Neft yataqlarının təbii rejimləri Neft yataqlarında layların təbii rejimləri geoloji amillərlə müəyyən olunur. Bunlara aşağıdakılar daxildir: yatağın mənsub olduğu regionun subasqı sisteminin xüsusiyyəti və onun bu sistemdə yerləşməsi; yatağın geoloji-fiziki xarakteristikası - termobarik şəraiti, karbohidrogenlərin faza vəziyyəti, kollektor süxurların səciyyəsi və yatım şəraitləri və s.
Lay şəraitində neft və qazın istismar quyularına hərəkətini təmin edən təbii qüvvələr cəminə yataqların təbii rejimləri deyilir.
Neft yataqlarında nefti hərəkət etdirən əsas qüvvələrə aşağıdakılar daxildir: kənar suların basqısı, kənar suların təsiri nəticəsində süxurların və suyun elastiki genişlənməsi, qaz papağındakı qazın təzyiqi, neftdə həll olmuş qazın təzyiqi, neftin ağırlıq qüvvəsi və s.
Neft və qaz yataqlarının işlənilmə layihələrinin tərtib edilməsində və işlənilmə prosesinin bilavasitə həyata keçirilşəsində təbii rejimlərin müəyyən olunması çox böyük əhəmiyyət kəsb edir.
Rejimlərin təsnifatı layda mövcud olan enerjinin təzahürünə əsaslanır. Hərəkətedici qüvvələrin təbiətindən asılı olaraq neft yataqlarında aşağıdakı rejimlər qeyd edilir:
subasqı rejimi;
elastik-subasqı rejimi;
qazbasqı rejimi (yaxud qaz papağı rejimi);
neftdə həll olmuş qaz rejimi;
qravitasiya rejimi;
qarışıq rejimi.
Subasqı rejimi. Bu rejimdə neftli layda hərəkətetdirici qüvvə kənar, yaxud daban sularının yaratdığı təzyiqdən ibarətdir. Işlənilmənin ilk dövrlərində istismara daxil olan quyuların sayının tədricən artması nəticəsində neft hasilatının da artması baş verir. Hasilat lahiyə səviyyəsinə çatdıqdan sonra lay təzyiqi də ilk dövrlərdə sabitləşir. Lakin müəyyən müddətdən sonra kənar suların hərəkəti nəticəsində layda sulaşma başlayır və neft hasilatı tədricən azalır. İşlənilmənin sonrakı dövrlərində də sulaşma prosesi fasiləsiz inkişaf edir, lay təzyiqinin düşgüsü isə kiçik miqyaslarda müşahidə olunur. İşlənilmə üçün ən əlverişli olan belə rejimli yatağa süni suvurma üsulu tətbiq edilmir.
Səmərəli subasqı rejimində neftvermə əmsalı 0,60–0,70 arasında dəyişir.