Mövzu 30. Musiqi mallarının keyfiyyətinin ekspertizası.
Plan:
1. Musiqi mallarının təsnifatı və çeşidi
2. Musiqi alətlərinin keyfiyyətinin ekspertizası.
1. Musiqi mallarının təsnifatı və çeşidi
Musiqi mallarının çeşidi dedikdə təkcə musiqi alətləri yox, həm də onlara məxsus ləvazimatlar və ehtiyat hissələri də başa düşülür. Bu prinsipdən istifadə edilərək musiqi malları səs mənbəyinə görə qruplara və səsin yaradılması prinsipinə görə isə yarımqruplara ayırırlar. Səs mənbəyinə görə musiqi malları simli, dilli, nəfəsli və zərbli musiqi alətlərinə bölünür. Lakin elektrik musiqi alətləri ayrıca bir qrup təşkil etdiyindən bu cür təsnifləşdirməyə aid edilmir.
Simli musiqi alətləri öz növbəsində səsin yaradılması, daha doğrusu çalınması prinsipinə görə kamanlı və klavişalı musiqi alətlərinə ayrılır. Ümumiyyətlə musiqi alətləri içərisində simli musiqi alətləri xüsusi yer tutur. Simli musiqi alətlərində səs mənbəyi kimi iki tərəfdən bərkidilmiş və tarım çəkilmiş müxtəlif növ simlərdən istifadə edilir. Ona görə də simlərin ölçüsündən, bərkidilməsindən, növündən, yoğunluğindan, habelə xammalının növündən asılı olaraq istənilən gücə və tembrə məxsus səs almaq mümkündür.
Gitara, balalayka, mandolina, bandura, dombra, arfa, milli musiqi alətlərindən kanon, mizrabla çalınanlardan tar, saz, ud və s. musiqi alətlərində səs bilavasitə simlərə barmaqla və mizrabla toxundurmaqla yaradılır.
Kamanlı musiqi alətlərinə skripka, violonçel və kontrabas aiddir. Buraya milli musiqi alətlərindən kamançanı da aid etmək olar. Bu yarımqrupa daxil olan musiqi alətlərində səs kamanın simlərə sürtülməsi nəticəsində yaradılır. Səslənmənin keyfiyyətinə və xarici tərtibatına görə kamanlı musiqi alətləri I və II sinfə ayrılır.
Klavişalı musiqi alətlərinə royal və pianino aiddir. Bu növ musiqi alətləri geniş səs diapazonuna malikdir. Belə ki, həm royalda və həm də pianinoda ən alçaq səsdən (piano) ən yüksək (forte) səs gücünə malik səslənmə yaratmaq mümkündür. Elə buna görə də bu qrup musiqi alətlərini bəzən ümumi halda fortopiano da adlandırırlar. Əvvəlki musiqi alətlərindən fərqli olaraq klavişalı musiqi alətlərində səsin əmələ gətirilməsi xırda çəkiclərin simlərə toxunması nəticəsində baş verir. Pianino bir neçə modellərdə, yəni 104, 110 və 120 modellərdə buraxılır. Royallar da gövdəsinin ölçüsündən , səslənməsinin gücü və diapazonundan asılı olaraq konsert, salon və kabinet üçün olanlara bölünür.
Dilli musiqi alətləri sırasına qarmonlar, bayanlar və akkardionlar aiddir. Bu qrup musiqi alətlərində səslənmə digərlərindən fərqlidir. Belə ki, bunlarda səs xüsusi diametrə malik oyuqlarda hava axınından sorulması yolu ilə baş verir. Bu məqsədlə alətin hər iki tərəfində ensiz ağac plankalarında müəyyən diametrlərə malik oyuqlar açılır və hər birisinin qarşısında nazik metal lövhəciklər yerləşdirilir. Lövhəciyin bir ucu plankaya möhkəm bərkidilir və hər ucu isə oyuqların qarşısında sərbəst buraxılır. Musiqi alətlərini istifadə edərkən oyuqdan hava sorularkən lövhəciyin titrəyişi nəticəsində səs yaranır. Dilli musiqi alətləri müxtəlif adlarda və markalarda istehsal olunur.
Nəfəsli musiqi alətləri əvvəlki musiqi alətlərindən onunla fərqlənir ki, müəyyən uzunluqda və en kəsiyində olan boruda üfürülmə nəticəsində hava axını müəyyən titrəyiş əmələ gətirir və bunun nəticəsində səs yaranır. Bu qrup musiqi alətləri həm ağacdan və həm də metal ərintilərindən hazırlana bilər. Ağacdan hazırlanan musiqi alətlərinə fleyta, qaboy, klarnet, ney, zurna, tütək, saksafon, tuba və s. aiddir ki, hər birisinin də özlərinə məxsus konstruksiya xüsusiyyətləri vardır. Bunlar əsasən gövdədən, müştükdən və ventil sistemindən ibarətdir. Bunların istehsalında ağac və metal ərintilərindən əlavə son vaxtlar plastik kütlə növlərindən də geniş istifadə edilir. Zərbli musiqi alətləri geniş mal qrupunu özündə cəmləşdirir. Bunlarda səs ya alətə birbaşa zərblə vurmaqla, silkələməklə və yaxud da musiqi alətini bir-birinə toxundurmaqla əmələ gəlir. Səsin yaradılması mənbəyindən asılı olaraq zərbli musiqi alətləri pərdəli plastinkalı və müəyyən hündürlüyə malik öz-özünə səslənən musiqi alətlərinə ayrılır. Pərdəli musiqi alətləri elə növ alətlər hesab olunur ki, bunların gövdəsinin ya bir və yaxud da iki ucuna nazik pərdə çəkilir. Bunlara ya əllə və yaxud da ağac çubuqların iştirakı ilə zərbə endirdikdə müəyyən gücə malik səslər yaranır. Pərdəli musiqi alətlərindən ansambl və orkestrdə ritmik səslər yaratmaq üçün istifadə edilir. Pərdəli musiqi alətləri sırasına baraban, litavra, buben, qaval, nağara, təbil, qoşanağara və s. alətlər aid edilir. Bunların gövdəsi ağac materialından, xüsusilə fanerdən hazırlanır.
Platinkalı musiqi alətlərində səs mənbəyini ya ağacdan və yaxud da metaldan olan lövhəciklər təşkil edir. Lövhəciklərin hər birisi özlərinə məxsus hündürlüyə malik səs yaradırlar. Ümumiyyətlə, plastinkalı musiqi alətləri 2 ədəd ağac çubuqların iştirakı ilə çalınaraq səsləndirilir.
Elektrik musiqi alətləri praktiki nöqteyi-nəzərindən geniş imkanlara malikdir. Belə ki, bunların əksəriyyəti üçün diapazon norması, səsinin gücü, hündürlüyü, tembri üçün norma göstəriciləri müəyyənləşdirilməyir, bu alətlərdə elektrik generatorlaşdırılma sxemindən istifadə olnmaqla, titrəyiş prosesi yaradılmaqla səs təkanları daha da gücləndirilir. Müasir elektrik musiqi alətlərini səsin əmələ gətirilməsi prinsipinə görə 3 qrupa bölmək olar: adapterli, elektromexaniki və elektron musiqi alətləri.
Adapterli musiqi alətlərində simlərin və dillərin əmələ gətirdikləri mexaniki səslənmə adapterin köməyilə elektrik titrəyişlərinə çevrilir, aşağı tezlikli gücləndirici vasitəsilə gücləndirilir. Konstruksiya xüsusiyyətlərinə görə adapterli elektrik musiqi alətləri akustik, yarımakustik və qeyri-akustik alətlərə ayrılır. Birinci qrup elektrik musiqi alətlərinə musiqi alətlərindən elektrogitaralar aid edilir ki, bunların da özlərinə məxsus səs çıxaranı vardır. Bunların konstruksiyaları elə seçilmişdir ki, həm adi gitara kimi və həm də adapter qoşmaqla elektrogitara kimi istifadə edilir.
Yarımakustik xassəli elektrogitaralar 6 və 7 simli olmaqla ölçüsünə görə akustik gitaralardan fərqlənir. Bu növ elektrogitaralar kiçik ölçülüdür. Özləri də estrada konsertləri üçün nəzərdə tutulur. Bu gitaralara elektrik gücləndiricisi qoşulmadan qətiyyən səsləndirmək olmaz.
Elektron musiqi alətlərində səs mənbəyi kimi dillərdən istifadə edilir ki, bunlar da alətin daxilində yerləşdirilmiş elektropnevmatik qurğu vasitəsilə əlaqələndirildiyindən səs titrəyişləri əmələ gətirilir. Bu qrup elektrik musiqi alətlərinə tədris üçün nəzərdə tutulan”Orqanola” markalı aləti misal göstərmək olar ki, bu da yığcam konstruksiyaya malikdir. Alətin gövdəsinin daxilində rezonator ventilyatorla elektrik mühərriki yerləşdirilmişdir. Səsinin gücü xüsusi qurğu vasitəsi ilə ölçülür.
Elektron musiqi alətlərində səs mənbəyi rolunu mexaniki titrəyiş vəzifəsini yerinə yetirən səs generatorları oynayır. Bunlarda akustik vəzifəsini gücləndirici və ucadan danışanlar yerinə yetirirlər. Elektron musiqi alətlərində bir səsli və çox səsli generatorlardan istifadə edilir. Bir səsli generatora malik elektron musiqi alətlərinə “Romantika” və “Ekvodin V-11” markaları və yeni konstruksiyalar aiddir.
Çoxsəsli elektron musiqi alətlərinin üstünlüyü ondan ibarətdir ki, eyni vaxtda bir neçə klavişaları basmaqla müxtəlif tonlu səs yarada bilir. Ölkəmizdə çoxsəsli elektron musiqi alətlərindən “Mikki”, “Yunost - 73”, “Rirm”, “Emibas”, “Estradian-3”, “Estradian-6”, “Lirika”, “Sadko” və s. markalarını göstərmək olar. Ümumiyyətlə, elektrik musiqi alətlərinin istehsalında ən müasir estetik xassələrə malik olan metal və onun ərintilərindən , ağac, plastik kütlə və s. materiallardan istifadə edilir.
Ümumiyyətlə, qrammafon vallarının istehsalı bir neçə əsas əməliyyatlardan ibarətdir. Buraya səsin yazılması, matrisanın, plastik kütlə tərkibinin hazırlanması və formaya salınması mərhələləri aid edilir.
Burada birinci əməliyyat səsin və yaxud musiqi əsərlərinin maqnit lentlərinə yazılması ilə başlanır. Sonra maqnit lentinə yazılmış səs yenidən alüminiumdan hazırlanmış və üzəri lak pərdəsi ilə örtülmüş ton-disklərə köçürülür və bundan sonra qrammofon vallarına köçürülür. Səslənmə keyfiyyətinə görə qrammofon valları monofonik və stereofonik vallara ayrılır ki, bunlar da M və S markalarında buraxılır. Stereofonik səs yazılışı eyni vaxtda bir neçə mikrofonlardan istifadə edilməklə başa çatdırılır. Bu zaman 2 ədəd musiqi kanalı yaradılır. Belə hallarda valların üzərindəki cizgılərin hər iki tərəfinə səs yazılır ki, bunlardan birisi sağ və birisi sol kanal adlanır. Bu cür qrammofon vallarını oxudarkən iki ədəd ucadan danışandan istifadə etmək mümkündür. Odur ki, stereofonik qrammofon vallarının oxudulması üçün xüsusi təyinatlı valçaldıran cihazlar lazımdır ki, bunların da stereosəsləndiriciləri vardır. Belə növ qrammofon valların üstün cəhəti odur ki, yazılmış səsi müəyyən istiqamətlərə yönəltmək mümkündür. Müasir dövrdə isə səs diskə yazılır. Ekspert disklərin, valların da keyfiyyətini texniki sənədlərlə müqayisə etməlidir. Qrammofon vallarının diametri 174, 230 və 301 mm-dir. Qrammofon vallarına 3 təyinatlı səs yazılır. Bunlardan birincisi, sənədli və yaxud ictimai-siyasi mövzulu, ikincisi, simfonik, opera, instrumental, SSRİ xalqları və xarici ölkələrin milli musiqi əsərləri, tədris, müxtəlif dillərdə mühazirə və s. mövzusu, üçüncüsü isə operetta, estrada və rəqs musiqisi mövzusunda yazılmış olur.
Dostları ilə paylaş: |