Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 2,81 Mb.
səhifə23/36
tarix31.01.2017
ölçüsü2,81 Mb.
#6956
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə “türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qoludan danışır ki, bunların biri də...Azərbaycan dili və ya dialektidir...”

Kitabda yazılanlardan o da aydın olur ki, müəllifin bəzən “Türküstan türkcəsi” də adlandırdığı moğol dili uyğur dilindən başqa bir şey deyildir. Bunun belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənədlər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildirək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır. Xlll əsrdə qələmə alınmış, müəllifi bilinməyən və T. Hautsman tərəfindən nəşr edilmiş “Kitab – məcmu – e – tərcüman türki və əcəmi və moğoli və farsi” adlı lüğətdə də uyğur dili “moğol dili” kimi təqdim edilir.

Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır. Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl - ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:

Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,



Terek tubtin cıqılsa turquzar olum Cuçi dur.”

Odur ki, moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi kökündən səhvdir və rus “alim”lərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli olmayan saxta “Monqolların gizli tarixi”nə əsaslanır.

Hülakülər dövründə, yəni Xlll-XlV əsrlərdə Azərbaycan imperatorluğunun rəsmi dövlət dili olmuş moğol (muğal) dili, yəni uyğur (Türküstan) türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi işlənmiş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə yazışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərənamələrində, o cümlə-dən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır. N.Y.Biçurin əski türk şəcərənamələrinə dayanaraq yazır:

Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan...dünyaya gəldi.”

Moğollar türk şəcərənamələrində, ilk növbədə isə “Xannamə”də özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər. Bu barədə Bahəddin Ögəl yazır:

O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan ibarət idilər. Aşağıda adları çəkilən özbək boyları Bilmən Salur üzərinə hücum edirlər . Bu boyların adı bunlardır: qıyat, moğol, dörmən, saray, cəlayir, nayman, qanqlı, xitay, kereyit, qıfçaq, minq.”

Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göytürklərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingiznamə”də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-üstə düşən aşağıdakı süjet yer almaqdadır:

Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu:”bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günəşə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qəldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar...”

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, moğolların əfsanələri onlarn kökünü Ön Asiya ilə bağlı təqdim edir. Eyni hal Göytürk əfsanələrində də müşahidə edilir:

Türkütlərin (Göytürklərin) əcdadları Qərb dənizindən (Xəzər dənizindən) qərbdə yaşayırdılar...”

Çingiz xanın indiki Monqolustan ərazisində doğulduğu və həmin ərazidə yerləşən Qaraqorum şəhərində yaşadığı faktdır. Fəqət bu fakt onu monqol hesab etməyə əsas vermir. Çünki bugünkü Monqolustan ərazisi Göytüklərin də məskəni və mərkəzi olmuşdur. Türk ədəbiyyatının ən qiymətli abidələrindən hesab edilən Orxon-Yenisey abidələrinin böyük bir qismi həmin ərazidə yerləşir. Bugünkü monqollara gəlincə, onlaraın gerçək etnik adı xalxadır və onlar buryat və kalmıklarla eyni xalqdırlar. “Monqol” (əslində monqul) adını isə onlara türklər vermişlər. Qədim türk dilində “monqol” (monqul) kütbeyin, yelbeyin deməkdir. Həmin kəlmə türk dilindən rus dilinə də keçərək “tupoy monqol” formasında və eyni mənada işlənir. Özünü həmişə digərlərindən üstün tutan türklər bir çox hallarda qonşularına bənzər aşağılaycı adlar vermişlər. Bu baxımdan Sibirdə yaşayan tunqusları (tunqus-donuz), Şimali Qafqazda yaşayan adıqları (adıq-ayı ) və s. göstərmək olar. Farsalara “tacik” ( qədim türk mənbələrində “təzik”, yəni təzək) adını da türklər vermişlər. “Alban tarixi” kitabından belə aydın olur ki, yerli türklər, yəni albanlar eyni adı (təzik) ərəblərə də şamil etmişlər.

“Monqol” və “moğol” etnonimlərinin bənzəməsinə gəlincə isə, bu, təsadüfi fonetik oxşarlıqdan başqa bir şey deyildir. Ruslar bu oxşarlıqdan, eləcə də Çingiz xanın Monqolustanda doğulub yaşaması faktından çıxış edərək məlum saxtakarlığa rəvac vermişlər. Bu saxtakarlığın səbəbini başa düşmək üçün isə Marko Polonun XlV əsrdə cızdığı xəritəyə baxmaq yetərlidir. Həmin xəritədə bugünkü Rusiyanın bütün ərazisi “Tatariya” kimi qeyd edilmişdir. Sözügedən xəritədə nəinki “Rus” adında bir ölkə, kiçik bir şəhər belə yoxdur. Maraqlıdır ki, Ptolomeyin antik dövrdə cızdığı xəritədə isə eyni ərazi “Skifiya” (Skiflər, yəni iskitər ölkəsi) adlanır. Qədim yunanların isə türkləri “skif” (iskit) adlandırdığı məlumdur. Ruslar bugünkü Rusyann başdan-başa qədim türk ölkəsi olduğunu gizlətmək üçün iskitlətin (skiflərin) guya irandilli, moğolların (tatarların) isə guya işğalçı monqollar olduğunu “sübut” etməyə çalışmışlar. Bu azmış kimi türklər üçün yalançı bir ulu vətən də uydurulmuş, onun guya Altay dağları olduğu iddia edilmişdir. Rus tarixşünaslığı moğolları vəhşi köçərilər kimi təqdim edir. Tarixi mənbələr isə “köçəri” Çingiz xanın Qaraqorum şəhərində yaşadığından və bu şəhərin moğol dövlətinin paytaxtı olduğundan bəhs edir, yəni Çingiz xanın şəhərli olduğunu göstərir. Əgər moğollar gercəkdən də vəhşi köçərilər idisə, Batı xanın Saray-Batı şəhərini tikdirmək nəyinə lazım idi?

Yeni Türk Ensiklopediyasında yazıldığına görə, Çingiz xan Göytürklərin doqquoğuz xanları nəslindən bir bəy ailəsinə mənsub idi. Xlll əsrdə o və xələfləri, tarixdə misli-bərabəri olmayan böyüklükdə bir impratorluq qurmuşlar ki, bu imperatorluğun sahəsi 64 milyon kvadrat kilometr olmuşdur. Eyni ensiklopediyanın yazdığına görə, Çingizin əsil hədəfi Göytürk dövlətini, başqa sözlə, Turan (Türküstan) imperatorluğunu dirçəltmək idi. Fəqət o dövrdə türklərin böyük əksəriyyəti artıq müsəlman idilər və əski türk ideallarından çoxdan uzaqlaşmışdılar, üstəlik də tenqriçi (türklərin əski dini) olan çingizilərə xoş baxmırdılar.

Çingiz xanın mənsub olduğu xalq uzun illər boyu “otuztatar” adı altında Göytürklər (Türküt) İmperatorluğunun, başqa sözlə, Turanın (Türküsanın) mərkəzi əyaləti durumunda olan Ötügendə (bugünkü Monqolustan ərazisi), Göytürklərə, daha sonralar isə doqquzoğuz - onuyğurlara tabe olan türk - tatar soybirləşmələrindən biri kimi yaşamış və bu adla da Orxon – Yenisey abidələrində yad edilmişlər. Məsələn, Kül Tiqin (Kül Təkin) abidəsinin şərq tərəfində, 14 – cü sətirdə oxuyuruq:

...Yıraya Baz kağan tokuz oğuz bodun yağı ermis, kırkız, kurıkan, otuztatar, kıtay, tatabı köp yağı ermis.”

Otuztatar soybirləşməsinə daxil olan otuz türk – tatar soyundan 28 – nin adını böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidddinin “Cami ət – Təvarix”indən, digərlərinin adını isə özbək “Xannamə”sindən öyrənmiş oluruq: tatar, moğul, derben (derbenut, derbent), saray, dörmən, cəlayir, qanqlı, xitay, kereyit, minq, corat, suqait, nayman, bozdoğan, orusut (orus), sulduz və s. Soybirləşməsinə tatarlar başçılıq etdikləri üçün bu xalq “tatar” və ya “otuztatar” adları ilə məşhur idi. Çingiz xan sözügedən soylardan bozdoğan (boz şahin) soyunun bəy nəslindən idi. Soy öz adını soyun onqonu olan boz doğandan (boz şahin quşundan) almaqda idi. Bu səbəbdən də Çingiz xanın, eləcə də mənsub olduğu soyun bayrağında boz doğan (boz şahin) rəsmi çəkilmişdi.

Mənbələrdə sözügedən soyun adına “bortoğan” kimi də rast gəlinir. Bu da bəzi türk ləhcə və şivələrinə xas r – z səsdəyişməsindən qaynaqlanır. Maraqlıdır ki, həmin soy ilk dəfə e. ə. V əsrdə Herodot tərəfindən 6 maday (Midiya) soyundan biri və Azərbaycan sakinləri kimi qeydə alnmışdır. Tarixin atası onları “parataken” adlandrmışdır.

Çingizilərin Azərbaycan qolu, yuxarıda qeyd edildiyi kimi, Hülakülər və ya Elxanlılar adlanırdılar 1256-cı ildən 1344-cü ilə qədər davam edən bu sülalənin hakimiyyət illəri bir əsrdən bir qədər az bir dövrü əhatə etsə də, onların dövründə Azərbaycan Türk-İslam dünyasının və ümumilikdə dünyanın ən mühüm dövlətlərindən və imperatorluqlarından birinə çevrildi. Qazan xanın dövründə (1295-1304) Hülakülər islamı qəbul etdilər və islamı qəbul etməklə də Xanbalıqdakı (bugünkü Pekin) mərkəzi hakimiyyətə tabe olmaqdan əl çəkdilər və müstəqil imperatorluq kimi yollarına davam etdilər. Maraqlıdır ki, bu hadisədən 22 il öncə böyük türk mütəsəvvifi Cəlaləddin Rumi öz “Məsnəvi”sində tatarların İslamı qəbul edəcəklərini öncəgörənliklə müjdələmişdi.

Xəlifəni öldürdükləri, Abbasiləri İraqdan qovduqları və müsəlmanları xəraca bağladıqları üçün həm Anadolu, həm də Azərbaycan türkləri tərəfindən yad bir ünsür kimi qəbul edilən və sevilməyən Hülakülərə Qazan xanın dövründə münasibət tamamilə dəyişdi.

Elxanlılar (Hülakülər) dövründə Osmanlılar da, Kastamonuda hakimiyyətdə olan Çobanoğulları (Çobanilər) da, Konya Səlcuqluları da onlardan asılı idilər və bütün imperiyanın hər bir əyaləti kimi Türkiyə də Təbrizdən idarə edilirdi. Onlardan sonra hakimiyyətə bir müddət Çobanlılar sahib oldular, amma bu uzun sürmədi və Azərbaycandan idarə edilən, yəni Azərbaycan imperatorluğuna daxil olan bütün torpaqlar digər türk torpaqları kimi Əmir Teymurun əlində keçdi. Çingiz xandan sonra ilk və son dəfə məhz Əmir Teymurun dövründə Turan elləri bir bayraq altında birləşdi və bu böyük hökmdarın ölümü ilə hər şey bitdi.
2. 3. AZƏRBAYCANDA HÜLAKÜOĞULLARI HAKİMİYYƏTİNİN BƏRQƏRAR OLMASI VƏ ÖLKƏNİN YENİDƏN İMPERATORLUĞA ÇEVRİLMƏSİ
Xlll əsrin əvvəllrində bugünkü Monqolustan ərazisində böyük bir siyasi dəyişiklik baş verdi. Turan (Türküstan) taxt – tacına Çingiz xan (1206 – 1227) sahib oldu və hakimiyyəti ələ keçirər – keçirməz, bütün ətraf türk tayfalarını özünə tabe edərək, əski Turan dövlətini, yəni əsası e.ə. Vll əsrdə Alp Ər Tonqa tərəfindən qoyulmuş Türküstan İmperatorluğunu bərpa eməyə girişdi. Qonşu müsəlman – türk ölkələrində mövcud qeyri – sabitlikdən istifadə edərək, öz zəfər yürüşlərinə başladı. İlk zərbə Xorəzmşahlar dövlətinə dəydi. Xorəzmşah Məhəmməd və oğlu Cəlaləddin Azərbaycana qaçmaq məcburiyyətində qaldılar. Bütün Orta Asiya, ardınca Xorasan, Əcəm İraqı, eləcə də Həmədan tatarların əlinə keçdi.

Çingiz xanın sərkərdələri Cəbi (Cebe) və Subutayın başçılıq etdikləri türk - tatar qoşunları növbə ilə Zəncan, Ərdəbil, Sərab və digər şəhərləri tutaraq, Təbrizə yaxınlaşdılar. Özbək onlarla sazişə girdi və Çingiz xanın hakimiyyətini tanıdı. Beləcə, Azərbaycan yenidən Turanın, yəni Türküsanın tərkib hissəsinə çevrildi. 1221 – ci ildə Yuxarı Aran (bugünkü Gürcüstan) tatarlar tərəfindən ələ keçirilərək, yenidən Azərbaycanın tərkibinə qaytarıldı. Fəqət Özbəyin əhdinə vəfa etməyərək, onlara qarşı çıxması səbəbindən tatarlar Marağanı da tutub yenidən Təbrizə üz tutdular. Təbrizdə Şəmsəddin Tuğranın başçılığı ilə üsyan qalxdı və Özbək Naxçıvana qaçmaq məcburiyyətində qaldı. Tuğran tatarlarla dil taparaq, şəhər əhalisini cəzalandırılmaqdan qurtardı.

1222 – ci ildə Şirvan da Çingiz xanın hakimiyyətini qəbul etdi. Fəqət tatarların Azərbaycandan çəkilməsi ilə yenidən qarmaqarışıqlıq başladı. Dərbənd tərəfindən ölkəyə soxulan bütpərəst qıpçaqlar ölkəni talan etməyə başladılar. Qəbələni tutub, Gəncəyə qədər irəlilədilər. Fəqət yerli xalq üsyan edərək, onları darmadağın etdi. 1225 – ci ildə xristian qıpçaq – gürcülər növbəti dəfə Gəncəni talan etdilər. Bu azmış kimi, Səlcuqlular imperatorluğunu bərpa etmək istəyən və Marağanı tutan Xorəzmşah Cəlaləddinlə Azərbaycan imperatorluğunu bərpa etmək arzusunda olan, yenidən Təbrizdə möhkəmlənən Özbək arasında rəqabət də şiddətlənməkdəydi. Cəlaləddinlə Özbək arasında baş verən yeddigünlük müharibə sonuncunun məğlubiyyəti ilə nəticələndi. Sultan Cəlaləddin Təbrizi tutdu. Ardınca isə Gəncə, Beyləqan, Bərdə, Şəmkir və s. Azərbaycan şəhərlərinə sahib oldu. Azərbaycanın idarəçiliyi vəzir Şərəf əl – Mülkə tapşırıldı.

1231 – ci ildə yenidən peyda olan tatarlar Cormoğonun başçılıqı ilə öncə Rey (Tehran) və Həmədanda möhkəmləndilər. Daha sonra isə Təbrizə gəldilər. 1235 – ci ildə Gəncə, 1239 – cu ildə isə Dərbənd onların hakimiyyəti altına keçdi və Azərbaycan əsaslı surətdə Turanın, yəni Türküsanın bir parçasına çevrildi. 1258 – ci ildə Türküstan rəhbərliyi Çingiz xanın nəvəsi Hülakü xanı (1258 – 1265) Azəbaycana göndərdi. Təbrizə gələn, ardınca da Bağdadı tutaraq, Abbasilər xilafətinin Bağdad mərhələsinə, faktiki olaraq, son qoyan Hülakü xan əski Azərbaycan İmperaorluğunun bütün ərazilərinin hakiminə çevrildi. Beləcə, ölkəmizdə Hülaküoğulları hökuməti bərqərar oldu. Hülakü xandan sonra növbə ilə Abaqa xan (1265 – 1282), Əhməd xan (1282 – 1284) və Arqun xan (1284 – 1291) Azərbaycan taxtına çıxdılar.

Artıq Abaqa xanın dövründən etibarən Hülaküoğulları özlərini müstəqil aparmağa başladılar və onların mərkəzi hakimiyyədən asılılığı formal xarakter daşımağa başladı. Həmin dövrdə Türküsan artıq, faktiki olaraq, federasiyadan konfederasiyaya çevrilmişdi. Çingiz xanın ölümündən sonra onun davamçıları özlərini müstəqil sultanlar kimi aparırdılar. Bu üzdən də Hülakülər tez – tez Cuçi soyundan olan Qızıl Orda xanları ilə çəkişməli və onların Azərbaycana hücumlarını dəf etməli olurdular. İslamı qəbul edən və yerli müsəlman feodalların dəstəyinə arxalanan Əhməd xanın Azərbaycanı tam müstəqil imperatorluğa çevirmək cəhdləri isə bir nəticə vermədi. Onun bu cəhdləri tatar feodallarının üsyan edərək, onu devirmələri və yerinə Arqun xanı hakimiyyətə gəirmələri ilə nəticələndi. Bununla belə, Arqun xan sultanlıq titulunu qəbul etdi və Azərbaycanı müsəqil sələnət, yəni imperatorluq kimi idarə eməyə başladı.

1291 – ci ildə Azərbaycan taxtında Arqun xanı Göyxatu xan (1291 – 1295), onu isə Baydu xan əvəz etdilər. Fəqət Baydu xanın hakimiyyəti bir ildən də az, daha dəqiq desək, sadəcə bir – neçə ay sürdü. O, yerli müsəlman feodallara arxalanan Qazan xan (1295 – 1304) tərəfindən devrildi.

Qazan xan rəqiblərinin müqavimətini qırmaq üçün daxili siyasətində bütünlüklə yerli müsəlman feodalların dəstəyinə arxalanır və tam bir azərbaycançı siyasət yeridirdi. Elə bunun sayəsində də tatar feodallarının törətdikləri iğtişaş, üsyan və qiyamlar tez bir zamanda yatırıldı. Qazan xana qarşı həyata keçirilən sui – qəsd cəhdləri də bir nəticə vermədi. Nəticədə ölkədə sabilik bərpa edildi. Azərbaycan Qızıl Orda (Türküstan) Xanlığı və Misir – Suriya Türk Sultanlığı ilə birlikdə dünyanın üç supergücündən birinə və qüdrətli bir imperatorluğa çevrildi.

Sultan Qazan xandan sonra yerinə Sulan Məhəmməd Xudabəndə (Ölcaytu xan, 1304 – 1316) Azərbaycan imperatoru oldu. Onun dövründə ölkə daha da gücləndi və sabitlik davam etdi. Fəqət onun ölümü ilə hər şey dəyişdi. Beləki, yerinə 12 yaşlı Əbu Səid (1316 – 1335) sultan elan edildi. Onun uşaq olmasından istifadə edən Sulduz hakimi və baş əmir Çoban, faktiki olaraq, hakimiyyəti öz əlində cəmləşdirməyi bacardı. Bu isə digər əmirlərin və feodallarn narazılığına səbəb oldu. Narazılar Xorasan hakimi əmir Yasavurun başçılığı altında toplanaraq, mərkəzi hakimiyyətə qarşı üsyan etdilər. Bu azmış kimi, ölkəyə şimaldan Qızıl Orda (Türküsan), cənubdan isə Misir – Suriya Türk Sultanlığının (mənbələrdə adı “Dövlət ət – Türkiyyə”, yəni “Türkiyə dövləti” adlanır, Osmanlılar XVl əsrdə bu dövlətə son qoyduqdan sonra həmin ada sahib olmuşlar) qoşunları hücuma keçdilər.

Gənc Sultan Əbu Səid himayəçisi Çobanın köməyi ilə bu hücumları dəf etməyi, eləcə də 1319, 1320 və 1322 – ci illərdə baş qaldıran üsyanları yatırmağı və imperatorluğun ərazi bütövlüyünü qorumağı bacardı. 1325 – ci ildə Çobanın Qızıl Orda qoşunları üzərində qazandığı böyük qələbədən sonra onun şöhrəti özünün zirvə nöqtəsinə qalxdı. O özünü sulan kimi aparmağa başladı. Fəqət bu hal sadəcə üç il sürdü. 1328 – ci ildə Əbu Səid digər əmirlərin köməyi ilə onu və tərəfdarlarını hakimiyyətdən uzaqlaşdıra bildi. Çoban edam edildi.

1335 – ci ildə özünü Türküstan (Turan) xaqanı kimi aparan Qızıl Orda xanı Özbək Azərbaycana soxuldu. Təcavüzə son qoymaq üçün Kür sahillərinə gələn Əbu Səid burada sui – qəsdin qurbanı oldu və bununla da Hülaküoğulları hökumətinin tənəzzülü başladı. Hakimiyyət uğrunda bir – biri ilə mübarizəyə girişən şahzadələr Arpa xan (1335 – 1336), Musa xan (1336) və ll Məhəmməd Xudabəndə xan (1336 – 1338) növbə ilə sultan oldular, fəqət hakimiyyətdə uzun müddət qala bilmədilər.

1338 – ci ildə Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobanoğlu Məhəmməd Xudabəndənin qızı Satıbəy Xatunu (1338 – 1340) sultanlıq taxtına oturdub, dövləti onun adından idarə etməyə başladı. Həmin dövrdən etibarən ölkmizdə Hülaküoğullarınn faktiki hakimiyyətinə son qoyuldu. Onlar imperatorluğun formal hakimləri kimi yaşamlarını davam edirdilər.

1340 – cı ildə Satıbəyi taxtdan endirən Şeyx Həsən onun yerinə Süleyman xanı sultan elan etdi. 1344 – cü ildə Şeyx Həsən sui – qəsd nəticəsində həyatını itirdi. Yerinə qardaşı Məlik Əşrəf səltənətin gerçək hakiminə çevrildi. O, Təbrizdə baş qaldıran üsyanı çətinliklə də olsa yatıra bildi və hakimiyyətini möhkəmləndirmək üçün Hülaküoğullarından Ənuşirəvanı (1344 – 1355) səltənət taxtına oturtdu. 1355 – ci ildə isə Ənuşirəvanın əvəzinə Həsən xanı sultan elan etdi.

Çobanoğullarının özbaşnalığından cana doyan feodallar Aran hakimi Qazi Məhiyyəddin Bərdəli və Şirvanşah Kavusun başçılığı ilə Məlik Əşrəfə qarşı çıxdılar və Qızıl Orda xanı Canıbəyi Azəbaycana dəvət etdilər. 1357 – ci ildə böyük qoşunla Azərbaycana gələn Canıbəy Məlik Əşrəfi həbs edərək edam etdirdi. Oğlu Bərdibəyi Azərbaycan səltənətinin hakimi təyin etdi və ölkəsinə geri döndü. Fəqət Bərdibəyin Azərbaycandakı hakimiyyəti cəmi 2 ay çəkdi. 2 ay sonra o, atasının ölüm xəbərini eşidib geri qayıtdı. Faktiki hakimiyyət yenidən Çobanoğullarının əlinə keçdi. Fəqət bu sülalədən olan Əxicuq hakimiyyəti sadəcə 1 il qoruya bildi.

1358 – ci ildə Çobanoğullarna qarşı müharibəyə başlayan Cəlairoğulları əmiri Şeyx Üveys (1359 – 1374) bu sülaləyə qalib gəldi, fəqət o da hakimiyyəti əlində saxlaya bilmədi. Hakimiyyət yenidən, müvəqqəti olaraq, Əxicuğun əlinə keçdi. Şeyx Üveys isə Bağdada çəkilmək məcburiyyətində qaldı. 1359 – cu ilin payızında isə fars vilayətinin əmiri Məhəmməd Müzəffər Yəzdi səltənətin paytaxtını, yəni Təbrizi tutdu. Amma hakimiyyədə möhkəmlənə bilmədi. 1 həftə sonra şəhəri tərk etməli oldu. Buna səbəb Şeyx Üveysin paytaxta növbəti həmləyə hazırlaşması xəbəri oldu. Bir müddət sonra Təbrizə daxil olan Şeyx Üveys, nəhayət ki, istəyinə nail ola bildi. O, səltənət taxtına sahib oldu, tez bir zamanda bütün əmirləri, eləcə də şirvanşahı (1367) özünə tabe etməyi və səltənətdə hüzuru bərpa edərək, mərkəzi hökuməti möhkəmlətməyi bacardı. İmperatorluğun mədəni və iqtisadi həyatında canlanma baş verdi. Lakin ondan sonra imperatorluq taxt - tacını qəbul edən oğlu Sultan Hüseynin (1374 – 1382) dövründə mərkəzdənqaçma meylləri və hakimiyyət çəkişmələri yenidən gücləndi.

1376 – cı ildə Şiraz hakimi Şahşüca Cəlairoğulları üzərində qələbə çalaraq Təbrizə daxil oldu, amma 1 il sonra Sultan Hüseyn səltənətin paytaxtını azad edə bildi. Tez bir zamanda üsyanları yatıran, qaraqoyunlu Bəhram Xacə və Qara Məhəmmədi ram etməyi bacaran sultan 1378 – ci ildə Bağdad əmirlərini də məğlub etdi. 1381 – ci ildə isə Şahşüca üzərində qələbə çaldı. Fəqət 1382 – ci ildə Muğan və Arandan böyük qoşun toplayaraq Təbrizə hücuma keçən Cəlairoğlu Sultan Əhmədlə (1382 – 1410) döyüşdə öldürüldü. Paytaxtı ələ keçirən Əhməd sultanlıq taxt – tacına sahib oldu.

Sultan Əhmədin hakimiyyəti dövründə də vəziyyət dəyişmədi. əksinə, hakimiyyət uğrunda mübarizə daha da gücləndi. Sultanın qardaşı, Sultaniyyə hakimi Bəyazid özünü sultan elan edərək, Təbriz üzərinə hücuma keçdi. O, şəhəri almağı bacarsa da, onu əlində saxlaya bilmədi. Belə olan halda, Şirvanşah Huşəng araya girdi və qardaşları barışdırdı və səltənət bir müddət iki qardaş tərəfindən birlikdə idarə edildi. Amma bu, uzun sürmədi. Sulan Əhməd tez bir zamanda hakimiyyətini bərpa etdi. Onun hakimiyyətinin son illəri Azərbaycan səltənəini ələ keçirməyə çalışan Toxtamış və Teymurun hücumları şəraitində keçdi.

1386 – cı ildə Azərbaycan imperatorluğuna son qoyuldu və sonrakı illərdə onun bütün ərazisi hissə - hissə Türküstan (Turan) dövlətinə qatıldı. Çingiz xandan sonra bütün türk torpaqlarını sonuncu dəfə vahid Turan (Türküsan) dövləti şəklində birləşdirməyi bacaran Teymurun ölümündən sonra Turan dövləti birdəfəlik tarixin arxivinə gömüldü və bu dövlətin parçaları üzərində yenidən fərqli – fərqli türk imperatorluqları bərpa edildi ki, onlardan biri də Azərbaycan səltənəti idi.
2. 4. AZƏRBAYCAN SƏLTƏNƏTİ XV –XVll ƏSRLƏRDƏ

XV əsr Azərbaycan tarixinə yerli Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti kimi düşmüşdür. Bunlardan birincisi 1437 - 1467-ci, ikincisi isə 1467-1501 - ci illəri əhatə edir. Cahan şah birincilərin, Uzun Həsən isə ikincilərin ən böyük hökmdarları olmuşlar. Bu sülalələrin hakimiyyəti dövründə Azərbaycan Səltənətinin (İmperatorluğunun) ümumi sahəsi 3 milyon kvadrat kilometr civarında olmuşdur.

1501-ci ildə Azərbaycan Sətənətində Ağqoyunlular hökumətini Səfəvilər hökuməti əvəz etdi. Əsası l Şah İsmayıl Səfəvi (Xətai) tərəfindən qurulan Səfəvilər sülaləsi Azərbaycan səltənətini 1736 - cı ilə qədər idarə etmişdir.

Şiəliyi dövlət siyasəti halına gətirən Səfəvilərin hakimiyətə gəlməsi ilə hələ Ağqoyunlular dövründən geosiyasi məqsədlərlə Osmanlılarla zaman-zaman baş verən toqquşmalar intensiv xarakter aldı. Məsələnin kökündə yenə də geosiyasi səbəblər, ilk növbədə isə ipək yoluna nəzarət uğrunda mübarizə dururdu. Çox təəssüf ki, bu məsələ çox zaman diqqətdən kənarda qalır və məsələ sünni-şiə qarşıdurması kimi şərh edilir. Hərçənd ki, bu məsələnin də rolu az olmamışdır.

İlk öncə ondan başlayaq ki, ümumtürk tarixində xüsusi rolu olmuş XVl əsr bu möhtəşəm tarixin ən maraqlı dövrlərindən biri idi. Yaranışdan bu yana hər baxımdan bütün millətlərdən üstün olmuş türklər bu üstünlüyünü sözügedən əsrdə də sürdürmüşlər. Təsadüfi deyil ki, XVl əsrin ən başında da dünyanın ən qüdrətli dövlətləri idilər. Qüdrət baxımından ilk yerdə Osmanlı imperatorluğu, ikinci yerdə Azərbaycan imperatorluğu, ardınca Misir Məmlük imperatorluğu, Hindistan Moğol imperatorluğu və Türküstan dövləti gəlirdi. Hər biri böyük türk dövləti olan bu imperatorluqların özlərindən başqa heç bir önəmli rəqibləri yox idi. Onların Böyük İpək Yolunun üzərində olması dünya ticarətinin önəmli hissəsinə nəzarət etmələrinə gətirib çıxarmışdı.

Osmanlılar sələfləri Səlcuqluların xristian torpaqları hesabına genişlənmə siyasətini davam etdirir və Avropanın içlərinə doğru irəliləyirdilər. Bu isə avropalıları XV əsrdən etibarən Azərbaycan imperatorluğu ilə sıx diplomatik əlaqələr quraraq bu dövləti Osmanlılara qarşı mövqe almağa təşviq və sövq edirdi. Qərbdən Misir - Məmlük və Osmanlı imperatorluqları, şimaldan Krım xanlığı, Şirvanşahlar və Türküstan dövlətləri, şərqdən isə Hindistanın Moğol imperatorluğu ilə qonşu olan, qərbdə sərhədləri Aralıq və Qara dənizlərə, cənubda Hind okeanına qədər uzanan Azəbaycan imperatorluğunun kifayət qədər böyük ərazisi və əhalisi olsa da, imperatorluğun ərazisini daha çox genişləndirməyi hədəfləyən Ağqoyunlu hökuməti genişlənmək üçün bu türk dövlətlərindən birini hədəfə almalı idi. Avropalı missionerlərin səyi ilə belə bir hədəf kimi Osmanlı dövləti seçildi və Ağqoyunlular Osmanlıya qarşı xristian Avropa ilə koalisiyaya girdilər. Baş verən qarşıdurmalarda Osmanllar hər dəfə Ağqoyunluları məğlub edərək sülhə zorlaya bildilər. Sonralar bu siyasəti Səfəvlər davam etdirdilər.

Səfəvilər də sələfləri Ağqoyunlular kimi Osmanlıları iqtisadi blokadada saxlamağa çalışırdılar. Əvəzində isə Osmanlılar Şirvanşahlar dövlətini dəstəkləyir və Səfəvilərin Qafqaz üzərindən Avropa ilə ticarət yolunda əngəllər yaradırdı. Nəticədə də Hindistan, Orta Asiya və Çinlə Avropa arasında əsas ticarət yolu Azəbaycan və Misir-Məmlük imperatorluqlarının ərazisindən keçir, Osmanlılar bundan kənarda qalırdılar. Osmanlılar da nə isə etmək məcburiyyətində idilər. Hər şey Osmanlıların Misirlə savaşa başlayıb bu ölkəni ələ keçirməsi ilə nəticələndi. Beləcə, Azərbaycanın Misir üzərindən Avropa ilə ticarət yolu kəsildi. Əvəzində isə Səfəvilər Şirvanı tutub öz imperatoluqlarının ərazisinə qatdılar və bu yolla şimaldan Avropa ilə ticari əlaqə saxlamağa, beləcə, ipək yolu ticarətində önəmli rolunu qorumağa nail oldular.

Misirin Osmanlıların əlinə keçməsi Türkiyəyə ərəb ölkələri ilə ticarəti genişləndirmək imkanı verdi. Maraqlıdır ki, bu hadisəyə qədər “Türkiyə” (Dövlət ət-Türkiyyə) Misir - Məmlük imperatoluğunun adı idi, bundan sonra isə həmin ad Osmanlı imperatorluğuna şamil edilməyə başlandı. Sözügedən hadisədən sonra Osmanlılar Məmlüklərin himayəsində olan Abbasilərin xəlifəliyinə son verərək, bu missiyanı öz üzərlərinə götürdülər və xəlifə simasında bütün İslam dünyasının mənəvi – dini hakiminə çevrildilər. Osmanlı dövləti xilafətə çevrildi.

Səfəvilər isə Azərbaycan imperatorluğunu buna alternativ olaraq, İmamət elan etdilər və şiəliyi imperatorluğun rəsmi ideologiyasına çevirdilər. Bunula da geosiyasi mübarizə məzhəblərarası mübarizə şəklini aldı. Nəticədə isə Azərbaycan imperatorluğu İslam dünyasından təcrid olunmuş vəziyyətə düşdü. Səfəvilərin gətirdiyi şiəlik cəfərilik deyildi, şiəliyin Türkiyədə “ələvilik”, İranda isə “əliallahlıq” adlanan qolu idi.

Məlumat üçün bildirək ki, ələvilik türklərin İslamdan öncəki dinləri olan Tenqriçiliyin və şamanizmin bəzi elementlərini özündə birləşdirən, fəqət islami şəkildə olan bir məzhəbdir. Bu məzhəbin nümayəndələri məscid və camelərə getməz, namaz qılmazlar. Əvəzində qadın – kişi birlikdə “cəm evləri” adlandırılan xüsusi ibadət evlərində toplanar, özlərinə məxsus ibadətlər keçirirlər. Şərabı haram saymazlar. Həzrət Əlini və digər şiə imamlarını müqəddəs hesab edən ələvilər Ramazanda oruc tutmurlar, əvəzində məhərrəm ayında 12 imamın şərəfinə 12 gün İslam orucundan fərqlənən xüsusi oruc tutur, həccə getmir, əvəzində şiə imamlarının Nəcəf, Kərbala, Məşhəd və s. şəhərlərdəki qəbirlərini ziyarət edirlər. Mehdi Sahib əz-Zəmana iman edir, digər şiələr kimi onun qeybə çıxmış 12-ci imam olduğunu hesab edir və onun gələcəyi günü gözləyirlər. Sünnilərə gizli və ya açıq nifrətləri ilə fərqlənir, Həzrət Ömər və Həzrət Osmana lənət oxuyarlar.

Bu şiə məzhəbi son əsrlər içərisində bir qədər dəyişikliyə məruz qalmışdır. İslamın əsas şərtlərindən namaz, həcc, və oruca əməl etmədikləri və şərab içdikləri üçün şiələr dışında digər müsəlmanlar əsrlərcə onları müsəlman saymamış və kafirlərə bərabər tutmuşlar. Elə bu səbəbdən də Səfəvilər ətraf müsəlman dövlətlər tərəfindən xoş qarşılanmamışdır. Əvəzində isə Xilafət durumunda olan Osmanlı dövlətinə və Osmanlılara böyük rəğbət var idi. Səfəvilərin dövründə Azərbaycan dövləti xristianlarla işbirliyini daha da genişləndirmiş və Osmanlılarla, eləcə də digər qonşu Türk-İslam dövlətləri ilə amansız və qanlı müharibələr aparmışdır. Bu isə ölkənin gücünün tükənməsinə və liderlik potensialını tədricən qeyb etməsinə gətirib çıxarırdı.

Səfəvilərə başlarına 12 imamın şərəfinə bağladıqları qızılı (qırmızı) zolağa görə qızılbaşlar, onların dövründə Azərbaycan imperatorluğuna isə Qızılbaş dövləti deyirdilər. Fəqət digər müsəlman türklər “qızılbaş” sözünü kafir mənasında həqarətlə işlədirdilər. Hətta bu sözün söyüş mənasında işlədiyini də söyləmək olar.

1736-cı ildə Azərbaycanda Səfəvilərin hakimiyyətinə son qoyan Nadirqulu xan Əfşar Azərbaycan şahı oldu. O, hakimiyyətə gələr-gəlməz, Azəbaycada Səfəvilərdən öncə olduğu kimi sünni-hənəfi məzhəbini bərqərar etmək və Türk-İslam dünyasını birləşdirmək istəsə də, yerli əyanların şiddətli müxalifəti ilə üzləşdi. Odur ki, bu fikirdən vaz keçdi. Fəqət ələviliyi ləğv edib, əvəzində cəfəriliyi hakim məzhəbə çevirə bildi.

Cəfərilik Zeydiliklə birlikdə İslamın dörd əsas məzhəbinə öz yaxınlığı ilə seçilən 2 şiə məzhəbindən biri idi. Bu məzhəbin nümayəndələri bəzi fərqli görüşlərə sahib olsalar da, İslamın 5 əsas şərtinə əməl etdikləri üçün onlara münasibət ələvilərdən köklü surətdə fərqlənirdi. Yəni onlar da müsəlman kimi qəbul edilirdilər. Nadir şah cəfəriliyi Azərbaycanın rəsmi məzhəbi elan etdikdən sonra xəlifəyə, yəni dünya müsəlmanlarının liderinə-Osmanlı sultanına məktub yazıb ondan Türk-İslam dünyasının birliyi naminə cəfəriliyi İslamın 5-ci rəsmi məzhəbi kimi qəbul etməyi xahiş etdi, bunu edərsə, onu xəlifə kimi tanıyacağını və ona tabe olacağını bəyan etdi. Lakin çox təəssüflər olsun ki, sultanın bunu xoş qarşılamasına baxmayaraq, Osmanlı üləması bu təklifə qarşı çıxdı və şiəliyin bidət olduğunu əsas gətirərək, tarixi fürsətin həyata keçməsinə imkan vermədi. Nəticədə Türk-İslam dünyasının bir bayraq altında birləşməsi fürsəti əldən çıxdı. Bu isə, təbii ki, Avropanın və Rusiyanın maraqlarına cavab verirdi.

Osmanlı - Səfəvi müharibələrinin ən əsas geosiyasi hədəflərindən biri İraq ərazisi olmuşdur. Bu ərazi əsrlər boyu Azərbaycan səltənətinin tərkib hissəsi idi və həmin ərazi Misir-Məmlük imperatorluğu ilə sərhəddə yerləşdiyindən Azərbaycan üçün hər zaman ticari baxımdan son dərəcə böyük önəm daşıyırdı. Misirin və Məmlük türklərinin əlində olan digər torpaqların Osmanlıların əlinə keçməsi ilə İraq böyük ölçüdə önəmini itirsə də, həm əhalisindən toplanan vergilər baxımından önəm daşıyırdı, həm də Hind okeanına çıxmağa və Azərbaycan imperatorluğundan yan keçməklə, yəni dəniz yolu vasitəsilə Hindistan Moğol imperatorluğu ilə ticarət əlaqəsi qurmağa can atan Türkiyənin qarşısında əsas maneə idi. Təbii ki, Osmanlılar bu torpağa sahib olmaq üçün, Səfəvilər isə onu onlara verməmək üçün əlindən gələni edirdilər. Yəni İraq uğrunda qanlı müharibələr aparılırdı və bu müharibələr Osmanlıların qələbəsi və Türkiyənin Hind okeanına çıxış əldə etməsi ilə nəticələnmişdi. Bu hal ticarət yollarının önəmli hissəsinə sahib olan Azərbaycanın geosiyasi üstünlüklərini daha da azaltdı.

Nadir qısa müddətdə Azərbaycan Səltənətinin Osmanlılar, əfqanlar və ruslar tərəfindən işğal edilmiş torpaqlarını, o cümlədən Tiflis və İrəvanı qaytarmağı bacardı, səltənətin ərazisini Orta Asiya, Əfqanısatan, indiki Pakistan və Hindistan torpaqları hesabına genişləndirdi. Fəqət tarixə sonuncu türk cahangiri kimi düşən bu böyük şəxsiyyətin ölümündən (1747-ci il) sonra onun varisləri bu böyük ərazini qoruya bilmədilər, Azərbaycan nəinki müstəmləkələrini itirdi, üstəlik özü də xanlıqlara parçalandı.

Azərbaycan Türk – İslam Renesansı Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə də, yəni XV – XVl əsrlərdə də davam etmiş, fəqət Səfəvilrin hakimiyyətinin son illəri tarixə Azərbaycan renesansının sona çatdığı dövr kimi düşmüşdür.

Sözügedən əsrlərdə ölkəmizdə ağlasığmayacaq dərəcədə geniş bir məktəb və mədrəsə sistemi yaranmış və təhsil, demək olar ki, təkcə Azərbaycanın deyil bütün səltənətin (imperatorluğun) ərazisini əhatə etmişdir. Mənbələrdən belə aydın olur ki, həmin əsrlərdə məktəblərdə din dərsləri ilə yanaşı, coğrafiya, riyaziyyat, məntiq, fəlsəfə, nücum (astronomiya) və s. elmlər tədris olunurdu. Elmlər təkcə tədris edilmir, həm də əvvəlki əsrlərdə olduğu kimi, tədqiq edilirdi. Yəni elmi araşdırmalar davam edir, alimlərimiz yeni – yeni elmi əsərlər yazır və kəşflər edirdilər.

O dövrdə Şəmsəddin Məhəmməd Təbrizli, filosof və münəccim (astronom) Seyid Yəhya Bakılı, coğrafiyaşünas və tarixçi Əbdürrəşid Bakılı, İdris Bitlisli, Fazil Nüqtaşi, təbib Ramazan Lənkəranlı, filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvani böyük şöhrət tapmışdılar. Ağqoyunlu iqtidarı dövründə təkcə saray kitabxanasında 58 elm xadimi çalışmaqda idi. XVl əsrdə Təbrizdə yaradılmış kitabxana dövrün ən böyük kitabxanalarından biri idi.

Öncəki əsrlərdə olduğu kimi, XVl əsrdə də tarixi əsərlərin yazılmasına böyük diqqət ayrılırdı. Hökmdarlar bu yolla öz adlarını əbədiləşdirməyə çalışırdılar. Həmin dövrün ən məşhur salnaməçi və tarixçisi şah l Təhmasibin sarayında qulluq edən və onu bütün hərbi yürüşləri zamanı müşayiət edən Həsən bəy Rumlu idi. Onun qələminə məxsus 12 cildlik “Əhsən ət –təvarix” (Tarixlərin ən üstünü) adlı əsər dövrün tarixi proseslərini öyrənmək baxımından ən əsas mənbələrdən biri hesab edilir. Səfəvilər dövründə Avropada Don Juan adı ilə məşhur olan və bir çox Avropa müəllifinin əsərlərinin qəhrəmanı olan Oruc bəy Bayatın (o, şah Abbasın dövründə Azərbaycanın Avropadakı səfiri idi) ispan dilində qələmə aldığı və hələ sağlığında dərc etdirdiyi məşhur “Kitab”ını, eləcə də fars dilində qələmə alınan, müəllifi bilinməyən “Şah İsmayıl Səfəvinin tarixi” kitabını da yad etmək lazımdır.

Bundan başqa, dövrün tarixini öyrənmək baxımından Hüsaməddin oğlu Qiyasəddin Hüseyninin (1475 – 1536) əsərləri də böyük informativ bazaya sahibdir. Onun çoxcildlik əsərlərinin bir hissəsi Səfəvilərin iqtidara gəlməsi və Azərbaycan İmperatorluğunun hakiminə çevrilməsinə və Səfəvi hökumətinin siyasətinə həsr edilmişdir. Onun əsərlərində səltənətin (imperatorluğumuzun) Ağqoyunlu hökuməti dövründəki xarici və daxili siyasətinə dair də çox qiymətli məlumatlar bulunmaqdadır.

Deyilənlərə Şərəf xan Bitlisinin ikicildlik “Şərəfnamə” adlı əsərini də əlavə etmək lazımdır. Bu əsərdə Səfəvilərin apardıqları yanlış siyasətlər nəticəsində səltənətin zəifləməsindən və bölgələrdəki separatist hərəkatlar barədə müfəssəl bilgi verilmişdir.

XV – XVl əsrlərdə tibb elmi də inkişaf etməkdə davam etmişdir. Dövrümüzədək Əbdülfəth Təbrizli, Əli Təbrizli, İmadəddin Mahmudi kimi tanınmış tibb alimləri və həkimlrinin adı ulaşmışdır. Eyni sözləri dövrün tanınmış xəttatları Ubeydulla Mirəli oğlu Təbrizli, Əli bəy Təbrizli, Mahmudbağır Ordubadlı, Nizaməddin Ərdəbilli, Mirabdulla bəy Danişmənd, Əli Rza Təbrizli və s. haqqında da söyləmək olar.

Ən böyük uğura isə ədiblərimiz imza atmışdılar. XV əsrin ikinci yarısında Nizami Gəncəlinin “Xosrov və Şirin” poemasnın motivlri əsasında “Fərhadnamə” kimi misilsiz bir sənət əsəri yaradan Arif Ərdəbilli və özünün “Mehr və Müştəri”si ilə böyük şöhrət qazanmış Əssar Təbrizli, eləcə də türk və fars dillərində yazdığı şerləri hər yerdə sevilə - sevilə oxunan Şah Qasım Ənvar (1335 – 1433) daha çox məşhur idilər. Eyni dövrdə Təbrizli Kişəvəri də öz lirik şerləri, Xətai Təbrizli “Yusif və Züleyxa”sı, Həqiri “Leyli və Məcnun”u, Xələfi “Xəmsə”si, Bədr Şirvanlı və Ziyai Ordubadi divanları ilə tanınmışlar. “Xəmsə” yaradan şairlərdən biri də Əşrəf Marağalı idi.

Dövrün tanınmış şairlərindən söz açarkən, əsərləri ilə şiəliyi yaymaqla məşğul olan Şah İsmayıl Səfəvini (Xətaini) də yad etmək lazımdır. Onun “Divan”ı, “Nəsihatnamə”si, “Dəhnamə”si çox məşhur idi. O, eyni zamanda dövrünün tanınmış bəstəkarlarından biri kimi tanınmışdır. XVl –XVll əsrlərdə həm də böyük bəstəkarlar kimi şöhrət tapmış böyük türk hökmdarlarından (Sultan Səlim, Hüseyn Bayqara, Gəray xan və s.) biri də Şah İsmayıl olmuşdur və onun bəstələdiyi əsərlər də şerləri kimi dövrümüzədək ulaşmışdır. Dövrün musiqişünaslarından söhbət düşmüşkən, XVl əsrin məşhur xanəndəsi, gözəl muğam ustası Hafiz Lələnin də adını xüsusi çəkmək lazımdır.

Maraqlıdır ki, həmin dövrdə xanəndələr müxtəlif müəlliflərin əsərlərini səhnələşdirərək muğam – tamaşalar da qurardılar. Təsadüfi deyi ki, XVl əsr fransız səyyahı və missioneri Şarden Azərbaycanda olarkən, burada öz təbiri ilə desək, “Avropadakı operaları xatırladan tamaşaları seyr etdiyini” söyləmişdir.

Əsası Hülaküoğulları dövründə (Xlll-XlV əsrlər) qoyulan miniatür sənəti də XVl əsrdə öz inkişafınn kulminasiya nöqtəsinə çatmışdı. Azərbaycanlı rəssamlar bütün dünyada böyük şöhrət qazanmışdılar. Əsərləri bu günə qədər Sankt – Peterburq, London, Leypsiq və Venesiya muzeylərində mühafizə edilən Soltan Məhəmməd Təbrizli daha çox məşhur idi. Onun başçılıq etdiyi Təbriz rəssamlıq məktəbi onlarla dahi miniatürçü rəssamı yetişdirmişdir. Onlardan Kamaləddin Behzad, Mirmüsaviri, Mirzeynalabdin Təbrizli, Mövlanə Müzəffər Əli, Mövlanə Məhəmmədhəsən Təbrizli, Mövlana Əla bəy Təbrizli, Əbülbaqi Kitabnəvis və digrlərinin adını göstərmək olar.

Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri Əbdülmüsavir, Pirəhməd Baqişmali, Seyid Əhmd Nəqqaş, Pirseyid Əhmd Təbrizli və başqalar da böyük şöhrət qazanmışdılar.

Memarlıq sahəsində də bir çox sənət abidələrinə imza atılmışdır. Bu abidələrdən 1465 – ci ildə Cahan şah Qaraqoyunlunun əmri ilə Təbrizdə inşa edilmiş Göy məscidi, 1483 – cü ildə Yaqub şah Ağqoyunlunun Təbrizdə tikdirdiyi “Səkkiz Behişt” saray kompleksini (Bu kompleksə həmçinin min çarpaylıq xəstəxana, böyük kitabxana, məscid, cıdır meydanı və s. daxil idi), Qaraqoyunlu və Ağqoyunlu iqtidarları dövründə Təbrizdə inşa edilmiş örtülü “Qeysəriyyə” bazarını, Həsən Padşah camesini, Nəsriyyə və Məqsudiyyə mədrəsələrini göstərmək olar. XVl əsrin məşhur abidələri isə Şirvanşahlar saray kompleksi, bir çox şəhərlərdə tikilmiş hamam, came, mədrəsə, körpü və türbələr idilər.

Həmin dövrdə tətbiqi – dekorativ incəsənətin inkişafında da xüsusi bir mərhələ olmuşdur və bu gün XV – XVl əsrlərdə, eləcə də ondan öncəki və sonrakı əsrlərdə Azərbaycanda yaradılmış minlərlə sənət əsəri dünya muzeylərinin və şəxsi kolleksiyalarn bəzəyinə çevrilmişdir. Eyni dövrdə kökü minilliklərin dərinliklərinə uzanan ozan - aşıq sənəti və dastan yaradıcılığı da özünün kulminasiya nöqtəsinə çatmışdı.

Azərbaycan İntibahından (renesansından), daha doğrusu, onun XVl əsr nümayəndələrindən söz açarkən, şübhəsiz ki, ilk növbədə Məhəmməd Füzulinin adını çəkmək lazım gəlir. Nizami Gəncəli ilə birlikdə Azərbaycan və dünya ədəbiyyatının iki əlçatmaz zirvəsindən birini təşkil edən Məhəmməd Füzulinin əsərləri, çox təəssüflər olsun ki, dilinin çətinliyi, fəlsəfi fikrinin dərinliyi ilə xarici dillərə tərcümə üçün, demək olar ki, münasib deyildir və bu üzdən də dünya miqyasında hələ yetərincə təbliğ edilməmişdir. Bu üzdən də Nizamidən fərqli olaraq, onun adı dünyada dar mütəxəssislər qrupundan başqa çox az adama məlumdur.

Azərbaycan Renesansının son nüməyəndələri XVll əsrdə yaşamış dahi şair Saib Təbrizli və böyük rəssam və sənətşünas alim Sadiqi bəy Əfşar olmuşlar.

Artıq qeyd etdiyimiz kimi, Nadir şahın xəyanətkarcasına qətlə yetirilməsi ilə Vətənimizin qara günləri başlamış, ölkə çox sayda xanlıqlara parçalanmışdı. Bütün bunlar Ağa Məhəmməd şah Qacarın taxta çıxmasına (1749 - cu il) qədər davam etdi. Həmin dövrə qədər isə əslən fars (lor) olan Zəndilərin Azərbaycan səltənətinin böyük hissəsini ələ keçirərək, həmin ərazilərdə qondarma “İran dövləti” qurmağa çalışdıqları qaranlıq bir dövr də olmuşdur. Məhz Zəndilərin səyi nəticəsində “İran” adı siyasi və geosiyasi termin kimi ortaya çıxmış və tədricən Azərbaycan imperatorluğunun irandillilərlə, əsasən də farslarla məskun bölgələrinə şamil edilməyə başlamışdı. Anti – türk və anti – Azərbaycan mahiyyəli fars milliyyətçiliyinin yenidən dirçələrək genişlənməsi də məhz həmin dövrdən çiçəklənməyə başladı.

Qacarlar tez bir zamanda Zəndilərin özbaşnalığına son qoymağa, separatizmə meylli bütün Azərbaycan xanlarını ram edərək bugünkü İran, Azərbaycan, Qərbi Azərbaycan (1918 - ci ildən sonra Ermənistan) və Gürcüstan (Tiflis xanlığı) ərazilərində Azərbaycan imperatorluğunu bərpa etməyə nail olsalar da, 1813 – 1828 - ci illər ərzində imperatorluğun Araz çayından şimaldakı əraziləri Rusiya tərəfindən işğal edildi.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin