Çertyoj ləvazimatları. Çertyoj ləvazimatlarına adi pərgarlar , çertyoj pərgarları, kronşteynli pərgarlar, qotovalnilər və s. daxildir.
Çertyoj lövhə və stolları. Çertyoj lövhələrinin istehsalı üçün yumşaq xassəli ağac növlərindən olan cökə və qızılağacdan istifadə edilir. Bu lövhələr isə bərk xassəli enliyarpaqlı ağac cinslərindən hazırlanmış çərçivələrin daxilində yerləşdirilir. Bunların ölçüləri 1350x900, 1000x650, 750x500 və 550x350 mm olur. Çertyoj stolu, çertyoj lövhəsi və stoldan ibarət olmaqla müəyyən hündürlükdə və bucaq altında maili vəziyyətdə bir-birinə bərkidilmiş olur.
Boyaqlar həll olmayan narın üyüdülmüş boyayıcı piqmentlərdən yağlarda, emulsiyalarda və yaxud yapışqanlı məhlullarda hazırlanır. Boyayıcı maddə təbii və süni mənşəli mineral və üzvi tərkibli ola bilir. Təbii mineral maddələrə misal olaraq torpağı, dəmir birləşmələrini və marqansı göstərmək olar. Bunlar qırmızı və qızılı rəngli oxra, qəhvəyi rəngli mars, umbra və s. adlarda buraxılır. Bunların əmələ gətirdiyi boyaq plyonkası yüksək davamlılığa malik olur.
Süni mineral piqmentlərə sink ağ boyağını, limon və qırmızı boyağı, xrom oksidini və s. misal göstərmək olar. Üzvi mənşəli təbii boyayıcı maddələr qara piqmentlərdən hazırlanır.
Rəssamlıq boyaqlarının keyfiyyət göstəriciləri onların kimyəvi xassələri ilə xarakterizə olunur. Buraya boyaqların rəngi, işığa davamlılığı, quruma müddəti kimi vacib xassələri aiddir.
Bağlayıcı materialın növünə görə boyaqlar suda həll olmayanlara (yağlı) və suda həll olanlara (akvarel, quaş və tempera) bölünürlər. Yağlı boyaqlar təyinatına görə I və II qrup rəssamlıq boyaqlarına bölünür. I qrup rəssamlıq boyaqları yüksək sorta daxil olan piqmentlərdən hazırlanmaqla həm pasta və həm də toz halında buraxılır. Bu növ rəssamlıq boyaqlarından eskiz və dekorativ-incəsənət işlərində geniş istifadə edilir.
Dostları ilə paylaş: |