Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


Azərbaycan ordusunun Xorasanı ələ keçirməsi



Yüklə 2,82 Mb.
səhifə35/36
tarix03.02.2017
ölçüsü2,82 Mb.
#7378
1   ...   28   29   30   31   32   33   34   35   36

4. 11. Azərbaycan ordusunun Xorasanı ələ keçirməsi
Abbas Mirzənin Azərbaycan ordusu ilə Xorasana gəldiyi xəbəri sürətlə hər tərəfə yayıldı. Artıq hamı bu haqda söhbət edirdi. Azərbaycan ordusunu Xorasana yaxınlaşması həyəcan yaratmışdı. Azərbaycanda olduğu kimi, burada da şahzadənin adı dillər əzbəri idi. Azərbaycandan uzaq olan bu coğrafiyada insanların Abbas Mirzənin məğlubiyətlərı haqqında hələ bilgiləri yox idi. Ancaq onun ordusunun topları və ağır silahları ilə ilgili çox söz-söhbət gəzirdi. Vur-qaç savaşının ustası olan türkmənlərin qorxusu ağır silahlardan, xüsusən toplardan idi. Çünkü vurduqlarından sonra artıq qaçışa imkan qalmırdı.

Türkmən kəndləri aclıq və səfalət içində qıvrılıb durmaqda idi. Bəzi türkmən xanları Bocnurd, Dərgəz, Qoçan və Sərəxs kimi türkmən şəhərlərinə casuslar göndərib bu şəhərlərin hakimlərinin və əhalisinin Abbas Mirzəyə olan münasibətini öyrənməyə çalışırdılar. Əhmədəli Mirzənin Məşhəd şəhərinin icra işlərindən sorumlu olan vəziri Mirzə Musa türkmənlərlə gizli əlaqələr qurmağa başlamışdı. O, türkmən xanlarını öz tərəflərinə çəkə bilmək üçün məzhəb fərqliliyini gündəmə gətirməkdəydi. Şiə Azərbaycan ordusunun sünni Türkmənistana hökm etməsinin mümkün olmadığını təbliğ edirdi. Digər tərəfdən də Əhmədəli Mirzənin Abbas Mirzəyə qarşı duyduğu həsəd, nifrət və kinini də körükləməyə başlamışdı.

Əhmədəli Mirzə başından bəri Abbas Mirzəni sevməmişdi. Xorasan xanları onun bu duyğusundan yararlanmağa çalışırdılar. Əhmədəli Mirzə də özünü həmin xanların dəstəyi ilə gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bu arada xəbər gəldi ki, Azərbaycan ordusu artıq Şahrudu tərk etmiş və Bəstama yaxınlaşmaqdadır. Xəbəri eşidən şahzadə Əhmədəli Mirzə dərhal Abbas Mirzəyə qarşı şahzadə Əhmədəli Mirzə, Mirzə Musa, Rzaquluxan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin iştirakı ilə bir şura təşkil etdi. Digər xanlar da bu şuradan çıxacaq istənilən ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusunun üzünə qapansın və heç bir şərtə rəğmən açılmasın. Məşhəd əhalisinə də təbliğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər ki, Abbas Mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, şahzadə bu soyuq havalarda ordusunun ehtiyaclarını təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni dağılacaqdır. Baharda isə Abbas Mirzə ordusunu toparlayana qədər ona hücum etmək mümkün olar.

Şurada o da qərara alındı ki, Abbas Mirzənin Məşhədə yaxınlaşmasına izn verilsin. Odur ki, xanlardan Abbas Mirzəyə itaətə guya hazır olduqları haqda məktublar gəlməyə başlad. Lakin Abbas Mirzə ehtiyatı əldən vermədən, hər şeyi dərindən düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı təhlil edirdi. Bir sözl, şurada toplanan insanlar şahzadənin illər boyu sürən savaşlardan əldə etdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapmışdılar. Bu kimi planlar Abbas Mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas Mirzə ona ard-arda gələn bu məktubların arxasındaki təhdid planlarını sezə bilmişdi.

Abbas Mirzənin Məşhədin yaxınlığında bir kürd qalasını utması və dirəniş göstərənlərlə amansızca davranması xəbəri Məşhədə çatar-çatmaz şuradakı birlik öz-özünə çat verməyə başladı. Artıq hərənin ağzından bir avaz gəlməkdəydi. Bir müddət sonra isə xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Vəziyyəti belə görən Əhmədəli Mirzə və vəziri Abbas Mirzəyə olan sonsuz nifrətlərinə rəğmən, ona qarşı çıxmamaq qərarna gəldilər. Abbas Mirzənin yüksək səviyyədə qarşılanması əmri verildi.

Vəliəhd Məşhədə girər-girməz, Kirman valisi Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni da Tehrana göndərdi. Özü isə Səbzvara hərəkət etdi. Bu zamanı oğlu Məhəmməd Mirzə də yardımçı alayı ilə atasına qatılmışdı. Qış çox ağır keçirdi. Şahzadəyə məlun oldu ki, Sultan meydan şəhərinin yaxınlığında möhkəm qalaları olan bir kənddə Rzaqulu xan və bəzi kürd xanları barınmaqdadırlar. Abbas Mirzə onların pusquda olmasından ehtiyat erdiyi üçün əmr verdi ki, qalanın möhkəm mıxlanmış darvazasını döyüb şah adına təslim olma tələb edilsin. Təslim çağrısına cavab gəlmədiyini görən Abbas Mirzə Azərbaycan ordusuna atəş əmri verdi. Palçıq qalanın divarlarının top mərmiləri ilə sökülüb yerlə bir edildiyini görən Rzaqulu xan şahzadəyə məktub göndərib üzrxahlq etdi və bağışlanmasını dilədi.

Abbas Mirzə ordusunun ehtiyaclarını Məşhəd, Nişabur və Səbzvar arasında paylaşdırdı. Bahardaki yeni əməliyatlara daha güclü ordu lazım idi. Odur ki, oğlu Təhmasibi Azərbaycandan yeni hərbi birliklər gətirmək üçün Təbrizə göndərdi. Xosrov Mirzənin başçılıq etdiyi ordudan və Yusif Xanın əmrində olan ağır topxanadan isə hələ də bir xəbər yox idi. Bunlar Kirmanı tərk etdikdən sonra qumsal çöllüyə varmişdılar və bu üzdən də ağır səfər çətinlikləri ilə üzləşmişdilər. Ən böyük çətinlik isə su qıtlığı idi. Onların qumlu küləklər və ya hər hqansı başqa səbəblər üzündən yollarını azması böyük fəlakətə səbəb ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək anlamına gəlməkdəydi. Bir sözlə ordu susuzluqdan məhv ola bilərdi. Ancaq bir müddət sonra Məşhədə xəbər gəldi ki, Xosrov Mirzə öz ordusu ilə qumsal çöllərdən uzaqlaşmış və insan yaşayan yerlərə yaxınlaşmışdır. Təbəs xanları da Xosrov Mirzəyə qatılıb, öz hörmətlərini Abbas Mirzəyə bildirmək üçün Xorasana gəlirlər.

Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə seçilən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və alınması iki ay sürdü. Ən sonda bu nahiyənin Məhəmməd Xan Qərai adında bir xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan Qərai özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. Həmin şəhərdə xanın anbarlarda saxladığ 10.000 xəlvər buğda ehtiyatı vardı. Xosrov Mirzə bu buğdanı öz əsgərləri arasında paylamaq yerinə bazarda satışa buraxıb gələrini orduya xərclədi. Bu qədər buğdanın satışa buraxılması Tərşiz əhalisini çox sevindirdi. Çünkü o soyuq qış günlərində şəhərdə aclıq hiss edilməyə başlamışdı.

Abbas Mirzəyə qarşı çıxan xanların heç birinin qalası Əmirabad qalası qədər möhkəm və mükəmməl deyildi. Əmirabad Məşhəd və Qoçan arasında yerləşirdi. Rzaqulu xan Azərbaycan qalalarından təsirlənərək bu qalanın müdafiə sistemini qurmaq üçün düz səkkiz il zaman sərf etmişdi. Abbas Mirzənin ilk hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif Xan adında bir tatar hakim idi. Onun yaxşı döyüşçü dəstələri vardı. Dəstələr müxtəlif qəbilələrdən təşkil edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi.

Şahzadənin gözlədiyi yardimçı alayların bir qismi artıq gəlib çatmışdı. Ancaq Rzaqulu xan Abbas Mirzənin intizamlı ordusunun üstünlüyündən xəbərsiz olmadığından riskə girib Azərbaycan ordusu ilə üz-üzə savaşa girmədi. Qoçana sığınıb, orada savaş hazırlıqları yapmağa başladı. O, eyni zamanda Əmirabadın dirənəcəyinə ümid bağlayıedı.

Qalanın mühasirəsi onun çevrəsində xəndək qazmaqla başladı. Xəndək qazmaq, yəni mühasirənin ciddi şəkildə başlanması anlamında idi. Abbas Mirzə, Xosrov Mirzənin və topçu Yusif Xanın yetərincə irəli getdiklərini görüb əmr verdi ki, mühasirə edilənlərlə danişmağın mümkün olduğu bir yerdə qərarlaşıb onlara təslim olmaq təklif edilsin. Amma əklif rədd edildi. Belə olan halda, Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən də top atəşi ilə cavab verildi. Hər iki tərəf ağır itki verməyə başladı. Azərbaycan ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir çox azərbaycanlı öldürülmüşdü. Bu üzdən də Azərbaycan ordusu qisas almaq arzusu ilə savaşırdı. Cahangir Mirzə yazır ki, Əmirabad divarlarının xəndəklərində bir neçə xarici mütəxəssis də öldü. Abbas Mirzənin Laçın Xana yazdığı bir məktubda da bu haqda məlumat verilməkdədir.

Cahangir Mirzə yazır:

Top mərmiləri qalanın divarlarını yıxıb aşırırdı. Divarlar elə dağılmışdı ki, artıq mühasirə olunanlar gözlə görünürdü. Onlar daşı daşın üstünə qoyub səngər düzəltməyə çalışırdılar. Təkrar top atışları qalanı toz-torpağa bürüdü. Mərmilərdən biri qalanın içində saxlanılan barıt anbarına dəydi və yaranan partlayışın səsi içəridə panika yaratdı. Artıq Azərbaycan ordusunun qalanın divarlarından dirmaşaraq içəri girməsinə ehtiyac qalmamışdı. Böyük-böyük dəliklər açılmışdı. Bu dəliklərdən içəri keçmək çox rahat idi. Dirənişin qırılmasına az zaman qalmış topxananın rəisi Yusif Xan bir düşmən gülləsi ilə öldü. Dostu Laçın Xanın oğlu Yusif Xanın ölümü şahzadəni çox mütəəssir etdi”.

Abbas Mirzə qalann alınmasından sonra dostuna göndərdiyi məktubda belə yazmışdır:

...Laçın Xan, sizin yeriniz boş idi. Oğlunuz Yusif Xan böyük qəhrəmanlıqlar göstərdi. Bütün Azərbaycan ordusunun üzünü ağ etdi. Bu qəhrəmanlıq sizin soyunuza xas olan bir şeydir. Tanrı izn verərsə, Heratın fəthində siz özünüz də iştirak edərsiniz.”

Məktub bu cümlə ilə bitir:

Sizin boynumda olan haqqınızı ödəyə bilmək üçün Tanrı mənə ömür versin və yardımçım olsun.”

Cahangir Mirzənin yazdıqlarından belə məlum olur ki, Abbas Mirzə Azərbaycan ordusunu xarabaya çevrilən və tüstülənən qalanın yaxınlığında yerləşdirdi. Bu arada Məhəmməd Mirzə öz alayı ilə atasına qovuşdu. Məhəmməd Mirzəyə xüsusi bir tapşırıq verildiyindən qalanın mühasirəsinə qatılamamışdı.

Abbas Mirzə bu savaşa qərar verdiyi zaman xəbər gəlmişdi ki, Xeyvənin əmiri Allahqulu Törə türkmənlərin yaşadığı Sərəxs şəhərinin yaxınlıqlarına varmış və Sərəxsin türkmən hakimi Salur Xanla gizlin irtibata keçmişdir. Abbas Mirzə bilirdi ki, Əmirabadın mühasirəsi uzanarsa Allahqulu Törə Azərbaycan ordusuna arxadan hücum edəcək. Bu üzdən də oğlu Məhəmməd Mirzəni Sərəxsdə özündən ayırmışdı. Məhəmməd Mirzə Sərəxsin ətrafında yerləşib, heç bir təhrikedici hərəkətdə bulunmadan özbəklərin bütün hərəkətlərinə nəzarət edirdi.

Azərbaycan ordusu Xorasan bölgəsində bütün digər ordulardan qat-qat üstün durumda idi. Abbas Mirzə də bütün üsyankar şəhərləri təslim etmkdə qərarlı idi. Azərbaycan ordusunun Qoçana tərəf hərəkəti öncəsində Rzaqulu xan tərəfindən gələn və hədiyyələr gətirən elçilərin sayı çoxalmağa başladı. Abbas Mirzə bütün hallarda yalnız qeydsiz-şərtsiz təslim olmağı tələb edirdi. Ancaq Qoçana tərəf yürüş etməyə də tələsmirdi. Çünkü Əmirabad savaşı Azərbaycan ordusunda bəzi boşluqlar yaratmışdı. Bu üzdən də şahzadə fərrari ruslardan oluşan alayın və Azərbaycanda Təhmasib Mirzənin əmrində olan Mazandəran alayının yardıma gəlməsini gözləyirdi.

Qoçanda 12.000 nəfər əsgər bulunmaqda idi. Ordu bəluçlardan, bocnurdlulardan, zəfəranlılardan və çinaranlulardan təşkil edilmişdi. Ancaq türkmənlərin sayı hamısından çox idi. Lakin Qocan da ağır top atəşlərinə tab gətirmədi və Rzaqulu xanın təslim olmaqdan başqa çarəsi qalmadı. Abbas Mirzə onu da Tehrana göndərdi, Rzaquluxanın oğlu Sam Xanı onun yerinə hakim təyin etdi.

Bölgədə sabitliyə nail olmaq üçün Salur Xanın əmrində olan Sərəxs də ələ keçirilməli idi. O zaman bütün şəhərlərin mühasirəsi bir-birinə bənzəməkdə idi. Eyni taktika ilə mühasirə edilən Sərəxs də təslim olmağa məcbur oldu. Şahzadə Qoçanda olduğu kimi bu dəfə də türkmənlərə təslim olmamaları təqdirdə savaşın qaçınılmaz olacağını söyləmişdi. Fəqət türkmənlər müqavimət göstrməyə qərar verdulər, bu üzdən də Abbas Mirzə əsgərlərinə şəhəri yağmalamağa icazə verdi. Şəhərdə illər boyu kölə alış-verişindən toplanmış qızıl və gümüş Azərbaycan əsgərləri tərəfindən talan edildi. Başqa yerlərdə olduğu kimi Sərəxsin də müdafiə sistemi məhv edildi.

Salurların məğlubiyəti Türküstanda böyük əks-səda oyatmışdı. Abbas Mirzə sınırın qorunması üçün ciddi tədbirlər almağı düşünürdü. Ən yaxşısı bu idi ki, Qacar ərazisinə gələn karvanların salur türkmənləri tərəfindən qorunacağını Xeyvə əmirinə qəbul etdirsin. Həm də Xeyvə əmiri ona tabe olan köçəri qəbilələrin Xorasana hücumlarını əngəlləməyi üzərinə götürməli idi.

Bu qələbənin sayəsində Qacar səltənətinin Ceyhuna qədər uzanması planı gerçəkləşdi. Sərəxs sfərindən sonra Şahzadə Məşhədə geri döndü. Payızın əvvəllərində Azərbaycan ordusunun əsgərlərinin böyük bir qismini azad edib evlərinə göndərdi. Şahzadənin fikrincə, onlar yetərincə yorulmuşlar, evlərinə, Azərbaycana dönüb ailələrinin yanında yaşamaları gərəkir. Özü isə bir daha geti dönə bilmədi. Xəstəliyi ona bu imkan vermədi. 1833-cü ilin yayında yatağa məhkum oldu.

Cahangir Mirzə yazır ki, şahzadə bir gün Məşhədin küçələrində dolaşdıqdan sonra geri dönmüşdü. Çox yorğun idi və canı bərk ağrıyırdı. Bu zaman evdə ona xidmət edəcək kimsə yox imiş. Yanında yalnız 12 yaşlı kiçik qızı varmış. Atasına xidmət etməkdən zövq alan bu qızcığaz onun yanından ayrılmırmış. Abbas Mirzə yuxuya getdi və qısa müddət sonra ürək bulantısı üzündən yuxudan oyandı. Yardım istədi və qan qusmağa başladı. Bütün vücudunu ölümqabağı titrətmə sarmşdı. Kiçik qız atasının “Azərbaycan, Azərbaycan” deyə sayaqladığını eşitdi. Abbas Mirzə elə bu sözlərlə də dünyadan köçdü. O zaman onun 46 yaşı vardı. Onun ölümü ilə birlikdə, faktiki olaraq, təməli XII əsrdə Qızıl Arslan tərəfindən qoyulmuş Azərbaycan imperatorluğu da öldü.

Doğrudur, Abbas Mirzənin övladları 1925-ci ilə qədər, yəni daha 92 il Qacar səltənətini ayaqda tutmağı bacardılar. Fəqət ruslar tərəfindən işğal edilmiş Quzey Azərbaycansız bu səltənət artıq Azərbaycan səltənəti hesab edilə bilməzdi. Lakin o hələ İran səltənəti də deyildi. İkisinin ortasnda olan bir şey idi. Elə bu üzdən də İran və Azərbaycan Konfederasiyası və ya da sadəcə Konfederasiya adlandırılırdı.


Son söz
Vaxtsız ölüm Abbas Mirzəyə şah olmağa imkan verməsə də, onun oğlu Məhəmməd Mirzə babasının, yəni Fəthəli şahın yerinə taxt-taca sahib oldu. Fəthəli şahdan sonra Azərbaycanın və İranın hökmdarı olan Məhəmməd şah Qacar 1810-cu ildə Təbriz şəhərində dоğulmuşdu. Yüksək sаrаy təhsili аlmış, hələ аtаsının sаğlığındа vəliəhd оlmuşdu. O, 1834-cü ildə tахtа çıхmış, 1837-ci ildə Herat müharibəsini başlatmış, 1848-ci ildə isə vəfat etmişdir. Tarixi mənbələrdən onun oğlanlarının da adı məlumdur. Bunlar aşağıgakılardır:

Şahzadə Nasirəddin Mirzə (16 iyul,1831 - 1 may, 1896), şahzadə Abbas Mirzə II ( 27 noyabr,1839 - 14 aprel,1897), şahzadə Məhəmmədtağı Mirzə  (1840 - 1901), şahzadə Əbdüssəməd Mirzə  (1843 - 1929).

Məhəmməd şahdan sonra şahlıq taxt-tacına sahib olan Nasirəddin şah 16 iyul 1831-ci ildə Təbrizdə аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təlim-tərbiyəsi, təhsili аlmış və 1848-ci ildə tахta əyləşmişdi. O, səyаhəti sеvirdi. Bir çох ölкələri gəzmişdi. Yаzıçılığı və şаirliyi də olan Nаsirəddin şаh 1896-cı ilin mаy аyının 1-i  Tеhrаndа «Şаh Əbdüləzim» məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülüb. Şəhid şаh кimi аnılır. Oğlan oladları bunlardır: Şahzadə Sultan Məhmüd Mirzə (1847-1849), şahzadə Sultan Moinəddin Mirzə (1849-1856), şahzadə Sultan Məsud Mirzə (1847-1918), şahzadə Məhəmmədqasım Mirzə (1850-1858), şahzadə Sultan Hüseyn Mirzə (1852-1868), şahzadə Müzəffərəddin şah (1853-1907), şahzadə Kamran Mirzə (1856-1927), şahzadə Nüsrətəddin Mirzə  (1882-1954), şahzadə Məhəmmədrza Mirzə  (1883-1951), şahzadə Hüseynəli Mirzə  (1890-1952), şahzadə Əhməd Mirzə  (1891-1939).

Qızları isə bunlardır: şahzadə Fəxrülmülk xanım (1848- ?), şahzadə İftixarəddövlə (1849-?), şahzadə İsmətəddövlə xanım (1855-1906), şahzadə Ziaüssəltənə xanım (1856-1898), şahzadə Fəxrəddövlə xanım (1859-1891), şahzadə Furüğəddövlə xanım (1862- 1916), şahzadə İftixarəssəltənə xanım (1880-1941), şahzadə Fərəhəssəltənə xanım (1882-1899), şahzadə Tacəssəltənə xanım (1883-1935), ahzadə İzzəssəltənə xanım (1888-1982).

Atasının yerinə taxta oturan Müzəffərəddin şah 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almış, 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu. Atasının qətlindən sonra, 1896-cı ildə  taxta əyləşmişdi. O, 1900-cü ildə Osmanlıya rəsmi səfər edib və 1907-ci ildə vəfat edib. Onun vəfatından sonra hakimiyyətə yiyələnən oğlu Məhəmmədəli Mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində аnаdаn оlmuş, Еtizаdülmüzəffər ləqəbi ilə tanınmışdır. O da sələfləri kimi Təbrizin vаlisi idi. 

1906-cı ilin sоnlаrındа atası Müzəffərəddin şahın хəstəliyi gücləndi. Оnun ölümü gözlənirdi.Tеhranın irticаçı hакim dirələri qаtı irticаçı və кöhnə qаydаlаrı bərpа еtməк tərəfdаrı оlаn vəliəhd Məhəmmədəli Mirzəni  çаğırmаqlа hələ Müzəffərəddin şаhın sаğlığındа Коnstitusiyаnın təsdiq еdilməsinin qаrşısını аlmаğа və dеspоtizm quruluşunu bərpа еtməyə çаlışırdılаr. Vəliəhd Məhəmmədəli mirzənin Tеhrаnа çаğırılmаsı hаqqındа tеlеqrаmm nоyаbrın 17-də Təbrizdə аlındı. О, dекаbrın 16-dа Tеhrаnа çаtdı. Hакimiyyətin Məhəmmədəli Mirzəyə vеrilməsi hаqqındа fərmаnı Müzəffəddin şаh dекаbrın 20-də imzаlаdı. Məhəmmədəli şаh аtаsının vəfаtındаn sоnrа, 1907-ci ildə tахtа əyləşdi. O, qarşısına inqilabı yatırmaq, əncuman və fədai dəstələrini ləğv etmək məqsədini qoymuşdu. Buna cavab olaraq 1907-ci ilin fevralın 8-də Təbrizdə üsyan baş verdi. Üsyançılar şahın canişinini və onun məmurlarını həbs edərək hakimiyyəti ələ keçirdilər. Tezliklə üsyan səltənətin digər əyalətlərinə də yayıldı.

Belə bir şəraitdə şah konstitusiyanı bərpa etməyə və məclisin çağırılmasını vəd etməli olur. Bu vaxtdan başlayaraq Təbriz 1905-1911-ci illər məşrutə inqilabının mərkəzinə çevrilir. Təbrizdə demokratik dəyişikliklər həyata keçirilir. Şah məmurları vəzifələrindən azad olunur, yeni tipli dünyəvi məktəblər açılır, "Əncuman", "Musavat" və "Təbriz" kimi demokratik yönlü qəzetlər nəşr olunmağa başlanır. Laikn artıq 1907-ci ilin dekabrında şah rejimi yenidən inqilabı boğmağa cəhd edir. Buna cavab olaraq, Azərbaycan əncumanı Məhəmmədəli şahın taxtdan devrilməsini elan edir. 



1908- ci ilin may-iyun aylarında şah inqilabı yatırmaq məqsədi ilə xarici ölkələrin hərbi qüvvələrindən istifadə etməli olur. Həmin ilin iyunun 23-də Təbrizdə yerləşdirilmiş rus kazak briqadası yerli əhaliyə qarşı cəza tədbirləri görməyə başlayır. Eyni zamanda şah ordusu da Təbrizə yürüş edir.

Yerli inqilabi qüvvələrə Səttar xan və Bağır xan rəhbərlik edirdi. Onlar nəinki Təbriz və Azərbaycanda, həm də bütün səltənətdə böyük hörmət və nüfuza malik olan şəxslər idi. Onların başçılıq etdiyi hərbi dəstələr 1908-ci ilin iyun ayında şah ordusu üzərində qələbə çaldı. Həmin ildə şah ordusu Təbrizi ələ keçirmək üçün iki dəfə də cəhd etdi. Lakin hər iki cəhd uğursuzluqla nəticələndi.

Məşrutə inqilabı dünyanın bütün tərəqqipərvər qüvvələri tərəfindən dəstəklənirdi. ŞimaliAzərbaycanın demokratik dairələri İran inqilabçılarına maddi və mənəvi yardım göstərirdilər. 1909-cu ilin yanvarında şah ordusu dördüncü dəfə Təbrizi mühasirəyə aldı. Şah rejiminə Rusiya və Britaniya imperiyaları hərbi və maliyyə yardımı göstərirdilər. Nəticədə 1909-cu ilin aprelin 29-da rus ordusu Təbrizi ələ keçirə bildi. 1909-cu ilin iyununda Məhəmmədəli şah taxtdan devrildi. Yerinə oğlu Sultаn Əhməd Mirzə şah oldu.

Sultаn Əhməd Mirzə 1897-ci ildə Təbriz şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. O, 1909-cu ildə аtаsının кönüllü surətdə şаhlıqdаn əl çəкməsindən sоnrа tахtа əyləşdi.

Əhməd şаh 1925-ci ildə şаhlıqdаn dеvrilib, 1930-cu ildə vəfаt еdib.

Eldəgizlər, Elxanlılar, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərin hakimiyyəti dövründə qüdrətli bir imperatorluq olmuş Azərbaycanında XVIII əsrin əvvəlindən etibarən davam edən siyasi və iqtisadi böhran 1747- ci ildə Nadir şah Əfşarın ölümündən sonra daha da gücləndi. Bir-birini əvəz edən feodal ara müharibələri, saray çevrilişlərinin nəticəsində mərkəzi hakimiyyət həddindən artıq zəiflədi və mərkəzdənqaçma meylləri artdı. Baş verən dağıdıcı hadisələr Azərbaycan xanlıqlarının şah hökmranlığından azad olmasına və müstəqilliklərini elan etməsinə gətirib çıxardı. Fasiləsiz müharibələr, yersiz çəkişmələr, daxili ziddiyyətlər və yadelli işğalçılara qarşı mübarizə ilə zəngin olmuş bu dövrdə milli birlik duyğularının zəif olması mərkəzi milli dövlətin bərqərar edilməsinə imkan vermirdi. Nəticədə ara savaşları ilə siyasi və iqtisadi pərakəndiliyə, əhalinin iqtisadi cəhətdən müflisləşməsinə, hərbi xərclərin artmasına və bununla da təbəələrinin haqlı narazılığına səbəb olan xanlar özləri də istəmədən qapılarını yadelli güclərin üzünə açmaq məcburiyyətində qaldılar.

I Aleksandrın Rusiya çarı olduğu dövrdə ilk gündən etibarən, xüsusilə Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax və Şəmşəddil sultanlıqlarının Rusiyaya ilhaqından sonra, digər xanlıqarla, o cümlədən hələ Qacarların hakimiyyəti altına düşməmiş, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meylli olan xanlıqlarla əlaqə qurulması istiqamətində səylər artırıldı. İlkin mərhələdə Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmaq və zahirən yerli xanlarla dialoqa girmək xəttini yeridən Rusiya 1803-cü ildən başlayaraq özünün qəsbkarlıq mahiyyətini tamamilə aşkar etdi. Bir-birinin ardınca Car (1803), Gəncə (1804) işğal edildi, 1805-ci ildə Qarabağ, Şəki, Şirvan xanlıqları Rusiyanın tabeçiliyinə keçmək məcburiyyətində qaldı, 1806-cı ildə isə Bakı və Quba xanlıqları, Dərbənd işğala məruz qaldı.1804-cü ilin 10 iyununda başlanan və 1813-cü ilin oktyabrın 12-də Gülüstan müqaviləsilə başa çatan Azərbaycan (Qacar) - Rusiya savaşı və hərbi məmurların özbaşnalıqlarına qarşı yerlərdə baş verən çıxışlar da Rusiyanın işğalçılıq siyasətinin qarşısını ala bilmədi. Çar Rusiyası tərəfindən zorla ilhaq etdirilən Şimali Azərbaycan ərazisindəki xanlıqların ləğv edilməsilə işğalın siyasi mərhələsi başa çatdı, bölgənin iqtisadi fəthi üçün yol açıldı və ölkə sümürgəçilik meydanına çevrildi. Gəncədə və Talış xanlığında başlamış, Rusiya tərəfinin ümummüsəlman üsyanı” kimi səciyyələndirdiyi və keçmiş xanların fəal rol oynadıqları müstəmləkəçiliyə etiraz çıxışları məğlibiyyətlə nəticələndikdən sonra, 1826-1828-ci illərə təsadüf edən ikinci Azərbaycan-Rusiya savaşı da Şimali Azərbaycanın tamamilə çar Rusiyasının nəzarəti altına düşməsinə mane ola bilmədi. 1828-ci ilin fevralın 9-dan 10-na keçən gecə Türkmənçay kəndində imzalanmış müqavilədə Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanılmaqla tərəflər arasında əbədi barış elan edildi, Rusiyaya ödəniləcək təzminatın miqdarı və s. haqqında yeni maddələr əlavə olundu.

İmperiyanın “velikorus” şovinizm və milli varlığımızı tamamilə inkar siyasəti, əsrin ikinci yarısından etibarən əsarət altındakı türk ellərində, o cümlədən Azərbaycanda tədricən milli şüurun oyanmasına təkan verdi. Azərbaycanda fədakar maarifçi-demokratlar nəslinin yetişməsi ilk xeyriyyəçilik, maarifçilik təşəbbüsünün, milli mətbuatın və teatrın ortaya çıxması, 1883-cü ildə Bakı- Batum dəmiryolu xəttinin açılması nəticəsində İstanbulla əlaqələrin genişlənməsi, Türkiyədə Tənzimatdan sonra meydana gələn Osmanlı-Avropa mədəniyyətinin də sirayət imkanlarının artması bu prosesi daha da gücləndirdi. Bu amil də öz növbəsində XX əsrə qədəm qoyarkən Azərbaycanda rus, fars və türk mədəni təsirlərinin toqquşduğu bir şəraitdə soykökünə qayıdış, özünüdərketmə üzərinə köklənmiş milli intibahın dönməzliyini təmin etdi.

İyirminci yüzilliyin ilk iki onilliyində Şimali Azərbaycanın istisnasız olaraq bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı münasibətləri hökmran mövqe tutmuş, bəzi sahələrdə isə təsərrüfatın təşkilinin yüksək forması sayılan inhisarlar həlledici mövqelərə yiyələnmişdi. Həmin dövrün ən böyük hadisəsi, heç şübhəsiz ki, Quzey Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək müstəqilliyini elan etməsi, Azərbaycan Xalq Cumhuriyyəti və onun parlamentinin təsisi idi.

Azərbaycan Xalq Cumhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. Zaqafqaziyada Dövlət dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14- də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziya Cumhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsində heç bir əsaslı yenilik həyata keçirə bilmir.


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin