Baki – 2020 Mövzu Yumurta


Parçaların keyfiyyətinə qoyulan istehlak tələbləri



Yüklə 0,9 Mb.
səhifə79/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

1. Parçaların keyfiyyətinə qoyulan istehlak tələbləri

Parçalar kompleks faydalı xassələrin məcmusunu özündə birləşdirir. Bu xassələrin bir qrupu parçalardan məmulat hazırlayanda lazım olur ki, bunlara texnoloji xassələr deyilir. Bir qrup xassələr istismar zamanı meydana çıxdığından istismar xassələri adlanır. Istismar xassələrindən fərqli olaraq, parçaların istehlak xassələri anlayışı da mövcuddur. Bəzi müəlliflər istehlak xassələri ilə istismar xassələrini eyniləşdirirlər. Lakin qeyd etmək lazımdır ki, istehlak xassələri istismar xassələrindən geniş məfhumdur. Belə ki, parçaların bəzi xassələri onların keyfiyyətini qiymətləndirərkən nəzərə alınmır. Amma istehlak zamanı həmin xassələr özünü büruzə verir.

Ümumiyyətlə, parçaların istehlak xassələri aşağıdakı qruplara bölünür:


      1. Parçaların xidmət müddətinə təsir edən istehlak xassələri;

      2. Parçaların gigiyenikliyinə təsir edən istehlak xassələri;

      3. Parçaların xarici görünüşünə təsir edən istehlak xassələri;

      4. Parçaların emalı zamanı lazım olan istehlak xassələri.

Toxuculuq mallarının istehlak xassələrinin əsasını onların təbii xassələri təşkil edir. Məlum olduğu kimi, parçaların istehlak dəyərini təşkil edən bütün xassələr məcmusu kompleks halda götürülərək istehlak xassələri adlanır. Lakin müasir ədəbiyyatlarda malların istehlak dəyəri anlayışının daha çoxcəhətli olduğunun dönə-dönə izah edildiyini də bilirik.

Toxuculuq malları arasında parçaların istehlak xassələrinin öyrənilməsinə daha çox üstünlük verilir. Çünki bu qrup toxuculuq malları xalq istehlakında geniş tətbiq edilir, həm də əmtəəşünaslığın bir çox nəzəri-metodoloji məsələlərinin parçalar üzrə nəzərdən keçirilməsi onun başqa qrup toxuculuq mallarına da aid edilməsini asanlaşdırır.



Parçaların istehlak xassələri dedikdə, onların müəyyən təyinat üzrə istifadə edilməsi mümkünlüyünü şərtləndirən xassələrin məcmusu başa düşülür. Bu xassələr parçaları təşkil edən materialların təbii xassələrindən, həm də süni, sintetik üsullarla və ya texnoloji emal yolu ilə, onları istehlak üçün yararlı hala salmaq məqsədi ilə dəyişdirilən və ya təkmilləşdirilən xassələrinin xarakterindən asılı olur. Əslində, parçanın istehlak dəyərini təşkil edən həmin xassələr özlüyündə fiziki, kimyəvi, bioloji və estetik xassələrin məcmusundan ibarət olur.

Qeyd etmək lazımdır ki, parçaların istehlak xassələri, birinci növbədə, onların təyinatına nəzərən öyrənilməlidir və bu bütün imkanlarda parçaların funksional cəhətdən əhali tələbatını ödəyən xassələrinin yaxşılaşdırılmasına xidmət etməlidir. Texnoloji tələbat və texnoloji təkmilləşdirmələr isə buna tabe edilirlər. Parçaların funksional xassəsi onların konkret olaraq müəyyən bir tələbi ödəmək xassəsidir. Lakin yeri gəlmişkən, qeyd etmək lazımdır ki, parçaların ticarət çeşidi bir geyim materialı kimi onların xassələrinin zəngin olmasına və müxtəlif təyinat üçün işlədilə bilməsini təmin etməyə yönəldilir. Yəni çalışmalıyıq ki, müəyyən bir artikulda parça daha çox növlərdə geyim nümunələrinin biçilib tikilməsi üçün yararlı olsun. Əlbəttə, bu bir tərəfdən yaxşıdır. Lakin təcrübə göstərir ki, parçalarda istehlak xassələrinin bu istiqamətdə təkmilləşdirilməsi onların çeşidini məhdudlaşdırır. Bu, parçaların mənəvi cəhətdən tez köhnəlməsinə səbəb olur, az bir dövr ərzində parçalar öz rənginə, tərtibatına, kaloritinə görə əhalinin istək və arzularından, alıcılıq tələbinin inkişafı səviyyəsindən geri qalır. Buna görə də parçaların təyinat üzrə çeşidinin çoxaldılması, onların funksional xassələrinin konkret bir tələbat mövqeyindən formalaşdırılmasına səy göstərilməsi işi daha perspektivli hesab edilməlidir. Bu deyilənləri nəzərə alaraq parçaların istehlak xassələrini ətraflı təhlil etmək üçün həmin xassələrin V.P.Skliyannikovun təklifi üzrə təsnif edilməsi məqsədyönlü hesab edilir.

Əhali tələbini ödəmək mövqeyindən müəllif parçaların istehlak xassələrini üç sinfə bölür:

  1. Maddi tələbatı ödəyən xassələr;

  2. Qeyri-maddi tələbləri ödəyən xassələr;

  3. Mövsümi (dövrü) tələbləri ödəyən xassələr.

Bunlardan insanın maddi tələbatının ödənilməsi “İnsan-məmulat-mühit” sistemində həyata keçirilir. Müşahidə zamanı aydın olur ki, parçaların insan tələbatını ödəməsi istehlakçının cins, yaş, peşə görkəmindən, onun mənəvi səviyyəsindən, onun seçdiyi milli ənənədən, iqlim şəraitindən, mövsümdən, modanın inkişaf istiqamətindən, həm də parçadan tikilməsi lazım gələn məmulatın növündən və istehlak şəraitindən daha çox asılı olacaqdır. Əlbəttə, bu çoxcəhətliliyi aydınlaşdırmaq üçün parçaların insan tələbatını müəyyən fiziki mühitdə ödədiyini, həmin fiziki mühitin insanla əlaqədə olduğunu və parçanın utilitar xassələrə malik olması zəruriliyini nəzərə almaq lazımdır. Zahirən belə görünür ki, fiziki mühit maddi tələbatın ödənilməsində rol oynamır. Lakin insanın istirahət etdiyi, işlədiyi, yolda olduğu və s. istər-istəməz onun geyimi üçün spesifik istehlak mühiti yaradır və bu parçaların və onlardan tikilən məmulatın köhnəlməsinə çox müxtəlif səviyyədə təsir göstərir.

Qeyd etmək lazımdır ki, parçaların ənənəvi (faydalılıq) xassələri əsasən üç qrupda istehlak tələblərinin ödənilməsinə təminat verir. Bunlar da özlüyündə antropometrik, fizioloji və gigiyenik tələblər adlandırırlar.

Antropometrik tələblər parçanın ölçü göstəricilərinin ondan tikilən geyimin insan qamətinin ölçülərinə uyğun tikilməsini təmin etməyi nəzərdə tutur. Bu şərtlər əsasən tikili mallara aid bölmədə daha ətraflı öyrənilir. Lakin burada da parçanın məmulata çevrilməsi zamanı onun itkisinin minimuma endirilməsi imkanı nəzərə alınmalıdır. Bu da parçanın eninin, bəzək və güllərinin formasının və digər şərtlərinin optimallaşdırılmasını tələb edir.



Fizioloji tələblərdə parçanın insan qamətini yükləməsini, insanın fəaliyyətini məhdudlaşdıra, kütləşdirə bilən cəhətlərin azaldılması nəzərdə tutulur. Məsələn, parçaların qalınlığı, codluğu, daha çox nazik olması, deformasiya zamanı strukturunun dəyişməsi, saplarının, tikilişinin sürüşməsi və bu kimi şərtlər burada nəzərə alınır. Məsələn, xarakterizə etdikdə aydın olur ki, 323736, 32391, 32396, 32496, 32188 artikullarda yun parçalar çox nazikdir, əziləndir, onların tikişləri qırışır. Belə parçaların bərk dartılması onların strukturunu dəyişir. Bu parçalardan hazırlanmış geyimləri istehlak edərkən istehlakçılar öz bədən hərəkətlərini məhdudlaşdırmalı olurlar. Belə parçalardan bədənə kip yapışan geyim nümunələrinin tikilməsi məsləhət görülmür.

Parçaların gigiyenik tələbləri ödəməsi üçün onların hava keçirməsi, buxar keçirməsi, hiqroskopikliyi, çirklənməsi, çirkdən təmizlənməsi, şüa keçirməsi, elektriklənməsi (kimyəvi maddədən alınan lifli parçalarda bu daha çox nəzərə çarpır), bədən qıcıqlandırması və bu kimi xassələrə nəzarət edilir. Bunlar həmin parçalar üzrə hazırlanan geyimlərdə insanın hissi rahatlığını, normal fəaliyyətini və iş qabiliyyətini təmin etməyi nəzərdə tutur.



Parçalarda maddi tələbatı ödəyən istehlak xassələrini aşağıdakı kimi qruplara bölməklə daha sistemli şəkildə tədqiq etmək olar:

  1. Parçaların əşya mühitinin element kimi xassələri;

  2. Parçaların insanın iqlim şəraiti ilə əlaqəsini təmin edən element kimi xassələri;

  3. Parçaların insanın əşya şəraiti ilə əlaqəsini təmin edən element kimi xassələri.

Parçaların hər biri insanın əşya mühitinin elementlərindən bir olur. O, insan bədəni ilə təmasda olur. O, əşya mühitinə daxil olmaqla insanın yuxarıda adı çəkilən maddi tələbatənə ödəyir. Belə ki, hər bir parça nümunəsi və ondan hazırlanan məmulat insanın antropometrik, fizioloji, gigiyenik tələblər üzrə maddi tələbatının konkret sahə üzrə daha yüksək səviyyədə ödənilməsini təmin etməlidir. Məsələn, geyimdirsə, unsan bədəninin normal fəaliyyətinə təminat verməli, qiymətin ölçülməsinə və formasına tam uyğun gəlməlidir və müəyyən funksiyanı yerinə yetirməlidir. Orqanizmə mənfi təsir göstərməməlidir. Beləliklə, parça insan üçün əşya mühitinin yaradılmasında ən yararlı istehlak şeyləri kimi iştirak etməlidir.

Parçanın xassələri insanın iqlim şəraiti ilə əlaqəsinin elementi kimi özünü göstərməsi çox təbii haldır. Belə ki, “insan-məmulat-təbii iqlim şəraiti” sistemində geyim insanın orqanizminin mühitlə əlaqəsi vasitəsi olur. Bu bir tərəfdən insanı mühitin kəskin təsirlərindən mühafizə etmək, digər tərəfdən isə mühitlə rabitə yaratmaq məqsədi güdür. Özü də bu baxımdan parça və ya ondan olan geyim ətraf mühiti hava-nəmlik şəraitindən, hərarətindən, təmizliyindən və bir sıra digər parametrlərindən asılı olaraq seçilir. Burada, deməli, parça fiizki-mexaniki davamlılıq xassələrinə, mühitlə rabitə yaradan xassələrə malik olmalıdır. Məsələn, bədəni mexaniki təsirlərdən, zədədən, istilikdən, rütubətdən, birbaşa günəş şüasından mühafizə etmək üçün parçanın dartılmaya, sürtülməyə, cırılmaya, deşilməyə, deformasiyaya, əzilməyə, qatlanmağa, sökülməyə qarşı davamlılığı təmin edən xassələri, həm də istilik, işıq, rütubət təsirindən mühafizə qabiliyyəti olmalıdır.

Ətraf mühitlə qaz-nəmlik əlaqələrini qurmaq üçün parçalar hava keçirmək, su keçirmək xassələrinə, bir sözlə, sorbsiya və keçirmə xassələrinə malik olmalıdır.



Parçalarda belə xassələrə onların təyinatından asılı olaraq çox müxtəlif formada üstünlük verilir. Xüsusilə mövsümi istifadə ilə əlaqədar olaraq parçalar yaxşı hava keçirən, tənəffüsü asanlaşdıran olmalıdırlar. İsti vaxtlarda parçalar geyimdə istilik-mühafizə materialı kimi çıxış edə bilir. Məsələn, xarici mühitdə 40ºC hərarət olan şəraitdə kostyumun səthində 39ºC, kostyumla dəyişən arasında 37ºC, dəyişiklə alt dəyişəyi arasında 36ºC, dəyişiklə bədən arasında isə 33ºC olmalıdır.

Parçanın kütləsi, çəkisi, sıxlığı, codluğu göstəriciləri isə onun qamətin fəaliyyətinə təsirini müəyyən edir.



Beləliklə, aydın olur ki, parçalar və onlardan olan məmulat insanla ətraf mühitin təbii iqlim şəraiti arasında əsas rabitə vasitələrindən biri olur. Bu da ticarətə daxil olan parçaların konkret təyinat üzrə növlərinin çoxaldılmasını tələb edir.

Parçaların xassələrinin insanın ətraf mühitlə əlaqəsinin elementi kimi özünü göstərməsi yuxarıda qeyd edilən mühafizə xarakterli əlamətləri qiymətləndirmək üçün vacibdir. Bu cəhət insanın yaşadığı maddi (əşya) mühitinin insana göstərə bildiyi təsirləri xarakterizə edir. Əşya mühiti insanın əhvalına, mənəvi aləminə, fiziki və bioloji fəaliyyətinə müsbət təsir etdiyi kimi mənfi cəhətdən də təsir edə bilər. Parçalarda əsasən bu mexaniki təsirlərdən (turşu, qələvi, çirk mühiti), fiziki amillərdən (istilik şüalanması, elektrikləşmə), bioloji təsirlərdən (həşəratlardan) mühafizə qabiliyyətini nəzərdə tutur. Bundan əlavə, parçaların əşya mühitində digər funksiyalarını da nəzərə almaq lazımdır. Məsələn, tül pərdə məmulatı otağı günəş şüasından mühafizə edir, həm də səsi udur. Ev əşyaları kimi müxtəlif tələbləri ödəyə bilir.



Parçaların qeyri-maddi tələbatını ödəmək xassələri özü də onların maddi tələbatı ödəməsi və ya əşya mühitinin təşkili ilə əlaqədar baş verir. Burada adamların hissi qavrama qabiliyyəti ilə əlaqədar olan tələblər əsas götürülür. Parçalarda hissi qavramaya aid olan cəhətlər qeyri-material xassələri adlandırılır. Məsələn, parçaların gözəlliyi haqqında alıcıların təsəvvürü bir qədər formalaşmalı, sonra isə müşahidə ilə parçaların naxışına, rənginə, materialına və ondan hazırlanacaq məmulatın formasına müvafiq olaraq onun estetikliyi, hissi qavranmalı, insanın bütün hiss üzvlərinə müvafiq olaraq xoşagələn təəssürat doğurmalıdır. Alıcılar parçanı seçərkən ondan mənəvi ləzzət də almalıdır. Bu baxımdan biz gözəllik anlayışı ilə daha çox rastlaşırıq ki, bu da estetikanın ən mühüm kateqoriyalarından biridir. Buna görə estetik tələbləri yaratmaq və parçalar üzrə həmin tələblərin mənəvi ödənilməsini təmin etmək üçün bu materialların qeyri-maddi tələbləri ödəyən xassələrini qiymətləndirmədə nəzərə almalıyıq. Həmin xassələri isə müəllif V.P.Skliyannikov toxuculuq materiallarına müvafiq olaraq aşağıdakı qruplara bölür:

  1. Parçaların estetik xassələri;

  2. Parçaların xassələrində xoşagəlmə və nüfuz kateqoriyaları.

Parçalara həm də dekorativ-tətbiqi incəsənət nümunələri kimi baxılır. Onlar özlüyündə adamların estetik tələbatını ödəyə bilən estetik dəyərə, sambala, nüfuza malik olmalıdır. Bu xassə bir sıra yun, ipək və pambıq parçalarda daha çox üstünlük təşkil edir. Məsələn, yun parçalar istər gigiyenikliyinə və istərsə də istismar xassələrinə, ucuzluğuna görə bütün digər parçalardan üstün olur. Yəni onların istehlak xassələri onlara qoyulan qiyməti daha yüksək səviyyədə ödəyə bilir. Yun parçalar onlardan hazırlanan məmulatın insana daha zəif, yaraşıqlı görkəm verməsinə, material mühitinin təşkilinin ətraf mühitlə əlaqəsini təmin etməsinə, mənəvi-bədii tərtibat üsullarını daha yaxşı nümayiş etdirməsinə, cəlbedici olmasına görə yeri gəldikcə istehlakçı rəğbətini daha yüksək hərarətlə qazana bilir.

Parçaların estetikliyi həm də onun funksional xassələri ilə əlaqədə olur. O, harmoniyanın ümumi qanunlarına, üslub tərtiblərinə, milli ənənələrə, modanın tələblərinə, fərdi zövqə, intellektual yaradıcı kompozisiyaya daha çox uyğun gəlir. İntellektual yaradıcı kompozisiya istehlakçıların öz zövqü əsasında yaradılan əşya mühitinin estetik təzahürünü (təsirini) ifadə edir.



Bütün bu deyilənlər parçaların modalılığı haqqında əmtəəşünaslıq biliyinin genişləndirilməsini və işdə istifadə edilməsini zəruri edir.

Əlbəttə, burada nəzəri ədəbiyyatlar üzrə verilən materialları yenidən ümumiləşdirməyə ehtiyac yoxdur. Lakin yadda saxlamaq lazımdır ki, ticarətə daxil olan parçaların istehlak xassələrinin qiymətləndirilməsində parçanın forması, estetik tərtibatı, silueti, kütləsi və bu kimi emosional təsir oyadan xassələri (plastikliyi, bərkliyi, qıvrımlığı, şəffaflığı, kalorit tərtibatı və s.) ciddi nəzərə alınmalıdır. Ancaq bu sahədə buraxılan səhvlərin nəticəsidir ki, mal ehtiyatlarının tərkibində əhali tələbinə uyğun gəlməyən, mənəvi cəhətdən köhnəlmiş parçaların xüsusi çəkisi daha tez və ilbəil artır. Onları tez-tez ucuzlaşdırmaq lazım gəlir.

Parçalarda xoşagəlmə və nüfuz kateqoriyalarına da daha böyük üstünlük verilməlidir. Parçaların sayalığında, yumşaqlığında, istiliyində xoşagələn və xoşagəlməyən hislər doğuran cəhətlər olur. Bunlar təsadüfi xarakter daşımır. Xüsusilə yun və ipək parçalarda bu cəhətlərə əhəmiyyət vermək lazımdır. Parçanın tutumu, qrifi, tiftiyi, səthi strukturası insanda zərif hissi duyğular əmələ gətirməli, onun nəcibliyi haqqında təsəvvürü təmin etməlidir.

Əlbəttə, burada əmtəəşünaslıq elminin müəyyən etdiyi kimi müxtəlif fiziki xassələrdən, quruluş göstəricilərindən geniş istifadə etmək lazımdır. Lakin təəssüf ki, təcrübədə parçaların estetik xassələri əsasən, subyektiv metodlarla, ekspert və sosioloji təhlillə qiymətləndirilməli olur.

Parçaların etibarlılıq göstəriciləri də onun istehlak xassələrinin çox mühüm cəhətlərini əhatə edir.



Parça və ondan olan məmulatlar adamların tələbatını müəyyən dövr ərzində ödəməli olduğu üçün onların etibarlılığı da təmin edilməlidir. Burada məmulatın etibarlılğını təmin edən şərtlər əsas götürülür. Bu, birinci növbədə, parçaların istehlak xassələrini formalaşdıran və onu təşkil edən komponentlərdən asılı olur. Parçanın lif tərkibi, ipliyinin növü, toxunması xüsusiyyəti, boyanması, bəzəndirilməsi, emalı və saxlanması, istismarı şərtləri və şəraiti onun etibarlılığını təmin edən mühüm şərtlərdən biridir. Deməli, parçanın keyfiyyətinə təsir edən amillər həm də etibarlılığın şərtləridir. Buraya layihələşdirmə, quraşdırma, standartlaşdırma, texnoloji üsullar və avadanlıqların işi də aid edilə bilər. Ayrı-ayrı adamların işə münasibəti, ixtisas dərəcəsi, maddi marağı, mənəvi saflığı və digər bu kimi cəhətlər də parçaların etibarlılığına təsir edə bilir. Bu deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, parçaların istehlak xassələrinin qiymətləndirilməsi çoxcəhətli və mürəkkəb bir işdir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin