Endotoksinlər bütün patogen mikroblarda var, onlar mikrobların ölümündən və dağılmasından sonra azad olurlar.
Ekzotoksinlər endotoksinlərdən fərqli olaraq mikrobların həyat fəaliyyəti dövründə əmələ gəlir (botulizm, difteriya və s.).
Bioloji silahların tətbiqi zamanı insanlar – yoluxmuş hava ilə nəfəs alarkən, yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə yoluxmuş həşəratların dişləməsi və xəstə adamlarla təmasda olmaq nəticəsində xəstələnə bilərlər.
Bioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı əlamətlərə görə təyin etmək olur:
döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;
binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;
ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
mərmilərin, konteynerlərin, müxtəlif bağlama və ya qutuların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;
- əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların kütləvi qırılması və ya xəstələnməsi.
Bioloji silahların əsas xüsusiyyətləri aşağıdakılardır:
bioloji silahlar insanlar, heyvanlar və bitkilər arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilir;
bu xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;
yoluxucu xəstəliklər üçün xəstəliyin gizli dövrünün olması;
bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsinin daha çox olması;
istehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.
Bakterioloji silahın güclü təsiri onun yüksək dərəcədə patogenliyinə - xəstəlik törətməsinə əsaslanır. Məsələn, hesablanmışdır ki, psittakoz virusunu yetişdirmək üçün istifadə olunan toyuq embrionunun 1mm3 narınlanmış toxuması bir neçə milyon insanın zəhərlənməsi üçün kifayət edəcək miqdarda yoluxucu mənşəyə malikdir.
Bakterioloji vasitələrin təsir müddəti törədicinin xarici mühitdə davamlılığı ilə müəyyən edilir. Məlumdur ki, təbii şəraitdə yatalaq xəstəliyinin törədiciləri torpaqda 15 il ərzində qalır. Əgər bakterioloji vasitələrə müxtəlif stabilləşdirici maddələr – qliserin, dekstrin və s. əlavə edilərsə, onda törədicilərin davamlılığı daha da artır. Yoluxdurulmuş keçiricilərin köməyi ilə bakterioloji silahın uzunmüddətli təsirini təmin etmək olar. Bu onunla izah edilir ki, yerə səpələnmiş keçiricilər əlverişli mühitdə öz fəallıqlarını uzun müddət göstərə bilir. Digər tərəfdən onların yoluxdurduqları törədicilər də orqanizmdə uzun müddət qala bilir.
Yoluxucu xəstəlik törədicilərinin havanı zəhərləmək yolu ilə tətbiqi daha təhlükəli olur. Mikrob resepturları aerozol halında, yəni havada xırda maye damcıları (duman) və toz halındakı bakteriyalardan ibarətdir. Onlar geniş ərazilərə - minlərlə və on minlərlə kvadrat kilometr sahəyə yayılırlar. Mikrobların və toksinlərin havanın yerüstü qatında olması onların torpağa, binaların və bitkilərin səthinə çökməsini, bütün qeyri-kip mənzillərə və yeyinti məhsullarına keçməsini təmin edir. Külək nəticəsində havanın hərəkəti güclənir, mikroblar (toksinlər) yerdən qalxır və havaya qarışır.
Beləliklə tənəffüs nəticəsində mikrobların, yaxud toksinlərin canlı orqanizmlərə daxil olmasına imkan yaranır. İnsan və heyvanlar təkcə tənəffüs orqanları vasitəsilə deyil, həmçinin zədələnmiş dəri, selikli qişa və mədə-bağırsaq yolu vasitəsi ilə də yoluxa bilərlər. Düşmən həmçinin təxribatlar yolu ilə xəstəlik törədən bakteriyalar yaya bilər. Bu məqsədlə müxtəlif ampullardan, xüsusi cihazlardan və püskürdücü qurğulardan istifadə etmək mümkündür.
Vəba Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq edilməsi imkanlarını zəiflədən faktorlar mövcuddur – vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyillər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.