B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
III.14. Layların neftveriminə təsir edən amillərin təyini. Neft yataqlarının işlənilməsi kompleks yataq parametrlərin fasiləsiz təsiri ilə aparılır. Onların bəziləri nefti quyu dibinə hərəkət etdirirsə, digərləri əksinə məsaməli mühitdə neftlərin dinamik göstəricilərini çətinləşdirir. Onu da qeyd etmək lazımdır ki, yataq parametrlərinin təzahür etmə intensivliyi də işlənilmə prosesində sabit qalmır. Məsələn, lay təzyiqi, neftlərin özlülüyü və sıxlığı bu dövrdə müxtəlif dəyişmələrə məruz qalır. Odur ki, mövcud işlənilmə rejimləri çərçivəsində yataqların hər hansı bir dövrü üçün neftvermə modelləri tərtib olunur. Onların analizi əsasında isə konkret tip yataqlarda neftin hasilatına müsbət və ya mənfi təsir edən parametrləri müəyyən etmək olur. Belə modellər dünyanın müxtəlif neftçıxarma regionları üçün yaradılmış və onlardan elmi-təcrübi məsələlərin həllində geniş istifadə edilir. Qeyd etmək lazımdır ki, bu tip modellər Azərbaycan yataqları üçün də tərtib olunmuşdur. Lakin müəyyən olunmuşdur ki, modellər hər hansı bir mədən və ya tektonik rayonları bütövlükdə təmsil etdikdə onun nəticələri kifayət qədər dolğun olmur. Onların interpretasiya nəticələri isə çox vaxt geoloji-mədən məlumatları ilə tam uzlaşmır. Aparılmış elmi tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, belə bir vəziyyətin yaranma səbəbi onların lay rejimlərini nəzərə almadan öyrənilməyə birgə cəlb edilməsidir. Yatağın rejimi isə neftverməni formalaşdıran əsas göstəricidir. Məhz lay rejimlərin nəzərə alınması ilə yataqların neftvermə modellərinin tərtibi düzgün qoyuluş hesab edilir və onların nəticələri geoloji-mədən göstəriciləri ilə uzlaşır (B.Ə.Bagırov,1984).
Cənubi Xəzər hövzəsi yataqlarının böyük əksəriyyəti qarışıq və neftdə həll olmuş qaz rejimləri ilə xarakterizə olduğundan onların neftçıxarma modellərinə və müqayisəli analizinə baxaq.
1. Qarışıq rejim - burada neft yatağının işlənilməsinin lay enerjisi, konturarxası zonaların və yatağın məhsuldar hissəsindəki neftlərdə həll olmuş qazın təzyiqlərindən təşkil olunur. Qeyd etmək lazımdır ki, qarışıq rejimin təzahürü həm məkan, həm də zaman xarakteri daşıyır. Birinci tip obyektlərin işlənilməsi əsasən neftdə həll olmuş qaz enerjisinin hesabına istismar edilir. Lakin belə yataqlarda konturarxası zonaların az da olsa təsiri də özünü göstərir. İkinci tip qarışıq rejimli yataqların işlənilməsi isə bir qədər fərqlidir: əvvəlcə rezervuarın əsas həcmi başlıca olaraq neftdə həll olmuş qazın enerjisi hesabına drenaja cəlb olunur, sonra isə lay təzyiqinin azalması ilə tədricən daha çox konturarxası sahələrin təsiri aktivləşir.
Qarışıq reyimlə səciyyələnən yataqlarda işlənilmənin tənzimlənməsi, mayenin çıxarılması, laylara suyun vurulmasının istiqamətinin və həcminin dəyişdirilməsi və s. mümkündür. Bütün bu məsələlər yalnız kompleks amillərin neftverməyə təsirini müəyyən etməklə həll edilə bilər.
Cənubi Xəzər hövzəsi mədənlərində belə rejimlə səciyyələnən yataqlar məhsuldar qatın alt şöbəsinin qırməki altı lay dəstəsi (QAD), qırməki üstü qumlu lay dəstəsi (QÜQ) və balaxanı lay dəstəsinin V, VI, VII horizontları və sair obyektlərlə əlaqədardır. Bu yataqların əsas fərqləndirici xüsusiyyətlərindən biri onların 50 və daha çox il bundan əvvəl qazılmış xüsusi quyu şəbəkəsi ilə bazis obyekti kimi işlənilmələridir. Hazırda bu obyektlərin cari neftvermə əmsallarının orta qiyməti 0,45 təşkil edir.