ra retortasiyanın gəlməsi özü də bir qanunauyğunluqdur.

Dastanda Eyvaz da aparıcı surətlərdəndir. O, oğulluğa götürülmüşdür. Bu obrazın kökündə «Kitabi-Dədə Qorqud»dakı Uruz obrazı dayanır. Hətta Azərbaycan «Koroğlu»sunda (Xodzko variantında) Eyvazın inciyib Koroğluya qarşı vuruşması motivinə rast gəlirik. O, səhvini başa düşür və yenidən Koroğlunun tərəfinə keçir. Uruz da Qazan xana deyir ki, kafir elinə gedərəm, kafir qızını alaram və s.

Azərbaycan «Koroğlu»su tarixi şüurun folklor hadisəsidir. Dastanın strukturunda əvvəlcə Koroğlu cavan bir qəhrəman kimi təq­dim olunur, qoldan qola onun döyüş hünəri artır. Azərbaycan Koroğlusunun tarixi şəxsiyyət olaraq aşıq kimi fəaliyyət göstərdiyi, İran – Türkiyə müharibəsində yeniçəri kimi şücaət gös­tərdiyi də söylənilir.

Folklor mətnlərinin arxetipində elə hazır qəliblər, modellər vardır ki, oradakı süjet qalmaqla qəhrəmanları, xüsusən mənfi qəhrəmanları başqası ilə əvəz etdikdə heç də məzmun dəyişmir. Burada dəyişən ancaq tarixi zamandır. Qarı yerin simvoludur, keçəl yeraltı dünya ilə bağlıdır, keçəl Həmzə qışı işarələyir, at göy simvolikasında günəşlə bağlı zoomorf obrazdır. Hətta Azərbaycan nağıllarında qarılar qəhrəmanların gözəl arvadlarını aldadıb qaçıran mənfi tip kimi xatırlanır.

Azərbaycan «Koroğlu»sunda Koroğlunun atını və mifik qılıncını əldə etmək üçün Hasan paşa onları oğurlayanlara evlənmək üçün qız təklif edir. Dona xanımın və Mahnur xanımın bu işdə hədiyyə kimi rol oynaması axırda onların da Çənlibel xanımları ilə bir səviyyədə durmasına gətirib çıxarır. Bu isə dastanın daxili inkişafını təmin edən dinamikadır, deməli, dastan öz içindən boy verir, inkişaf edir. Bu da Azərbaycan «Koroğlu»sunun hələ cavan olduğunu, hər nə qədər köhnə variantlar olsa belə, qəhrəmanlıq dastanı kimi dəyişən və inkişaf edən dastan tipi olduğunu göstərir.


AZƏRBAYCAN FOLKLORUNDA KİÇİK JANRLAR
Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin