Mövzu 28. Kağız və kartondan olan məmulatların, məktəb-yazı və dəftərxana mallarının keyfiyyətinin ekspertizası.
Plan:
1. Kağız və kartondan olan məmulatların çeşidi və keyfiyyət səviyyəsinin ekspert üsulu ilə qiymətləndirilməsi
2. Məktəb-yazı ləvazimatları və dəftərxana mallarının təsnifatı, çeşidi və keyfiyyətinin eksperizası
1. Kağız və kartondan olan məmulatların çeşidi və keyfiyyət səviyyəsinin ekspert üsulu ilə qiymətləndirilməsi
Kağız və kartondan olan məmulatların çeşidi çox mürəkkəbdir. Bu da hər şeydən əvvəl onların təyinatından, istehsalına sərf edilən kağızın növündən və tərtibatından çox asılıdır. Bunların içərisində üzü ağardılmış
məmulat əsas yer tutur ki, buraya dəftərlər,
albomlar, bloknotlar, qeyd kitabçaları,
poçt dəstləri, dəftərxana və əlifba kitabçaları, gündəliklər və s. daxildir.
Bu qrup məmulatlara eyni zamanda müxtəlif təyinatlı məmulatlar, yəni kitablar, blanklar və digər çap məmulatları, kartondan olanlara isə qovluqlar, üzlüklər və s. məmulatlar daxildir.
Yuxarıda göstərilənlərdən başqa kağız və karton məmulatlara sanitar-gigiyenik təyinatlı məmulatlar da aiddir.
Dəftərlər – bunlar bir neçə növlərdə istehsal edilir. Məktəbli dəftərləri adətən 12, və 24 vərəqli istehsal edilir. Bu dəftərlərin ölçüsü 170x205 mm-dir. Dəftərin vərəqləri 2 ədəd metal qarmaqların köməyilə birləşdirilir. 1№-li dəftərlər 12 vərəqdən ibarət olmaqla 2 üfüqi xətdən, 2№-li dəftərlər 2 üfüqi sətirdən və seyrək köndələn xətlərdən , 3№-li dəftərlər bir üfüqi xətdən ibarət olmaqla hər səhifəsində 20 xətt vardır. 4№-li dəftərlər 2 ədəd üfüqi xətdən və seyrək köndələn xətdən, 5№-li dəftərlər 5x5 mm ölçülü və 6№-li dəftərlər isə 7x7 mm ölçülü dama-dama formada hazırlanır. 24 vərəqli dəftərlər 2 və 5№-li dəftərlərdə olduğu kimi hər səhifəsində 23 sətir vardır. Məktəbli dəftərlərinin hazırlanmasında 1m²-nin çəkisi 70 q olan yazı kağızlarından istifadə olunur. Cild üçün isə 1m²-nin çəkisi 80 q olan rəngli üzlük təyinatlı kağızlar işlədilir.
Ümumi dəftərlər 48 və 96 vərəqli istehsal olunur. Ölçüləri 170x203 və 144x203 mm-ə bərabərdir. Bu dəftərlər üfüqi xətli olmaqla hər səhifəsində 20, 23, 26 və 30 sətir olur. Dama-dama ölçülü dəftərlərin damalarının ölçüsü 3x3, 4x4, 5x5, 7x7 mm olur.
Nümunə dəftərləri 24 vərəqli olmaqla yazı və dəftər təyinatlı kağızlardan istehsal edilir. Cildi üçün üzlük dəftər kağızları tətbiq edilir. Əksəriyyətcə bu qrup dəftərlər xətlənmiş formada 105x148 mm ölçülərdə istehsal edilir.
Rəsm dəftərləri 8 və 12 vərəqli olmaqla A və B markalarında istehsal olunur. A markalı dəftərlər məktəblilər üçün nəzərdə tutulmaqla 1m²-nin çəkisi 112 və 125 q olan kağızlardan istehsal edilir. B markalı rəsm dəftərləri 16 vərəqdən ibarət olub 1m²-nin çəkisi 160 və 200q olan kağızlardan hazırlanır. Əsasən rəsm işləri üçün nəzərdə tutulur. Məktəbli üçün rəsm dəftərləri 210x148 və 297x210 mm, rəssamlıq işləri üçün olanların ölçüsü isə 297x210 və 420x297 mm ölçüdə istehsal olunur. Vərəqləri 2 ədəd sancaqla bərkidilir.
Not dəftərləri 1m²-nin çəkisi 80 q olan 1№-li not təyinatlı kağızlardan istehsal olunur. Belə dəftərlərin həcmi 8, 20, 40 vərəqdən ibarət olur. Not dəftərlərinin vərəqləri ya metal qarmaqla və yaxud da metal yayla bir-birlərinə bərkidilir.
Dostları ilə paylaş: