Daşqınlar. Daşqın – təbiət qüvvələrinin təsiri nəticəsində quru ərazinin xeyli hissəsinin müvəqqəti olaraq su altında qalmasıdır.
Daşqın təbii fəlakətlərin başqa növlərindən onunla fərqlənir ki, daşqının baş verəcəyini müəyyən dərəcədə qabaqcadan təyin etmək mümkün olur. Bu isə bir çox hallarda daşqının nə vaxt baş verəcəyini, xaratterini və nə miqyasda olacağını da qabaqcadan təyin etməyə imkan verir ki, vaxtında tədbir görməklə daşqının fəlakətli nəticələrinin qarşısı alınır və ya xeyli azaldılır.
Daşqınları əmələ gətirən səbəblərə görə onları şərti olaraq üç qrupa bölmək mümkündür
Birinci qrupa güclü yağışlardan yaxud qarların(buzlaqların) sürətlə əriməsindən sonra baş verən daşqınlar aiddir.Bu vaxt sellər əmələ gəlir, çaylarda, göllərdə suyun səviyyəsi kəskin surətdə qalxır.
Daşqın sularına buz axını da qarışanda xalq təsərrüfatına xüsusən böyük ziyan dəyir. Adətən buz axınları zamanı iri buz yığınları və ya tıxaclar əmələ gəlir ki, onlar da çaylarda suyun səviyyəsini daha da qaldırır və yeni-yeni ərazilər suyun altında qalır.
İkinci qrup daşqınlar dənizdən sahilə tərəf əsən küləyin təsirindən baş verir.Bu cür daşqınlar dəniz sahillərində, çayların dənizə töküldüyü yerlərdə müşahidə edilir. Dəniz küləyi çayın mənsəbində suyu saxlayır, nəticədə çayda suyun səviyyəsi qalxır.
Üçüncü qrupa aid edilən daşqınlara səbəb suyun altında baş verən zəlzələlərdir (nadir hallarda sualtı və ya ada vulkanlarının püskürməsi nəticəsində).Sualtı zəlzələlər nəticəsində sunami adlanan nəhəng dalğalar əmələ gəlir. Adətən, açıq dənizdə suyun səthindən yuxarı qalxmır və buna görə də gəmilər üçün qorxu törətmir.Lakin sahilə yaxınlaşdıqca dalğaların hündürlüyü sürətlə artır və onlar çox böyük bir qüvvə ilə sahilə çırpılır. Sahildə sunamilərin hündürlüyü sualtı sahənin və sahilin relyefindən asılıdır.Adətən düz sahillərdə bunlar 5-6 m-dən hündür olmur, sahilin ensiz buxtalı hissələrində dalğaların hündürlüyü 15-20 m-ə çata bilir.
Dostları ilə paylaş: |