XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında İspaniyanın xarici siyasəti
50-ci illərdə İspaniya xarici siyasətdə beynəlxalq təcridolunmadan çıxmağı sürətləndirdi. 1953-cü il sentyabrın 26-da ABŞ-la İspaniya arasında müdafiə, təhlükəsizlik və qarşılıqlı yardım haqqında müqavilə bağlanıldı. İspaniya ərazisində ABŞ-a hərbi bazalar, hərbi və mülki personal yerləşdirməyə icazə verildi. İspaniya ABŞ-dan hərbi təchizat aldı. ABŞ dərhal İspaniyada hərbi-hava və dəniz bazalarının quruculuğuna başladı. 1955-ci ilin sonunda İspaniya BMT-yə daxil oldu. 1956-cı ildə Mərakeşin ona aid olan hissəsinə müstəqillik verdi. O, NATO-nun digər üzvləri ilə də əlaqələri genişləndirdi. 1963-cü ildə ABŞ-la bağlanan hərbi sazişin müddəti 5 il də uzadıldı. Kömək və kredit formasında İspaniya ABŞ-dan 400 milyon dollar yardım oldu.
Bu dövrdə İspaniyanın Latın Amerikası və Yaxın Şərq ölkələri ilə əlaqələri daha da yaxşılaşdı. İspaniya 1963-cü ildə Kuba ilə iqtisadi münasibətləri bərpa etdi. Ərəb-İsrail münaqişəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin II yarısında sosialist ölkələri ilə, ilk növbədə, SSRİ ilə də münasibətlər inkişaf etməyə başladı.
İspaniya diktaturadan demokratiyaya keçid dövründə. (1976-1979-cu illər). Kral elə ilk andiçmə mərasimində bildirdi ki, İspaniya da digər qabaşcıl dünya ölkələri kimi demokratiya yolu ilə gedəcək. «İspaniya falanqası» partiyası buraxıldı. Müxalifətin leqallaşması artdı. 1977-ci il aprel ayının 9-da İspaniya Kommunist Partiyası açıq fəaliyyətə keçdi. «Milli hərəkat» partiyası da kralın dekreti ilə buraxıldı. Bu partiya iki hissəyə parçalandı. Onun üzvlərinin bir hissəsi Demokratik Mərkəz İttifaqı partiyasını təşkil etdilər və başçısı Adolf Suares oldu. Digərləri isə «Xalq alyansı» təşkil etdilər.
İspaniyada demokratiyaya keçid 1975-ci ildə başladı, 1979-cu ilə qədər davam etdi. Kral demokratik dəyişikliklərə dinc, tez və qəti yolla keçməyi qərarlaşdırdı. O, Franko tərəfdarlarının güclü olduğunu bilirdi və bu işdə ehtiyatlı hərəkət edirdi. Franko rejiminin demontajı ilk növbədə Arias Navarranın başçılıq etdiyi köhnə hökumətin üzvlərinin istefaya göndərilməsi və Adolfo Suaresin başçılığı altında yeni hökumətin yaradılması ilə başladı.
1976-cı ildə ölkədə ilk dəfə əvvəlki 10 ildə olmadığı qədər tətil hərəkatı baş verdi. Xalq kraldan demokratik islahatlar tələb edirdi. 1976-cı ildə «Siyasi islahatlar haqqında Qanun» qəbul edildi. Həmin qanuna əsasən Kortes iki palatadan ibarət olmalı idi. Aşağı palata olan deputatlar palatası 350, yuxarı palata olan senat isə 208 nəfəri əhatə etməli idi. Həmçinin ölkədə fikir plüralizminə, əqidə azadlığına geniş yer verilirdi. Əhalinin ümumi seçki hüququ qanunla təsbit olundu. 1977-ci il iyunun 15-ində ölkədə ilk dəfə Xalq cəbhəsi dövründə olduğu kimi, parlament seçkiləri keçirildi. Seçicilərin 90%-i frankizmin ədeyhinə olduğunu bildirdilər. Demokratik mərkəz ittifaqı 33,9%, İSFP-i 29,2%, İKP 9,2%, Sosialist Xalq partiyası 4,3%, «Xalq alyansı» 8,2% səs aldılar. Adolfo Suaresin başçılığı altında yeni hökumət təşkil edildi. 1977-ci ildə ölkənin iqtisadi vəziyyəti birdən-birə pisləşdi. İşsizlərin sayı 1,3 milyona çatdı. İqtisadi inkişaf 6,6%-dən 1%-ə endi. Bu, hökuməti qəti addımlar atmağa məcbur etdi. 1977-ci ilin oktyabrında Nazirlər Kabinetinin yerləşdiyi bina olan Madriddəki Monkloada həmkarlar ittifaqının və sol partiyaların nümayəndələri ilə hökumət arasında qarşılıqlı razılıq haqqında pakt imzalandı. Bu pakt tarixə Monkloa paktı kimi daxil oldu. Sənədə görə həmkarlar ittifaqı və sol partiyalar tətillərin azalmasını, hökumət isə qiymətlərin artmasının qarşısını almağı öhdəsinə götürdü. Ümumi amnistiya haqqında qanun verildi. Kataloniya, Basklar ölkəsi və Qalisiyaya müxtariyyat verildi. 1977-ci idə müəssisələrin istehsal komitələrinə seçkilər keçirildi. Fəhlə komissiyaları bu seçkilərdə səslərin 43%-ni aldı.
1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya elan olundu və onun hüquqi, demokratik və muxtar qurumları əhatə edən bir dövlət olduğu göstərildi. Ali qanunverici orqan olan kortes iki palatadan – deputatlar palatası və senatdan ibarət idi. Konstitusiyaya görə kral dövlətin, hökumətin başçısı, İspaniya silahlı qüvvələrinin baş komandanı idi. O, kortesi buraxa və senatın üzvlərinin 1/5 hissəsini özü təyin edə bilərdi. Kons¬titusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və Qalisiyaya muxtariyyət verildi. Onların öz parlamentləri və hökuməti fəaliyyət göstərməyə başladı. Konstitusiya bütün demokratik azadlıqları, mülkiyyətin və şəxsiyyətin toxunul-mazlığını özündə təsbit etdi. Xuan Karlos isə demokratik dövlətin kralı oldu. 1980-ci ilin yanvarında Katoloniya və Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı kimi baxan və onların buradan çıxarılmasını və burada müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların terrorçu «Eta» təşkilatı fəallaşdı.
Dostları ilə paylaş: |