İspaniya XX əsrin 80-90-cı illərində
Konstitusiya qüvvəyə minəndən sonra qarşıda yeni seçkilər dururdu. Buna hazırlaşan İSFP öz qurultayında marksizmdən imtina etmək niyyətində olduğunu bildirdi. Karillo başda olmaqla İKP də «avrokommunizm» tərəfdarı olduğunu göstərərək, hökumətlə əməkdaşlıq etməyə hazır olduğunu elan etdi.
1979-cu ilin martındakı seçkilərdən sonra kortesdə qüvvələr nisbəti az dəyişildi. Keçid dövrü qurtardı. 1979-cu il seçkilərindən sonra DMİ və onun lideri A.Suaresin nüfuzu sürətlə aşağı düşməyə başladı. Şərait mürəkkəbləşdi. 1980-ci il bask speratizminin terrorçuluğunun kulminasiyası oldu. İşsizlik 2,8 milyon adamı əhatə etdi. Baş nazir isə zəif fəaliyyət göstərirdi. İqtisadi inkişaf ləngidi. 1980-ci ilin sentyabrında qəbul edilən «Məşğulluq vəzifələri haqqında» qanun da gözlənilən nəticəni vermədi. Əmək haqları və pul nişanları buraxılışı üzərindəki nəzarət də inflyasiyanın qarşısını ala bilmədi. Dövlət istehsal investisiyasını stimullaşdırdı. Xüsusilə energetika və tikinti sahəsinə daha çox vəasit ayrıldı. Lakin bütün bu tədbirlər çox az səmərə verdi. Qara metallurgiya, gəmiqayırma, toxuculuq və ayaqqabı sənayesində durğunluq özünü daha çox göstərdi.
Baş verən iqtisadi və siyasi böhran nəticəsində A.Suares 1981-ci ilin yanvarın 29-da istefaya getməyə məcbur oldu. Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz partiyasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İspaniyada o, «mülki qvardiya» adlanır) dairələrində hökuməti devirmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazırlanmışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni zərərsizləşdirmədi.
1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardiyaçılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən referendumla bəyənilmiş demokratik prosesi zorla dayandırmaq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlosun qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu. Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.
1981-ci ilin xoşa gəlməyən hava şəraiti nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 8,5% aşağı düşdü. 1982-ci ildə sənaye məhsullarının həcmi də 1,1% aşağı düşdü. Lakin 1983-cü ildə iqtisadiyyatda canlanma başlandı. 1984-1986-cı illərdə vacib sahələrin inkişafı ilə əlaqədar proqram tərtib olundu.
80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular. Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi. 1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil etdilər.
1982-ci il oktyabrın 28-də keçirilən seçkilər nəticəsində İSFP 10 milyon 27 min səs toplayaraq bütün səslərin 47,6%-ni almış oldu. DMİ partiyası faktiki olaraq dağıldı. Kommunistlər parlamentdə tutduqları 23 yerin 19-dan məhrum oldular. İfrat sağlar bir yer də ala bilmədilər. Mötədil sağ Xalq Alyansı ölkədə ikinci partiya oldu. O, 5,5 milyon səs və 106 yer aldı. İSFP-nin lideri Filippe Qonsales baş nazir oldu. Hökumət ehtiyatla hərəkət edirdi. İlk növbədə iqtisadiyyatın inkişafına fikir verilirdi. Metallurgiya, gəmiqayırma, elektrotexnika sənayesinin modernləşdirilməsi həyata keiçrilməyə başlandı. Sosial sahədə 40 saatlıq iş həftəsi tətbiq edildi. Pensiya yaşı 64-ə endirildi, sosial təminat xərcləri artırıldı. Tətil hüququ qanunvericiliklə əsaslandırıldı. Haqqı ödənilməklə aylıq məzuniyyət müəyyən edildi. Təqaüdlər və müavinət artırıldı. Hərbi qüvvələr hökumətin nəzarətinə verildi. Hökumət işsizliyin yüksək səviyyəsini və inflyasiyanı azaltmağa qismən müvəffəq oldu. 1986-cı ilin sonunda ölkədə yenə də 3 milyondan artıq işsiz var idi. Hökumətin həyata keçirdiyi «sərt qənaət» xətti zəhmətkeşlərin böyük narazılığına səbəb oldu.
1986-cı il seçkilərində İSFP yenidən qələbə qazandı və F.Qansales yenidən baş nazir kürsüsündə əyləşdi. 1996-cı ilə qədər İspaniyada ölkəni sosialistlər idarə etdilər. Konstitusiyaya görə, İspaniya «muxtariyyətlər dövləti» elan olunmuşdu. Uzun sürən mübarizədən sonra 17 vilayətin hamısına muxtəriyyət verildi. Sosialistlərin dövründə «milli dirçəliş» ideyası gücləndi. Keçirilən sosial islahatların möhkəmlən¬dirilməsi xətti yeridildi. İqtisadiyyatda «Sənayenin yenidən qurulması» siyasəti yeridildi. ETİ-nin nailiyyətlərinin istehsala tətbiqi genişləndirildi. Turizm sənayesinin inkişafına xüsusi diqqət yetirildi. Sağ təmayüllü partiyalar bloku Qansales hökuməti ilə müxalifətdə idi. 1982-ci ildə Xalq koalisiyası bloku (xalq alyansı, xalq demokratik və liberal partiyalarından) yaradıldı. Onlar iri və orta burjuaziyanı, sağ klerikalları təmsil edirdi.
Dostları ilə paylaş: |