Fəsil I.
Maye və qazların hərəkətində səltlik şərti. Mayelərin fiziki, mexaniki xassələri və onların təzyiq və tempraturdan asılılığı
Termobarik vəziyyətindən və tərkibindən asılı olaraq cisimlər bərk, maye, qaz və plazma halında olur. Bu, onları təşkil edən hissəciklər arasındakı qarşılıqlı təsirlə - atom- molekulyar quruluşla müəyyən edilir.
Fiziki cisim olan mayelərin iki xüsusi xassəsi vardır:
1)Temperatur və təzyiqin təsiri ilə öz həcmini çox az dəyişdirir.Bu cəhətdən bərk cisimlərə oxşayır;
2) Axıcılıq qabiliyyəti var. Bu səbəbdən də mayenin xüsusi forması yoxdur. O, yerləşdiyi qabın formasını alır. Bu xassəsində isə mayelər bərk cisimlərdən fərqlənib, qazlara oxşayır.
Beləliklə, molekulyar hərəkətin xarakterinə və molekullar arasındakı təsir qüvvəsinin qiymətinə görə mayelər qaz ilə bərk cisim arasındakı fəzada yerləşir. Yüksək temperatur və kiçik təzyiq şəraitində mayelərin xassəsi qazın, kiçik temperatur və yüksək təzyiqlərdə isə bərk cismin xassəsinə yaxınlaşır.
Maye və bərk cisimlərə nisbətən qazların molekulları arasındakı məsafə böyük, qüvvə isə kiçik olur. Buna görə də mayelər və bərk cisimlər qazlara nisbətən qüvvənin təsiri ilə az sıxılır.
Səltlik və ya kəsilməzlik şərti
Hidravlikada mayeyə hərəkət etdiyi fəzanı arası kəsilmədən dolduran və deformasiya olunan hissəciklərdən ibarət sistem kimi baxılır. Bu səbəbdən də “maye hissəciyi”anlayışı işlədilir.
“Maye hissəciyi”, içərisində kifayət qədər çox sayda molekullar yerləşən sonsuz kiçik maye həcmi nəzərdə tutulur. Bu şərt daxilində mayeyə mühiti arasıkəsilmədən dolduran səlt mühit kimi baxılır. Qəbul edilir ki, mayedə boşluqlar və arasıkəsilmələr yoxdur.
Hərəkətin öyrənilməsində mühitə səlt mühit kimi baxılır. Lakin səltlik və ya kəsilməzlik şərtinin tətbiqində mühitin sükunət və ya hərəkətinin termodinamik vəziyyətini xarakterizə edən parametrlərin, onun həcmi boyunca (həmçinin ayrı-ayrı nöqtələrdə,xətlərdə və ya səthlərdə) arasıkəsilmədən dəyişməsinin mümkün olması qəbul edilir.
Dostları ilə paylaş: |