2. Musiqi alətlərinin keyfiyyətinin ekspertizası.
Bütün musiqi mallarının keyfiyyət göstəriciləri qüvvədə olan standart və texniki şərtlərin tələblərinə uyğun olmalıdır.
Musiqi mallarının keyfiyyət səviyyəsini müəyyən edən xassələrə texnoloji, texniki-estetik xassələr, habelə detal və qovşaqlarının standartlaşdırılma və unifikasiyalaşdırma dərəcəsi, alətin davamlılığı və etibarlılığı aiddir.
Musiqi alətlərinin texnoloji xassələri bir neçə amillərdən, o cümlədən alətin ölçüsündən, çəkisindən, səs diapazonundan, köklənməsinin dəqiqliyindən, klavişaları və düymələri basarkən statik müqavimətin səviyyəsindən , xidmət müddətindən, istehsalına sərf olunan xammateriallarının və arayışlandırılmasının keyfiyyətindən çox asılıdır. Standart və texniki şərtlərdə bu yuxarıda göstərilən keyfiyyət tələblərinin bəziləri üçün normal göstəriciləri müəyyənləşdirilmişdir.
Texniki-estetik xassələr musiqi alətlərinin akustik imkanlarına , səslənməsinin bütün diapazonunda tembrinə, intonasiya keyfiyyətinə, səsinin gücünə, səslənməsinin düzgünlüyü və ardıcıllığına, dinamiklərin gücünün səsin gücünə uyğunluğuna, istifadəsinin rahatlığına, pedal mexanizminin işlədilməsi keyfiyyətinə, məmulatın xarici tərtibatının keyfiyyətinə, habelə onun istehsalında istifadə edilən ən yeni xam materialının keyfiyyətinə və s. görə qiymətləndirilir. Musiqi mallarının texniki-estetik xassələrinin öyrənilməsində detalların öz aralarında və nə səviyyədə birləşdirilməsinin, cilalanması və pardaxlanmasının dəqiq yerinə yetirilməsinin, düzgün laklanmasının da xüsusi əhəmiyyəti vardır. Həm alətin, həm də ayrı-ayrı detal və qovşaqların üzərində cızılma, qabarma, zədələnmə, sınma, əzilmə və s. kimi xarakterik nöqsanların olması musiqi alətinin texniki-estetik xassələrinə mənfi təsir göstərə bilir. Hər bir detal və qovşaq öz yerində möhkəm və davamlı birləşdirilməlidir.
Bəzi qrup musiqi alətlərinin ayrı-ayrı keyfiyyət göstəriciləri də müəyyənləşdirilmişdir. Belə prinsip kamanlı, qəfəsli, dilli və digər musiqi alətlərinin özlərinə məxsus spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Royalların, pianinonun, akkardion, bayan və qarmonun köklənməsinin dəqiqliyi daha ciddidir və digər musiqi alətləri köklənərkən bunların səsi etalon kimi qəbul edilir. Musiqi alətlərinin köklənməsinin dəqiqliyini səsi eşitməklə müəyyən etmək olar. Bundan başqa bu proses zamanı kamertondan və tezlik ölçən cihazdan da istifadə edilir.
Musiqi alətlərinin səsləndirilməsinin gücü onun dinamikasını xarakterizə edir. Bu baxımdan hər bir musiqi aləti müəyən hüdud daxilində özünə məxsus səslənmə gücünə malikdir. Musiqi alətinin səslənməsinin gücünü eşitməklə qiymətləndirmək olar. Bəzən bu məqsəd üçün səs ölçən cihazlardan istifadə edirlər.
Musiqi alətlərinin çalınma xassəsi onun asanlıqla səs yaratma dərəcəsinə, tembrinin idarə edilməsi səviyyəsinə görə qiymətləndirilir ki, bunu da çalmaq vasitəsilə müəyyən etmək olar. Burada musiqi alətinin rahatlığının xüsusi rolu vardır. Belə ki, musiqi alətlərində barmaqlar pərdələrin üzərində çox asanlıqla hərəkət etməli və sürüşməlidir. Kamanlı musiqi alətlərində bu göstərici kamanın simlərə sürtünməsi zamanı lazımi sürüşkənliyin yaradılması ilə, klavişalı musiqi alətlərində klavişa mexanizminin yüngül idarə edilməsi, səs yaratması, bütün diapazonlarda lazımi səslərin əmələ gətirilməsi və s. amillərlə qiymətləndirilə bilir. Nəfəsli musiqi alətlərində çalınma xassəsi klapanlı mexanizmlərin səssiz işləməsinə, musiqi alətlərində səsin asanlıqla əmələ gətirilməsinə, çalınarkən səs yaradıcı havanın iqtisadi səmərəliliyinə, yüngüllüyünə, klaviş mexanizminin səssiz işləməsinə və s. görə qiymətləndirilərkən bunlara məxsus şərtlər ödənilməklə yanaşı, həm də pianoçunun subyektiv xüsusiyyətlərinə, onun ixtisas səviyyəsinin, zövqünün və hətta pianinonun həvəslə çalmasının da xüsusi rolu vardır.
Musiqi alətlərinin müvafiq standart və texniki şərt göstəricilərinə uyğun gəlməsinin də xüsusi əhəmiyyəti vardır. Bu da, hər şeydən əvvəl, musiqi mallarına verilən erqonomik tələblərin ödənilməsində vacib əlamət hesab edilir.
Hər bir musiqi alətinin davamlı olması nəinki onun istifadə zamanı yararlı bir alət kimi işləməsinə imkan yaradır, eyni zamanda həmin alətin uzun müddət istifadəyə yararlılığına da kömək göstərir. Bu baxımdan musiqi alətləri daşınma zamanı dözümlü olmalı, özünün formasını itirməməli, yapışqanla birləşdirilmiş hissələri qopmamalı, temperatur və nisbi rütubətin dəyişilməsi zamanı çatlamamalıdır. Bu göstərici hər bir musiqi alətinin istehsalına sərf edilən ağac materialının nəmliyindən, davamlılığından, detalların birləşdirilməsi keyfiyyətindən, alətin səmərəli konstruksiyasının seçilməsindən, habelə alətin yığılma səviyyəsindən çox asılıdır.
Məlumdur ki, hər növ musiqi alətinin estetik xassələrinin qiymətləndirilməsində onun bəzədilməsinin çox böyük rolu vardır. Bu baxımdan, musiqi aləti gözəl xarici görünüşə malik olmalıdır. Burada onun istehsalına sərf edilən xam materialın da əhəmiyyəti böyükdür. Hətta bəzi ağac növlərinin təbii naxışı olduğu kimi, saxlanıla və yaxud da dəyişdirilə bilər. Bəzən musiqi alətlərin xeoroqrafiya üsulu ilə də bəzəndirildikdən və boyadıldıqdan sonra cilalanır və laklanır, ayrı-ayrı detallar xrom, nikel, gümüş və bəzən də qızıl məhlulu ilə örtülə bilər.
Ümumiyyətlə, musiqi mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsində ekspert komissiyası göstərilən metodikaya əsaslanaraq kompleks keyfiyyət səviyyəsi müəyyənləşdirilir. Musiqi mallarının kompleks keyfiyyət göstəricilərini bal sistemi ilə qiymətləndirirlər. Belə ki, 23-30 bal qiyməti almış bu və ya digər musiqi aləti ən yüksək kateqoriyalı, 20-13 bal qiyməti alanlar, orta səviyyəli, 10-3 bal qiyməti alanlar isə aşağı keyfiyyətli məmulat hesab edilir.
Qrammofon vallarının da keyfiyyəti müvafiq standartlar üzrə müəyyənləşdirilir. Bu növ musiqi mallarında keyfiyyət göstəriciləri normasına çox ciddi əməl edilməlidir, əks təqdirdə vala yazılmış səs tamamilə korlana bilər. Bu zaman valların üzərində açılmış səs izləri lazımi ölçülərdə olmalıdır.
Qrammofon vallarının keyfiyyət göstəriciləri elektroakustik, ölçü və çəki göstəriciləri ilə xarakterizə olunur. Elektroakustik xassələr tezlik xarakteristikası və yaratdığı səsin səviyyəsi
ilə qiymətləndirilir ki, bu da 500-15000 hs arasında dəyişə bilər. Müasir musiqi materiallarının keyfiyyəti beynəlxalq və milli standartlara əsasən yoxlanmalıdır.