Feili bağlamalar
Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feili bağlama deyilir.
Feili bağlamanın feilə aid xüsusiyyətləri aşağıdakılardır:
Feillə eyni leksik məna daşıyır, leksik məna dəyişmir.
Təsirli və təsirsiz olur: al-ıb (təsirli), otur-anda (təsirsiz)
Təsdiq və ya inkar olur: al-dıqda, al-ma-dıqda
Məna növlərində (məlum, məchul, qayıdış və s.) olur
Ətrafına söz toplaya bilir (səni görəndə, məktubu alanda)
Zərfə aid olan xüsusiyyətləri aşağıdakılardır:
Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
Zərfin suallarına (necə? nə zaman? nəyə görə? və s.) cavab olur.
Əlaqəyə girdiyi sözlə birlikdə cümlənin zərfliyi olur.
Feili bağlama şəkilçiləri:
–ıb2. Bu şəkilçi ilə düzələn feili bağlamalar işin əsas feildəki işdən əvvəl icra olunduğunu, eyni zamanda hərəkətin tərzini və səbəbini bildirir. Məsələn: Süleyman ali məktəbi bitirib, Zəngilan və Cəbrayıl rayonlarında bir neçə il işləmişdi. O, bardaş qurub taxtda oturdu və s.
–araq2. Bu şəkilçi ilə düzələn feili bağlamalar mənasına görə –ıb4 şəkilçisi ilə düzələn feili bağlamalara oxşardır. Hirslən-ərək, gül-ərək, yan-araq və s.
–a2, -a2. Eyni formanın təkrarı ilə düzələn belə feili bağlamalar daha çox tərz mənası bildirir. Məsələn: danış-a – danış-a, gör-ə – gör-ə və s.
–madan2. Bu şəkilçi ilə düzələn feili bağlamalar hərəkətin tərzini bildirir. Məsələn: hazırlaş-madan, düşün-mədən və s.
-mamış2. Bu şəkilçi -madan2 şəkilçisinin sinonimi kimi çıxış edir və daha çox əsas feili şərt baxımından izah edir: Oxumamış (oxumadan) getmə
–anda2. al-anda, oxu-yanda, qal-anda, ver-əndə,yaz-anda;
–dıqda2. al-dıqda, gəl-dikdə, gör-dükdə;
–arkən2. al-arkən, gəl-ərkən,
–ınca2. al-ınca, gəl-incə
–dıqca2. Al-dıqca, gəl-dikcə
–ar...-maz2. Qoşa işlənən feilin biri –ar2 (təsdiq), digəri –maz2 (inkar) şəkilçisi ilə işlənmiş olur. Məsələn: oxu-yar – oxu-maz, yat-ar – yat-maz və s.
Feili bağlama və onunla əlaqəyə girən söz feili bağlama tərkibi əmələ gətirərək cümlənin mürəkkəb üzvü olur. Məsələn: Məhinbanu dayananda Məmmədrəfi otaqdan çıxmışdı.
Feili bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül qoyulmalıdır. Məsələn: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.
Dostları ilə paylaş: |