III.10. Dənizneft yataqlarının işlənilməsinin spesifik şəraiti. Son zamanlar dəniz və okeanların şelf zonasında yerləşən yataqların ehtiyatlarından istifadə məqsədilə böyük həcmli işlər aparılır. Odur ki, dəniz yataqlarının kəşfiyyatı və istismarı haqqında məlumatlara əsasən bu yataqların işlənilməsinin spesifik şəraitini nəzərə alan çox şaxəli istehsal müəssisələrin yaradılması tələb olunur.
Ümumiyyətlə dənizdə neft-qaz çıxarma və onunla əlaqədar istehsalat formalarının təmini yalnız elm və texnika tərəfdən inkişaf etmiş ölkələrdə mümkündür.
Hər şeydən əvvəl, dəniz yataqlarının işlənilmə xüsusiyyətlərini təhlil edək. Bunun üçün onların mənimsənilmə üsulları haqqında qısa məlumatın verilməsi məqsədəuyğundur. Bu üsullar aşağıdakılardır.
1. Dambalar vasitəsilə dənizin sahilyanı zonalarının qurudulması üsulu. Qeyd etmək lazımdır ki, bu üsul ilk dəfə Bibi-Heybətdə həyata keçirilib. Artıq XIX əsrin axırlarında bu yatağın çox hissəsinin dənizdə olması müəyyən olunmuşdur. Odur ki, 1911-1918-ji illərdə burada 200 hektara qədər dəniz sahəsi qurudularaq istismara verilmişdir. 30-cu illərdən etibarən Pirallahı neft yatağının sahəsi də bu üsulla genişləndirilmişdir. Qeyd etmək lazımdır ki, dənizin dərinliyi az olduqda sahilyanı zonaların mənimsənilməsində dambalar üsulu iqtisadi cəhətdən əhəmiyyətli hesab olunur.
2. Estakadalar üsulu. Əgər neft yatağı sahildən və yaxud adadan uzaqda yerləşmirsə və dənizin dərinliyi çox deyilsə, onda estakadalar üsulu tətbiq edilir. Estakadalara xüsusi estakadayanı meydançalar quraşdırılır ki, buradan da qazıma işləri aparılır. Bu halda hər meydançada bir quyu şaquli, qalanları isə maili qazılır. Maili quyuların sayı və strukturda yerləşdirilməsi yatağın neftlilik konturu müəyyən edildikdən sonra dəqiqləşdirilir.
Estakadalar üsulu ilə dəniz yataqlarının mənimsənilməsi dənizin dərinliyi son vaxtlaradək 40 m qədər olduqda səmərəli olurdu. Sonralar dənizin daha dərin hissələrində də estakadaların tikilməsinə nail olunmuşdur. Bu üsulun müvəffəqiyyətlə tətbiqinə misal olaraq Neft Daşları mədənini göstərmək olar.
3. Fərdi süni adalar üsulu. Dəniz yataqlarının fərdi süni adalarla istismarı suyun dərinliyinin 300 m-dən çox olan hallarda həyata keçirilə bilər. Bu üsul yataqda kəşfiyyat işi tam başa çatdıqdan sonra tətbiq olunur.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, dənizdə estakada və ya süni adalar vasitəsilə aparılan prosesin optimal müddəti 25-30 il sayılır. Belə ki, istismarı təmin edən estakada sistemləri, boru kəmərləri və s. texniki vasitələr bu dövrdən sonra korroziyaya uğrayaraq tədricən sıradan çıxır. Onların yenidən qurulması isə iqtisadi cəhətdən çox vaxt səmərəli olmur (bu dövrədək laylarda toplanmış neft ehtiyatları heyli tükənmiş olur). Odur ki, dəniz şəraitində neft-qaz yataqlarının işlənilməsinin nisbətən qısa müddətdə aparılması üçün geoloji-texnoloji baxımdan konkret layihələr işlənilməli və həyata keçirilməlidir. Burada quruda yerləşən yataqlarda tətbiq olunan bir çox tələblərə müəyyən düzəlişlər verilməlidir ki, bu da laylar üzrə təsdiq olunmuş son neftvermə əmsalını təmin etməlidir. Əks halda istismar prosesini texniki səbəblər üzündən saxlamaq məcburiyyətində qaldıqda yataqlarda xeyli qalıq çıxarılabilən ehtiyatlar istifadəsiz qalacaqdır. Odur ki, işlənilmə prosesinin başlanılması və gələcək dövrlər üçün proqnozlaşdırılmasında mümkün qədər yüksək neftçıxarma tempi nəzərdə tutulmalıdır.
Beləliklə, dəniz şəraitində olan yataqların işlənilməsində baxılan spesifik hallara nəzər yetirək.
1. Çoxlaylı yataqların kəsilişinin istismar obyektlərinə bölünməsi.Məlumdur ki, quru mədənlərində bazis obyektlərinin seçilməsindəki qoyuluş 2-3 və bəzən 4 qaytarma obyektlərinin ayrılmasını nəzərdə tutur. Lakin dəniz mədənlərində bazis obyektlərinin sayının artırılması məqsədə uyğun sayılır. Bu isə qaytarma obyektlərinin sayının azaltmasına gətirir ki, bu da işlənilmə müddətinin qısaldılması istiqamətində atılan addımlardan biridir.