4. 9. Abbas Mirzənin məğlubiyyətdən sonrakı illəri
Şahzadə ömrünün son iki ilində yazdığı məktublarında Azərbaycanın parçalanmasının onun belini bökdüyünü yazır. Eləcə də bu məktublar vasitəsilə onun 1827-1828-ci illərdə üzləşdiyi çətinliklər haqqında bilgi əldə etmək mümkündür. O, Təbrizə qəm-qüssə içində qayıdırdı Amma mənən sınmş görünmək istəmirdi. Odur ki, Türkmənçay - Həştrud yolu ilə Təbrizə gələrkən, nə edəcəyi barədə düşünürdü. Təbriz rus ordusunun işğalında olduğu zaman bütün bəzirganlar, din xadimləri, tayfa və qəbilə başçıları ruslarla onlarala sıx iş birliyinə girişdilər. Bu üzdən də rus ordusu Təbrizi tərk etməyə başladığında onları ümidsizlik sarmağa başlamışdı. Onlar bu qədər möhtəşəm bir ordunun Təbrizdən çıxmayacağı qənaətindəydilər. Bu üzdən də ruslarla iş birliyi edən bir çox Təbriz sakini Rusiyaya qaçmaq qərarına gəlmişdilər. Abbas Mirzə onların fərar etməmələri üçün bir neçə məktub yazıb çaparlarla göndərdi. Carçılar bu məktubu Təbrizin meydanlarında yüksək səslə əhaliyə çatdırdı. Abbas Mirzə ruslarla iş birliyi edənləri əfv edildiyini də yazırdı, onların Təbrizdə qalıb Azərbaycanın ərəqqisi üçün bir yerdə, bərabərcə çalışmalarını istəyirdi. Abbas Mirzə verdiyi sözü tutdu. O, Təbrizə girdiyində şəhərdə önəmli bir dəyişikliyin olmadığını sezdi. Çünkü şəhəri könüllü və dirənişsiz təslim olması üzündən ruslar heç bir təxribat törətməmişdilər. Yalnız Şahzadənin sarayında qiymətli əşya nə varsa, hamısı aparılmışdı. Digər tərəfdən, Abbas Mirzə Xoyu və Urmunu da para ilə geri almaq zorunda idi. Bu üzdən Azərbaycanın müxtəlif yerlərində olan dövlətinin qənaətlə xərclənməsini əmr etdi.
Abbas Mirzə bu borcları ödəyə bilmək üçün hər kəsi çalışmağa çağırdı. O, döyüş əsnasında bəzi xanların verdikləri kəşfiyyat məlumatlarınn yanlış olduğu görüşündə idi. Odur ki, hər kəsdən şübhələnir, yalnz Laçın xana güvənirdi.
Abbas Mirzə 1828-ci ilin payızında Tehrana getdi. Bu səfərdən məqsəd Mək Donaldla bağladığı müqaviləyə Şahın da razılığını və təsdiqini almaq idi. Mək Donaldla Şahzadə arasındakı anlaşmaya görə, 1814-cü il anlaşmasından iki maddə silinməli və buna qarşılıq isə İngiltərə 250.000 tümən ödəməli idi. Bu məbləği isə Qacar hökuməti savaş suçlusu kimi Rusiyaya ödəməli idi. Şah öz xəzinəsinə az zərər gəlsin deyə, bu anlaşmaya müsbət yanaşdı. Abbas Mirzə atası ilə görüşdə Sankt-Peterburqa səfər etmək istədiyi haqda da danışmışdı. Şahzadə rus İmperatoru ilə görüşərək, Türkmənçay anlaşmasında bəzi güzəştlərin olması mövzusunda imperatordan bəzi xahişlər etmək fikrində idi. Fəqət buna mane olundu. Bu maneənin əsas səbəbkarı Qriboyedov idi. O, general Paskeviçin diplomat qrupuna daxil idi. Türkmənçay müqaviləsindən sonra isə Tehrana səfir təyin edilmişdi. Qriboyedov filosof və şair idi. Bu üzdən də imperator I Nikolay tərəfindən çox sevilirdi.
Abbas Mirzəni vəliəhd kimi tanıması şahzadənin düşmənlərinəi daim narahat edirdi. Üstəlik də onun canişinliyi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmaqda idi. İngiltərə də müzakirələrdə tərəf-müqabil kimi məhz Abbas Mirzəni görmək istəyirdi. Fəthəli şahdan sonra onun yerinə Abbas Mirzə keçərsə, nələrin olacağı əvvəlcədən məlum idi. Onun səltənəti Avropalaşdırma barədəki arzuları daha asanlqla həyata keçəcəkdi. Toplumun dini cəhalət içində qalmasını öz mənafelərinə uyğun görən ruhanilər, o cümlədən Asəf-əd Dövlə kimi adamlar şahzadənin reformlarına qarşı çox sərtliklə çıxmaqdaydılar. Onun Şah olmasını əngəlləmək üçün hər cür fitnə-fəsada əl atırdılar. Din xadimləri açıq söyləməsələr də, gizlində onun dindən çıxıb xristian olduğu haqda əsassız şaiyəlr yayrdılar.
1829-cu ilin fevral gecələrinin birində bir çapar şahzadəni yuxudan oyadıb ona gözlənilməz, diksindirici bir xəbər çatdırdı. Məlum oldu ki, Rusiyanın elçisi bütün heyyəti ilə bir yerdə Tehranda qətl edilmişdir. Abbas Mirzə heyrətindən nə edəcəyini bilmirdi. Çünkü Rusiya ilə savaşa girməmək üçün hər cür yola baş vurduğu bir dönəmdə, imperatorla görüşmək üçün səfərə hazırlaşdığı bir zamanda bu gözlənilməz hadisə onun bütün planlarını alt-üst etməkdə idi. Şahzadə öncə xəbəri ciddi qəbul etmədi, şayiə olduğunu sandı. Lakin çox keçmədən söylənilnlər təsdiqini tapdı. Abbas Mirzənin Tehran valisi olan qardaşı Zill-ül Soltandan gələn bir məktub olayın doğruluğunu təsdiqləyirdi. Sonra da Şahdan bir məktub gəldi ki, nəyin bahasına olursa-olsun, yeni savaşın çıxması əngəllənməlidir. Şah hər Rusiyanın savaş elan etməsi durumunda yalnız qalmasın deyə, təcili müttəfiq arayışına çıxdı.
Qriboyedovun öldürülməsi şahdan və Tehran valisi Zill-ül Sultandan xəbərsiz baş vermişdi. Bu hadisə Abbas Mirzənin düşmənləri olan din xadimləri tərəfindən təşkil edilmişdi. Məqsəd isə Abbas Mirzənin Sankt-Peterburqa səfərini önləmək idi. Əslində, isə günah elə Qriboyedovun özündə idi. O, dini məsələlərə müdaxilə etməsə idi, mollaların ona qarşı fətva verməsinə bəhanə yaratmazdı.
Asəf-əd Dövlənin ona qarşı nifrəti 1827-ci ilin yayında ilk görüşləri zamanı başlamışdı. İndi isə Asəf-əd Dövlə həm ondan həm də şahzadədən intiqam almaq üçün çox uyğun bəhanə əldə etmişdi. Məlum olduğu kimi, Türkmənçay müqaviləsinin bir maddəsi xristianlara aid idi. Istər savaş əsiri və ya başqa səbəblərdən olsun, Qafqazdan Qacar səltənətinin müxtəlif yerlərinə aparılmış xristianlar azad buraxılmalıydılar ki, öz yürdlarına dönüb-dönməmə haqqında özləri qərar versinlər. Bu insanların geriyə dönüşündən yana olan Qriboyedova geri dönmk üçün müraciət edənlərdən biri də Yaqub xan idi. Yaqub Xan gürcü əsilzadələrindən idi. Otuz ilə yaxın idi ki, Fəthəli şaha ürəkdən xidmət etmiş, sarayının önəmli xidmətçilərindən biri kimi tanınmmşdı. Bu müddət ərzində həm özünə uyğun iş bulmuş, həm də çox zənginləşmişdi.
Yaqub xan Qriboyedovun yanına gedib Gürcüstana dönmə istəyini bildirdirərkən Qriboyedova Qafqazdan gətirilən və Asəf-əd Dövlənin sarayında sanki həbsdə imiş kimi yaşayan iki erməni (əslində alban) qadınının durumunu anlatmış və bildirmişdi ki, onları zorla müsəlman olmağa, müsəlman kimi davranmağa və çadraya qapanmağa məcbur etmişlər. Qriboyedov da Allahyar Asəf-əd Dövlənin siğə qadını olan bu iki xristian qadını səfirliyə gətirtmiş və onlardan geriyə dönüb-dönməyəcəklərini soruşmuşdu. Qadınlar da dönmək istədiklərini söylədiklərindən onları səfirlikdə saxlanılmışdılar.
Bu hadisədən yararlanan Asəf-əd Dövlə Qriboyedovdan intiqam almaq fikrinə düşdü. Lakin o, bu işini Fəthəli şahdan gizlin və ruhanilər vasitəsi ilə etmək istəyirdi. Çünkü şahın artıq ona qarşı heç bir hörməti qalmamışdı. Asəf-əd Dövlə ilə din xadimlərinin arasında gizlincə sıx irtibat yaranmağa başladı. Tehranda bir neçə kişi bir yerə toplaşıb söhbət etdiyində, mütləq Asəf-əd Dövlənin namusunun ayaqlar altına atılmasından danışır, qadınlarının Qriboyedov tərəfindən zorla evindən çıxarılıb, aparılmasını müzakirə edirdilər. Bu söz-söhbət ağızdan-ağıza dolaşıb bütün şəhəri sardı. Dindar kəsimin “müsəlman” qadınların namusunu qurtarmaq duyğusu hər kəsə hakim kəsilmişdi. Tehran valisi bu həyəcanın intiqamla nəticələnəcəyini zənn etmədiyi üçün rus səfirliyinin təhlüksizliyini təmin etmək üçün heç bir tədbir görməmişdi. Lakin əhalinin dini duyğuları çox sərt şəkildə coşmaqda davam edirdi. Torpağının ruslar tərəfindən işğal olunmasına təpki göstərməyib susan bu əhali və onun dini rəhbərləri sanki İslamı qəbul etmiş iki erməni qadınının intiqamını almaq üçün macəra axtarırdılar. Halbuki, rus ordusu Təbrizə girdiyi zaman din xadimlərinin təşkilatçılığı ilə onların qarşısında qurbanlar kəsilmişdi.
Nəhayət, bir gün baş verməli olanlar baş Verdi. Tehranın Adinə məscidindən hərəkətə başlayan böyük bir kütlə əllərində qara bayraqlar daşıyırdı. Tehran valise tərəddüd içində qalmışdı. Bilmirdi ki, bu yürüşə müdaxilə etsin ya yox. Çox qısa bir müddətdən sonra əhalinin yürüşü iğtişaşa çevrildi. Əhalinin şiddətə əl atacağını gözləməyən vəzirlər və Tehran valisi Zill-ül Sultanı nə edəcəyini bilmirdilər. Artıq gec idi, indi istəsəydilər də heç nəyi dəyişə bilməzdilər. Əsəbi kütlə bağıra-bağıra rus səfirliyinə doğru hərəkət etməkdəydi.
Qriboyedov vəziyyətin həddən artıq gərgin olduğunu görub, onların para ilə satın alına biləcəyini zənn etdi. Səfirliyin qapılarını möhkəmcə qapayıb pəncərələrdən əhalinin qarışqa kimi qaynaşdığı yerə pul səpməyə başladılar. Lakin əhalinin sanki gözü kor olmuş və bu kağızların pul olduğunu görmürdülər.
Səfirliyin qapısını qırmağa başladılar. Əhali sadəcə qarşılarına çıxan rusları deyil, səfirliyin gözətçisi olan Qacar məmurlarını da öldürürdü. Bu olayda yalnız səfirin katibi Maltsev qaçıb canını qurtara bildi. Başda Qriboyedov olmaqla hamını qılıncdan keçirdilər. Baş verənlərdən sonra Rusiyanın intiqam məqsədi ilə hücum edəcəyi sanılırdı. Lakin aylar keçdi və ruslar hücum etmədi.
Abbas Mirzə Təbrizdə sıxıntı içində idi. Onun xəzinəsi büsbütün boş idi. Şahdan da heç bir yardım gəlmirdi. Arzularının şəhəri olan Təbrizin abadlaşdırılması üçün heç bir iş görə bilmirdi. Bütün bunlara rəğmən Abbas Mirzə 1829-cu ilin yayında yenidən təşkil etdiyi ordusunun böyük nümayişini hazırladı. Azərbaycan ordusunun paradını izlədi.
Rusiya hər zamankı kimi yenədə Abbas Mirzədən ehtiyat edirdi. Daim onun Osmanlılar və ya Avropa ölklrindən biri ilə ittifaqda intiqam alacağından ehtiyat edirdi. Ancaq onlar bilmirdilər ki, maliyyə əksikliyi Abbas Mirzəni elə çökdürmüşdür ki, hələlik bu barədə heç düşünmür də. Şahzadə yalnız böyük səylər və sarsılmaz iradəsi sayəsində Azərbaycan ordusunun sadəcə ayaqda durmasını təmin edə bilirdi. O, Ucanda iki ay qaldıqdan sonra 14 alayı 14 topla bir yerdə təkrar aktiv hala gətirməyi bacardı. Paradda iştirak ermək üçün ingilis heyətini də dəvət etdi.
Abbas Mirzə düşünür, amma rus imperatorunun Qriboyedovun intiqamını nədən almaq üçün heç bir şey etmədiyini heç cür anlaya bilmirdi. Axı, çarın belə bir intiqam üçün əlində hər cür imkan mövcud idi. Qriboyedov hadisəsindən sonra General Paskeviçin Abbas Mirzəyə yazdığı təhdid doıo məktublar yerini yumuşaq məktublara buraxmağa başlamışdı. Bunun yalnız bir səbəbi var idi, o da rus imperatorunun Qriboyedov məsələsinə ciddi önəm verməməsi idi. Rus imperatoru hesab edirdi ki, keçmişdə dekabristlərlə bir yerdə çara qarşı çıxan bir şəxs uğrunda savaşa girməyə dəyməz.
Sankt-Peterburqda Abbas Mirzə sarıdan daima bir rahatsızlıq hakim idi. Ehtiyat edirdilər ki, şahzadə özünü toparlayar-toparlamaz, dərhal savaşa başlayacaqdır. Abbas Mirzənin Osmanlı ilə gizlin anlaşması haqda Rusiyada dəqiq məlumat vardı. Ruslar bu gizlin anlaşmanı xəyanət kimi dəyərləndirirdilər. Bu səbəbdən də salahiyyətli bir qızılbaş heyətinin Sankt-Peterburqu ziyarət etməsini gözləyirdilər. Amma bu heyətin başında önəmli bir şəxsiyət durmalı idi ki, istənildiyində Qriboyedovun intiqamını onu girov saxlamaqla ala bilsinlər.
Qriboyedov hadisəsi Abbas Mirzənin Rusiyann paytaxtna səfərinin baş tutmasını əngəlləmişdi. Bu üzdən Abbas Mirzə bu səfər üçün oğlu Xosrov Mirzəni nəzərdə tutmuşdu. Xosrov Mirzə atasının ən yaxın müşaviri olmuş, Tufarqandaki müzakirələrdə də iştirak etmişdı. Hətta General Paskeviç ona “Yarım Abbas”, yəni “Abbasın yarısı” olaraq xitab etməkdə idi. Təbii ki, Paskeviç bu halda Abbas Mirzəni nəzərdə tuturdu. Rus generalın ona bu şəkildə xitab etməsinin səbəbləri var idi. Xosrov Mirzə zəka və siyasi davranış baxımından atasına çox bənzəməkdə idi.
Gənc Xosrov Mirzə böyük bir heyətlə birlikdə Sankt-Peterburqa yola düşdü. Onu Tiflasdə çox yüksək səviyədə qarşıladılar. Bununla belə, Xosrov Mirzə özünü Rusiya-Azərbaycan münasibətlərin qurbanlığı kimi hiss edirdi. Düşünürdü ki, Qriboyedovun intiqamını ondan alacaqlar və o buna tam hazır idi.
Sankt-Peterburqda Xosrov Mirzən Yay sarayında böyük təntənə ilə qarşılandı. Ruslar Abbas Mirzənin Ucandaki hərbi paradından və ordusunu təkrar döyüş halına gətirməsindən, İstanbulla gizlin anlaşmasından xəbərdar idilər. Xosrov Mirzə imperatorla görüşə hazırlaşırdı. O, rus imperatorunun önündə diz çökərək, qılıncının ucunu öz sinəsinə tərəf tutaraq ona təqdim etdi.
Xosrov Mirzə atasının problemlərini həll etmək üçün fəda olmağa hazır idi. İmperator, Xosrov Mirzənin girov olaraq saxlanılmasını düşünürdü. Odur ki, iki ay müddətində rəhinə kimi saxlanılan Xosrov Mirzə ilə bir diplomat kimi deyil, bir uşaq kimi davrandılar. Xosrov Mirzə bu iki ay müddətində qaldığı sarayda oranın memarlıq gözəlliyi ilə bağlı heyrətini gizlədə bilmirdi.
Hadisələrin gedişi Rusiyanın Avropa və Osmanlı ilə münasibətlrini fərqli səviyyəyə gətirmişdi. Hadisələr Rusiyanı Qacarlarla sülh şəraitində keçinməyə məcbur edirdi. Bu üzdən də Xosrov Mirzənin bu ziyarəti Rusiya tərəfindən Qacar hökumətinin Qriboyedov hadisəsi ilə bağlı üzr istəməsi kimi qəbul edildi. Qərara alınd ki, vəziyyət gərginləşdirilməsin. Bu qərarın alınmasında Xosrov Mirzənin diplomatik istedadının da rolu az olmadı. Ona artıq sayqı ilə yanaşmağa başladılar.
Abbas Mirzə oğlunun bu uğurundan çox qürur duymaqda idi. Amma artıq onun oğulları arasında da rəqabət və həsəd baş qaldırmışdı. Bu da Abbas Mirzəyə öz qardaşlarını xatırladır və narahatlığına səbəb olurdu. Savaş sıralarında Abbas Mirzə tərəfindən naib-ül səltənə (canişin) kimi nəzərdə tutulan Məhəmməd Mirzə ilə öz üstün zəkası ilə fərqlənən Cahangir Mirzə arasında yaxın qardaşlıq münasibətləri yaranmışdı. Bu iki qardaş Ərdəbil qalasının təslim edilməməsi üçün birlikdə çalışmış, böyük bir fədakarlıq göstərmişdilər.
Abbas Mirzənin fikrincə, sadəcə yaşca böyük olmaq canişin olmaq üçün yetərli deyil. Atasıın bu cür düşünməsi Məhəmməd Mirzəni çox narahat etməkdə idi. O, narazılığını açıq şəkildə dilə gətirməsə də, Abbas Mirzə onun davranışlarından və arxadakı giley-güzarından xəbərdar idi. Hər bir şahzadənin ətrafında öz tərəfdarları toplanmışdı. Onlar da tərəfdarı olduqları şahzadələrin üstün məziyətlərindən danışır, onun xeyrinə təbliğat aparırdılar.
Digər şahzadələr də özbaşınalığa meyl göstərirdilər. Məsələn, Məhəmmədəli Mirzə Dövlətşahinin yenicə Kirmanşah valisi olan oğlu Məhəmmədhüseyn Mirzə ətrafının təsirinə qapılaraq, Xuzistan və Loristanı da öz idarəçiliyinə tabe etmiş, bu iki əyalətdə vali olan şahzadələri yanına almışdı. Son savaşda bacarısızlıq göstərdiyindən təhqir olan Şeyx-ül Məluk da şahzadələr cərgəsində idi. Şahzadələr arasında savaşlar olur və şəhərlər mühasirə edilirdi. Məsələn, Məhərrəm ayının yas mərasimi sıralarında Bürucerd hücuma məruz qaldı. Fəthəli şah istəsəydi, şahzadə Məhəmməd Hüseyn Mirzəni Xuzistanda və Loristanda durdura bilərdi. Fəqər nədənsə bunu etmədi. Belə bi təəssürat yaranırdı ki, övladları və nəvələri arasında bu cür qarşıdurmalardan ona ləzzət edir. Bir sözlə, şah, şahzədələrin bir-birlərini öldürməyəcək səviyyədə olan savaşlarını xoş qarşılayırdı. Bunu da ona görə edirdi ki, başları bir-birinə qarışdığından heç biri şahıq iddiasına düşməsin. Nəticədə Rusiyanın işğalına məruz qalmayan əyalətlər də artıq şahzadələrin savaşları üzündən çox zor duruma düşmüşdülər.
Şaha ard-arda şikayətlər gəlirdi. Digər tərəfdən, səltənəti bürümüş ara çəkişmələri şahın xarici ölkələrdəki imicini də zədələməkdə idi. Səltənət parçalanmaq və süqut ermək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə olan halda Fəthəli şah tədbir görməyə məcbur oldu. Ən yaxşı sərdarlarından biri olan Qulamhüseyn Xan Sipəhdarı öz ordusu ilə bərabər sabitliyi bərpa rtmək və şahzadələri cəzalandırmaq məqsədi ilə savaş bölgəsinə göndərdi.
Qardaşları arasında hakimlik etmək, böyüklük göstərib, onların ixtilaflarını həll etmək Abbas Mirzəyə tapşırıldı. Xəstə olan və Azərbaycandan ayrılmaq istəməyən Abbas Mirzə də qardaşı oğlu Şeyx-ül Məluku öz vəkili kimi şahzadələr arasında vasitəçilik etmək məqsədi ilə hadisə yerinə göndərdi.
Şiraz əyalətinin nəzarətini əllərində saxlayan Hüseynəli Mirzə ilə Həsənəli Mirzə çox var-dövlət toplamış və mərkəzə qarşı çıxmağa başlamışdılar. Bu iki qardaş Tehrana vergi ödəməkdən imtina edirdilər. Şah bunları yerində oturtmaq üçün 1829-cu ilin yayında ailə üzvləri və ordusu ilə Şiraza yollandı. Heç bir şavaş olmadı. Şahzadəlr şahın hüzuruna gəlib, vəfadarlıqlarını ortaya qoydular. Onların şaha qarşı savaş edəcək gücləri və cəsarətləri yox idi.
Fəthəli şah bu problemi həll etdikdən sonra Həmədanda dincəlmək istəyirdi. O, Həmədanda yerişdikdən sonra Abbas Mirzəyə məktub yazıb onun da Həmədana gəlməsini istədi. Abbas Mirzə də oğlu Xosrov Mirzə ilə bir yerdə Həmədana gəldi. Xosrov Mirzə Rusiya imperatoru ilə görüşü barədə şaha məlumat verməliydi. Cahangir Mirzənin yazdığına görə, Fəthəli şah oğlu və nəvəsini çox xoş və sıcaq qarşıladı. Abbas Mirzənin gəlişi münasibəti ilə şənlik təşkil etdi və böyük bir qarşılama törəni gerçəkləşdirdi.
Abbas Mirzə bir müddət Həmədanda qaldıqdan sonra yenidən Təbrizə döndü. Fəqət burada dinc otura bilmirdi. Səhhəti ürəkaçan deyildi. Üstəlik də Xorasandan xoşagəlməz xəbərlər gəlməkdəydi.O bölgənin xanları da dövlətə qarşı baş qaldrmışdılar və onları kimsə durdura bilməmişdi. Digər tətrəfdən Mərkəzi Asiya, o cümlədən Xorasan İngiltərə ilə Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilməkdəydi.
4. 10. Azərbaycan ordusu yenidən döyüş meydanlarında
Abbas Mirzə ilə onun özəl həkimi olan, ingiltərəli doktor Karmək arasındakı dostluq davam etməkdəydi. Bu dostluq 1833-cü ilə qədər, yəni hər ikisinin vəfat edəcəyi ilə qədər davam etdi. Abbas Mirzə ona çox güvənir, özünə inandğı kimi inanırdı. Həkimi ona demişdi ki, səhhəti ilə bağlı hələlik elə bir ciddi təhlükə yoxdur, ancaq ayaqlarınız şişməyə başladığında təhlükə ciddiləşəcəkdir.
Şahzadənin təhsil üçün Avropaya göndərdiyi bir çox gənclər fərqli sahələrdə ixtisas alıb geri dönmüşdülər. Mirzə Baba bunlardan birisi idi. O, Avropada tibb oxumuşdu. İndi isə doktor Karməkin yardımcısı idi. Abbas Mirzənin özəl bərbəri Hacı Baba da onlara yardımçı olurdu. Abbas Mirzənin yazdığı məktublarından bəlli olur ki, o, ölümünü hiss etdikcə, Laçın Xan və onun ailəsi barədə daha çox əndişə keçirirmiş. Çünki bilirdi ki, şahın Laçın Xanı sevmir. Üstəlik də düşmənləri çoxdur. Ən böyük düşməni isə Abbas Mirzənin vəziri Qaimməqam idi. Abbas Mirzə məktublarının birində yazırdı:
“Laçın Xanın şəxsiyəti və fədakarlığı haqqında yazmaq istərkən qələm əlimdən düşür.”
1830-cu ilin payızında Təbrizi vəba xəstəliyi bürüdü. Bu bəlanı durdurmaq üçün o zaman heç bir imkan yox idi. Əllərində imkan olan bütün insanlar şəhəri tərk edib, Savalan və Səhənd dağlarının ətəklərində məskunlaşırdılar. Abbas Mirzə də ailə üzvlərini ən etibarlı köşklərdən birinə yerləşdirmişdi. Özü isə Təbrizin bir neçə ağaclığında yerləşən Bağ-i Səfa mülkünə daşındı. Xəstəliyin aradan qalxmasından sonra Ucanda yerləşən ordusunu hazır vəziyyətə gətirməyə çalışdı. Bu arada Abbas Mirzənin Yəzd şəhərinin hakimi olan qardaşı Zill-ül Sültandan ona məktub gəldi. Qardaşı yazrdı ki, bu Yəzd və Kirman artıq imperatorluğun bir parçası olmaqdan çıxıb.
1828-ci il hadisəsindən sonra iqtidarını artırmış olan Həsənəli Mirzə yerli xanlarla, özəlliklə də Rzaquluxan adlı bir şəxslə birləşərək Yəzdi mühasirəyə almış və işğal etmişdi. Zill-ül Sultan məktubunda yazırdı:
“...Onların bu özbaşınalığını yalnız qüdrətli Azərbaycan ordusu durdura bilər.”
Ancaq Azərbaycan ordusunun bu iğtişaşı yatırda bilməsi və onlarla savaşa girməsi üçün Fəthəli şahın icazəsi gərəkirdi. Şah, Azərbaycan ordusuna başqa əyalətlərdə əməliyat izni verməkdən çəkinirdi. Çünkü bu əməliyatda Azərbaycan ordusunun qalib gəlməsi Abbas Mirzəni sadəcə Azərbaycanda deyil, bütün imperatorluqda sevilən bir sərkərdəyə dönüşdürəcəkdi. Şah da belə olmasını istəmirdi. Lakin başqa çarəsi də yox idi. Ya bu bölgələrin imperatorluqdan ayrılışına izn verməli, ya da Azərbaycan ordusuna Azərbaycanın sınırları dışında əməliyat keçirməyə müsaidə etməli idi. Əslində Abbas Mirzə özü də bu əməliyata qatılmaq istəmirdi. Çünkü başqa bir əyalətin savaş xərcini Azərbaycana yükləmək istəmirdi. O bilirdi ki, Azərbaycan ordusu bu əməliyyata qatılsa, mərkəzdən ona heç bir maddı yardım gəlməyəcək. O biri yandan da ruslara ödənilən borclar Azərbaycana yükləndiyindən artıq Azərbaycanın nəfəsi kəsilmək üzrə idi.
Əminə Pakrəvanın yazdığına görə, Azərbaycan ordusunun toparlanıb geniş hərbı manevrlər etməsi üçün uyğun mərkəzlər yox idi. Bunun üçün yararlı olan yerlər ruslar tərəfindən təxrib edilmişdi:
“Odur ki, bu iş üçün Ərdəbil seçildi. Çünkü Ərdəbil ruslara təslim edilən ən son qala olduğundan orada böyük təxribat yapılmamışdı. Ərdəbil ruslara anlaşma ilə təhvil verilmişdi. Bu səbəbdən də şəhərin modern imkanlarla təchiz edilmiş qalası və müdafiə sistemi olduğu kimi qalmaqda idi”.
Nəhayət, ilk hərbi dəstələr Məhəmməd Mirzənin komandanlığı altında hərəkətə başladı. Onun əmrində toplar, 2.000 süvari və 4.000 piyada var idi. Qısa bir müddətdən sonra Abbas Mirzənin özü də təqribən bir o qədər hərbi qüvvə ilə hərəkət etdi. Bu səfərdə onu Təhmasib Mirzə, Xosrov Mirzə və Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk müşayiət edirdilər. Bu sıralarda Abbas Mirzənin oğullarından biri də əmrindəki ordu ilə Kürdistanda əməliyata başlamışdı və üsyana etmiş kürdləri ram etməyə çalışırdı. Azərbaycan təqribən 30 il müddətində öz canı, varı və dövləti ilə oluşdurduğu ordusunu geri dönməmək üzrə yola salırdı. Abbas Mirzə Yəzdə çatanda bu şəhəri quraqlıq cənginə almışd. Həsənəli Mirzə Azərbaycan ordusunun yaxınlaşdığını eşidər-eşitməz dərhal Yəzdi tərk edib Kirmana qaçdı. Çünkü Kirmanın müdafiə qalaları Yəzdlə müqayisədə daha möhkəm və güvənli idi. O, hesab edirdi ki, Abbas Mirzə ilə məhz Kirmanda qarşı-qarşıya gəlmək məqsədəuyğundur.
Cahangir Mirzənin yazdığna görə, Abbas Mirzə Yəzdə qurtarıcı sifəti ilə gəlməsinə rəğmən ciddi bir sevinclə qarşılanmadı. Çünkü şəhər aclıq və səfalət içində idi və ordunun ehtiyaclarını qarşılamaq iqtidarında deyildi. Bu üzdən də Abbas Mirzə orada cəmi iki gün qaldı. Yəzddən Kirmana doğru hərəkətə keçdi. Amma tələsmirdi, çünkü yağıya çevrilmiş qardaşına fikirləşmək üçün fürsət vermək, şəhəri sülh yolu ilə almaq istəyirdi. O, qardaşına məktublar göndərib təslim olmasını, dövlətə qarşı çıxmamasını tələb etdi.
Kirman 1790-ci ildə Zəndilərin son qalası durumundaydı. Həmin il Ağaməhəmməd şah Qacar Kirmanı fəth etmək üçün ordusunu səfərbər etmiş, şəhər əhalisi Lütf Əli Xan Zəndini təslim etmək istəmədikləri üçün Kirmanı aldıqdan sonra şəhər sakinlərinin çoxunu öldürmüşdü. Kirmanlılar bu hadisəni dəhşətli bir xatirə kimi yaşatmaqda idilər və bu xatirə onları Həsənəli Mirzəni müdafiə etməmyə sövq edirdi. Üstəlik də Abbas Mirzənin Kirman əhalisinə göndərdiyi mesajlar da öz işini görmüşdü. Şahzadənin yazdığı məktubda deyilirdi:
“Yalnız dövlətə baş qaldıranları təqib edəcəyik və əhali ilə işimiz yoxdur. Yəzddəki vəziyyəti gördük və çox rahatsız olduq. Kirmanın da Yəzd kimi aclıq səviyəsinə düşməsini istəmirik. Azərbaycan ordusu burada qalmağa gəlmir. Kirmanda əmin-amanlığı bərqərar etdikdən dərhal sonra Azərbaycana dönəcəyik. Ordunun xərcini Kirman əhalisinə yükləmək kimi niyyətimiz yoxdur.”
Bununla belə, Həsənəli Mirzə dirənmək fikrində idi. Abbas Mirzəyə nifrət edən adamları da ona savaşmağı təlqin edirdilər. Bu arada xəbər gəldi ki, Azərbaycan ordusu Kirmanın bir ağaclığındadır. Abbas Mirzənin barış elçiləri qala divarlarının arxasından “təslim olun!” deyə bağırmağa başlamışdılar. Vəziyyəti belə görən Həsənəli Mirzə Abbas Mirzəni qarşılamaq və pişvazına çıxmaq barədə əmr verməyə məcbur oldu. Abbas Mirzə də əmr verdi ki, onunla bir şahzadə kimi davranılsın. Sonra da onu öz çadırına dəvət etdi. Onlar çadırda düşmən kimi deyil, qardaşlar kimi söhbət etdilər. Abbas Mirzə iki il öncə onun vəliəhdliyini əlindən almaq istəyən qardaşına qarşı çox ədəblə davrandı. Onu bir dəstə süvari ilə Tehrana göndərdi, yerinə isə öz böyük oğlu Xosrov Mirzəni vali təyin etdi. Tehranda Həsənəli Mirzə Fəthəli şahın əmri ilə ev dustağı edildi.
Azərbaycan ordusu geri dönməyə hazırlaşırdı. Lakin Abbas Mirzənin bu qədər güclənməsindən ehtiyat etməyə başlayan şah onun yenidən Azərbaycana dönüşünə mane olmaq qərarna gəlmişdi. Çünkü Abbas Mirzə Azərbaycanda olanda daha güclü olurdu. Odur ki, şah bu dəfə də onu Xorasandakı iğtişaşı yatrmağa göndrdi. Fəthəli şah bir güllə ilə iki dovşanı birdən vurmaq fikrində idi. Həm Abbas Mirzənin ordusunun zəifləməsini təmin etməyi, həm də Xorasandaki iğtişaşlardan qurtulmağı düşünürdü.
Əminə Pakrəvan yazır:
“Şahzadə bilmirdi ki, bunun arxasında onun əbədi olaraq Azərbaycandan ayrılması planı yatmaqdadır. Abbas Mirzə atasının Xorasan əməliyatına “yox” deyə bilməzdi. Xorasan formal olaraq, Qacarlara aid olsa da, əslində mərkəzə bir o qədər də tabe deyildi. Məşhəddə hakim olan Şahın kiçik oğullarından Əhmədəli Mirzə müstəqilliyə can atırdı”.
Həmin dövrdə İsfahanda olan Fəthəli şah Abbas Mirzəni həmin şəhərə çağırdı. Burada yüksək səslə Abbas Mirzənin üstün cəhətlərini öyərək bildirdi ki, şahzadə təkcə Azərbaycanın hakimi deyil, bu gündən sonra Xorasanın da hakimliyi ona verilir. Abbas Mirzə həm Azərbaycanın, həm də Xorasanın valisidir. Şah, Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzəni da öydü. Ona bir şey verməsə də, gələcəkdə arzularına çatmasını diləyib, zamanı yetişdikdə vəliəhd olacağını bəyan etdi.
Abbas Mirzənin bir daha Azərbaycana qayıtmasını istəməyən şah böyük bir qürur və inancla Abbas Mirzə vasitəsi ilə səltənətin sınırlarının Ceyhun və Seyhuna qədər genişlənəcəyindən söhbət edirdi.
Abbas Mirzə, İsfahanı tərk etmədən öncə Azərbaycan ordusunu tam hazır vəziyyətə gətirdi. Əməliyyat planına görə, Xosrov Mirzə, Yusif Xan Topçu ilə birlikdə Azərbaycan ordusunun böyük bir hissəsini topları ilə bir yerdə Kirman və Xorasan arasında yerləşən qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər.
Həmin dövrdə Herat və Qəndhar da Qacarlara vergi ödəyən yarımüstəqil əmirliklər şəklində fəaliyyət göstərirdilər. Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas Mirzənin başqa planları da var idi. O, səltənətin sınırlarını Ceyhuna qədər genişlətmək fikrindəydi. Xorasan üsyanlarını yatırmaq üçün öncə Heratı ələ keçirməyi düşünürdü. Lakin Abbas Mirzəni İngiltərə məsələsi çox narahat edirdi. Şahzadə əmin idi ki, Hindistanda möhkəmlənmiş İngiltərə gec-tez Türküstana doğru genişlənmək istəyəcək. Qarşısında belə bir güclü dövləti görməsi onun xəyallarını al-üst edirdi.
Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı. Mərkəzi Asiyada Rusiya ilə İngiltərənin çıxarlarının qarşı-qarşıya gəldiyi bir dönəmdə Azərbaycan ordusunun Xorasana gəlməsi İngiltərəni əndişələndirməyə başlamışdı. Ingilislər düşünürdülər ki, Abbas Mirzə ilə ruslar arasında gizlin anlaşma var. Onlar Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər.
Şahzadə Damğana çatanda orada onun yolunu Azərbaycandan gələn çaparlar gözləməkdə idilər. Onlar Abbas Mirzəyə Feridun Mirzənin məktubunu çatdırdılar. Feridun Mirzə Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu Təbrizin hakimi təyin etmişdi. Beləcə, Abbas Mirzə Azərbaycandak vəziyyətdən xəbərdar oldu. Orada hər şey qaydasında idi.
Dostları ilə paylaş: |