Elastik subasqı rejimi. Belə rejimdə lay enerjisinin mənbəyini kənar suların basqısı təşkil edir. Lakin, subasqı rejimindən fərqli olaraq burada süxur kollektorlarının və onların məsamələrində yerləşən mayenin elastik qüvvələri də enerji mənbəyinin formalaşmasında iştirak edir. Bu halda işlənilmə prosesində laydan götürülmüş maye həcmini kənar sular tam kompensasiya etmir və lay təzyiqi tədricən aşağı düşür. Nəticədə, lay süxurlarının və suyun genişlənməsi baş verir, yaranmış enerji isə neftin quyu dibinə süzülməsinə müsbət təsir göstərir.
Bu rejim işlənilmə üçün kifayət qədər əlverişli hesab olunur və layların neftverimini 0,50-0,60 səviyyəsinə çatdırılmasına imkan verir.
Qazbasqı rejimi (qaz papağı rejimi). Qazbasqı rejimi strukturun tağ hissəsində toplanmış böyük təzyiqli qaz yığımlarının (qaz papağının) enerjisinin təzahürü nəticəsində əmələ gəlir. İşlənilmə prosesində genişlənən qazın yaratdığı təzyiq nefti quyu dibinə doğru sıxışdırır və nəticədə qaz-neft kontaktı strukturun aşağı hissələrinə tədricən hərəkət edir.
Qaz papağı çox böyük olduqda işlənilmə zamanı bir müddət təzyiq sabit qalır. Neftli hissədə ilk lay təzyiqi təxminən doyma təzyiqinə bərabər olduğundan neftin ilkin hasilatı zamanı yataqda öncə həllolmuş qaz rejimi meydana çıxır. Depressiya qıfının genişlənməsi nəticəsində qaz papağı da genişlənir. İşlənilmənin sonrakı dövrlərində bu prosesin inkişafı nəticəsində yatağın tağ hissəsinə yaxın zonalarda yerləşən quyularda qazlaşma intensivliyi özünü göstərir. İşlənilmə prosesində yataqda ilk lay təzyiqinin düşməsi baş verir.
Bu rejimdə qaz-neft kontaktı durmadan neftli hissəyə doğru hərəkət etdiyindən qaz amili artmağa başlayır və hətta quyularda təmiz qaz fontanı baş verə bilir. Qazbasqı rejimi üçün süxurların yüksək məsaməliyi, layların daha dik yatması və neftin özlülüyünün az olması daha əlverişli hal sayılır.
Bəzən qaz papağında təzyiq o qədər aşağı düşür ki, neft qaz papağına tərəf hərəkət edir. Bu isə arzu edilən hal deyildir: qaz papağının yerləşdiyi sahələrdə neft kollektorlara axaraq, onların məsamələrinə hopur və işlənilmənin sonrakı dövrlərində onun hasilatı qeyri mümkün olur. Odur ki, qazbasqı rejimi olan yataqlarda qaz papağındakı qazı hasil etmək və ya quyuları yüksək qaz amili ilə istismar etmək düzgün deyildir.
Burada işlənilmə prosesi əvvəlcə neftli sahədən başlanmalı və ehtiyatın realizə dərəcəsi layihə səviyyəsinə çatdırıldıqdan sonra yatağın tağ hissəsində yerləşən qaz yığımlarını hasil etmək lazımdır. Yataqlarda lay enerjisini saxlamaq üçün çox zaman qaz papağı zonasına süni olaraq neftdən ayrılmış qaz yenidən vurulur.
Qazbasqı rejimində neftvermə əmsalı maksimum 0,40-0,50-ə çatdırıla bilər.
Neftdə həllolmuş qaz rejimi. Bu rejimdə layda neftin quyu dibinə hərəkəti ondan ayrılan qaz qabarcıqlarının genişlənməsi nəticəsində baş verir. Belə rejimlə xarakterizə olunan yataqlarda ətraf suların təsiri özünü göstərmir. İşlənilmə proseslərində lay təzyiqləri kəskin azalır. Işlənilmənin ilk dövründə qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır. Son dövrlərdə belə yataqlar qazsızlaşır və lay neftlərinin özlülüyü artır. Təbiidir ki, bu cür mexanizm yataqların ehtiyatlarının müvəffəqiyətlə realizəsini təmin edə bilməz.
Bu rejimlə işləyən neft yataqlarının işlənilmə səmərəliliyini artırmaq üçün laya hasil edilmiş neftdən ayrılan qaz ya da hava vurulur; konturdaxili, yaxud konturyanı sulaşma üsulu tətbiq edilir. Yataqdan qaz tamamilə tükəndikdən sonra qravitasiya rejimi meydana çıxır.
Neftdə həllolmuş qaz rejiminə misal olaraq Azərbaycanın neft yataqlarında qırməki lay dəstəsi obyektlərini göstərmək olar. Burada uzun müddət intensiv işlənilmə proseslərin aparılmasına baxmayaraq qeyri-aktiv lay enerjisinin təzahürü nəticəsində cari neftvermə əmsalının yalnız 0,20-0,35 səviyyəsinə çatdırılmasına nail olunmuşdur.
Bu tip yataqlarda son neftvermə əmsalının 0,30-0,35 səviyyəsini optimal hesab edilir.
Qravitasiya rejimi.Bu rejimli yataqlarda nefti quyudibinə hərəkət etdirən amil onun özünün ağırlıq qüvvəsidir. Belə rejimlər sərbəst formada (az dərinliklərdə yatan laylarda) və süni (texnoloji) dəyişmələr nəticəsində - işlənilmə prosesində neftdə həll olmuş qaz rejiminin tükənən anlarında yaranır. Bu rejimdə neft layın yuxarı hissələrindən aşağılara doğru axır. Odur ki, aşağı hipsometrik dərinliklərdə yerləşən quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ hissələrində) quyuların hasilatından çox olur. Qeyd etmək lazımdır ki, qravitasiya rejimi ilə səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur.
Son neftvermə əmsalı 0,10-0,20 təşkil edir.
Qarışıq rejim. Yataqların işlənilməsində neftin hərəkətinə eyni zamanda bir neçə təbii enerji təsir edirsə ona qarışıq rejim deyilir. Qarışıq rejimlər təbii və texnogen mənşəli olurlar.
Təbii qarışıq rejim yataqların əmələgəlmə prosesin sonunda yaranır. Bu halda strukturun tağ hissəsində qazbasqı rejim, aşağı hissələrində isə neftdə həll olmuş qaz rejimi və yaxud yatağın konturətrafı zonalarında subasqı rejimi, mərkəzi hissələrində isə neftdə həll olmuş qaz rejimi özünü biruzə verir. Təbii qarışıq rejimin digər formalarına da rast gəlmək olar.
Texnogen qarışiq rejim. Adından göründüyü kimi işlənilmə prosesinin təsiri nəticəsində yaranır və müxtəlif formada özünü biruzə verir. Məsələn, işlənilmənin ilk dövründə yataqda qeyd olunan neftdə həll olmuş qaz rejimi sonralar qravitasiya rejiminə keçir.
Qarışıq rejimli yataqların işlənilməsini səmərəli aparmaq üçün burada lay enerjisini təşkil edən amillərin rolunu nəzərə almaq lazımdır. Bütün mümkün hallarda yatağa süni təsir üsulları tətbiq edilməlidir.
Qaz yataqlarının təbii rejimləri Qaz laylarında lay enerjisinin əsas mənbəyini genişlənən qazın təzyiqi, suların və süxurların elastik qüvvəsi və kənar suların təzyiqi təşkil edir.
Bu və ya digər enerji növünün üstünlüyündən asılı olaraq qaz yataqlarında qaz, elastik qaz və subasqı rejimi qeyd edilir.
Qaz yataqlarının rejimi geoloji şəraitdən və işlənilmə tempindən asılıdır. Qazın özlülüyü neftin özlülüyündən 100 dəfələrlə az olduğu üçün qaz yatağında təzyiq neft yatağına nisbətən daha tez paylanır. Odur ki, hər hansı bir quyuda təzyiqin dəyişməsi bütün layda özünü çox tez göstərir.
Qaz rejimi. Qaz rejimində qaz hasilatı genişlənən qazın hesabına əldə edilir. Bu rejim litoloji cəhətdən hər tərəfdən tam hüdudlanmış və tektonik ekranlaşmış tələlərə məxsusdur.
Qaz rejimli yataqlarda lay təzyiqinin düşməsi hasil edilən qazın miqdarı ilə düz mütənasibdir: lay təzyiqinin saxlanılmasına heç bir xarici amil təsir etmir. Qaz yatağının ehtiyatı hesablanarkən bu xüsusiyyət nəzərə alınır.
Qaz rejiminə malik olan yataqlar üçün qazvermə əmsalı 0,80-0,90 çata bilər.
Elastik qaz-subasqı rejimi. Lay enerjisinin əsasını kənar suların zəif təzyiqi, suların, süxurların və genişlənən qazın elastik qüvvələri təşkil edir.
Layın işlənilməsinin ilk dövrlərində qaz yataqlarında genişlənən qazın hesabına qaz rejimi üstünlük təşkil edir. Ayrı-ayrı yataqlar üçün bu rejim müxtəlif müddətdə davam edə bilər və təzyiqin 3-30% düşməsi ilə müəyyən edilir.
İşlənilmə prosesində lay suları konturətrafı zonadan yatağın qazlı hissəsinə doğru hərəkət edir. Qaz-su kontaktı tədricən strukturun yuxarı hissələrinə hərəkət edir və işlənilmə prosesini çətinləşdirir.
Bu rejimdə yatağın qazvermə əmsalı 0,50-0,70 olur.
Subasqı rejimi. Subasqı rejimində kənar (yaxud daban) suları lay enerjisinin əsasını təşkil edir. Qaz yataqlarında subasqı rejiminin meydana çıxması neft yataqlarındakı kimidir. Bu rejimdə istismarın ilk dövründən başlayaraq lay təzyiqi azalır və konturarxası sular yatağa daxil olur. Çıxarılan qazın həcmi ilə yatağa daxil olan bu suların həcmi bərabərləşdikdə lay təzyiqi təxminən bir səviyyədə qalır; qazın hasilatı qaz-su kontaktının qalxması ilə müşayiət olunur. Göstərilən bərabərlik pozulduqda yataqda daha az səmərəli olan elastik subasqı və hətta qaz rejimi yarana bilər.
Subasqı rejimində qazvermə əmsalı maksimum 0,70-ə yə çatır.