B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
II.6.Tektonik qırılmalar və onların flüid paylanılmasında rolu. Yataqların geoloji quruluşunun əsas göstəricilərindən biri tektonik qırılmalardır. Layların bütövlüyünü pozan bu pozulmalar geoloji ədəbiyyatda dizyunktiv dislokasiyalar da adlanır.
Neft-qaz yataqlarında olan dizyunktiv qırılmalar və onların flüid paylanılmasındakı rolu ətraflı öyrənilməlidir. Belə ki, neft yataqlarının böyük əksəriyyətində tektonik qırılmalar qeydə alınır və müxtəlif funksiyalarla səciyyələnirlər. Bu baxımdan bizi maraqlandıran Cənubi Xəzər hövzəsinin yataqları istisna deyildir. Buradakı yataqların demək olar ki, hamısında dizyunktiv pozulmalar mövcuddur və işlənilmə prosesində onların rolu nəzərə alınır.
Dizyunktiv pozulmalar əsasən iki tipdə olur: atılma və əks atılma (şək.II.26, 27).
Şəkil II.26. Atılma dislokasiyasının sxemi.
Şəkil II.27. Əks atılma dislokasiyasının sxemi.
Şəkillərdən göründüyü kimi dizyunktiv pozulmalar tipindən asılı olaraq kəsilişdəki laylaşmaya müxtəlif təsir edir: hərgah atılmalarla mürəkkəbləşən yataq kəsilişində hər bir lay eyni bir quyu ilə iki dəfə kəsilirsə, əks atılmada belə hala rast gəlinmir; belə qırılmaların mövcudluğu şəraitində qazılmış quyu kəsilişindəki hər layı yalnız bir dəfə keçir.
Qeyd etmək vacibdir ki, dizyunktiv qırılmaların aşkar edilməsi neft geologiyasının ən vacib məsələlərindən biridir. Bu məqsədlə seysmik kəşfiyyat üsullarından, əldə edilmiş digər quyu məlumatlardan da istifadə edilməlidir. Qırılmalar öyrənilərkən onların yataqda flüid paylanılmasında roluna xüsusi diqqət yetirilməlidir. Belə ki, onlar yataq sahəsinin bütövlüyünü pozduqları halda yataqdaxili maye axımına müxtəlif cür təsir edir. Qırılmaların atılma amplitudası və layların yerdəyişmə məsafəsindən asılı olmayaraq bəzi qırılmalar layda maye axımının qarşısını almır, digərləri isə əksinə, yatağın sahəsində maye axımına mane olur. Birinci tip pozulmalara açıq və ya keçirici, ikincilərə isə qapalı və ya ekran xarakterli qırılmalar deyilir.
Dizyunktiv pozulmaların maye axımına təsirinin öyrənilməsinə neft-qaz mədən geologiyasında xüsusi diqqət yetirilir. Bu da onunla əlaqədardır ki, sahədə yeri, uzanma istiqaməti, atılma amplitudası məlum olan qırılmaların yatağın hidrodinamik vəziyyətinə təsiri eyni cür olmur. Belə ki, qırılma keçirici olan hallarda yatağın bir hissəsində intensiv maye çıxarılması prosesində onun işlənilməyən (və ya zəif işlənilən) hissəsində də lay təzyiqi aşağı düşür. Odur ki, laya vurulmuş su yatağın bu sahəsində də müşahidə olunur. Açıq (keçirici) qırılmalar bəzən yatağın ümumi kəsilişindəki hidrodinamiki şəraitin mürrəkəbləşməsinə də gətirə bilər: işlənilmə prosesində nisbətən yüksək təzyiqli laydan yuxarıda və ya aşağıda yatan az təzyiqli laya mayenin axımına şərait yarada bilər. Belə hallara Abşeronda yerləşən uzun müddət işlənilən yataqlarda da təsadüf edilir.
Ekran (və ya qapalı) qırılmalar yatağın bir sahəsindən digərinə və bir laydan başqa laya mayenin axımının qarşısını alır.
Işlənilmənin ilk dövrlərində dizyunktiv qırılmaların xarakterini öyrənmək üçün ardıcıl olaraq aşağıdakı əməliyyatlar aparılır:
yataqda aparılan ölçü işləri (su və neft analizləri, lay təzyiqi və s.) sistemləşdirilir;
geoloji-mədən və geoloji-riyazi üsullarla tektonik qırılmalarla
parçalanmış sahələr müqayisəli təhlil edilir.
Yuxarıda göstərilən əməliyyatlar nəticəsində qırılmaların xarakteri aşkar edilir. Bu alqoritmin istifadəsi neft-mədən geologiyasının aşağıdakı hipotezinə istinad edir:
yataqda baş vermiş kəskin tektonik proseslərin nəticəsində onun bütövlüyü pozulur; qırılmalar onu bir neçə tektonik bloklara bölür; sonrakı geoloji dövrlərdə bölünmüş sahələrdə yataq üçün ümumi hidrostatik qanuna uyğun maye yığımlarının paylanmasına gətirib çıxarır. Odur ki, su-neft və qaz-neft konturları qonşu bloklarda eyni hipsometrik səviyyələrdə yerləşir. Belə hallarda dizyunktiv qırılmaların keçirici funksiya daşıdığını flüid paylanılmasında əhəmiyyətli rol oynamır. Qırılmalar ekran tipli oduqda isə, qonşu tektonik bloklarda su-neft kontaktlarının hipsometrik dərinlikləri müxtəlif olur (şək. II.2, II.3).
Yataq sahəsinin bütövlüyünü pozan tektonik qırılmaların xassələrinin təyini yalnız su-neft və qaz-neft konturlarının vəziyyətinin öyrənilməsi ilə bitmir: qoyulan məsələnin həllinin etibarlılığını artırmaq üçün digər üsullardan da istifadə edilməlidir. Burada ilk növbədə qırılmalarla sərhədlənmiş bloklarda lay təzyiqinin qiymətlərinin su və neftin fiziki-kimyəvi göstəricilərinin müqayisəli təhlili aparılır ki, bu da qonşu tektonik bloklarda oxşarlıq dərəcələrinin təyininə imkan verir. Belə ki, kompleks lay parametrlərində riyazi oxşarlıq aşkar edilərsə dizyunktiv pozulmaların keçirici, əks halda isə buradakı pozulmaların ekran funksiya daşıdığını göstərir.
Qırılmaların xarakterini öyrənmək üçün hidrodinamik üsullardan da istifadə edilir. Üsulu tədbiq etmək üçün tektonik qırılmanın müxtəlif hissələrində yaxında yerləşən iki istismar quyusu seçilir və onların birində kəskin texnoloji dəyişikliklər aparılır (hasilat artırılır və ya azaldılır) və həmin dəyişikliklər qonşu quyuda özünü göstərirsə qırılma keçirici və ya əksinə hesab olunur.
Dizyunktiv pozulmalar haqqında məlumatların alınmasının yatağın işlənilmə prosesini effektli aparmaq üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, hərgah qırılmalar ekran tiplidirsə onun hər bir blokuna ayrıca istismar obyekti kimi baxılmalıdır. Onlarda quyu şəbəkəsi (o cümlədən vurucu quyular), istismar üsulları və s. məsələlər ayrıca qoyuluşlarla həll edilməlidir. Yataq sahəsini parçalamış dizyunktiv qırılmalar keçirici olduqda isə onların sayından asılı olmayaraq həmin yatağa yeganə istismar obyekti kimi baxılmalı və işlənilmə prosesinin bütün geoloji, texnoloji, hidrodinamiki və s. məsələləri məhz yatağın bu xüsusiyyətini nəzərdə tutmalıdır.
Nəhayət, qırılmalar haqqında daha bir xüsusiyyəti də qeyd etmək lazımdır. Bu da onların funksiyasının işlənilmə prosesində dəyişilə bilməsidir: ekran tipli qırılma neftçıxarma prosesində öz funksiyasını itirib, keçirici ola bilər və ya əksinə. Tektonikanın bu xüsusiyyəti də yataqların ehtiyatlarının mənimsənilməsində nəzərə alınmalıdır. Bu haqda hazırkı dərsliyin müvafiq bölməsində ətraflı məlumatlar veriləcəkdir.