Güclü təsirli zəhərləyici maddələr (GTZM)
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş kimya aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli Zəhərləyici Maddələr (GTMZ) əhatə edir. Bir çox belə maddələr istehsalatın ayrılmaz hissələri olmuşlar. Respublikamızın bəzi təsərrüfat obyektlərində GTZM-dən bilavasitə istehsal məqsədi üçün, yada istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir.
GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə deyilir ki, onlar ətrafa dağılarkən və ya yayılarkən havanın zədələyici konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına və atmosferin çirklənməsinə səbəb olub, qəza vəziyyətini daha da mürəkkəbləşdirir, həmçinin zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir.
Kimya, neftayırma, neft kimyası, yeyinti sənayesi və digər sənaye sahələrinin müəssisələrində çoxlu miqdarda texnoloji və yardımçı avadanlıqlar açıq halda yerləşir ki, bu da onların cürbəcür silah növlərinin təsirindən xeyli dərəcədə dağılmasına səbəb ola bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi maddələr istehsal edən obyektlərdə GTZM ətrafa axması mümkündür. Belə hallarda ikinci zədələnmə ocaqları yaranır.
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər: - kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri; - suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə qurğuları; - soyuducu maddə olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ, balıq və digər ərzaq ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar; - kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri nəzərdən keçirək.
AMMONYAK (NH3)
Ammonyak NH3 – sənayedə nitrat turşusu, ammonium nitrat və ammoniumsulfat, maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal etmək üçün; parçaların boyanmasında üzvi sintez üçün; soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin gümüşlənməsi işlərində tətbiq edilir. Suların, ağ neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir. O həmçinin təmizlənməmiş asetilenin içində də olur.
Dostları ilə paylaş: |