Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


Abbas Mirzənin aktiv siyasətə qoşulması



Yüklə 2,81 Mb.
səhifə26/36
tarix31.01.2017
ölçüsü2,81 Mb.
#6956
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

3. 6. Abbas Mirzənin aktiv siyasətə qoşulması
Amedee Jauberin “Persiya səfəri” adlı kitabında verdiyi məlumata əsasən, həmin dövrdə hələ çox gənc olan Abbas Mirzə elçi ilə görüşlərində Avropada baş verən hadisələrlə daha çox maraqlanmış, İngiltərənin Hindistandaki siyasəti mövzusunda səfirə çox sayda suallar vermişdi. Vəliəhd ona ingilislərin Böyük Moğulların son qalıqları olan kiçik dövlət və şahlıqları necə ram etdikləri mövzusunda bilgi vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda qayğılı olan Abbas Mirzə düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək:

İngiltərənin get-gedə böyüməkdə və texnoloji tərəqqidə olduğunu dərk edən Abbas Mirzə gələcəkdə ölkəsinin də İngiltərə tərəfindən işğal edilə bilcəyindən ehtiyat edirdi. Bu üzdən də Hindistan və İngiltərə haqqında sorular sorurdu”.

Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyinə əsasən öz əqrəbalarından olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar tərəfindən Qacar yasası olaraq tətbiq edilən qayda-qanuna görə Abbas Mirzənin bu qadınından dünyaya gələcək olan çocuğu gələcəyin vəliəhdi olacaqdı. Çünkü Dollular Qacar soyunun boylarından biri idi. Abbas Mirzənin gənc arvadı haqqında

ancaq bu qədər bilinməkdədir. Onun Dollu soyundan olması bəllidir. Bir də ana şahbanu öldükdən sonra “Məhd-i Ülya” (xanımlar xanımı, birinci ledi) ləqəbi ona verilmişdir. Ancaq Fəthəli şahın anasına məxsus olan tam iqtidar və mütləq iradə sahibi olmaq kimi bir imkan ona qismət olmamışdır.

Bahar gələr-gəlməz, şah, ordunu düzənli vəziyyətə gətirərdi. Ya şəxsən özü

ordunun başında durar, ya da komandananlığı yetkin şahzadələrdən birinə həvalə edərdi. Bu ildə belə oldu. Şahzadələr Məhəmmədəli Mirzə və Abbas Mirzəyə ilk dəfə ordu komandanlığı tapşırıldı. Onlar artıq 14-15 yaşlarında müharibə şraitində top və tüfəng atəşinin təlimlrdəki atəşdən nə ilə fərqləndiyini öyrəndilər. Məhəmmədəli Mirzə atası ilə birlikdə Xorasana getdi. Şah, onun savaşa olan həvəsini görüb ona təcrübəli mənsəb sahiblərinin nəzarəti altında ölkənin daim özbəklər tərəfindən hücuma məruz qalan Doğu sınırlarını qorumağı tapşırdı. Məhəmmədəli Mirzənin (Dövlətşahi) tərəfdarları ən yaxın zamanda onun Xorasanın hakimi olacağına inanır və buna görə onunla əlaqələrini genişlətməyə çalışırdılar. Ancaq Fəthəli şah onu mərkəzə çağırıb Qəzvinin hakimi təyin etdi. Abbas Mirzə isə 1799-cu ildə Azərbaycandakı ordunun başına gətirildi. Burada o, mərkəzi hökumətə, yəni Qacarlara qarşı baş qaldıran yerli xanlarla qarşı savaş hazırlığına başladı. Gənc komandan bir neçə öndə gələn Qacar xanları da müşayiət edirdilər. Bunların ən önəmlisi Əsədulla Xan Nuri idi.

Tarixi mənbələr göstərir ki, Əsədulla Xan Nuri Abbas Mirzə üçün 30 minlik ordu təşkil etməyi başarmışdı. Abbas Mirzənin Azərbaycan əhalisi ilə çox özəl və sıcaq münasibətləri yaranmışdı. Vergilərdən bezmiş və yoxsullaşmış, kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycan əhalisinə Abbas Mirzə özəl bir səylə yardım göstərir, onların durumlarının yaxşılaşması üçün bir çox işlər görür, zəruri fərmanlar verirdi. Bu yazıq, miskin, yoxsul insanlar Abbas Mirzənin mehribanca davranışlarını gördüklərində ona fövqəlinsan kimi baxirdilar.

Əminə Pakrəvan yazır:

Abbas Mirzənin davranışına güvənən və onun Azərbaycan sevdasına inanan bu yoxsul insanlar duz çörəkləri ilə, süfrələrindəki olan- olmazları ilə Abbas Mirzəyə və onun Azərbaycan Ordusuna yardımda bulunurdular. Beləcə, Abbas Mirzə Azərbaycan əhalisi arasında hörmət qazanır, azərbaycanlıların sevimlisinə çevrilirdi.

Azərbaycan kəndlilərinin yaşayışını normal hala gətirmək Abbas Mirzənin fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzəyə eşlik edən Qacar soylu yaşlı insanlar onun bu yoxsul insanlara göstərdiyi münasibəti keçici gənclik hissiyatı kimi dəyərləndirirdilər. Azərbaycan əhalisinin bu qədər yoxsulluq içində yaşamasından üzüntü duyan şahzadəni anlamaqda zorluq çəkirdilər”.

“Nasex-üt Təvarix”də yazılanlara görə, Abbas Mirzənin ordusu Təbrizin kənarında qərar tutdu. Abbas Mirzə, Xoy və civarında hökm sürən, kəndliləri talayan və Qacarlara qarşı müqavimət göstərən Cəfərqulu Xan Dənbəliyə ismarış göndərdi ki, ən qısa zamanda onun hüzurunda bulunsun. Yoxsa bütün olacaqlardan və başına gələcəklərdən özü sorumlu olacaqdır:

Dənbəli Abbas Mirzənin bu ismarışın a əhəmiyyət vermədiyi üçün Azərbaycan ordusu Xoya doğru hərəkətə başladı. Ancaq Xoya çatdığında xəbər gəldi ki, Dənbəli ən yaxşı süvariləri ilə bərabər şəhəri tərk etmiş və yoxa çıxmışdır…

Dənbəli illərcə ruslar tərəfindən Abbas Mirzəyə qarşı dəstəkləndi. O, soyğunçu kürd qrupları ilə, o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli birisi kimi tanınırdı. Bu üzdən də Dənbəlini təqib etmək çətin iş idi. Bir dəfə onu bir kürd kəndində mühasirəyə aldıqlarını sandılar. Ağır itki verərək bu kənd ələ keçirildi. Ancaq yenə də Dənbəlidən xəbər çıxmadı. O, gecənin qaranlığından yararlanaraq bu dəfə də qaçmağı bacarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etdilər. Dənbəli, Urmu gölünə tökülən çayların birinin axarını Abbas Mirzənin ordusuna tərəf dəyişdirə bildi. Amma planı baş tutmadı. Plan baş tutsa idi, Abbas Mirzənin ordusu yaranan bataqlıqda sürətli hərəkət imkanını itirib məğlub olacaqdı. Lakin Abbas Mirzənin manevrləri müvəffəqiyətlə sonuclandı və o bataqlığa Dənbəlinin öz ordusunu salaraq, onu pis yerdə yaxalandı. Dənbəli bu savaşda ordusu ilə bir yerdə məğlub oldu.”

1804-cü ildə Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə məsələ sadəcə bir neçə xanın qiyamının yatırılmasından ibarət deyildi, həm də xarici düşmənə qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda çox söz-söhbət dolaşmaqda idi. Şah bu ordunun komandanlığını Abbas Mirzəyə həvalə etdi. O zaman Fəthəli şah yüksək səslə nitq söyləyərək, onu tac-taxtın varisi e´lan etdi. Bunun səbəbi sadəcə mərhum Ağaməhəmməd şah tərəfindən qoyulmuş Qacar yasası deyildi. Abbas Mirzə öz ləyaqəti, bacarııq və istedadı ilə atasının güvənini və rəğbətini qazanmağı bacarmışdı. Azərbaycan, Qacar hökuməinin mərkəzi və başı idi və bu səbəbdən də oüçün çox böyük əhəmiyyət daşımaqda idi. Azərbaycanda çox sevimlən bir dövlət adamına çevrilmiş Abbas Mirzə ilə hər kəs, o cümlədən Fəthəli şah da hesablaşmaq zorunda idi.

Həmin il Abbas Mirzə, Növruz bayramı münasibəti ilə bölgələrdən gələn hədiyələri padşaha təqdim eməklə görəvləndirilmişdi. Bu cür qədim adət və ənənələr Şərq ölkələrində qərblilərin anlaya bilməyəcəkləri qədər önəm daşımaqda idi. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrini əmr etmişdi. Odur ki, digər şahzadələr içlərindəki həsədi zorla boğaraq, Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular. Sonra orduya baxış (hərbi parad) keçirildi. Şah, Abbas Mirzənin rəhbərliyi altında hazırlanmış ordunu yoxlayıb, hərbi keçidi izlərkən çox pahatladı. Rus ordusunun şöhrəti ilə bağlı gəzən söz-söhbətlər bu ordunu gördükdən sonra artıq onda dərin bir rahatlq hissi yaratmşdı. Xüsusən də Azərbaycan ordusunun komandanı Abbas Mirzənin atasına və ölkəsinə sədaqətlə bağlı olması şah üçün ayrıca bir qürur qaynağı idi.


3. 7. Azərbaycan-Rusiya savaşının başlanması,

I Azərbaycan-Rusiya savaşı
1804-cü ilin mayında Qacarlar hökuməti rus qoşunlarının Azərbaycanın bütün ərazilərindən, o cümlədən Tiflis və Dağıstandan çıxarılmasını tələb etdi. Ruslya bu tələbə rədd cavabı verdi. Nəticədə 1804-cü il iyunun 10-da iki dövlət arasındakı diplomatik münasilbətlər kəsildi. I Azərbaycan-Rusiya savaşı başlandı.

Fəthəli şah hələ Gəncə təhlükədə olarkən Cavad xanın köməyinə göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz qalıb ətrafdan kömək istəmişdi. Fətəli şahın ordusu yalnız 7 aydan sonra Tehrandan Rusiya qoşunları ilə vuruşmaq üçün Quzey Azərbaycana tərəf yola düşdü. Bu orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan şahzadə Abbas Mirzə rəhbərlik edirdi.

Əminə Pakravan əski mənbələrə istinadən yazır:

Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca on minlərcə insan Abbas Mirzəni uğurlayır, ona başarılı olması üçün Tanrıdan yardımçı olmasını diləyirdilər. Abbas Mirzənin Azərbaycanda yayğınlaşan sayqınlığı üzündən bu ordunun tam əksəriyətini azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə bu kəz ayrı bir hisslə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal etməsi onun qüruruna toxunmuşdu.



Azərbaycana doğru səfərində Abbas Mirzəyə 60 min nəfərlik ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzənin ordusu Qəzvinin darvazasına çatdı. Qəzvinin elbəyı olan şahzadə Məhəmməd Mirzə içindəki qısqanclığı gizləyərək Qəzvin əhalisi ilə bir yerdə Abbas Mirzənin istiqbalına vardı. Abbas Mirzə Təbrizə həmən çatmaq istədiyi üçün zaman itirmədən Qəzvindən ayrıldı”.

Fəthəli şah, ordunun dərhal Arazı keçib ruslara savaş açmasını istəyirdi. Abbas Mirzə də atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Abbas Mirzə yalnız Təbrizdə qısa bir müddətə dayanmalı idi, çünkü Azərbaycandan onun ordusuna qatılacaq minlərcə insan sıraya düzülmüşdü. İndi Abbas Mirzə artıq başqaları tərəfindən nəzarət edilən yeniyetmə bir gənc deyil, yetgin bir komandan, vələhd və Azərbayvanın hakimi idi. O, artıq savaşlarda təcrübə qazanmış yetişkin bir hərbçi, savaşçı idi.

Abbas Mirzə Təbrizə çatar-çatmaz bütün səyyahların xatirə kitablarında öyülməkdə olan bu şəhəri gəzməyə, dolaşmağa başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini xüsusi cəlb etdi. Abbas Mirzə Təbrizdə hər gün məşvərət keçirirdi. Köməkçiləri il birlikdə Arazın o tayından gələn məlimat və xəbərləri dəyərləndirirdilər. Tacir və bəzirganlar şahzadəyə Təbrizin ticarət həyatı haqqında bilgilər verir və bir zamanlar Ağ dəniz tacirlərinin Təbriz bazarında təmsilçiləri olduğunu söyləyirdilər. Amma bütün bunların hamısı Şah Abbas Səfəvi dönəmində yox edilərək İsfahana daşınmışdı. Digər tərəfdən, zəlzələlər də Təbrizin geri qalmasına səbəb olmuşdu. Şəhərin sünni əhalisi bir qədər çəkinərək ona bu zəlzələlərin birində Göy Məscidin tağının ortadan dəlindiyini söyləyirdilər. Ona görə çəkinərək söyləyirdilər ki, Göy Məscid sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin həmin məscidi bərpa erdirməyə girişəcəyi tqdirdə şəhərin şiə hissinin qəzəbinə tuş olmasıdan qorxurdu. Lakin Abbas Mirzə üçün şiə-sünni deyə bir problem yox idi və o, şəhərin abadlaşdırılması, o cümlədən Göy məscidin bərpa edilməsi barədə fərman verdi. Bu fərman bütün şəhər əhlinin, xüsusən də tacir və sənətkarların böyük sevincinə səbəb oldu.

Amedee Jauberin yazdığına görə, bu səfər zamanı Abbas Mirzə Azərbaycanın bəylərbəyisi Əhməd Müqəddəmlə tanış və dost oldu. Yaşlanmış bəylərbəyi Qacar hökumətinin iqtidara gəlməsində çox əmək sərf ermiş, bir neçə savaşa da qatılmışdı. Abbas Mirzə bəylərbəyinin savaş təcrübələrindən, bilgilərindən yararlanmaq istəyirdi:

Bəylərbəyi özünün silah kolleksiyasını Abbas Mirzəyə göstərdi. Kolleksiyada xüsusi zövq və səliqəylə yapılmış müxtəlif qılınclar, yüngül atəşli silahlar var idi. Bəylərbəyi ömrünün sonuna qədər Abbas Mirzənin xidmətində durdu”.

Jauber bildirir ki, vəliəd Təbrizi tərk edib Araz sahillərinə yetişəndə baharın sonları idi. Araz coşqun bir şəkildə axaraq uzanıb gedirdi. İlk dəfə uşaq ikən Araz çayını görən Abbas Mirzə bu dəfə onun sahilində bir sərkərdə və vəliəhd kimi dayanmış, çayı seyr edərək, çocuqluğunu xatırlamışdı. Ordu Xudafərin körpüsünün üstündən Arazın o biri tayına keçməyə başladı və bir qədər irəlilədikdən sonra Qarabağın Dadabəyli adlı bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas Mirzə ordunun öndə gələn isimləri ilə birlikdə vəziyyəti təhlil etdi, kəşfiyyatçıların rus ordusu ilə bağlı gətirdikləri bilgiləri onlarla bölüşdü.

General Sisyanov bölgədə kiçik xanları bir-birinin canına salır, onları bir birləri ilə savaşdıraraq zəif düşürürdü. Sisyanovun ən önəmli hədəflərindən biri müsəlmanlarla xristianlar arasında düşmənçilik yaratmaq idi. Bu şəkildə albanları, erməniləri və gürcüləri özünə tərəf cəlb edə biləcəyini düşünürdü.

Tamara Popovanın “İraklinin ailəsi” kitabında yazdığına görə, İrəvandan gələn xəbərlər heç də ürəkaçıcı deyildi. Hər kəs heyrət içində idi ki, görəsən nədən şah İrəvanın hakimi Məhəmməd xanı vəzifəsindən geri almamışdır. Abbas Mirzəyə Məhəmməd xanın ruslarla bərabər çalışması barədə bilgilər gəlməkdəydi. Məhəmməd xan rus ordusunun İrəvanın ətrafında yerləşməsinə izn vermişdi:

Gürcü xanzadələr Aleksandr Mirzə və Təhmurəs Mirzə Abbas Mirzəni ziyarət etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, Lənkəran xanı Surxay Xan, Baki xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan Abbas Mirzəyə müsbət yanaşırdılar. Eyni zamanda, Xəzəryanı xanlıqların gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbi ilə gürcü xanzadələr Azərbaycanda rahat dolaşa bilirdilər. Onların can güvənliklərindən xanlıqların orduları sorumlu idi”.

Azərbaycan tərəfinin planına görə qoşunlar iki yönümdə: İrəvan- Qazax və Şuşa-Gəncə üzərinə hücum edərək Tiflisi tutmalı idilər, Qafqazda yerini bərkitməli, sonra isə Quzey Qafqazı Qızıyar xəttinə kimi "gavurlardan təmizləməli" idilər. Azərbaycan səltənətinin işğaldan öncəki quzey sərhədləri məhz həmin məntəqə hesab edilirdi. Rusiya komandanlığı üçün ön planda digər xanlıqların da ələ keçirilməsi dururdu. Qacar qoşununa qarşı ayrıca bir əməliyyat aparmaq nəzərdə tutulmurdu, çünki komandanlığın əmri altında olan rus qoşunları sayca az idi. Başlıca diqqət Azərbaycan qoşunlarının hərəkətinin qarşılanmasına yönəlmişdi. Bir də I Aleksandr və onun Qafqaz komandanlığı, "hər zaman zəfər çalmağa öyrənmiş Rusiya qoşunlarının" ciddi dirənişlə qarşılaşacağını düşünmürdülər.

“Nasex-üt Təvarix”də yazılanlara görə, Abbas Mirzə Gəncədəki vəziyyətlə bağlı çox əndişəli idi. Keçən il ruslar tərəfindən topa tutularaq istilaya uğramış Gəncəni geri alma haqqında düşünüb dururdu. Lakin Gəncəni geri almaq asan bir iş deyildi:

Abbas Mirzənin casusları Gəncə saxlusunda (qarnizonunda) çoxlu rus əsgərinin və təchizatın olduğu barədə xəbərlər gətirirdilər. Bu üzdən də Gəncəyə nə şəkildə hücum edəcəyi haqqında ordu komandanları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi. İrəvan hakimi Məhəmməd xanın yanlış yönləndirməsi ilə Azərbaycanın tərəkəmələri Osmanlı torpaqlarına köç edir, mal-davarlarını Azərbaycandan çıxarıb Anadoluya sövq edirdilər. Çünkü İrəvan hakimi Məhəmməd xan şayiə yaymışdı ki, ruslar qalib gələcək və sonra da onların mal davarlarını əllərindən alacaqdır. Məhəmməd xanın bu şayiəsinin inandırıcı olması üçün Qars valisi də ona yardımçı olmaqda idi. Çünkü o da bu var-dövlətin Anadoluya axışmasından yana idi”.

Sözügedən kitabdan belə məlum olur ki, Abbas Mirzə, Mehdiqulu xan Dolluya Qars valisi ilə müzakirələr aparmaq slahiyyəti vermişdi. Mehdiqulu xan Dolluya bu səfərdə 600 silahlı kişi eşlik edirdi:

Mehdiqulu xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna gətirildi. Mehdiqulu Xanla Qars valisi olan Osmanlı paşası türk dilində danışıb, anlaşırdılar. Paşa “Hər iki tərəf də müsəlman türk deyilik mi” deyə sorur və davam edirdi ki, “nədən buraxmırsınız buradan ta Ərzuruma qədər uzanan otlaqlıqlardan tərəkəmələr yararlansınlar?” Ancaq Mehdiqulu xanın “Bizim köçəriləri öz torpaqlarınıza çəkmə fəaliyətlərinizdən vaz keçin!” uyarısı gəldikdən sonra Osmanlı paşası nəsihət vermə tutumunu dəyişdirmək zorunda qaldı. Osmanlı paşası bir sünni fanatik olduğu üçün şiələrə xoş baxmırdı. Mehdiqulu xan bir çox tərəkəməni Azərbaycana geri gətirmək üçün Qars valisiı ilə anlaşdılar”.

Mehdiqulu xan Dollunun köçərilərlə bərabər Azərbaycana döndüyü zaman Sisyanov öz güclü və nizamlı ordusu ilə İrəvana doğru hərəkət etməyə başlamışdı. Sürüləri Azərbaycana gətirən Mehdiqulu Xan özünü sürətlə rus ordusu ilə isti savaşa başlamış olan Abbas Mirzəyə çatdırmağa çalışırdı.

Şahzadə Abbas Mirzənin 60 minlik ordu ilə İrəvana yaxınlaşması Sisianov üçün gözlənilməz olmadı. O, bütün qışı qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirmişdi. 1804-cü il iyunun sonunda 3600 piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət olan rus qoşunu 12 top ilə artıq İrəvan yaxınlığında idi.

Savaş çox amansız bir savaşa dönüşdü və yalnız hər iki tərəfin yorğun düşməsi ilə durduruldu. Sisianov Üçkilsəyə doğru geri çekilmək zorunda idi. Onun ordusu geri çəkərkən Abbas Mirzənin “vur-qaç”çı qrupları tərəfindən hücümlara və çoxsaylı itkilərə məruz qaldı. Abbas Mirzə müntəzəm ordudan başqa Qarabağ və Qafqaz meşələrində və dağlarında savaşmaq üçün partizan qrupları da təşkil etmişdi. Partizanların hücumları ilə yanaşı şahzadə Abbas Mirzə öz əsas ordusu ilə də Sisianovu təqib etməyə başladı. Şahzadənin məqsədi Sisianovun toparlanmasına imkan verməmək idi. Bu şəkildə şahzadə Təbrizdən gəlməkdə olan ordunun da ona qatılması ilə Sisianova son zərbəni endirmək, sonra da Gəncəni ruslardan geri almaq barədə düşünürdü. Ancaq O, İrəvan hakimi Məhəmməd Xanın xəyanətindən qorxduğu üçün ordunun bir bölümünə ona nəzarət etmək üçün İrəvanda qalmasına əmr verdi. Bu üzdən də yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmin İrəvanda qalmalarını istədi.

Amedee Jauberin yazdığına görə, Üçkilsənin önündə qızğın savaş başladı. Sisianov topçularına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Bu savaşda Şahsevən və Xocavənd süvarilər elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmadığını, atılan topların onları hürkümədiyini görən ruslar ruh düşgünlüyünə uğramışdı:

Sisianov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı bacardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan rabitəsi kəsildi. Yalnız süvarilərin hücumu hesabına rus toplarınn atəşinin susdurulduğu nəzərə alındığında Abbas Mirzənin nə qədər doğru taktika izlədiyi bəlli olur. Bu qələbə Azərbaycanda o qədər heysiyət yaratdı ki, hətta İrəvan hakimi Məhəmməd xanı belə ümidsizliyə mübtəla etdi”.

Jauber bildirir ki, İrəvan hakimi bu dəfə haqqında yaranmış şübhələri ortadan qaldırmağa çalışdı. Bu zəfər münasibəti ilə Abbas Mirzəyə çatması üçün Mirzə Şəfiyə hədiyələr gətirdi. Rus ordusu ilə əlaqəsi kəsilməyə başlayan Məhəmməd xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas Mirzə isə onu cəzalandırmaq fikrində deyildi. Çünkü belə bir işə girişsə idi, bölgədə iç savaş çıxardı, Sisyanov da bundan yararlana bilərdi. Ancaq İrəvan hakiminin bu cür davranışından istifadə edən Abbas Mirzə ordunu İrəvanın yaxınlığındaki Qarabulağa yerləşdirməyə başladı. İrəvan hakimi Abbas Mirzənin bu hərəkətindən narahat olsa da, ancaq edə biləcəyi bir iş yox idi. İrəvan tam Abbas Mirzənin ordusunun mühasirəsinə keçmişdi.

Tamara Popovanın yazdığna görə, bu arada partizan savaşları davam etməkdəydi. Bu əməliyatlarda gürcü xanzadələr Aleksandr və Təhmurəs Abbas Mirzəyə yardım edirdilər.

Əminə Pakrəvan isə yazır:

Bu savaş zamanı Abbas Mirzə acı bir gerçəyi dərk etməyə başlamışdı. O, hiss edirdi ki, artıq bu biçim savaşların zamanı keçmişdir və onun ordusunda böyük texnoloji əksikliklər var. Abbas Mirzə texnoloji savaş haqqında öz bilgisizliyini də hiss edərək çox əndişələnməyə başlamışdı. Onda sonraki savaşlarda da bu cür rahatca qələbə əldə edə bilməyəcəyi haqda şübhəlr yaranmaqda idi”.

Bəli, həqiqət budur ki, Abbas Mirzənin ordusu modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin narahatlığına səbəb olurdu. Bu qüsuru aradan qaldırmaq lazım idi. Bunun üçünsə Qərblə münasibətə girməkdən başqa ikinci alternativ görmürdü. İlk dəfə rastlandığı və qalib olduğu bu savaş Abbas Mirzənin bütün düşüncəsini kökündən dəyişdirmişdi. O, öz ordusunu yeni silahlarla təchiz etməyi düşünürdü. Artıq klassik hərb dövrünün bitdiyini o, məhz bu savaşda anladı. Düşmən olsa da, Sisianovun savaş taktikasını bəyənmiş, onun silah baxımından üstün olduğunu görmüşdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş teknika və taktikası haqqında heç bir bilgiyə sahib deyil.

Bütün tarixi mənbələr Azərbaycan ordusunun Üşkilsə və Qəmərlidə şanlı qələbə qazandığını birmənalı şəkildə təsdiqləsə də, Azərbaycan tarixşünaslığı hələ də əski rus-sovet tarixşünaslığının təsirindən qurara bilməyərək hələ də əski nəğmələrini çalmaqdadır. Təsadüfi deyil ki, AMEA-nın Tarix İnstitutu tərəfindən nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının IV cildində bu yanlış sözləri oxumaqdayıq:

Üçkilsə (Eçmiədzin) və Qəmərlidə olan ilk döyüşlərdə Sisianov üstünlük qazandı. İrəvan şəhərini mühasirəyə aldı. Gənc oğlunun uğursuzluğunu eşidən Fəthəli şah özü də buraya gəldi. İkiqat çevrə yarandı: ruslar İrəvanı, İran (?) qoşunları isə rusları arxadan araya aldı. Bütün giriş-çıxış yolları rusların üzünə qapandı. Sisianovun ağır durumda olması dərhal onun “yerli müttəfiqləri” arasına pozuntu saldı. İlk öncə onunla yürüşə çıxmış gürcü knyazları döyüş meydanını buraxıb qaçdılar. Ancaq qapalı yol keçidlərində İran sərbazları(?) əsgərləri onları tutub əsir etdi”.

Fəthəli şah yanında olan xanzadə Aleksandrı gizli tapşırıqla Tiflisə göndərdi. Tiflis, Qazax və Borçalı türkləri dərhal Rusiyaya qarş üsyan qaldırdılar. Mirzə Adıgözəl bəyin yazdığına görə, "Şəmsəddinli mahalı, Tiflis şəhəri yə Nəsib bəydən başqa (Borçalı Nəsib bəy Gəncə savaşında mayor Lisaneviçin əlaltısı idi) bütün elat, kəndlər, hətta Başaçığa qaçan (gürcü) xanzadələr də gəlib valiyə (xanzadə Aleksandra) qoşuldular və üsyan etdilər". Pənbəkli türkər də belə etdilər.
3. 8. Azərbaycan-Fransa yaxınlaşması
1804-cü ilin yayında Fəthəli şah, Sultaniyə ovalığında qərargah salmışdı. Bu ovalığın çox gözəgəlimli və olduqca xoş təbiəti vardı. Təbrizlə Tehranı bir-birinə bağlayan yolun üstündə yerləşirdi. Sonralar ordunun barınağına çevrilən bu ovalıq öncələr şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdi. Şahzadə Cahangir Mirzə xatirələrində yazır ki, Azərbaycanda get-gedə daha da məşhurlaşan, sevilən və böyük hörmət sahibinə çevrilən Abbas Mirzənin orduda apardğı qərbsayağı islahatlar Fəthəli şahı qayğılandırmaya bilməzdi. Odur ki, o, Azərbaycana daha yaxın bir məkanda yerləşmək istəyirdi. İstəyirdi ki, Abbas Mirzənin reformlarından və etdikləri işlərindən daim xəbərdar olsun:

Sultaniyə hələ Hülakülər zamanından boyük ticarət mərkəzi olan bir şəhər idi. Fəqət çoxsaylı müharibələr onu da bərbad günə qoymuşdu. Fəthəli şah bu qədim şəhəri yenidən öz əski qüdrətinə qovuşdurmağı düşünür və bu istiqamətdə tədbirlər görməyə də başlamışdı. Lakin hadisələrin gedişatı buna imkan vermədi. Bunun belə, həmin dövrdə Sultaniyə bir növ paytaxta çevrilmişdi. Bir çox xarici elçilər və digər müsafirlər burada qarşılanır və qonaq edilirdilər”.

Fəthəli şah, Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas Mirzədən gələn bilgiləri dəyərləndirdikdən sonra Xorasanda İsmayıl Xan Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana köməyə gəlməsini və Abbas Mirzəyə qatılmasını əmr etdi. Özü də saray adamları, ə´yanları və dövlət ərkanı ilə bərabər Qarabağa yola düşdü. Savaşlardan yorğun düşmüş Abbas Mirzənin ordusu, əlavə gücün gəlməsindən və şahın gəlişini duyduqdan sonra daha ruhlandı, cuşa gələrək, Padşah Qarabağa varmadan öncə İrəvanın ətrafında bulunan rus birliklərinə hücuma keçdi, onları bölgədən bütünlüklə uzaqlaşdırdı.

Şahın çadırı İrəvan və Üçkilsə arasında uyğun və güvənli bir yerdə quruldu. Padşahın bölgəyə gəlişi durumu dəyişdirmişdi. Bölgə xanları öz hədiyələri ilə onun qəbuluna düşmək və hörmətlərini ifadə edə bilmək üçün, növbəyə düzülür, ad yazdırır və görüş üçün zaman alırdılar. Şahın görüşünə gələn önəmli adamlardan biri də Üçkilsədə məşhur alban din adamı kimi tanınan Beterk Daod idi. O, təkcə albanlar arasında deyil, bütün monofizit xristianlar arasında, o cümlədən ermənilər içərisində böyük hörmət və söz sahibi idi. Beterk ətrafını bürüyən cahil insanlara rəğmən oxumuş və bilgili bir insan idi. Bir çox səfərlərdə bulunmuş, Avropada olmuş və tarix mövzusunda bilik sahibi hesab edilən bir din xadimi idi.

Kont Alfere De Gardan atası General Gardanın məmuriyəti ilə ilgili yazdığı xatirələrində bildirir ki, Peterk yanındaki keşiş heyyəti ilə Fəthəli şahla görüşdü. Şah, Peterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və bu da Peterkin çox xoşuna gəlirdi. Çünkü şah onun huzuruna gələn başqa heç kimlə bu qədər uzun-uzadı söhbət etmir, heç kimə onun qədər dəyər vermirdi:

Şah, özəlliklə Fransa və Napoleon Bonopart haqqında daha çox sorular sorurdu. Çünkü Con Molkolm fransızları ona yırtıcı və vəfasız insanlar kimi tanıtmışdı. Ancaq Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onun Avropadaki qələbələri və şöhrəti Fəthəli şahı çox maraqlandrrdı. Digər tərəfdən də ruslara qarşı bu Avropa ölkəsi ilə ittifaqa girməyin tərəfdarı idi. Beterkin fransızlar və gənc Napoleon haqqında anlatdıqları Con Molkolmun anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və dolğun bilgilər əldə edirdi”

Kont Alfere De Gardann xatirələrindən belə anlaşılır ki, Abbas Mirzə də Peterkin anlatdıqlarına çox böyük bir diqqətlə qulaq asırdı. Fətəli Şahın diqqət etmədiyi və ya önəm vermədiyi heç bir şey şahzadənin diqqətindən yayınmırdı. Xüsusən də islahatlar mövzusu ilə bağlı incə detallar. Gənc şahzadə Avropadaki reformların mahiyyəti ilə çox maraqlanırdı. Şahzadə Fransa haqqında daha müfəssəl bilgilər əldə etmək üçün sonradan Peterki qəbuluna çağırmışdı. Çünkü Hindistan əmirləri haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi.

Abbas Mirzə eşitmişdi ki, Hindistan əmirləri ordularını modernizə etmək üçün fransız albaylarını ölkələrinə dəvət etmişlər. Abbas Mirzənin oğlu Cahangir Mirzə öz xatirələrində atasının albanlarla çox xoş davrandığını, onların inanclarına hörmət etdiyini yazmaqdadır ki, bu da çox maraqlı məsələlərdən biridir.

1804-cü ilin yayı çox da böyük hadisələr baş vermədən sona çatd. Şahın Qarabağda olduğu müddət\ ərzində Abbas Mirzə komandan olmasına rəğmən, atasının güvənliyinin tam təmin edə bilmək üçün sıravi bir əsgər kimi hər gecə şəxsən özü postlara baş çəkirdi. Eyni zamanda atası ilə həmsöhbət olmaq üçün fürsət axtarır və gerçəkləşdirmək istədəyi reformlarla bağlı onun nəbzini yoxlamağı çalışırdı. Çünkü Tehranda şahın ətrafını sarmış din adamları Abbas Mirzənin Qərb yönümlü tutum və davranışını tənqid eməyə başlamışdılar və onun kafirlər kimi davrandığıı barədə xoşa gəlməyən sözlər söylədilər. Hər cür yeniliyə və dəyişikliyə qarşıı olan şah da bu söyləntiləri dinləyir, ancaq heç bir münasibət bildirmirdi. Din xadimlərinə Abbas Mirzəni özlrinə rəqib görən qardaşları da qoşulmuşdular. Əminə Pakrəvan vununla bağlı yazır:

Onlar Azərbaycandan başlayaraq bütün səltənəti öz nüfuz və təsiri altına alan Abbas Mirzənin şəxsiyətini aşağılamağa çalışırdılar. Şah ölkədə mənəvi nüfuz sahibi olan din adamları ilə hesablaşırdı. Ancaq o, övladları içində ən çox Abbas Mirzəyə güvənirdi. Abbas Mirzə isə beynində tutduğu planlar barədə dərin bilgi vermədən atasının ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi”.

Fəthəli şah Qacar başqa xanları hürkütməmək üçün İrəvan hakimini vəzifəsindən almaq və İrəvana yeni hakim təyin etmək məsələsini ilərəkdən təxirə salmşdı. O bu səfər zamanı anlamşdı ki, Rusiya ilə savaşmaq çox da asan məsələ deyil. İşlər bu şəkildə davan edərsə, Tiflisi və ətraf bölgələri əldə saxlaya bilməyəcəklər. Bu səbəbdən də Abbas Mirzənin Fransa ilə müttəfiqlik qurmaq lazım olduğu barədə fikrinə müsbət yanaşırdı. Fransanın Rusiya ilə müharibəyə başlaması da bunda az rol oynamadı. Odur ki, şah məktub yazaraq onu bir alban vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın Bonoparta yaxınlaşma düşüncəsi ilə hərəkət etdiyi bir vaxtda Bonopart da Hindistana girmək üçün bu coğrafiyada özünə bir müttəfiq aramaqda idi.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin