Evfemizm – (yunanca – yumşaq səkildə demək) ədəbi mətnlərdə geniş işlənən təsvir vasitəsidir. Yuxarıda nəzərdən keçirdiyimiz vasitələrin əksəriyyəti söz və ifadələrin, obrazların oxucuya təsirini artırmağa xidmət edir. Evfemizmlər isə bu təsiri bilərəkdən azaltmağa, yumşaltmağa, sözün ünvanı olan adamı incitməməyə yönəlir. Məsələm, öldü əvəzinə dünyasını dəyişdi, balacaboy əvəzinə bəstəboy, karlıq əvəzinə ağır eşitmək, narazı olmaq əvəzinə narahat olmaq, cinayət əvəzinə səhv, pis əvəzinə babat, qocalmaq əvəzinə yaşlanmaq sözlərinin işlənməsi evfemizmə misal ola bilər.
Evfemizmlərdən qəzet dilində, məktublarda, diplomatik sənədlərdə, tiplərin dilində daha çox istifadə olunur. Danışıq dilində isə yumşaq sözlər seçmək ədəb və nəzakət, ziyalılıq və kübarlıq əlaməti sayılır. Vulqarizmlərdən istifadə evfemizmlərin əksidir: yumşaq yox, kobud, sərt, söyüş xarakterli sözlərdən istifadədir. Bəzi yazıçılar belə sözlərdən istifadəni yolverilməz sayırsa, digərləri bunlardan üslub yaratmaq, sərt həyat həqiqətini göstərmək üçün istifadə etmişlər. Realist nəsrdə, satirada, həcvdə vulqar sözlərdən geniş istifadə edilir:
Var özgə vilayətdə də tək-tək köpəkoğlu,
Hədsizdi bu viranədə bişək köpəkoğlu.
(Q.B.Zakir)
Burada realist satiranın tələbi ilə şair söyüşdən qafiyə kimi istifadə etmişdir. Lakin bu ya digər sözün varvarizm hesab edilməsi müəllifin məxsus olduğu ədəbi cərəyanlarla, ədəbi prinsipləri ilə, göstərdiyi həyat həqiqətinin məzmunu ilə bağlıdır. Bu yazıçıda varvarizm sayılan sözlər digər yazıcıda realist dil elementi hesab edilə bilir. C.Məmmədquluzadə öz əsərlərini “Danabaş kəndinin məktəbi”, “Eşşəyin itməkliyi” adlandırmışdır. Və bu realist ədibin dil prinsipləri və göstərdiyi insanlarla bağlı idi. Ona görə də biz buradakı kobud sözləri varvarizm hesab etmirik.
Vulqarizmin bir növü olan barbarizmlər – yad dillərə məxsus sözlərdən yersiz istifadəyə deyilir. Yunanlar barbar xalqlar deyəndə vəhşi, yazısı olmayan xalqları nəzərdə tutur və onların sözlərindən istifadəni yolverilməz sayırdılar. Varvarizm termini də o dövrdən qalmışdır.
Dostları ilə paylaş: |