8. İplik və sapların xassələri, təsnifatı və çeşid ekspertizası
Müxtəlif ədəbiyyatlarda iplik və saplar müxtəlif nişanələrinə görə təsnifləşdirilir. V.Q. Parxomenkonun «Sənaye malları əmtəəşünaslığı» dərsliyində iplik və saplar aşağıdakı kimi təsnif olunur. Əyirilmiş saplar (ipliklər) əyirilməmiş saplar, fasonlu və yüksək həcmli saplar. S.S.Kolyadenko, V.T.Mesyaçenko, V.I.Konoşinskayanın müəllifliyi ilə yazılmış dərslikdə isə iplik və saplar xammal tərkibinə, alınma üsuluna, quruluşuna, bəzək növünə və təyinatına görə təsnifləşdirilir.
Bütün toxuculuq lifləri xammal tərkibindən asılı olaraq bircinsli və müxtəlif tərkibli olur. Müxtəlif təbiətli liflər qarışığından olan iplik qarışıq iplik, yaxud sap adlanır. Onun adı ən qiymətli komponentə görə, adətən təbii adına görə təyin edilir.
Lifli materialların əksəriyyəti qısa və davamsız olduğuna görə, onlar bilavasitə lif halında toxuculuq materialında tətbiq edilmir. Bu liflərdən əyirmə və eşilmə yolu ilə iplik və sap alınır. Iplik nisbətən qısa liflərdən əyirilir. Sap isə uzun liflərin bir neçəsinin bir yerdə eşilməsi (burma) yolu ilə alınır.
Əyirilmə zamanı qısa liflər eşilərək bir-biri ilə bükdərilir. Iplik üçün xammal pambıq, yun, kətan, ştapel lifi və s. liflərdən ibarətdir. Təbii ipəkdən və uzun kimyəvi liflərdən sap istehsal edilir.
Iplik əyirilməsində əsas məqsəd qısa liflərdən uzun, davamlı, eyni yoğunluqda, toxuculuq üçün yararlı iplik alınmasından ibarətdir. Əyirilmə zamanı liflər arasında əmələ gələn sürtünmə əmsalı ipliyin davamlı olmasını təmin edir.
Müxtəlif lifli materialların əyirilməsi üçün müxtəlif texnoloji proseslər tələb olunur. Odur ki, ayrı-ayrı növ lifli materiallardan iplik və sapların əmələ gətirilməsi xüsusiyyəti barədə məlumat vermək lazım gəlir.
Toxuculuq sapları alınma üsuluna görə əyrilmiş (iplik) və əyrilməmiş (monosap və kompleks) saplara bölünür.
İpliklər də alınma üsuluna görə aşağıdakı kimi bölünür: pambıqdan daranma, kard və aparat üsulları ilə istehsal olunan ipliklər. Kətan ipliyi kətan lifindən yaş və quru üsulla əyrilir. Yun-darama kamvol və aparat (mahud) üsulları ilə iplik halına salınır.
Kimyəvi liflərdən olan ipəkdən daranma, kard və aparat üsulları ilə saplar əldə edilir.
Bütün toxuculuq lifləri quruluşuna görə bir saplı (ilk sap), iki və daha çox saplı ola bilər. Çox qatlı saplar bir neçə sapların birgə eşilməsi ilə əldə edilir. Saplar birqat və ikiqat, həmçinin sadə və fasonlu burulmuş buraxılır.
Toxuculuq sapları bəzək növünə görə bəzəndirilməmiş, ağardılmış və boyanmış olur.
İplik və sapın xassələri. İplik və sapın ən vacib xassəsi onların nazikliyi, eşmə dərəcəsi, dartılmağa qarşı davamı və hamarlığıdır.
Dostları ilə paylaş: |