B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
II.7. Neft və qaz yataqlarının enerji xüsusiyyətləri. Neftin və qazın hasil edilməsi üçün onların məsaməli mühitdə hərəkətetmə qabiliyyəti olmalıdır. Layda hərəkəti (axımı) reallaşdıran amil isə hər şeydən əvvəl onun təzyiqidir: yataqda təzyiqin yüksək olması flüidlərin quyu dibinə aktiv hərəkətinə gətirirsə, az olduqda isə, əksinə, onların yerdəyişməsini çətinləşdirir.
Layın temperaturunun da neftin hərəkətinə təsiri vardır. Bu təsir, hər şeydən əvvəl, neftin özlülüyünün dəyişməsi ilə əlaqədardır: layda temperaturun yüksəkliyi şəraitində neftin özlülüyü az olur ki, bu da onun hərəkətinə müsbət təsir edir.
Yataqların enerji xüsusiyyətlərini formalaşdıran amil lay rejimi adlanır. Lay rejimi yatağın işlənilmə effektivliyini müəyyənləşdirən əsas göstəricidir. Məsələn, layın qanad hissələrində yerləşən sular işlənilmə prosesində onun sahəsi üzrə aktiv hərəkət edə bilirsə, burada yerləşən neft yığımlarını tədricən quyulara doğru sıxışdırır. Layda belə şərait olmadıqda isə, onun ilk lay təzyiqləri işlənilmə prosesində kəskin azalır ki, bu da məsaməli mühitdə yerləşən neftin hərəkətini məhdudlaşdırır.
Neft-qaz mədən geologiyasının qeyd olunan müddəalarının ətraflı şərhi ardıcıl olaraq aşağıda verilir.
Lay təzyiqi Lay təzyiqinin karbohidrogen yataqlarının işlənilməsində rolunu qeyd etməzdən əvvəl onun yaranma xüsusiyyətlərinin sadə halına baxaq.
Beləliklə, dənizin dayaz hissələrində toplanmış qumlu məsamələr su ilə tam doymuş olur. Sonralar geoloji proseslər baş verir və dənizin dibi tədricən çökməyə (enməyə) məruz qalır, qumlu çöküntülərin toplanılması davam edir. Müəyyən həddə (qalınlığa) çatdıqdan sonra hövzədə kəskin enmə prosesi baş verir ki, bu da qum çöküntülərinin üstündə gillərin toplanılmasına səbəb olur. Sonrakı epeyrogenik (qalxıb-enmə) prosesləri hövzədə çöküntü laylarının növbələşməsini yaradır. Onu da qeyd edək ki, qum laylarının daban və tavanında yatan gil layları çox hallarda onların təcrid (izolyasiya) olunma şəraitini yaradır. Sonralar strukturun əmələgəlməsi və miqrasiya prosesləri nəticəsində müxtəlif təzyiqli neft və qaz yataqları əmələ gəlir. Həmin yataqlarda ilk lay təzyiqin qiyməti onun yerləşdiyi hövzənin geoloji xüsusiyyətlərindən, layların yatma dərinliklərindən, tektonik qırılmaların mövcudluğu və funksiyasından (ekran və keçirici) və s. amillərdən asılıdır. Ümumiyyətlə ilk lay təzyiqinin qiyməti onun hidrostatik durumuna müvafiq olur və aşağıdakı düsturla hesablanır: