Mövzu 14: Sərgi və yarmarkaların marketinq fəaliyyətində rolu.
Plan :
1.Reklam anlayışı, mahiyyəti və vəzifələri.
2.Reklamın ictimai - psixoloji əsasları. Alıcıların istehlak davranışlarının psixoloji motivləri.
3.Reklam vasitələrinin növləri və onların tətbiqi.
4.Sərgilər və yarmarkalar.
1.Reklam anlayışı, mahiyyəti və vəzifələri.
Hazırda geniş istifadə edilən «reklam» termini latın sözü olan - «reklamera» sözündən götürülmüş və mənası yüksəkdən çığırmaq və ya məlumat vermək deməkdir (Qədim Yunanıstanda və Romada ticarət elanlarını meydanlarda və əhalinin çox toplaşan yerlərində ucadan qışqırmaq və ya oxumaqla adamlara məlumat verərdilər).
Öz mahiyyəti etibarilə reklam - malların istehlak xassələri və müxtəlif xidmət növləri haqqında məlumat verməklə onların satışını təşkil etmək və onlara alıcılıq qabiliyyəti yaratmaqdır. Bundan başqa, reklam vasitəsilə təşkilatı, ədəbi əsərləri, incəsənəti və s. tanıtmaq, məşhurlaşdırmaq məqsədilə məlumatlar yaymaq olar.
Azərbaycan Respublikasının «Reklam haqqında» 3 oktyabr 1997-ci il 376-1QD saylı qanununda göstərilir ki, «Reklam» - fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yayılan informasiyadır».
Göründüyü kimi, qanun Azərbaycan Respublikasında hüquqi və fıziki şəxslərin əmtəə, iş və xidmət bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir. Həm də qanun reklamın geniş mənada müəyyənləşdirilməsinə imkan verir.
Bir qayda olaraq, xarici müəlliflər də «reklam» terminindən geniş istifadə edirlər. Lakin onlar bundan, əsasən, marketinq anlayışından istifadə edirlər. Məsələn, marketinq üzrə amerikan assosiasiyasının müəyyənləşdirdiyinə görə reklam özündə konkret sifarişçilər tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş və dəyəri ödənilmiş mal və xidmətlərin göstərilməsi, ideyaların hərəkətə gətirilməsi, faydalı forma və üsullardan istifadə etməklə imkanlı alıcıların diqqətini reklam edilən obyektə yönəltməyi ehtiva edir.
Tanınmış marketoloq ABŞ-ın Şimal-Qərb Universitetinin professoru F.Kotler reklama aşağıdakı tərifı verir: «Reklam dəqiqləşdirilmiş maliyyə mənbəyi göstərilməklə lazımi kommunikasiya vasitəsilə pullu xidmətlərin və məlumatların yayılmasını özündə əks etdirir».
Geniş mənada reklam, mahiyyət etibarilə bir sıra elmi sahələri özündə cəmləşdirir. Bunlara: antrapologiya (insanın bioloji təbiətindən bəhs edən elm), incəsənət, poeziya, ədəbiyyat, kommunikasiya, iqtisadiyyat, marketinq, riyaziyyat, psixologiya və s. daxildir. Eyni zamanda, reklamın əhalinin ictimai-iqtisadi həyatını əks etdirən ayrı-ayrı növləri (sahələri) də fərqləndirilir. Bu konteksdə reklamın dəqiq ticarət, siyasət, elmi, dini və s. növləri vardır.
Reklam təsərrüfatı fəaliyyətində ən geniş yayılmış reklam obyektləri mallar, ticarət müəssisələri, xidmətlər və s. sahələrdir. Öz mahiyyəti etibarilə ticarət reklamının başlıca vəzifələri, malların istehlak xassələri, göstərilən xidmətlər haqqında alıcılara məlumatlar vermək, tələbatlarını formalaşdırmaq, onların diqqətini cəlb etmək və satışın həcmini artırmaqdan ibarətdir.
Adi məlumatlardan fərqli olaraq, reklam vasitəsilə çatdırılan məlumatlar, adamlara məsləhətlər verməklə onların mallar və xidmətlərdən istifadə etməsinə təsir göstərir. Ona görə də reklamın adamlara təsiretmə qabiliyyəti, onlarda tələbin formalaşmasına, zövqünə və nəhayət, təklif edilən xidmətlərdən və mallardan məqsədyönlü istifadə etməsinə müsbət təsir göstərir. Reklam marketinqin bir hissəsini təşkil etməklə, həm də istehsal edilmiş məhsulların fasiləsiz təchizini təmin edir.
Dostları ilə paylaş: |