6. Ağacın saxlanması
Dəyişkən rütubət və temperatur təsiri altında ağac çatlayır və əyilir. Habelə çürümə, həşərat və od təsiri altında dağılır. Müasir texnika ağacın dağılmaqdan qorunması üçün etibarlı üsullardan istifadə edir, bunlardan ağacın qurudulmasını, davamlı örtük maddələri ilə sürtülməsini yaxud hopdurulmasını, ağacın qaza verilməsini göstərmək olar. Bu məqsədlər üçün tətbiq edilən prpfilaktik tədbirlər çox zaman dondurmaq, yumaq və anbarların sanitar qaydalarına ciddi riayət etməkdən ibarətdir. Ağacın çürüməkdən və yanmaqdan mühafizəsi konstruktiv və kimyəvi üsullarla aparılır.
Konstruktiv üsul ağacın müxtəlif hidroizolyasiya və odadavamlı materiallar vasitəsi ilə rütubətdən və oddan qorunmasından, kimyəvi üsul isə ağacın kimyəvi maddələrlə (antiseptiklər və antipirenlər) emal edilməsindən ibarətdir.
Antiseptiklər mikrobların inkişafını ya tamamilə ya da qismən dayandırır. Antiseptiklər mikroblara qarşı yüksək zəhərləmə qabiliyyətinə malik olan və bu qabiliyyətini uzun müddət saxlayan, eyni zamanda ağac və insan üçün zərərsiz olan maddələrdən ibarətdir.
Antiseptiklər suda əriyən (natrium-fluorid, natrium 1-silisium heksafluorid, natrium-dinitrofluorid və s.) və suda əriməyən (antrasen və şist yağı, ağac qatranı və s.) xassəli olur. Bu maddələr ağaca çiləmək, hopdurmaq yaxud sürtmək yolu ilə tətbiq edilir.
Ağacın yanmaqdan qorunması üçün fosfor, kükürd və s. Turşuların duzları (ammofos, ammonium-sulfat, diammonium-fosfat və s.) tətbiq edilir. Bu duzlar digər maddələrlə birlikdə ağaca hopdurulur, yaxud boyaq əvəzinə sürtülür. Od, odadavamlı maddələrlə emal edilmiş ağaca dəydikdə duzlar parçalanır və ağacı kömürləşdirən tünd qatı turşular əmələ gəlir. Burada ağacın səthində kömür qabığı törəyir ki, bu da istiliyi az keçirdiyinə görə ağacın aşağı qatlarının qızmasının qarşısını alır.
Dostları ilə paylaş: |