XƏLBIR
36
ni silkələdikcə, sarı dənlik buğdalar xəlbirin gözündən
süzülüb tökülür, taxılın canına daraşmış sarmaşıq çöpü,
çayır kökü, qoyun qığı, qanqal yarpağı, ot-ələf ayırtlanıb
üstə qalır, nə qədər silkələnsələr də, sıyrılıb aşağı düşə
bilmirlər. Nənəm onları kənara çırpır, heç toyuq-cücə-
nin qabağına da atmırdı. Dəyirmanlıq buğdanı səhmana
salandan sonra kənarda qalaqlanmış zir-zibili torbalayıb
dönə-dönə tapşırardı ki, bunu evdən aralı çay aşağı axıt-
maq lazımdı, gərək yerə-yurda düşməsin, “kökü kəsilsin
bunların” -deyərdi. Bir Allah bilir ki, çay aşağı nə qədər
sarmaşıq çöpü, çayır kökü, qoyun qığı, qanqal yarpağı,
ot-ələf axıtmışam…
Mənə görə nənəmin xəlbiri qiyamətdəki qıl körpü-
sünə oxşayırdı, heç vaxt günahkara yol verməzdi, heç
vaxt nadürüstü gözündən keçirməzdi. Bir dəfə xəlbiri
balaca əllərimin arasına aldım, yumşaq barmaqlarımla
onun yan-yörəsini sığallaya-sığallaya silkələməyə ça-
lışdım, nə qədər qara qılçıq, çör-çöp varıydısa, hamısı
buğdaya qarışıb axmağa başladı. İnana bilmirdim.
“Bu nədi, xəlbirin gözü genəlib?”
“Yox, gözünə bir şey olmayıb, gərək mənim kimi
silkələyəsən” -nənəm dedi – “xəlbiri özbaşına qoysan
çörəyimizin içinə qanqal da qarışar, sarmaşıq da…”
Bir daha cəhd eləmədim, yenə də aralıda bardaş qu-
rub tozlu-torpaqlı ələnmə prosesinə tamaşa edə-edə
düşünməyə başladım, doğrudan da xəlbir özbaşına heç
nəymiş, gərək onu silkələyən əllər olaydı – kösöv kimi
37
qaralmış yoğun əllər…
İndi mən nənəmin yanında qoyub gəldiyim uşaqlıq-
dan sürətlə uzaqlaşdıqca elə bil xəlbirə daha da yaxınla-
şırdım. Nədənsə içimdə bir inam var ki, həmən xəlbirin
gözündən sıyrılıb düşməyincə, özümə yer tapa bilməyə-
cəm. İndi həyatımın elə məqamıdır ki, ya dənlik buğ-
da kimi dəyirmanlıq olmalı, ya da sarı sarmaşıq çöpü,
lap elə qoyun qığı kimi kənara itələnib həyatın dibində
küllənməliyəm. Ələnmə yaxşı şeydi: adamın ələndikcə
özünə inamı artır, başqalarından fərqləndiyinin, daha la-
zımlı, daha bacarıqlı olduğunun fərqində olursan; deməli
ömrü hədər yerə yaşamamısan, filan qədər kitabı nahaq
yerə oxumamısan, gözünün nurunu hədər yerə əritmə-
misən, deməli sən lazımlı adamsan, sən onların axtardığı
adamsan. Ələnmə yaxşı şeydi, ələyən olsa…
İnternetdə iş elanını görən kimi diqqətimi cəlb elədi.
Yeni yaradılmış Fondda çoxlu vakansiyalar elan olun-
muşdu. Mənə uyğunu ictimaiyyətlə əlaqələr üzrə mene-
cer vəzifəsi idi. Həm yiyələndiyim ixtisasa uyğun gəlir-
di, həm də cürbəcür insanlarla işləmək, əlaqələr qurmaq
həvəsi canımda da var idi. Məktəbdə də, universitetdə
də o qədər ünsiyyətcil idim ki, inanmazdım kiminsə
mənim qədər dostu-tanışı olaydı. Xoşbəxtlikdən müsa-
biqənin şərtləri də mənim boyuma biçilmiş kimiydi: kol-
lektivdə işləmək bacarığı, ünsiyyətcil, xoşrəftar olmaq,
mətbuat üçün açıqlamalar hazırlamaq, maarifləndirici iş
aparmaq, Fondun informasiya təminatını həyata keçir-
38
mək – aman Allah, bunlar ki, mənim əlimdə su içimlik-
di. Bekara çatışmayan rus, ingilis dillərində sərbəst da-
nışmaq vərdişi idi ki, hərçənd onun da öhdəsindən gələ
bilərdim, onsuz da rus dilini ana dilimiz kimi öyrədiblər,
qalırdı ingilis, onun da qrammatikasından başım çıxırdı,
üçcə ay kifayət idi ki, “excellent” olum. Təki siz mənə
meydan verin göstərim hünərimi… Bütün qaydalara uy-
ğun hazırladığım, dönə-dönə yoxlayıb gözdən keçirdi-
yim CV-mi deyilən ünvana yolladım. Etiraf edim ki, çox
həyəcanlı idim. Bu mənim birinci cəhdim, qazanacağım
halda birinci işim olacaqdı. İki günə məktubuma cavab
verilməsi, gələn həftənin bazar ertəsi müsahibəyə dəvət
etmələri ürəyimi dağa döndərdi. Bilmirəm sonralar bu
hissi təkrar yaşadım yoxsa yox, amma çox qəribə hiss
idi, bir az qürurlanmağa oxşayırdı, bir az lovğalığa, bir
az ərköyünlüyə, hərəsindən bir az idi…
Fondda məni lap köhnə tanışlar kimi qarşıladılar. Su-
aledici zirək nəzərlərini bir an belə sifətimdən yayındır-
mayan balaca boylu, uzağı məndən bir-iki bayram böyük
görünən gənc oğlan CV-mi qarşısına qoyub təbəssümlə,
deyərdim bəlkə də heyranlıqla mənə baxırdı. Müsahi-
bəyə məndən başqa heç kimin dəvət edilmədiyinə qəti
əmin olandan sonra özümə inamım bir az da artdı, bir
az da ürəkləndim. Bir işə bax, kənarda gör nə qədər CV
yığılıb, onların arasından ancaq məni çağırıblar, böyük
uğurdu, sağ olsunlar, yaşasın nənəmin xəlbiri!
- Xarakterinizdə nə çatışmır?
39
- Üzr istəyirəm…
- Nə çatışmır, hansı çatışmayan cəhətləriniz var?
Gülərüz, balacaboy oğlanın düz gözlərimin içinə
baxaraq müsahibəyə çatışmazlıqlarımdan başlamasını,
sözün düzü, gözləmirdim, bir az hürkdüm də. Mənim
yerimə özünüzü qoyun, gözləmədiyiniz halda, lap elə
küçəylə gedərkən, tanımadığınız birisi qəflətən çatış-
mayan cəhətləriniz barədə soruşsa, nə cavab verərsiniz?
Axı mənim bütün çatışan cəhətlərimin hamısı CV-də ya-
zıldığı halda, bu niyə çatışmayan tərəflərimlə maraqla-
nır? Təcrübəsiz idim, eh… sonralar bu sualları o qədər
eşitdim; o qədər yağlı-yapalaq cavablar verdim ki… Lap
sonralar anladım ki, sən demə, bu, müsabiqədə iştirak
etmək istəyənlər üçün psixoloji testfason bir şey imiş.
Mənə qalsaydı lazımsız, avara bir şey idi… Nə isə…
- Vallah, çatışmayan cəhətlərim haqqında… bil-
mirəm… heç fikirləşməmişəm… hə, fikirləşməmişəm
bu haqda.
- Deməli, özünüzü yaxşı tanımırsınız, özünüzü kəşf
etməmisiniz?
- Özümü kəşf?..
- Məsələn, xudbin deyilsiniz ki?
- Yox, yox nə danışırsınız? Mən kiməsə yuxarıdan
aşağı baxmağı qəbul etmirəm. Düzgün deyil bu.
- Şöhrətpərəstsiniz?
- Yox, nə danışırsınız! Lovğalanmaq üçün heç bir
əsasım yoxdu? Universiteti təzə qurtarmışam… Neylə-
40
mişəm ki, şöhrətpərəst olam.
- Qızlara münasibətiniz necədir, məsələn, ofisdə mini
yubkalı qızları görəndə ilkin reaksiyanız necə ola bilər?
- Yaxşı.
- Yəni, şorgözsünüz?
- Üzr istəyirəm, deyəsən fikrimi düz çatdıra bilmə-
dim axı. Qətiyyən o mənada demədim. Geyinirlər, özləri
bilər… Axı mənə nə var onlardan.
- Deməli, qızlara qarşı biganəsiniz. Başa düşürəm,
amma narahat olmayın, öz aramızda qalacaq, mən in-
sanların hisslərinə hörmətlə yanaşıram.
- Yenə məni düz başa düşmədiniz.
- Ona görə ki, siz fikrinizi düz izah edə bilmirsiniz.
Axı necə ola bilər, bu yaşa çatmısınız bircə dəfə də özü-
nüzü müşahidə etməmisiniz ki, hansı zəif cəhətləriniz
var. Bu haqda heç düşünməmisiniz də?
- Yox.
- Əzizim, bayaqdan mənim bütün suallarıma “yox”
cavabını verirsiniz. Bu müsabiqədi, sizin rəqibləriniz də
var, hər şeyə yox demək sizə üstünlük qazandırmaz.
- …
- Susmaq lazım deyil, bircə bunu eləməyin. Əgər bü-
tün cavablarınız “yox”dursa, onda belə nəticəyə gəlmək
olar ki, siz sadəlövhsünüz.
- Bəli, bəli.
- Şükür, axır ki, müsbət cavab ala bildim.
Müsahibə bir neçə dəqiqə də davam elədi. Bu vaxt-
41
da neçə dəfə ölüb-dirildiyimi indi xatırlamaq istəmirəm.
Gülərüz oğlan sanki gözümün içinə baxa-baxa, kirpiklə-
rini belə, qırpmadan yağlı boya ilə mənim psixoloji portre-
timi çəkirdi. Necə alınmışdı, xoşlarına gələcəkdimi, deyə
bilmirəm, amma mənim heç ürəyimcə deyildi; təsəvvür
edirdim o portretdən baxan gözlərdə hansı ifadə donub
qalıb – xudbinlikdən, şöhrətpərəstlikdən, şorgözlükdən
uzaq, bir sözlə dünyadan xəbərsiz, yonulmamış kənd-
li balasının sadəlövh baxışları. Yaxşı olardı ki, mənim
portretim bu vaxta kimi ədalətinə, düzlüyünə inandığım
nənəmin xəlbirinin fonunda, ya da elə içində çəkiləydi.
Boğazım xəlbirin gözündə ilişib qalıb, ayaqlarım hava-
da yellənə-yellənə ləngər vurur, nənəm yoğun, kişiyana
əlləriylə xəlbiri nə qədər silkələsə də, mən dəyirman-
lıq buğdaların yanına düşə bilmirdim ki, bilmirdim…
-Haralısan? -gülərüz oğlan bu sualı birbaşa vermədi,
necə deyərlər bir az aralıdan gəldi. Əvvəlcə danışığımın,
sonra da suyumun ona şirin gəldiyini söylədi. Sonra tor-
pağı sevdiyini, vətənin o başı, bu başı olmadığını dedi.
Sonra hamımızın soydaş, yurddaş, sirdaş olduğumuzu
dedi, yerliçiliyə nifrət elədiyini söylədi. Lap sonra… lap
sonra “haralısan” dedi. Guya elə-belə soruşur, söz gəli-
şi…
- Ümidqovandanam.
- Hardan? Hə, o Ümid Piri olan kənddən… Yox, mən
bunu elə-belə soruşdum ha, ürəyinə başqa şey gəlməsin.
Haralı olmağımızın nə dəxli var, hamımız bir vətənin
42
övladı deyilikmi?
- Hə, əlbəttə elədi – nəhayət ki, müsahibə boyu ikin-
ci dəfə müsbət nəsə dedim. Əslindəysə, elə deyildi. Biz
bir vətənin yox, paralel vətənlərin övladlarıydıq. Danış-
dığımız eyni dil də, qulaq asdığımız eyni bayatılar da
fərqli vətənlərin, fərqli dünyaların avazı idi. Adam öz
elində, obasında, doğmalarının arasında təklənəndə, öz-
gələşəndə vətən də özü boyda yük olub şəllənir belinə,
bilmirsən, onu sevəsən, ya tullayasan, ya da sevə-sevə
tullayasan. Bütün bunları mən o zamanlar bilmirdim…
Bunları mənə müsahibələr, müsabiqələr öyrətdi… Hələ
ağzım isti yerdəydi, hələ bitib-tükənməz müsahibələ-
rimin siftəsini edirdim. Sonradan anladım ki, bu, çox-
bilmişlikdən boyu çıxmayan, sürtülmüş sifətinin tülkü-
lüyünü gizlədərək ona riyakarcasına təbəssüm maskası
taxan adam üçün bayaqdan danışdıqlarımız boş şey
imiş, əsas “haralısan” testindən keçmək idi. İtsən, qurd-
san, xudbinsən, şöhrətpərəstsən, şorgözsən, qanmazsan,
səfehsən, hər nə zibilsən, bircə “haralısan” testindən
keç. Əsas məsələ qaranlıq orta əsrlərdən qalan feodaliz-
min XXI əsrdə mutasiya olunmuş eybəcər standartlarına
cavab verməkdir, qalanı vətənin boynuna. Belə qalanı
cəhənnəmə ki…
Müsahibənin sonunda mənə dedi ki, hər şey qayda-
sındadı, özümüz əlaqə saxlayacağıq. Ay saxladılar ha…
Elə bu sətirləri yaza-yaza hələ də qulağım telefonda qa-
lıb…
43
Mən uğursuzluqlarımdan çox şey öyrənmişəm, ən
vacibi isə alternativ planlar cızmaq vərdişidi. Görünür,
mənim kimi əli boşa çıxan babalarımız havayı yerdən
deməyiblər – “tutar qatıq, tutmaz ayran”… tələbə yoldaş-
larımdan biri təzə açılmış televiziyada bir xeyli vakansi-
ya olduğunu söyləmişdi. Qərara gəldim ki, üz tutum te-
leviziyaya. Düzünü deyim heç vaxt təsəvvür eləməzdim
ki, nə zamansa mən televiziya adamı olaram. Yaxşı ki,
həmin zaman heç vaxt gəlmədi. İnanıram, daha doğrusu,
adım kimi əminəm ki, hörmətli tamaşaçılar bundan heç
nə itirməyiblər. Sifəti ekranı tutan bambılı, itoynadan,
arvad boşayan, ər axtaran, xurafatı təbliğ edən televizi-
ya proqramlarının o qədər istedadlı, vayşüvən aparıcıları
var ki… Onların yanında mənim kimi sirindən-sifətin-
dən ciddilik, gözlərindən sadəlövhlük yağan, bir sözlə
tipik ziyalı formatlı adam qara şalvarda ağ yamaq kimi
görsənərdi. Hələ nəzərə alsaq ki, axır vaxtlar sadəlövh
gözlərimə eynək də taxıram, biabırçılıq, eynək yox, fər-
sizliyin simvolu.
Heç gözləmədiyim halda televiziyanın direktoru özü
məni qəbul elədi. Elə ilk baxışdaca sözlə izahı çətin olan
xoş bir təəssürat yaratdı. Onun haqqında danışanda söz-
lərdən ona görə ehtiyatla istifadə edirəm ki, sadəcə ola-
raq inanmağım gəlmirdi. Məgər indiki zamanlarda tə-
miz adamların, düz adamların nəsli kəsilib qurtarmayıb.
Ağzını açıb qışqırmaq istəyirsən, gözünə düz adam sa-
taşır, məcbur olub onun xətrinə səsini içində boğursan;
44
hər şeyə tüpürüb dünyanın başına bir qara daş qolayla-
maq istəyirsən, görürsən ki, qabağında bir yaxşı adam
dayanıb, əlin boşalır, daş yerə düşür, atmağa ürək elə-
mirsən ki, onun başına dəyə bilər. Bir sözlə, mənim yax-
şı adamlara nə qədər çox hörmətim olsa da, düşünürəm
ki, onlar bizim cəmiyyətdə heç də yaxşı funksiya yerinə
yetirmirlər, ümumiyyətlə onların bu torpaqda, bu diyar-
da, bu yerlərdə, belə götürsək bu dünyada nə itləri azıb
axı? Gözü yalnız mərdimazarlara öyrəşənlər yaxşı adam
görən kimi çaşırlar. Bax, həmin o televiziyanın müdi-
ri də adamı çaşdıran yaxşı adamlar fəsiləsinə daxil idi.
Mənimlə çox qısa, sentimental olsa da, deyim ki, lap elə
ata-bala kimi söhbət elədi: özünün tələbəlik illərini xa-
tırlatdı, universiteti qurtaran ili eləcə mənim kimi iş ax-
tarmağından, hələ ilk məhəbbətindən də danışdı. Mənə
elə gəldi ki, o, mənim məsum sifətimdə özünün aşağısı
otuz il bundan əvvəlki halını görürdü, çox istiqanlı, və-
zifəsinə uyuşmayan bir səmimiyyətlə danışırdı. Elə istə-
yirdim ki, belə bir adamla birgə işləyim, hər gün məni
yanına çağıra, tapşırıqlar verə, aradabir də gözucu məni
süzüb otuz il əvvəl itirdiyi illərin dadını çıxara. Qısa
söhbətimizdən sonra müavinini yanına çağırdı, dərhal
studiyaya yollanmağımızı, bir-iki sınaq çəkilişləri etmə-
yimizi tapşırdı. Sonra da sanki işə qəbul edirmiş kimi
əlimi sıxdı.
Ah studiyanın işıqları!.. Ah kameralar!.. Nədədir si-
zin cazibəniz? Niyə hamı sizin qabağınıza keçən kimi
45
süniləşir, özünü yaddan çıxarır? Niyə hamı sizi görən
kimi soyunur? Bu qədər bərbərxanalar, moda evləri,
gözəllik salonları hamısı sizin üçün işləyir; dəvə dabanı-
na oxşayan silikon dodaqlar, bərəldilmiş linzalı gözlər,
kəsdirilib yuxarı dikəldilmiş burunlar, şişirdilmiş sinələr
hamısı sizin üçündü; geydirmə dərmanların, paraşokun,
pampersin, molpedin gurultulu reklamları hamısı sizə
görədi. Nədir bu görməmişliyin səbəbi? Mən qanmıram,
qana bilmirəm. Elə peşəkar “televizyonşik” olan müavin
də görünür, mənim qanmazlığımı göydə tutmuşdu, stu-
diyaya girən kimi yüngülcə, amma ciddi iradlarla baş-
ladı.
- Sən televiziyada işləyəcəksən, eləmi?
- Hə, məsləhət olsa – fonddakı müsahibədən artıq ilk
dərsimi almışdım, bütün suallara yalnız “hə” deyə cavab
verəcəkdim, “yox”a lənət.
- İlk çəkiliş məsuliyyətli işdi, bəlkə saç düzümünü
dəyişəsən?
- Necə?
- Nə bilim, bir az müasir formada, xətrinə dəyməsin,
indi belə dəb deyil.
- Heç düşünməmişəm bu barədə.
- Qəribə oğlansan, necə yəni düşünməmisən? İndi
kimdi saçını arxaya darayan, lap “politbüronun” üzvlə-
rinə oxşayırsan. Mütləq saç düzümünü dəyişmək lazım-
dı, bir də kreativ olsun deyə yüngül saqqal buraxmağın
pis olmazdı.
46
- Bağışlayın, nə olsun deyə?
- Nəysə… Kamera estetik gözəlliyi sevir.
“Ah, keşkə o kamera mənim içimdəki gözəlliyi də
göstərə biləydi…”, -özümə qapanmağa müavinin kişiyə
xas olmayan incə barmaqlarını qarnımda gəzdirməyi
imkan vermədi. Elə bildim nəsə üstümü təmizləyir, tele-
viziyaya gələndə lavaşarası dönəri ayaqüstü elə təpişdir-
mişdim ki, dedim yəqin nəsə üstümə sıçrayıb.
- Bu nədi, deyəsən, qarnın çıxır axı? Yox, olmaz, qəti
olmaz. Kamera qabağında şişman qarın, özü də bu yaş-
da, olmaz əzizim, bu gündən çörək yeməyi tərgit. Özünü
gərək bu işə həsr edəsən, başa düşürsənmi?
- Axı mən ciddi veriliş aparmaq istəyirəm.
- Sözə bax da, məgər biz sənə qeyri-ciddi iş təklif
edirik, harda yazılıb ciddi söhbətləri ancaq qarnı yoğun
adamlar danışmalıdı?
Yaxşı olardı ki, cavab verəydim “bəs harda yazılıb
ki, ciddi verilişləri, əndirəbadi saç düzümündə, saqqallı,
dizi cırıq cins geymiş gədələr aparmalıdı” -təbii ki, mən
bunları öz ürəyimdə dedim, müavinin sualı qaşısında sa-
dəcə başımı aşağı salmaqla kifayətləndim.
- Gəl belə danışaq, dediklərimi elə, sabah gəl. Bir ab-
zaslıq da nəsə mətn hazırla, “stəndap” eləyək.
- Nə eləyək?
- Oy da! İki-üç cümlə nəsə kameranın qabağında əz-
bərdən deyərsən, amma intonasiya ilə, məlahətlə, şeir
kimi yox.
47
- Nə barədə danışmağı məsləhət görürsünüz?
- Nə bilim, mövzu seçimində azadsan, özün də gən-
csən, məsələn, elə kreativ gənclik haqqında danışa bilər-
sən, ya da ki… ya da ki… qurbağalar barəsində… Hə,
nə gözünü döyürsən, sənə qəribə gəlməsin, öyrən gör
dünyada ekoloji tarazlığın pozulması qurbağalara necə
təsir göstərir? İqlim dəyişmələri qurbağaların kökünün
kəsilməsinə səbəb olmayacaq ki? Bax belə, sabah gö-
rüşərik.
Müavindən ayrılan kimi arxama baxmadan televizi-
yanı tərk elədim, yarıyolda yadıma düşdü ki, Şəxsiyyət
vəsiqəmi buraxılış məntəqəsində unutmuşam. Yenidən
geriyə qayıdıb onu götürməli oldum. Bir az da yuban-
saydım elə şəxsiyyətimi də unudacaqdım… Çox məyus
olmuşdum… Bu da təbii idi… Əvvəldə demişdim axı
mənim uğursuzluqlarım bitib-tükənmir. Qəti əmin idim
ki, heç vaxt saqqal saxlamayacam. Qəti əmin idim ki,
heç vaxt çörəkdən imtina etməyəcəm. Mənim bacardı-
ğım ən asan iş müavinin dediyi kimi, “stəndap” üçün bir
abzaslıq nəsə hazırlamaq idi. Bax bu, doğrudan mənlik
idi, bir abzas nədi, lap bir neçə səhifə, istəyirsən publi-
sistik, istəyirsən bədii boyalı, istəyirsən rəsmi üslubda,
necə desən yazım. Düzdü, bizim dildə təzə dəbə min-
dirilən “kreativ” sözünü gənclərin qabağına qoşub nəsə
yazsaydım çətin ki efirə verən olardı, elə salamatı qur-
bağalardı. Ekoloji tarazlığın pozulması, ozon layının de-
şilməsi, Şimal buzlaqlarının əriməsi, “istixana effekti”
48
yaradan zəhərli buxar qazlarının yığını, bunların hamısı
qurbağalara yaman pis təsir göstərir. Onların halına yan-
maq üçün qurbağa olmaq lazım deyil ki… Belə getsə
göllərimiz, gölməçələrimiz qurultu üzünə həsrət qala-
caq, qulaqlarımız səhərə kimi gecənin ağır sakitliyinə
dağ çəkən ritmik qurultuları hardan eşidəcək? Belə getsə
qurbağa qurultusuna da müğənnilərin ansamblsız ifası
kimi, fonoqramda qulaq asacağıq. Dəhşətin miqyasını
təsəvvür edirsinizmi? Dünyamız əldən gedir! Qurbağa
qurultusu bu məmləkətin, bu planetin üstündən əskik
olmasın! Afərin mənə, bütün bunları kameranın qaba-
ğında desəydim, gözəl “stəndap” alınardı. Amma mən
bunların heç birini demədim, sadəcə qırıla-qırıla qalmış-
dım – gör dünyanın harasındayıq, ay Allah, hər tinində
boynubükük bənövşə kimi bir dərdin göyərdiyi vaxtlar
televiziyalar qurbağalara yas tutur. Sonra deyirlər, bizə
baxan yoxdu. Qəribəydi ki, bəs məni çaşdıran o yaxşı
adam, o yaxşı direktor qurbağa gölməçəsində necə du-
ruş gətirə bilmişdi. Əvvəl elə zənn eləmişdim ki, onun
da xəlbiri var, düzü əyridən, kişini nakişidən seçə bi-
lir. Yenə də əvvəlki qənaətimin üstündə qalıram, onun
bəlkə də xəlbiri var, amma əminəm ki, həmən xəlbiri
silkələmək üçün nənəminki kimi kösöv təki qaralmış
yoğun əlləri yox idi.
Demişdim axı, hər dəfə oxum daşa dəyəndə uydur-
duğum “alternativ planlar” nəzəriyyəsi köməyimə çatır,
bu dəfə də elə oldu. Yeni iş elanı ilə lap təsadüfən tanış
49
oldum. Təsadüflər yaxşı şeydi, bəzən adamın həyatını da
dəyişə bilir. Boş yerdən deməyiblər ki, təsadüflərdən zə-
rurət doğur. Mən də rastlaşdığım bu xoş təsadüfdən zə-
rurəti doğuzdurmaq üçün dərhal hərəkətə keçdim. Met-
ronun “İnşaatçılar” stansiyasının qabağında mer-meyvə
satanların yanından ötəndə pomidor yeşiklərinin altına
sərilmiş məmləkətin ən yekə qəzetinin böyük bir səhifə-
sində iri qara şriftlərlə yazılmış “vakansiya” sözü az qala
gözümə girəcəkdi. Əvvəl mən də sizin kimi düşündüm,
çox güman qəzetin köhnə nömrəsiydi, amma necə ol-
dusa pomidorların arasından ayın tarixi gözümə sataşdı.
Nə köhnə, canım, qəttəzə qəzetdi. Nə başınızı ağrıdım,
pomidorlar satılıb qurtarana qədər gözlədim, sonra satı-
cının kənara tulladığı yeşikdən ədəb-ərkanla elan olan
səhifəni götürdüm. İnsafən satıcı bir söz demədi, əksinə
mənim də meyvə alış-verişiylə məşğul olduğumu zənn
edib, içində bir alverçi həmrəyliyi baş qaldırdı, dedi ki,
qəzet lazımdırsa, münasib qiymətə neçə kilo istəyirsənsə
təşkil edə bilərəm. Səmimiyyətlə təşəkkür etdim, mənə
lazım olan bircə səhifəydi, onu da götürmüşdüm. Yol-
da gedə-gedə beynimdə atüstü fikirlər boy göstərməyə
başladı, görünür, biz dünyanın yeganə məmləkətiyik ki,
bizdə qəzetləri dənəylə yox, kiloyla alırlar, belə götürən-
də lap əcəb edirlər, bəlkə də düz eləmirlər, mənə nə.
Vakansiya oxuduğum universitetdəki iş yerləri barə-
də idi; müsabiqə bütün fakültələri əhatə etmişdi, o qədər
iş var idi ki – dekandan tutmuş kafedra müdirinəcən,
50
professor, dosent, baş müəllim, elə-belə müəllim, labo-
rant… Heç bilməzdim ki, mənim əziz universitetimdə,
anam doğma “alma materim”də bu qədər boş iş yerləri
var. Mən də özümü dağa-daşa salmışam, nə bilim icti-
maiyyətlə əlaqələr, ay nə bilim televiziyada saqqal dava-
sı, gül kimi universitetim dura-dura axı nə üçün qapılara
düşmüşəm. Dərs demək, hətta mühazirə oxumaq, bilik-
lərini, bacarıqlarını millətin təravətli, çiçəyi burnunda
balalarına öyrətməkdən gözəl nə ola bilər? Bu, millətə
xidmət deyil, bəs nədi? Deyim sizə ki, mən çox tələbkar
müəllim olacam, kiməsə day-daylıq eləməkdi, tələbə-
dən rüşvət almaqdı bunların heç birini yaxın buraxma-
yacam, qoy hamı bilsin ki, mənim vicdanımı satın almaq
olmaz. Bir daha iş elanlarına nəzər saldım, nə gizlədim
ürəyimdən dekan olmaq keçdi, dərhal da bu fikrimdən
daşındım. Bilirsiniz, adam nəyəsə iddia edəndə gərək
ona mənəvi haqqının çatıb-çatmadığını yaxşı-yaxşı gö-
tür-qoy eləsin. Tutaq ki, sənədlərimi verdim dekanlığa,
müsabiqəni də qazandım, bəs sonrası… Kafedra müdiri
necə? Yox, o, inzibati vəzifədi, professor olmaq üçünsə
of… nə boyda ömür lazımdı. Ən yaxşısı müəllimlikdi,
həm mənəvi haqqım çatır, həm də savadım.
Universitetin qabağında sevimli müəllimlərimdən bi-
rini görəndə gözlərimə işıq gəldi; hal-əhval tutduq, Su-
riyadakı qırğınlardan, Misirdəki gərginlikdən, Tunisdəki
göysatandan, Liviyadakı əziyyətlərdən, dolların kursu-
nun düşməsindən, neftin qiymətinin enməsindən danış-
51
dıqca danışdıq. Yaxşı ki, neftin qiyməti bir az özümüzə
baxmağa körpü saldı; müəllimim dolanışıqdan, güzə-
randan, işindən, gücündən, banklardan götürdüyü kre-
ditlərin üst-üstə yığılan faizlərinin altında belinin bükül-
məsindən, vəziyyətdən çıxmaq üçün altı aylıq nəvəsinə
sünnət toyu eləmək planlarından danışdıqca danışdı.
Nəhayət, daxili və xarici siyasətin bütün incələmələrini
verdikdən sonra söhbəti əlimdəki elana yönləndirə bil-
dim. Bu, onu çox təəccübləndirdi, lap çox…
- Nə!? Müəllim olmaq istəyirsən?
- Bəli, məsləhətiniz nədi?
- Mirzə Şəfi Vazehlə Axundovun dialoqunu yadına
sala bilərsən? Molla olmaq istəyən Fətəliyə Vazeh nə
deyir?
- Hə, xatırladım.
- Ay sağ ol, bax mənim də məsləhətim Vazehin məs-
ləhətinə oxşayacaq – səndəmi məğmun olmaq istəyir-
sən? Bir də kim deyir ki, universitetdə boş müəllim yeri
var?
- Qəzetdə vakansiya elanı verilib də…
- Ay oğul, gənclər axı diribaş olurlar. Sən zəmanə
uşağı deyilsən, adam da hər yazılana inanar, özü də har-
da. Universitetlər o cür elanları hər il verirlər. Əslində
o yerlər boş deyil, hərəsinin öz yiyəsi var. Sadəcə o və-
zifələr formal da olsa, müsabiqəylə olmalıdı. Necə de-
yim, hərə öz yerinə beş ildən bir təzədən seçilir. Özü də
seçilir sözü dırnaqda yazılır.
52
Artıq suala ehtiyac duymadım, müəllimimlə danış-
dıqca doğma universitetimə baxırdım, onun doğmalığı
duman qatı kimi çəkilirdi, indi o mənə suyu qurumuş
dəyirmanı xatırladırdı. Ələyi ələnmiş, xəlbiri göydə fır-
lanan dəyirmanı… Yenə də xəlbir… Nənəmin xəlbiri ilə
o göydə fırlanan xəlbir arasında elə yerlə göy qədər fərq
varıydı… elə fərqlər ki, müqayisə eləmək belə, günah
olardı. Nənəmin zəhmətdən yoğunlaşmış, kişiyana əlləri
ilə silkələdiyi xəlbirin gözündən ancaq təmiz, sarı şir-
mayı buğda keçə bilərdi. Həmin buğdadan yoğrulmuş
çörəyi biz ləzzətlə, iştahla yeyərdik. Qolumuza güc, ürə-
yimizə təpər verərdi həmin çörək. Bəs nə üçün zamanın
xəlbirindən bərəkətli buğda yox, ancaq sarmaşıq çöpü,
çayır kökü, qoyun qığı, qanqal yarpağı düşür. Məgər bu
zir-zibildən çörək bişirmək olarmı? Dəhşətlisi o idi ki,
mənim “alternativ planlar” nəzəriyyəm artıq tükənirdi,
alternativlərim ard-arda qeybə çəkilirdi. Təsəllim odu
ki, həmən o göydə fırlanan xəlbiri silkələmək, özü də
yaxşı-yaxşı silkələmək üçün nənəmin əllərinə oxşayan
kösöv kimi qaralmış yoğun əllər lazım idi. Yoxsa, yaşa-
maq çətin olacaqdı… Bəlkə heç yaşamadıq da…
Yanvar, 2014
53
“Çox halal adamlardı. Ağızlarından söz çıxdı qurtar-
dı, qəpiyimizi də kəsmirlər. Allah canlarını sağ eləsin,
indiki zamanda halal süd əmmiş adama ürcah olmaq,
vallah çek-pot udmaq kimi bir şeydi. İndiki zamanda
düz adama, kişi adama rast gəlib kölgəsinə qısılmaq, bir
tikə çörək qazanmaq samanlıqda iynə tapmaqdan da çə-
tindi. Şükür məsləhətinə, ay Allah, bilirsən də çörəyi ki-
min başından tökürsən” -Əlövsət müəllim metronun axı-
rıncı stansiyasından çıxıb yeni tikilmiş göydələnə tərəf
gedə-gedə düşünürdü. Beynində sıralanmış fikirlərin
parlaqlığı yavaş-yavaş kişinin çöhrəsinə yansımaqday-
dı. Kənardan göz qoyan olsaydı sıx çallanmış saçlarını
arxaya daramış, nimdaş olsa da, əyninə qutu kimi oturan
kostyumlu, qalstuklu ciddi adamın səhər o başdan belə
şıx ovqata köklənməsinə həsəd aparmaya bilməzdi. Kişi
addımlarını yeyinlədib qapılarını təzə sakinlərin üzünə
açmağa hazırlaşan göydələnə yaxınlaşdıqca çiçəyi çırt-
layır, gözlərində yer eləmiş sevinc işartıları dodaqları-
nı səyridirdi. Qınayan olmasaydı qabağına çıxan elə ilk
adama beləcə deyərdi: “Qardaşoğlu, sən Allah gəl bir
yerdə gülək. İstəyirsən sən “pıq” elə mən gülüm”. Yaxşı
ki, həmişəki kimi heç kəslə rastlaşmadı.
Gözətçi binanın qabağındakı köşkün pəncərəsindən
yarıyuxulu qızarmış gözlərini bir müddət ona zilləyib
dayandı, baxışlarında elə bir yekə sual var idi ki, sanki
sifətindən nur yağan kişini iki metrlikdən yox, yuxuda
Dostları ilə paylaş: |