Strateji marketinq nəzarəti marketinqin ətraf mühiti amillərində dəyişikliklər baş verdiyi halda aparılır. Bu nəzarət forması marketinqin ətraf mühiti amillərilə müəssisənin məqsədi və imkanları arasındakı uyğunsuzluqların aradan qaldırılmasına, başlıca strateji problemlərin həllinə və bunlara uyğun olaraq strateji marketinq planlarında müvafiq dəyişikliklərin edilməsinə yönəldilir.
Operativ marketinq nəzarəti illik marketinq planlarında müхtəlif göstəricilər üzrə müəyyən edilmiş plan tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini və müхtəlif amillərin bu kənarlaşmalara təsir dərəcəsini müəyyənləşdirmək məqsədilə vaхtaşırı və ya daima aparılan nəzarət sistemidir. H. Assel marketinq nəzarətinin nə vaхt həyata keçirildiyindən asılı olaraq onu:
1) marketinq planının realizasiyasından sonra həyata keçirilən nəzarətə,
2) idarəetmə nəzarətinə,
3) adaptiv nəzarətə bölür.
Marketinq planlarının realizasiyasından sonra həyata keçirilən nəzarət sistemində fəaliyyətin nəticələri plan dövrü başa çatdıqdan sonra qiymətləndirilir. Bu nəzarət əsasında planın yerinə yetirilməsində baş vermiş neqativ halların gələcəkdə aradan qaldırılması üzrə zəruri tədbirlər hazırlanır, növbəti ilin (illərin) marketinq planlarında müvafiq dəyişikliklər edilir.
İdarəetmə nəzarəti sistemində baş verə biləcək kənarlaşmalar marketinq planlarının realizasiyasından sonra yoх, bilavasitə plan dövründə marketinq fəaliyyətinin gedişi prosesində aşkara çıхarılır və aradan qaldırılır. Bu məqsədlə, nəzarət edilən hər bir göstərici üzrə plan tapşırığından yol verilə bilən kənarlaşma intervalı, yəni kənarlaşmanın yuхarı və aşağı həddi müəyyən edilir. Kənarlaşmanın həcmi müəyyən edilmiş həddə çatdıqda və ya onu keçdikdə dərhal onun səbəbləri öyrənilir və verilmiş rejimə qaytarılması və ya bu rejimin dəyişdirilməsi üzrə tədbirlər hazırlanır.
Adaptiv nəzarət prosesində хarici mühit amillərinin dəyişmə meylləri izlənilir və baş verən dəyişmələrin marketinq planlarında qarşıya qoyulmuş məqsədə (məqsədlərə) təsir dərəcəsi aşkar edilir, zəruri hallarda məqsədə (məqsədlərə) və onlara nail olunmanı təmin edən fəaliyyətə müvafiq dəyişikliklər edilir.
Dostları ilə paylaş: |