4. 6. İkinci Azərbaycan-Rusiya savaşı
XIX yüzilliyin 20-ci illərində Qacarların Rusiyaya qarşı hərbi hazırlığı yeni mərhələyə qədəm qoydu və çox fəallaşdı. İngilis diplomatiyası ehtiyat edirdi ki, Rusiya Şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə qızılbaşları müharibəyə təhrik edirdi. İngilislər şaha pulla, silahla və sursatla göstərdikləri yardımı daha da gücləndirirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirirdilər. Bu işdə ingilis texniki qoşunlarının polkovniki Montis mühüm rol oynayırdı. Tehranda və Təbrizdə tökmə zavodların əsası qoyulmuş, Təbrizdə barıt istehsalı nizama salınmışdı. İngilis, fransız zabitləri növbə ilə qızılbaş ordusunu təşkil etməyə cəhd edirdilər. Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə Azərbaycana kömək etdi. 1823-cü ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı İngilislərin köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat şəbəkəsi təşkil edildi. Bundan məqsəd müharibənin başlanması ilə yerlərdə şah tərəfdarlarını gücləndirmək, yerli əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi.
1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman göstəriləcəkdir ki, Qacarlar Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi.
Rusiya hökuməti Azərbaycanla yeni toqquşmalardan qaçmağa çalışırdı. I Nikolay Yermolova yazırdı:
“İndi demək olar ki, bütün dağlı xalqlarının bizim əleyhimizə qalxdığı bir vaxtda, Avropadakı işlər, xüsusilə Türkiyə ilə münasibətlər öz əhəmiyyətinə görə böyük diqqət tələb etdiyi bir vaxtda perslərlə əlaqələri pozmaq haqqında düşünmək ağılsızlıq olardı”.
Ona görə də Rusiya hökuməti danışıqlar aparmaq və ərazi məsələlərini dinc yolla həll etmək üçün yenidən Tehrana öz nümayəndəsini göndərməyi qərara aldı. 1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti Tehrana gəldi. Aldığı təlimata əsasən, Menşikov şah sarayının nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi İranla sülhü, mehriban razılıq və dostluq münasibətlərini qorumaqdan, beləliklə, İranın Rusiyanın işğal məqsədi daşıması və öz ərazisini genişləndirmək istəməsi gümanını aradan qaldırmaqdan ibarət olmalı idi. Menşikov şahı sərhəd haqqında məsələni tənzimləməyə razı salmaq üçün bütün gücünü sərf etməli idi. O, çarın sərəncamı ilə Qarabağın və Lənkəran xanlığının bir hissəsini güzəşt etməyə hazır idi. Fəqət Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu cəhd müvəffəqiyyətsizliyə uğradı. Menşikovu çox soyuq və davakarcasına qarşıladılar və o çox pis qəbul olundu, hətta Şimali Azərbaycan sərhədlərinə daxil olan çoxlu qızılbaş qoşunu ilə rastlaşdı. Şahın yay iqamətgahı Sultaniyyəyə gələn Menşikov başa düşdü ki, müharibə qaçılmazdır. O özü və onu müşayiət edənlər çoxlu həqarət və təhqirdən sonra ancaq avqustun sonunda Qacarların ərazisini tərk edə bildilər.
Şah sarayı özünün Rusiyaya qarşı hazırladığı müharibə planlarında Qafqazın müsəlman vilayətlərinin silahlanmasına böyük önəm verilirdi. Qaçqın Azərbaycan xanları Abbas Mirzənin zəfər çalacağna çox böyük ümidlər bəsləyərək, əhalini üsyana çağırırdılar.
Əslində, 1825-ci ildə vəziyyət elə idi ki, atəşkəsi bir neçə il də ayaqda tutmaq mümkün idi. Savaşın 10-15 il ertələnməsi şahzadənin öz reformlarıni Azərbaycanda tam gerçəkləşdirə bilməsi üçün bir şans idi. Bu üzdən də Abbas Mirzə də əslində sülhə trəfdar idi. Gülüstan antlaşması onun qürurunu zədələsə də, yenə də reformlar vasitəsi ilə güclənməyə üsünlük verməkdə idi. 1826-cı ildə imperator I Aleksandrın ölümü də barışın davam etməsi üçün optimal şərait yaranmışdı. İmperatorun gənc qardaşı I Nikolay qanlı dekabr günləri kimi bilinən böyük üsyandan sonra iqtidara gəlmişdi. O, ilk çağlarda müharibəyə tərəfdar deyildi. Onun iqtidara gəlişi ilə Yermolovun Qafqazdan geri çağrılacağı sanılırdı. Çünkü yeni imperator Yermolovu heç sevmirdi. Yermolov Qafqaza hakim olmasını Arakçeyevə borclu idi. Arakçeyev, I Aleksandra ən yaxın dövlət adamlarından idi. Lakin zaman keçdikcə savaş qaçınılmaz bir duruma gəlməkdə idi. Bu o dövr idi ki, Qacarların dünyada heç bir müttəfiqi yox idi.
1824-1825-ci illərdə Abbas Mirzənin Tehrandakı müxalifləri çox güclənmişdilər. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar tam dəqiqləşdirilməmişdi. Göyçayla Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. O, Gürcüstana bir heyyət göndərib ruslardan sınır məsələsini həll etmək üçün sərhədə gəlmələrini istədi.
Şahzadənin göndərdiyi heyyət Tiflisdə öncə tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən gözləmək məcburiyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını öncədən təxmin etmişdi. Lakin heyyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı olsun. Nəhayət, Qafqazın hakimi görüşə izn verdi. Abbas Mirzə rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də Bağir xanın başçılığı altında görüş üçün göndərdi. Bağır xan o zaman Azərbaycanda nizam-intizama cavabdehlik daşıyırdı. Şahzadə ona çox güvənirdi. O da ömrünün sonuna qədər şahzadənin bu güvənini doğrultdu.
Abbas Mirzə rus rəsmilərinin can güvənliyinə çox önəm verirdi. Çünkü Abbas Mirzəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındaki savaşı tezləşdirə bilərdi. Bu səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib, müzakirələrin getdiyi Xudafərinə yaxınlaşdı. Müzakirələrdən sonra Rus heyyətinə öz hörmətini bildirmək amacı ilə şahzadə onları şikara dəvət etdi. Abbas Mirzə Qarabağın hakimi general Mədətovu da şikara dəvət etmişdi. Şəxsi həyatında çox qənaətcil olan şahzadə xarici müsafirlərinə çox əliaçıq davranırdı. O, bütün Rus heyyəti üzvlərinə hədiyələr bağışladı. Rus heyyəti Abbas Mirzəni daha güclü sanırdı və onun bu şəkildə barışa tərəfdar olacağına inanmırdılar.
Abbas Mirzənin bu tutumu Tehran tərəfindən yaxşı qarşılanmırdı. Bu müzakirələrdə bilavasitə Tehrandan gəlmiş və müşahidəçilik vəzifəsini yerinə yetirən heyyət də iştirak edirdi və heyyətdə əsasən şahzadənin rəqiblrinin adamları yer almşdılar. Onlar Fəthəli şaha şayiə dolu yanlış bilgilər göndərdilər. Bu isə öz nəticəsini verdi.
Hər il yay gəldiyində Fəthəli şah böyük ailəsi və bir çox saray adamları ilə bərabər Sultaniyəyə gələrdi. Artıq iyirmi il idi ki, bu, bir ənənə halını almışdı. Abbas Mirzə də hər il Sultaniyəyə gəlir və atasının dərbarında bir neçə həftə qalırdı. Şahzadə, başqa hərbi birliklrdən nizam-intizamına və üstünlüyünə görə əsaslı şəkildə fərqlənən Azərbaycan ordusunu şahın hüzurunda nümayiş etdirmək üçün hazır vəziyyətə gətirmişdi. Şahın ordusu ilə Abbas Mirzənin ordusu yan-yana idi, ancaq bir-birinə qarışmırdı.
1825-ci ilin yayında Abbas Mirzə bir çox şeylərin dəyişdiyini hiss etdi. O, atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək məğlubiyətdən başqa bir şey gətirməyəcək. Lakin şah ona ikibaşlı cavablar verirdi. Məsələn bir dəfə istehza ilə belə demişdi:
“Sənin islahatların budurmu? Cavanların əyninə fərqli paltar geyindirib, gecə-gündüz onlara idman etdirirsən. Adını da qoymusan islahat! Qərbdəki islahatlar da bu şəkildəmi həyata keçirilib? İnanmıram. Bu islahat ki bizə bu günə qədər heç bir şey verməmiş, heç bir müşkülümüzü həll etməmişdir.”
Şah oğlunun gətirdiyi dəlilləri anlamaqdan çox uzaq idi. Şahzadə düşmənlərinin onunla atası arasına saldıqları soyuqluğu aradan qaldıra bilmirdi. Atasına anlada bilsin, yanlış düşünməsini önləyə bilsin deyə, rəqib qardaşlarının tabeliyində olan ordu hissələrinə də silah göndərirdi, onlara da yardım edirdi.
Abbas Mirzə Təbrizə döndüyündə qaçınılmaz bir savaşın eşiyində olduğunu hiss etdi. Bu üzdən də onun Təbrizdə və Xoydaki yerləşən qoşunları aktivləşməyə başlamışdı. O, topların vəziyətindən tutmuş əsgərlərin özəl durumlarına qədər hər şeyin yoxlanılmasına əmr verdi. Payız gəldiyində isə sınır boyu kəşfiyyat məqsədli səfərə, sərhəd qalalarını yoxlamağa çıxdı. Bu dəfə də bunu ov və əyləncə adı altında gerçəkləşdirdi və əsl hədəfini düşməndən gizli saxlaya bildi. Bu yoxlanışa böyük oğullarını və çox güvəndiyi bir neçə yaxınını da özü ilə bərabər aparmışdı. Onlar, ən nəhayət, Osmanlı sərhəddinə yaxın olan Arıklı adında yerdə durdular. Abbas Mirzənin oğlu Cahangir Mirzə yarım əsrdən sonra xatirələrini qələmə alacaq və günbatan çağı Ağrı dağının zirvəsini birlikdə seyr etməkdən zövq aldıqlarını xatırlayacaqdır. Onlar Ordubadı, Naxcıvanı, Abbasabadı ziyarət etdilər.
General Paskeviçin yazdığına görə, Abbas Mirzə, Abbasabad qalasını avropalı mühəndislərin təlimati ilə yaptırmışdı. Şahzadə İrəvanın güneyində yerləşən bu qalaya böyük önəm verməkdərydi. Qalanın həm qoruma, həm də su ilə təchizatı uzunmüddərli müdafiəyə hesablanmışdı. Şahzadə buradaki kazarmanın vəziyyətini yoxlayıb, qalanın komandanı Abdulla xandan lazımi bilgi aldı. Durumdan razı olduğunu bildirdi. Sonra da Sərdarabada keçdi. Sərdarabad İrəvan xanı Hüseyn xan tərəfindən tikilmişdi və özünün geniş hasarları, möhkəm divarları ilə səciyyələnirdi. Bu hasarlar içindəki tarlalarda Bayəziddən və Qarsdan gələn ermənilr əkin-biçin ilə məşğul olurdular. Hasarların içində həm də buğda anbarları var idi. Bu anbarlar İrəvan xanına məxsus idi. Sərdarabad İrəvana yaxın məsafədə olduğundan şahzadə üçün önəmli strateji öbəm daşımırdı. Abbas Mirzə yanındakılarla birgə İrəvana vardı. Bu ziyarət şahzadə üçün çox çətin idi, çünkü İrəvan hakiminin ondan xoşlanmadığını bilirdi. Ancaq bu mərkəzi də yoxlamaq lazım idi. Digər tərəfdən, fikirləşirdi ki, bəlkə bir şəkildə bu savaş ərəfəsində İrəvan xanı ilə zahirən də olsa, münasibətləri normallaşdıra bilər.
Hüseyn Xan Avropadan gələn hər şeyə nifrət edirdi. Abbas Mirzə də Avropaya meyilli olduğu üçün onun bütün reformlarına qarşı idi. Hüseyn Xan savaşdan yana idi. Savaşın başlaması üçün əlindən gələni edirdi.
Cahangir Mirzə xatirələrində yazır:
“Atamdan eşitdim, deyirdi ki, savaşın başlamasının və torpaqlarımızın itirilməsinin səbəbkarı Hüseyn xan oldu”.
Hüseyn Xan bütün qaydaların ziddinə olaraq, İrəvana gələn şahzadəni qarşılamaq yerinə xəstəliyini bəhanə edərək Arana istirahətə getmiş və vəliəhdi qarşılamağa əqrəbalarını göndərmişdi. Şahzadə bu davranışın açıq-aşkar bir xəyanət olduğunun fərqində idi. Lakin bu dəfə də həyatın ona öyrətdiyi səbir və dözümlə məsələni böyütməmək istədi. Çünkü böyük bir savaş ərəfəsində qarşıdurmaya yol verməmək istəyirdi. Savaşın başlanacağını Hüseyn xan da bilirdi. Heseyn xan onu da bilirdi ki, Abbas Mirzə hazırda hərbi əməliyyatların başlamasını münasib hesab etmir. Xan çox şeyi bilirdi və bu üzdən də bu dərəcədə ədəbsiz davranmağa cəsarət edə bilmişdi.
Şahzadə istənilən halda vəziyyətdən çıxış yolu tapmağa məcbur idi. Bu üzdən də Hüseyn xanla rastlandığında öncə onun əhvalını soruşdu. Sonra da Hüseyn xanın gözləmədiyi bir mövzudan söz açdı. Abbas Mirzə bu ziyarətin səbəbini bir xeyir iş olaraq açıqladı. Vəliəhd, Hüseyn xanın qızını qardaşı oğullarından birinə, Mustafaqulu Mirzəyə istədi. Şah soyu ilə qohum olmaq Hüseyn xan üçün bir imtiyaz idi. Odur ki, o buna çox sevindi. Bu məsələdən sonra Azərbaycanın təhlükəsizliyi barədə danışmağa başladılar.
Şahzadə, Arazdan keçib yanındakılarla bərabər Təbrizə yola düşdü. Təbrizdə onu Rusiyanın nümayəndəsi Ambruje gözləməkdə idi. Ambruje rus konsulundan şahzadəyə bir məktub gətirmişdi. Konsul məktub vasitəsi ilə I Aleksandrın ölümünü rəsmən şahzadəyə bildirirdi.
Abbas Mirzə bir neçə ay Xoyda qalmaq qərarına gəlmişdi. Çünkü Azərbaycan ordusunun ən önəmli hissələri Xoyda yerləşirdi. Şahzadənin oğulları daim yanında idilər. Abbas Mirzə Xoyda hiss etdi ki, oğullarının təhsilində müəyyən fasilə yaranb. Odur ki, dayısı Əmir xan Sərdardan, onun uşaqlarına dərs verəcək təcrübəli bir müəllim tapmasını tapşırdı.
Yenə də yay fəsli gəldi. Abbas Mirzə hər zamankından daha tez şahın xidmətinə çağrıldı. Artiq əski ənənələrə xas olan bir protokol yox idi. Gözə çarpan, ancaq hərbi hazırlıqlar idi. Şah, imperatorluğun müxtəlif yerlərindəki qəbilələrin başçılarını da çağırmışdı. Bunlar da öz süvariləri ilə gəlmişdilər. Oraya bir xaos hakim idi. Bu hal Abbas Mirzəni xəyalqırıqlığına uğratdı. Şahın yaxın qohumu Allahyar xan yenicə Asəf-əd Dövlə ləqəbini alaraq baş vəzir təyin olmuşdu. O da hər ks kimi savaşdan yana idi.
Abbas Mirzə atası ilə baş-başa qalıb söhbət etmək fürsəti əldə edə bilmədi. O, savaşdan məğlub çıxacaqlarını bilirdi. Şahzadənin dostu Laçın xan da bu sıralarda onun yanında idi. O da şahın qəzəbini öz üzərinə çəkdi. Çünkü bu savaşın yersiz olduğunu açıqca söyləməkdən çəkinməmişdi. Şahzadənin ona olan hörmətini bilən saray yetkililəri və reform düşmənləri bilirdilər ki, Laçın Xan əslində Abbas Mirzənin baxışını ifadə etməkdədir. Bu arada və bu gərgin durumda Şahzadə Menşikovun Tehrana gəldiyini öyrəndi. Tam səlahiyyət sahibi olmayan Menşikov Rusiyada iqtidar dəyişikliyi xəbərini rəsmən şaha çatdırmalı idi. Yeni iqtidar isə sınırlar mövzusunda müzakirəyə hazır olduğunu bildirirdi. Eyni zamanda şah üçün böyük hədiyələr göndərilmişdi.
Fətəli Şah öncə tərəddüd etdi ki, Bilmirdi Rusiya elçisinin Sultaniyəyə gəlməsinə izn versin ya yox. Savaş duyğusu zehinlərə tam tam hakim idi. Şah din xadimləri tərəfindən gələn fətvaların təsirinə düşməsəydi, bəlkə də sülhü tərcih edərdi. Savaş küləklərinin əsdiyi bir ortamda Menşikovu necə qəbul etmələri mövzusunda tərəddüd içində qalmışdılar.
Menşikovu qəbuletmə məsələsi həm maraqlı, həm də gülünc bir şəkil almışdı. Qərara gəlindi ki, onu orta bir səviyyədə qəbul etsinlər: Menşikov şah tərəfindən adətən bütün xarici səfirlər üçün nəzərdə tutulmuş qarşılama törəni olmadan qəbul edildi. Bu üzdən də Rusiya imperatorunun öz dəst-xətti ilə yazılmış məktubu birbaşa şahın öz əlinə verə bilmədi. Bu səbəbdən də şahın onu qəbul etməsi anlamını itirirdi. Rusiya elçisi vəzirlərlə müzakirə etmək zorunda buraxıldı. Abbas Mirzə bu arada bu məsxərə qarşısında gülməmək üçün özünü zorla tuturdu. Abbas Mirzə ilə Menşikovun müzakirələrinə şahid olan Cahangir Mirzə yazır:
Rus şahzadəsi ən sülhsevər jestlər sərgilməkdə idi. Hətta rus şahzadəsi Abbas Mirzəyə Talış və Muğanın tamamən geri qaytarılması vədində də bulunmuşdu. Vəziyyət get-gedə gərginləşirdi. Bu durumu görən şahzadə Menşikov dərhal geri dönub vəziyyəti çara çatdırmağa tələsdi.
İngilis tarixçi Vatson yazır ki, Mençikovun gətirdiyi bahalı və dəyərli hədiyələr Sultaniyədə qalmışdı:
“Şah, elçidən dirək olaraq qəbul etmədiyi bu hədiyələri Mençikov getdikdən sonra öz sarayına daşıtdırır ki, sonradan Abbas Mirzə onların dəyərini Rusiyaya öz hesabından ödəyir.”
Abbas Mirzə bu hadisədən sonra dərhal Təbrizə döndü. Artıq savaşın başlanacağına şem bir şübhə yox idi, odur ki, Azərbaycan ordusunun vəziyətini gözdən keçirməklə məşğul oldu.
Gülüstan anlaşmasından sonra mal-mülklərinə Rusiyanın əlində qalan, özlərisə Təbrizə qaçan xanlar bu savaşın dərhal başlamasını istəyirdilər. Onlar hesab edirdilər ki, Qacarlar qalib gələcək və bunlar da öz mülklərini geri alacaqlar. Fətəli Şah tərəfindən təsdiqlənən savaş planında hər bir xan öz dəstəsi ilə ruslara qalmış mülkləri istiqamətində hücuma başlayacaqdı. Bu üzdən də Mirmustafa xanın oğlu Mirhəsən xan Ərdəbildən Lənkərana doğru hərəkətə başladı. Söhrab xan Gürcinin də iki alayına ona yardım etməsi tapşırıldı. Şahzadə Şeyx-ül Məluk iki top alayı ilə Ərakdan Muğana tərəf hərəkət etdi. O, Mustafa Şirvani, Hüseyn xan və Hacı Xanla birləşməli idi. Mustafa Şirvani, Hüseyn xan və Hacı xan Şəki xanının oğullarıydı. Onların da atalarının mülklü ruslar tərəfindən zəbt edilmişdi. Quba, Bakı, Şuşa xanlıqları üçün də bu şəkildə planlar hazırlandı. Sərdar Hüseyn Xan, Aleksandr Mirzə ilə əməkdaşlıq etmək mükəlləfiyətində idi. O, Şorgöl nahiyəsindən Tiflisə doğru getməli və Ları qalasında onlarla birləşməli idi.
1826-cı il mayın 26-da qızılbaş qoşunları sərhəd dəstələrinə hücum etdi, iki aydan sonra, yəni iyulun 19-da isə Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana daxiı oldu. Abbas Mirzənin planı Qarabağa həmlə edərək, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum təşkil etmək idi. Tiflis üzərinə hücum üç tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan yürüş edərək, burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan Tiflis xanzadəsi Aleksadr isə qızılbaş ordusu ilə Kaxetiyaya girməli və burada Car-Bakakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bütün bu dəstələr Tiflis yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Ordunun bir hissəsi yol üstündəki rus qarnizonlarını oddan və qılıncdan keçirərək, Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr isə Şuşa üzərinə yeridildi. Şuşaya çəkilən ruslar düşmənin əlinə keçməsin deyə, hər şeyi məhv edirdi.
Sayı 30 min nəfər olan Azərbaycan ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif bir kazak alayı dayanırdı. Bu hissələrdən 3 rota və iki top mal-qaranın sürülüb aparılmasının qarşısını almaq üçün Qarabağın dağlıq hissəsində yerləşirdi.
Güney Qafqazdakı rus qoşunlarının sayının azlığı və pərakəndəliyi Azərbaycan qoşununun Quba, Bakı və s. yerlərə hərəkəti üçün əlverişli şərait yaratmışdı. Qızılbaş ordusuna qaçqın xanlara – gəncəli Cavad xanın oğlu Uğurlu xan, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xan və başqalarına tabe olan hərbi dəstələr də yardım edirdilər. Qarabağdakı bəylər də öz fəallığını artırmışdılar. İraəvan xanı böyük bir atlı dəstə ilə rus mövqelərinə hücum etdi. Əhali Azərbaycan ordusuna kömək məqsədilə işğalçı ruslara üsyanlar qaldırdı. Belə bir üsyan Gəncədə də baş verdi. Üsyançılar iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər isə Abbas Mirzənin qoşunu tərəfindən tutldu. Beləliklə, hərbi əməliyyatlar Quzey Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə etmkdəydi.
Azərbaycan qoşunlarının bütün Qarabağı, Gəncəni, Qazax və Şəmşəddili əhatə edən hərbi əməliyyatlarının qarşısını almağı öz üzərinə götürmüş kazaklar, eləcə də bəzi satqın bəylərdən təşkil olunmuş dəstələr qızılbaş ordusunu təzyiqinə tab gətirməyib qaçmağa üz tutdular və Dilican dərəsində möhkəmləndilər. Burada onların köməyinə süvari dəstələr gəldi. Birləşmiş işğalçı qüvvələr geriyə, Balıqçaya hərəkət edərək, onu yenidən ələ keçirdilər. Elə bu vaxt Azərbaycan ordusu bütün Qarabağ mahallarını düşməndən azad edib, Şuşa qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O , 6 rotadan, daha doğrusu 4 topu olan 1500 adamdan ibarət idi.
Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Şuşanın mühasirəsində ingilis, fransız və italyan mühəndisləri də fəal iştirak edirdilər. Onlar qala divarlarını dağıtmağa çalışır, qala bürclərinin altını minalayırdılar. Lakin onların cəhdi baş tutmadı. Partlayışlardan sonra gecə vaxtı hücuma keçən qızılbaş ordusu heç nəyə nail ola bilmədi və geri çəkilməyə mcbur oldu. Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi.
4. 7. Türkmənçay müqaviləsi
Hərbi mütəxəssislərin fikrincə, Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq Azərbaycan hərbi komandanlığının səhvi idi. Qızılbaşların hərbi qüvvəsinin böyük hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və ruslara yaxından dəstək verən yerli xristian-alban əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və qızılbaşların üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə qızılbaş qoşunlarına bütün hücum xətti boyunca əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Tiflisin müdafiəsinə cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi.
Hüseynqulu xan qızılbaş əsgərlərindən ibarət böyük bir dəstə ilə azsaylı rus qarnizonunun müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən Azərbaycan donanması tərəfindən mühasirədəydi. Amma ruslar möhkəm dayanmışdılar və Hüseynqulu xanın bütün hücumlarını dəf edə bildilər. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla (Hacı Tərxanla) daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic etmək və onu mərkəzdən təcrid etmək üçün tələsik Hüseynqulu xanın köməyinə yeni qüvvələr göndərdi.
Gəncədə də qızğın döyüşlr gedirdi. Qüvvələrin nisbəti Azərbaycan ordusunun xeyrinə idi. Odur ki, rus ordusunun komandanı qarşı tərəflə üz-üzə gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağı daha məqsədəuyğun hesab edirdi. Lakin Mədətov və digər generallar başqa fikirdə idilər. General Paskeviç Yermolovun generallarına şübhəli münasibət bəsləyir və belə güman edirdi ki, onlar onu qəsdən müvəffəqiyyətsizliyə düçar edəcəklər. Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu.
1826-cı il sentyabrın 13-də Azərbaycan qoşunları həmləyə başladılar. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazır:
“Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük soltani bir müharibə oldu”.
Döyüş düşmənin qələbəsi ilə bitdi. Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə Azərbaycan qoşunundan min nəfər öldürüldü, min yüz nəfərdən çox əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ keçirildi. XIX yüzilliyin birinci qərinəsində Quzey Azərbaycanda baş verən hərbi əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşü, faktiki olaraq, Rusiya-Azərbaycan müharibəsinin müqaəddəratını həll etdi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudafərin körpüsünə tərəf geri çəkildilər. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə götürərək, Arazın sol sahilinə keçdi. Şah qoşunu ilə birlikdə, onun köməyi ilə Vətəni azad etməyə ümid bəsləyən yerli xanlar da Quzey Azərbaycanı tərk etdilər.
1826-cı ilin dekabrında Abbas Mirzə və xanzadə Aleksadr Azərbaycan və Dağıstan hərbi hissələrinin köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan hakimiyyətini bərpa etmək şərtilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək Güneyə getdi. Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus dəstəsi geri çəkilən qızılbaş qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində Azərbaycan qoşunları Quzey Azərbaycan ərazisini tamamilə tərk etdilər. Yalnız Lənkəranda Mirhəsən xan hələ də müqavimət göstərməkdəydi.
1826-cı il dekabrın sonunda min nəfərlik Azərbaycan süvari dəstəsi Araz çayını keçərək bir kəndə hücum etdi. Hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da general Mədətovun başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz qarşısına Güney Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı və Mədətov öz qoşunu ilə geri qayıtdı.
Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu iki istiqamətdə irəliləməyə başladı. Dəstələrdən biri Mədətovun komandanlığı altında 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi, Güney Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə İrəvan xanlığını ələ keçirməyi qərara almışdı. Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri ilk öncə xristian albanların nəzarətində olan Eçmiədzinə daxil oldular və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində qalanı müdafiə edən qızılbaşlar bir neçə dəfə həmlə edib ruslara güclü zərbələr endirdilər. Ən böyük həmlə ayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Qızılbaşlar düşməni geri çəkilməyə məcbur etdilər. Rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldığını bəhanə edərək, qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da 20 kilometlik yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi.
Azərbaycan komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Döyüşdə ruslar üstün gəldilər və Azərbaycan qoşununun bu məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu.
Rus qoşunu İrəvana yaxınlaşana qədər avqustun 17-də Uşağanda və b. yerlərdə güclü müqavimətlə üzləşdi. Lakin qüvvələr nisbətinin düşmənin xeyrinə olması Rus qoşununun irəliləməsinə mane ola bilmədi və ruslar avqustun sonlarında İrəvana yaxınlaşdılar. Onlar ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldılar. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min xristian (alban) ailəsi var idi. Bu əhalinin müəyyən hissəsi, başlıca olaraq albanlar türk olmalarına rəğmən, həmdinləri olan rus qoşununa hər cür yardım göstəriridilər. Oktyabrın 1-də rus qoşununu qalaya soxuldu və elə həmin gün də qanlı döyüşdən sonra İrəvan qalasını ələ keçirdi.
İrəvan qalasının alınmasından sonra bu vaxta qədər general Kristovun komandanlığı altında Güney Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də Mərənd döyüşsüz ələ keçirildi. Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlməyən işğalçı ordu 1827-ci il oktyabrın 11-də Təbrizə hərəkət etdi və oktyabrın 13-də Təbrizə daxil oldu. Çoxlu qənimət – 40 top, mindən çox tüfəng,çox sayda mərmi ələ keçirildi.
Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Müvəqqəti idarəyə yüksək rütbəli rus zabitlərindən başqa, Təbriz ruhanilərinin başçısı Ağa Mirfəttah, Təbrizin keçmiş qubernatoru Fəthəli xan və başqaları daxil oldular. Dekabristlərə yaxınlığı ilə tannan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və bütün Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ keçirməyə ümid edən Cənubi Azərbaycanın bəzi satqın hakimləri Paskeviçə cənuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər.
Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı Azərbaycanla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, Azərbaycan qoşununun Lənkran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini tələb edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus qoşunun yeni hücumunu Qacar hökumətinin nümayəndələri arasında vahimə doğurdu. Azərbaycanın və ondan asılı digər ərazilərin tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı.
Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O, Azərbaycan imperatorluğunun tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.
Tarixə “Türkmənçay sülh müqaviləsi” adı ilə düşmüş bu müqaviləyə görə, Azərbaycan özünün quzey ərazilərinə olan iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Beləcə, Azərbaycan iki yerə bölündü. Bununla belə bu gün “İran”adı ilə tanıdığımız bütün ərazilərdə azərbaycanlı-türk Qacarlar sülaləsinin hakimiyyəti davam edirdi. Fəqət bu dövlət artıq Azərbaycan imperatorluğu sayıla bilməzdi. Elə bu üzdən də dövlət “İran və Azərbaycan Məmləkətlərinin Konfederasiyası” adlanmağa başlamışdı. Bu, imperatorluğun İranlaşması istiqamətində ilk mərhələ idi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Azərbaycanla Rusiya arasında sərhəd xəttini dördüncü, Azərbaycanın Qafqaz dağlarına qədər bütün ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini və Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını... Rusiyaya güzəştə getdiyini beşinci maddələr müəyyən edirdi.
Səkkizinci maddəyə görə, Azərbaycan Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verildi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya Azərbaycan-Qacar dövltinin istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, Azərbaycan Rusiyaya 20 minyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Quzey Azərbaycan ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Quzey Azərbaycana və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.
Həqiqət budur ki, Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə mane oldu. Avropa tarixçilərindən biri o dövrdə belə yazırdı:
“Perslərin özlərindən çox ingilislər Abbas Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın Persiyadan alınması ingilislərin qüdrət və nüfuzunu tam sarsılması demək idi”.
İngilis hökuməti Cənubi Azərbaycanın mühüm hərbi strateji mövqeyinə böyük əhəmiyyət verirdi. Buna görə də Azərbaycanın Rusiyanın tərkibində qalması ilə onların Qacar imperatorluğundakı mövqelərinin itiriləcəyindən ehtiyat etdiklərini gizlətmirdilər. İngilis diplomatiyasının bu siyasəti digər səbəblərlə birlikdə Azərbaycanın, onun xalqının bir qisminin rus zülmü altına keçməməsinə rəğmən dugər hissəsinin bugünkü İran əraziləri üzərində hakimiyyətlərini 1925-ci ilə qədər sürdürə bilməsində mühüm rol oynadı. Beləliklə, Şimali Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Həmin vaxtdan Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi.
Rusiya İmperiyasının XIX əsrin əvvəllərində əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə 10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.
1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun pers dilini mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.
“Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.
1827-1828-ci illərdə Azərbaycan – Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarında A.Bakıxanov tərcüməçi sifəti ilə işləyirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.
1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.
Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi... Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.
A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:
1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.
2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq narazılıq bildirən müsəlmanları sıxışdırırlar...
3. ... Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.
Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.
Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.
Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.
1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağa qoyulmuşdu, Bu toponim bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.
1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan – Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.
Aşağıda təqdim edilən sənəd rus mətbuatında dərc edilmiş və redaktə edilrək bir qədər təhrif edildiyi şübhə oyatmayan mətnlərin hələ sovet dövründə Azərbaycan türkcəsinə edilmiş tərcüməsidir. Qəti şəkildə bildiririk, rus mətnlərində “İran“ termini yoxdur və bu terminin əvəzinə hər yerdə “Persiya” yazılmışdır. Mətn Azərbaycan türkcəsinə tərcümə edilərkən, “Persiya” termini hər yerdə “İran” kəlməsi ilə əvəz edilmişdir ki, bu həm yanlışdır, həm də böyük siyasi xətadır. Çünki “İran” adı Qacarlar dövründə Azərbaycan – Qacarlar səltənətinin əyalətlərindən birinə şamil edilsə də və bu üzdən də Qacarlar Azərbaycan şahı titulu ilə yanaşı, İran şahı titulunu da daşısa da, artıq qeyd etdiyimiz kimi, bugünkü İran ərazisi fars – Pəhləvilərin hakimiyyəti dövründən, daha dəqiq desək, 1936-cı ildən bu adı daşıyır. Eyni halı “Osmanlı dövləti” əvəzinə “Türkiyə dövləti” yazılmasında da görürük.
Aşağıdakı mətnin heç birində Azərbaycanın adına rast gəlinmir, halbu ki, İran mtbuatında “Gülüstan” Müqaviləsinin fars dilində dərc edilən və bir çox məqamları ilə yuxarıdakı mətdən fərqlənən mtndə Azərbaycan adı bir neçə dəfə keçir. Qacarlar da, bir variantda “Azərbaycan və İranın birləşmiş məmləkətlərinin şahı”, digər variantda isə “İran və Azərbaycanın birləşmiş məmləkətlərinin şahı” adlandırılırlar.
Nə qdər ki, tədqiqatçılar müqavilələrin hər iki dildəki (rus və türk) orijinallarına ulaşmayıblar bu ətrafda söylnilən elmi mülahizə və fikirlər tam etibarlı hesab edilə bilmz. Bununla belə əldəki mətnlərin hər yeri təhrif (redaktə) edilmədiyindən bəzi fikirlər söyləmək olar. Bu baxımdan “Gülüsatan” müqaviləsinin 3-cü maddəsi maraq doğurur. Orada deyilir:
“Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “
Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstann tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının (mətndə bu xanlığın adı da dəyişdirilərək, Dağıstan kimi redaktə edilmişdir) da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur.. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.
Bütün bu deyilnlərdən belə aydın olur ki, Ermənistan kimi bugünkü İran, Gürcüstan və Dağıstan dövlət və muxtar əraziləri də Azərbaycan səltənətinin torpaqları hesabına yaradılan və haqlarında yalançı tarixlər uydurulan, dərin siyasi kökü olmayan süni qurumlardır:
Türkmənçay traktatı
Birinci maddə
Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, Dostluq və tam razılıq olacaqdır.
İkinci maddə
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş, indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır. Onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
Üçüncü maddə
İran şahı həzrətləri öz adından və öz vərəsləri və varisləri adından Arazın o və bu tayı üzrə İrəvan və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla 6 aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.
Dördüncü maddə
Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 321 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyay məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə 3 ağaca, yəni 21 Rusiya versti uzanacaqdır; sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində 3 ağac, yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, daha sonra Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələri ilə müəyyən edilir; qərarlaşdırılmışdı ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya, o biri yandakı enişi isə İrana məxsus olmalıdır. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, elə burada da sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsinədən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velkic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.
Beşinci maddə
İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm özü, həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya İmperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
Altıncı maddə
İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya İmperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırılmışdır. Onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.
Yeddinci maddə
İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə öz dostluq münasibətlərini və varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə, onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.
Səkkizinci maddə
Rusiya tacir gəmiləri əvvəlki qayda üzrə Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir. Gəmi qəzası hallarında İranda onlara qarşı hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər. Bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.
Doqquzuncu maddə
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətlərə göndərilən yüksək saraylarının səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.
Onuncu maddə
Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hamilik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq, bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olununan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verilir və öhdəsinə götürür ki, hər birinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya İmperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl etməyə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri və ya şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.
On birinci maddə
Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.
On ikinci maddə
Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır. Onlardan Arazın hər iki tərəfində tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya İmperatoru həzrətləri ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.
On üçüncü maddə
Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər, hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır. Onlar həyati azuqə və digər təlabatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri- məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları qaytarsınlar.
On dördüncü maddə
Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan hansı gömrük və vergi qoyulmadan tərpənmən mülkiyyətini sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.
On beşinci maddə
Şah həzrətləri dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə mənsub olmasından asılı olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına, əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.
On altıncı maddə
Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülhün müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.
Əslinə qol çəkmişlər: İvan Paskeviç, A. Obrezkov
Dostları ilə paylaş: |