Duanın alban dilindəki səslənişi:
“Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx da, xuvat da, sənqə haybat menqlik. Amen.”
Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:
“Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın (hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar, çünki sənindir xanlq da (hökm də), qüdrət də, əbədi olmaq sənə yaraşır. Amin.”
Təqdim edilən alban (qıpçaq – qarqar) nümunəsindən də göründüyü kimi, bu, güclü oğuz təsirinə məruz qalmış qıpçaq materialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, anlaşıqlıdır. Halbuki, digər qıpçaq şivələrini – qumuq, qaraçay, balkar, noqay, qazax, qırğız, başqırd və s. anlamaq çox çətindir. Təbii ki, bu şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və formalaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsinin vasitəsi ilə bu dilə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı) və s.
Şübhəsiz ki, qarşımızdakı ərəb müəlliflərinin “Arran dili” adlandırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış “Törə bitiki” kitabı da bu dil və şivədədir və eyni qrafika ilə yazılmışdır.
Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları qıpçaq türkcəsinin yerli şivəsindən başqa bir şey deyilmiş.
Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar üçün əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları barədə uydurmanı “sübut” etməkdir.
Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və albanlara əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və bir qədər sonra isə alban əlifbasının məhz qarqar (qıpçaq) dili əsasında yaradıldığını aydınlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, Strabon (l əsr) və Yustin də dolayı yolla albanlarla qarqarlar arasında bərabərlik işarəsi qoymuşlar. Belə ki, onlardan birincisi Albaniya üzərində ucalan dağlarda amazonların yaşadığnı vurğulamaqla yanaşı, qarqarların amazonkalarla qonşuluqda yaşadıqlarını qeyd etmişdir (Xl, 5. 1). Yustin isə albanlarla amazonkaların qonşu olduqlarını bildirmişdir (XLll, 3. 7).
Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəllifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamışdır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə də albanlar yazıya sahib idilər:
“Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi. O (Maştots) onu sorğu – sual edərək, alban dilinin ... sözlərini tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə (albanlar üçün) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü, biçdi və dəqiqləşdirdi”
Eyni müəllif bir qədər sonra yazır:
“Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos Saak və erməni çarı Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola düşdü, çarların iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, eləcə də onların çarı Arsval ilə və bütün azatlarla görüşdü. Onlar onu Məsih eşqinə hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi. Onların hər ikisi – bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu yazını qəbul etməyə razı oldular və ölkənin müxtəlif əyalət və vilayətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin göndərilməsi, onların müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin edilməsi barədə əmr imzaladılar”.
Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermənilər üçün yaratmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi tanınan hazır əlifbanı gətirmişdi.
Koryunun əsərinin Venesiya mxitaristləri tərəfindən 1854 – cü ildə dərc edilmiş başqa variantında isə belə deyilir:
“...Sonra o, Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi...”
Buradan isə belə məlum olur ki, Maştots albanların əlifbasını yenilədi. Albanların bundan da öncə əlifbaları olduğu, onunla kitablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların yandırılmasını əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı məlumat verir. Söhbət hansı əlifbadan gedir?
Bu suala cavab verməmişdən öncə qeyd etməliyik ki, alban əlisbası barədə mütəxəssislər hələ də yekdil fikrə gələ bilməmişlər. Bir çoxları Mingəçevirdən tapılan və üzərində bugünə qədər oxuna bilinməyən yazının alban əlifbası olduğunu iddia edirlər. Bəzi mütəxəssislər bu daşı lV əsrə, digərləri V əsrə aid edirlər. Onu Vll əsrə aid edənlər də var. Bu yazının alban yazısı olduğu sübut olunmamış qalır.
Mütəxəssislərin bir çoxu gürcü tədqiqatçısı İ. V. Abuladzenin 1937 – ci ildə Matedaranda tədqiqatlar apararkən, XVl əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar – qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fəqət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir. Bu isə o deməkdir ki, başlanğıcda bu dildə sadəcə 34 səs olub.
Eyni dil qrupuna daxil olan qaraqalpaq dilində 26 samit, 9 sait, yəni üst – üstə 35 səs, qırğız dilinin şimal şivəsində 8, cənub şivəsində 9 sait səs var. Samitlərin sayı qazax və qaraqalpaq dilində olduğu kimidir. Noqay dilində samit səslərin sayı 26, saitlərin sayı isə 8 - dir, yəni bu dil üst – üstə 34 səsə sahibdir. Kazan tatarlarının dilində bu rəqəm 35 - ə (26+9) bərabərdir. Başqırd dilindəki səslərin sayı isə 38 (26+12) – dir. Alban (qarqar – qıpçaq) mətnlərinin təhlili bu dildə 35 səs olduğunu göstərməkdədir.
Gördüyümüz kimi, 52 hərflik bir əlifba qıpçaq dillərinə qətiyyən uyğun deyil. Əvəzində isə 36 işarəlik erməni – alban müştərək əlifbası bu səs sisteminə tamamilə uyğun gəlir.
Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözügedən 52 hərflik əlifbadan Albaniya ərazisində yaşamış hansısa xalqlar istifadə etmişlər və nəzərə alsaq ki, “ alban” adı bütün bu xalqlar üçün ortaq idi, bu baxımdan həmin əlifba və yazıları da “alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq – qarqar dilinə gəlincə, onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə olan çox sayda mətn onların istifadə etdikləri əlifbanın erməni əlifbası ilə eyni mənşəli olmasını sübut edir.
Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə yazılmış və erməni dilində olmayan 22 epikrafik abidə aşkar olunmuşdur ki, onlardan biri – Alxaslı kəndinin 8 km şimal – qərbində yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V. A. Əliyev məlumat verməkdədir («Археологические открытия 1980 г.», М., 1981, с. 414—415).
Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn, fransız şərqşünası Ejen Bore 1838 – çi ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifba erməni əlifbası ilə, demək olar ki, eynidir, amma yazılar erməni dilində deyil.
Bu hadisədən 48 il sonra, yəni 1886 – cı ildə ermənişünas alim, professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir ermənidilli əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə alınmış və miniatürlərlə bəzədilmiş bu əlyazmanın bir yerində erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində olmayan iki sətirlə rastlaşıb. Həmin sətrin yanında ermənicə yazılmış qeyddə bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müammalı şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar barədə heç bir dəqiq məlumat yoxdur.
Bununla belə, 1996 – cı ildə Gürcüstan Elmlər Akademiyası tərəfindən İsrailə ezam edilən elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsəsindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var. Bu qeydə əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia etmiş və bu barədə fikirlərini 2001 – ci ilin may ayında Bakıda təşkil edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda (Предварительное сообщение об идентификации и дешифровке албанского текста, обнаруженного на Синайской горе. Доклад на конференции «Этнокультурное Наследие Кавказской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.
59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edilmiş və onun udin dili əsasında şərh ediləmsinə cəhd də göstərilmişdir (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.) İddiaya görə bu, Bibliyanın ayrı – ayrı hissələrinin tərcüməsidir və guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri udin dilində şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar – qıpçaq dilində tərtib etdiyini söyləyir.
Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36 – sı erməni hərfləri ilə üst – üstə düşən hərflərdir ki, bu da təbiidir. Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23 işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə və həbəş ideoqramlarna çox bənzəyir.
Əgər lV – Vll əsrlərə aid olduğu söylənən (Aleksidze lV – V əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və gerçəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “ gürcü hərflərinə və həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız şey kimi bir kənara atılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızığın tərəfdarı və təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla Azərbaycanın guya qədimdə qafqazdillilərlə məskun olduğunu “əsaslandırmaq”la, hətta qədim mannalıları da qafqazdilli elan etməklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elimi əsas” hazırlamağa çalşırlar ki, bu xəttin də əsası İosif Stalin tərəfindən qoyulmuşdur.
Ermənilərin məqsədi isə aydındır, kim olursa – olsun, təki türk olmasın.
Azərbaycanda ideyanın ən qızğın tərəfdarı mərhum Voroşil Qukasyan idi. Milliyyətcə udin olan bu alimin də sırf etnik təəssübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəmsavadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anlamamaqdan, başqa sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəssüflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır. Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türkologiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv etdiyini, əlbəttə ki, üzə çıxardığımız alban əlyazmaları bütünlüklə sübut etməkdədir.
Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli olsalar da, yazılış xətt və üslubuna görə bir – birindən fərqlənirlər. Yəni hərflər eyni olsalar da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və “notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə, “notrqir” isə albanlara məxsusdur. Yəni əldə olan bütün alban mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər. Odur ki, “notrqir”lə yazılmış bütün mətnlərin, o cümlədən ermənidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə etməmişlər. “Bolorqir”lə yazılmış mətnlərin müəllifi, şübhəsiz ki, ermənilərdir. Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.
İndisə Maştotsun əlifbasının qəbulundan öncə albanların istifadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzərinə qayıdaq.
Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökmdarları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olunurdu, eləcə də Əməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümüzədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söhbətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki, parfiyalılar bu əlifbanı midiyalılardan əxz etmişdilər. Çünki Güney Azərbaycandan Midiya dövrünə aid, üzərində arami yazıları olan, fəqət aramicə oxuna bilinməyən bir neçə vaza tapılmışdır. Mütəxissislərin bəzisi həmin yazıların midiyalılara aid olduğunu ehtimal edirlər.
Sasanilər də eyni əlifbanı parfiyalılardan əxz edərək öz dillərinə uyğunlaşdrmışdılar və onların imperiyasında orta fars (tat) dili ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin əlifbası eyni idi. Eyni əlifbanın Xəzər xaqanlığında da əsas əlifbalardan biri olduğunu söyləmək üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola yazılır və hərflər bitişmir.
Bu halda söhbətin bilavasitə arami əlifbasından getdiyi heç bir şübhə oyatmır. Məsələ burasındadır ki, xəzərlərin yəhudiliyi qəbul etmiş hissəsinin birbaşa davamı hesab edilən krımçaklar XX əsrin əvvəllərinə qədər bu əlifbadan istifadə etmiş və bu əlifba ilə çox sayda ədəbi və dini əsər yaratmışlar. Maraqlıdır ki, krımçak türkcəsi yazılı materialının tədqiqi bu dilin alban (qıpçaq – qarqar) dili ilə, şivə fərqi diqqətə alınmazsa, demək olar ki, eyni olduğunu, fəqət öğuz türkcəsinin daha çox təsirinə məruz qaldığını söyləməyə əsas verir. Bu dil qıpçaq mənşəli hesab edilsə də, onun oğuz – qıpçaq şivələrindən biri olduğunu tam əminliklə söyləmək olar.
Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili deyilənlərə ən gözəl misaldır:
“Aşıx Ğaripınq masalı və türkısı beyan.
Zaman yılınq bır zamanında Tavriz şeərində bır əxtiyar var əmış. O əxtiyar adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı və oğılı. Bu oğılan Aşıx Ğarip dedıklərı qəndı baxar əmış, qayət bexsun əmış. Bu Aşıx Ğaripnınq düşınə bır gecə ax saxallı adam geliyr, diyır ki: “Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də diyır “Bılmiyıram””.
Çağdaş Azərbaycan türkcəcində:
“Aşıq Qəribin məsəli və türküsünün bəyanı.
Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O ixtiyar adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarsının adı Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib idi. Bu ixtiyar adam anidən bir kefsizliyə uğrayır, ... bu ixtiyar ölür. Qalır qarısı, qızı və oğlu... Bu Aşıq Qəribin bir gecə yuxusuna bir ağ saqqallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”.
Gördüyümüz kimi, alban (qarqar – qıpçaq) dili ilə krımçak (xəzər) dili arasında, demək olar ki, elə də böyük bir fərq yoxdur. Bu da təbiidir. Çünki həm Mosiyey Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı belədir:
“Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”
Hərfi tərcüməsi:
Steğts – yaratdı, düzəltdi
nşanqirs – hərfləri
kokordaxos – boğazda danışan
akxazur - ağ xəzər
xjakan – yabanı
xetsbekazunin – pozuq
aynorik – bənzər
qarqartsiots – qarqarların
lezuin – dili
Erməni saxtakarlığını ifşa edən Firidun Ağasıoğlu cümləni belə tərcümə etmişdir:
“Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.
Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki “akxazur” termini gerçəkdən də etnonimdirsə və bu halda söhbət gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh etmək lazımdır:
“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqarların dili üçün həflər yaratdı”.
Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi. Bizcə, hər şey Firidun Ağasıoğlunun söylədiyinin əksinə baş vermişdir. Albanlar əski əlifbalarından – arami mənşəli xəzər əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər. Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlınn dili ilə desək, “bütpərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – xristianlığın qəbul edilməsi səbəb oldu.
Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində dua məhz ikinci nəticənin doğruluğunu sübut edir.
Məlumat üçün bildirək ki, “alban” adı təkcə konkret bir soy və ya boyun deyil, eyni zamanda, albanlar ölkəsində yaşayan bütün türk və qeyri – türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə çevrilməmişdən öncə sosisl institutu ifadə etmişdir. Məsələ burasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəlləfiyyətli” anlamına gəlir. Bu fakt V. Radlovun “Qədim türk lüğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya monqol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimizcə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xaqanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib hissəsi olmuş, Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda, “Kitabi - Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xanın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi təqdim edildiyi danılmaz faktdır.
Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turandan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər) Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində “Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlərin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan paytaxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xanbalıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatırladaq ki, Mahmud Kaşğarlının xəritəsində bütün Qafqaz, o cümlədən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermənistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.
Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qopmasının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer - yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, erməniləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli məliyi Cavanşiri öyməkdən isə doymur.
Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün "Alban tarixi" kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu, kimmerlərin soy babası Qamərin , dördüncü yerdə isə onun oğlu Toqarmanın adını çəkmişdir.
Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki, xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4 - cü şahının digər oğullarının da adını cəkmişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soy babası olmuşdur.
Mövzu ilə bağlı Firidun Ağasıoğlu deyir:
"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını çəkir.Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir."
Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına erkən mixi yazılarda, yəni eradan əvvəl lll - ll minilliklərə aid mətnlərdə rast gəlirik. Əslində İosifin məktubunda bu soyun adı "savir" şəklindədir. Fəqət sözügedən soyun adına müxtəlif mənbələrdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir. Eradan əvvəl lll minilliyə aid mətnlərdə "subir" forması işlənməkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir.
Firidun Ağasıoğlunun yazdığına görə, mixi yazılardan belə aydın olur ki, subarlar İkiçayarsının şimlında yaşayırdılar və şumerlərin qonşusu olmuşlar. Şumerlər ikiçayarasının cənubuna Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər.
Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4 - cü şahı Toqarmanın 10 oğlundan birinin - Bulqarın nəsli olan bulqarların adı "Kitabi - Dədə Qorqud"da da çəkilməkdədir.
Şərqşünas alim Süleyman Əıiyarov deyir:
""Dədəm Qorqud" kitabının Vll boyunda etnogenez baxımından belə bir tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm. Ol ərə bağdum. Dayım Əmən imiş."
Bu parçanı Ergin və Gökyay "alnı başı balkır bir ər gördüm" kimi yazmışlar. Bartold isə rus dilinə "muja s blestyaşim çelom i qolovoy" kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid Araslı parçanı "balqar bir ər" oxumuş, ancaq bu "balqarın" kimliyi və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir.
Vll boyda "altı başı balqar bir ər" dedikdə, Azərbaycan xalqının yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.
Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir etnosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha düzgün olar. Onların adını ilkin olaraq lV əsrin Suriya tarixçisi Mir Abas Katina çəkmişdir. Onun yazısı gəlib bizə çatmasa da, Moisey Xorenatsinin "Ermənistan tarixi”ndə qalmışdır. Burada deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə "sonralar Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı.""
Biləsuvar rayonu ərazisindən axan Bolqarçay bu günədək bu qədim türk soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə qədər bu bölgədə Bolqar, Bolqarkənd və Bolqar - Göytəpə adlı etnotoponimlər mövcud olmuşdur.
Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyundan gələn uyğurlardan da ayrıca söhbət açmaq lazımdır.
Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan - Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri - rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur - Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:
"Su... orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub...Orxon çayı...” (Moyunçur abidəsi, lll sətir)
Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744 - 759-cu illər arasında qoyulmuşdur. Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər qədim erməni abidələrində, istərsə də Musa Kağankatlının "Alban tarixi"ndə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbələrdə onların adı "honoğur" kimi qeyd edilmişdir.
Dilçi alim Elbrus Əzizov deyir:
"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu göstərmişdir. Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz - qıpçaq dili olduğunu təsdiq etdilər. Əhməd Cəfər ana dilimizin oğuz - qıpçaq mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir."
Əhməd Cəfər isə yazmışdır:
"Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır"
Elburus Əzizovun yazdığna görə, müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn, "a - e" səsdəyişməsini gözdən keçirək. Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir:
"Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir."
Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqurlar", "onoqur" və s. adlarla qeyd edilmişlər. Maraqldır ki, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də, uyğurlar haqqında bircə kəlmə belə danışılmır. Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər.
Konkret olaraq, qıpçaqlara gəlincə, onların mənbələrdə ən geniş yayılmış adlarından biri “kuman”dır. Maraqlıdır ki, əski yazılı mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azərbaycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi olduğunu birmənalı şəkildə təsdiqləyir.
Qədim mixi yazılarda (e.ə.Xlll-Xll əsrlər) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir. "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan - Altay ərazisində yaşayan bir çox türk xalqlarında - tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik - mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər.
Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:
"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı."
Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115 - 1077) kitabəsində də rastlaşırıq:
"(V,73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər... (Vl.22)... Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı..."
Aşşur şahı ll Adadnerari (e.ə. 911 - 890) də öz kitabəsində kumanları yad etmişdir. Maraqlıdır ki, aparılan arxeoloji qazıntılar zaman Xocalıdan üzərində bu hökmdarın adı yazılmış bir qızıl muncuq tapılmışdır ki, bu da onun qıpçaq - kumanlarla üzləşdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Muncuğun tapldığı yerin Qarqar çayı yaxınlığında olması və həmin çayın qıpçaq – qarqarların adını daşıması da maraq doğuran faktlardan biridir.
Ən maraqlısı isə odur ki, Aşşur – Kuman (qıpçaq) əlaqələri təkcə müharibələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban, yəni qarqar – qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki o, alban və ümumqıpçaq ədəbiyyatının köklərinin biz düşündüyümüzdən çox – çox qədim olduğunu və bu köklərin Aşşurla birbaşa bağlılığnı sübut edir. Söhbət “Uslu Xiqarnınq sözü, esi, axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekerimin (Sinnaxeribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müdrik Xiqar (Axikar) haqqnda olan və təbii ki, xristianlıqla heç bir əlaqəsi olmayan bu hekayənin hələ e.ə. Vll – Vl əsrlərdə Yaxın Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin əsər yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilmişdir. Başqa dillərdə isə bu əsərin yalnız ayrı – ayrı fraqmentləri qalıb. Əsərin ən qədim variantı arami əlifbas ilə, arami dilində yazılıb və Misir ərazisindən tapılıb. Yuxarıda qeyd etdiyimiz kimi, qıpçaqlar, o cümlədən xəzər və krımçaklar arami əlifbasından istifadə ediblər. Bu isə deyilənlərə daha bir sübutdur.
Sözügedən hekayədən kiçik bir parçanı sevgidəyər oxuculara tərcüməsiz təqdim edirik:
“Aytkanı da ögütü ki, ögütləngəylər adam oğlanları, da ata oğluna ögüt bergəy, da esinə alğaylar.
Eski Törə da xanlar vaxtına Senekarim atlı xan bar edi Ninove kermənninq da Asoresdannınq. Men, Xiqar uslu, 60 yaşına boldum, xatun aldım, oğul-xız bolmadı manqa. Bardım Tenqrim alnına da köp türlü xurban ettim, xaytıp çöktüm allarına da ayttım:
– Ey, menim Eyələrim da Tenqrilərim! (1-ininq atı Pilşim edi, 2-inçisininq atı Šilim edi, üçünçüsününq atı Šahmil edi). Buyurunquz da manqa er oğul berinqiz ki, oşta Xiqar tirilə ölmiyir, ne aytkaylar adam oğlanları ki, Xiqar uslu cardar öldi, da oğul bolmadı ki, anı kömgəy edi da malın menqərgəy edi. Oğul bolğıy edi da kündə 10 xantar altın tas etkiy edi, bolmas edi menim malımnı tügətməgə. Oğul bolğıy edi ki, 2 xolu bilə üstümə toprax salğay edi, tek manqa 1 oğul jişadağ bolğıy edi! Ol sahat manqa avaz boldu Tenqrilərimdən da ayttılar:
– Xiqar, buyurğandır ki, sanqa oğul bolğay. Sen xardaşınqnınq oğlun al sanqa oğul, saxlağaysen da östürgəysen anı sendən sonqra seninq ornuna. Ki işittim men bu avaznı Tenqrilərimdən, aldım men xardaşım oğlun 1 yaşına, kiydirdim anı türlü-türlü kamxalar içinə, da saldım boyuna altın-inci, necik xan oğlununq, içirdim da yedirdim anı barça süt bilə, da xaymax bilə, da çiybal bilə, da yuxlatır edim anı xaraxuşnunq da kügürçinninq moxundan yastıxlar üstünə anqar dirə ki, boldu 7 yaşına.
Mundan sonqra başladım anqar övrətməgə bitikni, esni u axılnı, dünyaninq bilməxin, kimlər ki yaxşılıxka utrudur, alarğa cuap da söz. Kündüz u kecə tıyılmadım övrətməxtən, toydurdum anı es u axıl bilə, necik kimesə suvdan u ötməktən toyğay. Dağı da mundan sonqra ündədi meni xan xatına da ayttı alay ki:
– Uslu Xiqar, köriyirmen seni ki, xartayıpsen. Sendən sonqra kim tügəllisər cardarlıx bilə da es u axıl bilə menim xanlıxımnınq kerəkin? Men asrı xayğurıyırmen bu iştən.
Ayttım:
– Xanım, sen xayğurma. Bardır menim oğlum ki, dağı cardar uslu da axıllıdır mendən esə.
Ayttı xan:
– Keltir alnıma ki, köriyim.
Keltirdim da turğuzdum xannınq alnına. Kördü xan, da biyəndi, da ayttı ki:
– Alğışlı bolğay bu oğlannınq künləri ki, Xiqar kendininq tirlixinə turğuzdu oğlun alnıma, kendi tınçlıxta bolğay!
Andan sonqra yügündüm xanıma, aldım oğlumnı da bardım palacıma. Bu türlü aytır edim övrətkəndə Natan atlı oğluma.
– Oğlum, ne ki işitsənq xan, biy eşikinə, anı yürəkinqə tut, kimsəgə açma, baylını, möhürlüni çeşmə, çeşkənni baylama da, ne ki işitsənq, alani etmə da aytmağın.
– Oğlum, közünq açıp, körklü xatın körsənq, kiyinişli da bezövlü, bolmağay ki anqar suxlanğaysen. Egər tirlikinqni barçasın da bersənq, azğına suxlanğanınq bolur, yoxesə alırsen Tenqridən nalətləməx da adamlardan, anınq üçün ki xatın kişi oxşar bir körklü kerezmanğa, ol kerezmannınq içi toludır sövəklər bilə da sasımax bilə ölününq...”
Qeyd edək ki, bu gün də “kuman” adını daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir. Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur.
Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarını Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarandığını ("Alban tarixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727 - ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş. Cəlilabad rayonunun Komankənd kəndinin də adı sözügedən türk boyu ilə bağlıdır.
Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."
İrəlidə sevgidəyər oxucularımıza Mxitar Qoşun “Tötə bitikki” kitabından kiçik bir parça Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə, eləcə də digər alban materialı orijinalın dilində, yəni alban (qarqar – qıpçaq) türkcəsində, fəqət tərcüməsiz təqdim ediləcəkdir.
Sevindirici haldır ki, əldə olan albandilli materiallar içərisində əslən Zəngəzurdan olan üç müəllifin də əsərinə rast gəlinmişdir. Ermənilərin bütün dünyaya “böyük erməni alimləri” kimi təqdim etdikləri bu üç nəfər Mxitar Qoşun tələbəsi olan vardapet Yovhannes Sarğavaq, keşiş Yohannes Karneçi və ilahiyyatçı alim Krikor Nareğaçidir. Bu, fakt Zəngəzurun tarixən albanlara məxsusluğunu və bu ərazidə tarixən alban türkcəsində danışıldığını sübut edən ən gözəl faktlardandır. Fəqət bunlar əldə olan yeganə faktlar deyil. Bu baxımdan Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindən tapılan və haqlarında Məşhədixanım Nemətovanın məlumat verdiyi iki alban qəbrini də deyilənlərə əlavə etmək olar. Bu da son deyil.
Məsələn, Qafandakı Vaanvəng adlı alban monastrının həyətində alban katalikosu Stepannosun qəbrini misal çəkmək olar. Həmin qəbrin başdaşında yazılıb:
“Mən, Albaniya katalikosu, hökümlü Stepannos taciklərin (müsəlmanların –B.T) təqibindən yaxa qurtarmaq üçün Şahanduxt və bacısı Kata tərəfindən tikdirilmiş kilsəyə gəldim və burada rahatlıq tapdım. Tanrı məni mükafatlandıraraq yuxarı mərtəbədə yerləşdirdi. Tanrı xanımızı (Albaniya və Sünik xanı Senekərimi – B.T) öz qüdrəti ilə qorususn”.
Eyni monastra bitişik, albanlara məxsus Həzrət Məryəm kilsəsinin üzərində isə bu yazı qeyd edilib:
“Mən, Albaniya xanı Sevadın qızı və Aşotik oğlu Krikor xanın xatunu Şahanduxt və bacım Kata erməni təqviminin 535 – ci ilində (1086 – cı il) övladımızın olmaması səbəbindən, Məryəm ananın mərhəmətini qazanmaq üçün onun şərəfinə bu kilsəni tikdirdik...”
Dövrümüzədək alban xanı Sevadın oğlu, Şahanduxt və Katann qardaşı, Albaniya xanı Senekəremin də bir neçə fərmanı gəlib çatıb. Onlardan biri belə başlanır:
“Hər şeyə qadir İsanın hökmü ilə mən, Senekərem – Sünik və Albaniyanın xanı məndən öncəki xan və bəylərin ürəyəyatımlı yazılarını oxuyub, Məsihsevər bacılarım – xanbanu Şahanduxt və ... bakirə Katanın xaişi ilə Sisakan və Bağk vilayətlərində kilsə torpaqlarını kilsəyə qaytarmaq üçün bu fərmanı yazdım...”
Məlumat üçün bildirək ki, ermənilər bu fərmanı rus dilinə tərcümə edib çap etdirərkən, oradakı “Sünik və Albaniya xanı” ifadəsini “Ermənistan çarı” ifadəsi ilə əvəz etmişlər.
Eyni xanın başqa bir fərmanında yazılıb:
“Bu, mənim – Sevad oğlu Senekərem xanın fərmanımdır. Tanrı məndən üz döndərmədi və İsmayıloğulları (müsəlmanlar – B.T) tərəfindən dağıdılmış doğma xanlığımda ikinci dəfə xan olmaq üçün mənə mərhəmət göstərdi. Müqəddəs kilsə və ecazkar Sünik taxt – tacının vərəsə torpaqları barədə əski fəmanları oxuyub, həmin torpaqları dördüncü dəfə paytaxt Tatevə qaytarıram...”
Senekərim xanın digər bir fərmanı da dövrümüzədək yetişmişdir:
“Mən – Senekərem xan Əsənin (Həsənin) bu fərmanını öz qolumla təsdiq etdim. Bundan sonra onun qanı bahasına taciklərdən (müsəlmanlardan) geri alınan bu kəndlər mənim buyuruğumla Tatevə qaytarılır. Mən, oğullarım və azatlar buna şahidik. Bu kilsələr durduqca kimsə onlara əl uzatmağa cəsarət etməsin”.
Albaniya xanı Əsən (Həsən) Cəlalın qızı, xanbanu Minə Xatunun imzaladığı bir fərmanda yazılıb:
“Qüdrəti hər şeyə yetən Tanrının iradəsi ilə bu yazı mənim – böyük xan Əsən Cəlalın qızı və bəylər bəyi Tarsaiçin xatunu Minə Xatun və oğlum Cəlal haqqındadır. Ona görə ki, Vedidəki Norpetdə onun gerçək sahiblərindən halal vəsaitimizlə bağ almış, orada ağaclar əkmiş, ...hasara almışıq. Nəzərə alaraq ki, bu bağ bir vaxt Yenqivəngə (Norvəngə) bağışlanmışdı, biz də onu həmin vəngə qaytarırıq.”
Başqa bir misal. Vardenis rayonunun Böyük Məzrə (Mets – Mazra) kəndindəki xaçkarın üstündə yazlıb:
“Mən Krikor Artnersex – Sünik və Albaniyanın böyük bəyi erməni ilinin 330 – cu ilində (881 – ci il) bu xaçı dindarlara kömək məqsədi ilə ucaltdım. Bu xaça təzim edənlər, dualarınızda məni də yad edin”.
Sünik, yəni Zəngəzur əhalisinin albanlar olduğunu əski erməni mənbələri də təsdiq edir. Məsələn, V əsrdə baş vermiş bir hadisədən - Mesrop Maştostsun erməni və albanlara əlifba düzəltməsindən danışan bütün erməni müəllifləri ona Sünikdən (Zəngəzurdan) gəlmiş Benyamin adlı birisinin kömək etdiyini yazırlar. Koroyun isə onun millətini də qeyd etmişdir:
“Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi”.
Bu faktları bir qədər də artırmaq mümkündür. Əldə digər alban bəylərinə aid də çox sayda yazı bulunmaqdadır. Bu mənbələr təkcə Qərbi Azərbaycan, yəni bugünkü Ermənistan ərazisinin deyil, eyni zamanda Qarabağ və bütün Kür – Araz ovalığının tarixən guya ermənilərə aid olduğunu iddia edən erməni “alimlər”inə ən gözəl cavab ola bilər.
Qiyasəddin Qeybullayev ermənilərin bu ərazilərə iddiası barədə belə yazır:
"Erməni tarixçilərinin əsərlərində belə bir nəzər nöqtəsi hakimdir ki, Albaniyann Kür – Araz ovalığının (onların dili ilə desək, sağ sahil Albaniyasının) bir hissəsi, o cümlədən Dağlıq Qarabağ ərazisi e.ə. ll əsrdən başlayaraq 387 – ci ilədək (indisə ehtimal edirlər ki, 428 və 450 – 451 –ci illərədək) Böyük Ərməniyyənin tərkib hissəsi olmuş və göstərilən tarixdən sonra albanlara keçmişdir. Həmçinin hesab edilir ki, Albaniyanın bu hissəsində əzəldən ermənilər yaşamışlar və ya yerli əhali 600 il ərzində (e.ə ll əsr – b. e. lV əsri) erməniləşmişdi. Erməni ekstermistlərinin son illərdə Azərbaycana qarşı irəli sürsükləri ərazi iddiaları da əsasən bununla bağlıdır. Bu konsepsiyanın əsaslandırılması işinə təkcə tarixçilər (S. Yeremyan, A. Ter – Qevondyan, B. Ulubabayan, Q. Svazyan, A. Abramyan, A. Mnatsakanyan, A. Akopyan və s.) deyil, eyni zamanda Z. Balayan kimi... publisistlər də qoşulmuşlar.”
Bəri başdan qeyd edək ki, yuxarıda adı çəkilən erməni “alimlərinin” fikirləri barədə tam icmala Ziya Bünyadovun və Fəridə Məmmədovanın, eləcə də qismən Qiyasəddin Qeybullayevin əsərlərində rast gəlmək mümkündür. Onlardan bəzisini gözdən keçirək. Məsələn, Q. Kapatsyan Kür – Araz ovalığının ermənilərə məxsusluğunu “sübut” etmək üçün bu bölgənin əsas şəhərlərindən biri olan Bərdə şəhərinin adının etimologiyası ilə bağlı olduqca gülməli bir iddia irəli sürərək yazmışdır ki, guya “Bərdə” adı erməni (hay) dilindəki “barti” (ağa) sözündən yaranmışdır. Halbuki, ərəb mənşəli bu söz erməni (hay) dilinə fars dili vasitəsilə keçmişdir və mənası “quldar”, “qulların ağası” deməkdir. Sözügedən şəhər isə hələ e.ə. l minilliyin başlarına aid mixi mənbələrdə, yəni ərəblərin bu ərazilərdə izi – tozu olmayan bir dövrdən bu adla yad edilməkdədir.
Q. Kapatsyan fikrini “əsaslandırmaq” üçün qədim gürcü mənbələrində qeydə alınmış bir əfsanədə deyilənləri misal çəkmişdir. Söhbət Yafəsin soyundan olan Torqormosun (Toqarmanın) Bərdə şəhərinin əsasını qoyduğu hesab edilən Bardosu (Bardı) Kürdən cənubdakı torpaqların, daha dəqiq desək, Barduci çayından Kürlə Arazın qovuşduğu yerə qədər olan ərazilərin hakimi təyin etməsi barədə yazılanlardan gedir. Bu “dahi” erməni “alimi” daha sonra isə Ərməniyyə şahlarının Torqomosun (Toqarmanın) nəslindən olduqları barədə M. Xorenatsinin yazdıqlarını əsas “dəlil” kimi ortaya qoymuşdur. Lakin o unutmuşdur ki, təkcə qədim erməni mənbələri deyil, eləcə də onun misal çəkdiyi gürcü mənbələrində də Torqomosdan, yəni Yafəsin nəvəsi Toqarmadan gürcülərin ilk əfsanəvi çarlarının soy babası kimi söz açılmaqdadır. Musa Kağankatlı da özünün “Alban tarixi” kitabında Toqarmanı alban şahlarının soy babası və Albaniyanın 4 – cü şahı kimi təqdim etmişdir.
Yəqin Q. Kapatsyana məlum deyil ki, bütün yəhudi, xristian və müsəlman mənbələrində Toqarmanın babası Yafəs türklərin ulu babası hesab edimişdir. Eyni zamanda o da məlum deyil ki, xəzər türklərinin yəhudi dinini qəbul etmiş xaqanı İosif öz məşhur məktubunda Toqarmanın 10 türk xalqının, o cümlədən xəzərlərin soy babası olduğunu yazmışdır. Əgər erməni “aliminə” məlum olsaydı ki, bütün erkən orta əsr xristian müəllifləri Toqarmanın hökmü altında olan ölkələrdən söz açarkən birinci yerdə Midiyanın və ya Atropatenanın, ikinci yerdə isə Albaniyanın adlarını çəkmiş, yalnız bundan sonra Ərməniyyənin və digər Avrasiya ölkələrinin adını sadalamışlar və bununla da Toqarmanın dünyanı Midiyadan, daha dəqiq desək, Atropatena (Azərbaycan) ərazisindən idarə etdiyini, yəni böyük imperatorluğun mərkəzinin Azərbaycan olduğunu təsdiqləmişlər, cəfəng – cəfəng sözlər yazıb özünü biabır etməzdi.
Bu misalı çəkməkdə məqsədimiz erməni müəlliflərinin iddialarının bu cür boş – boş fikirlərə əsaslandığını, delitantizmdən və riyakarlıqdan başqa bir şey olmadığını göstərməkdir. İrəlidə görəcəyimiz kimi, erməni (hay) tarixçiləri öz boş xülyalarını əsaslandırmaq üçün faktları təhrif etməkdən heç vaxt çəkinməmişlər.
Ş. Smbatyanın yazılarındakı məntiq, daha doğrusu məntiqsizlik də həmkarınkından uzaq deyil. O yazır ki, “Albaniya” ifadəsi etnonim deyil, sadəcə coğrafi addır. Onun fikrincə albanlar iqtisadi baxımdan geriqalmş olduqlarından Albaniyanın siyasi və iqtisadi həyatında əhəmiyytli rol oynamırdılar və ermənilərdən xristianlığı qəbul etdikdən sonra etnik simalarını itirmişdilər.
Gördüyümüz kimi, müəllif öncə alban etnosunu ümumiyyətlə inkar edir, daha sonra isə antik mənbələrdə bu etnos haqqnda mövcud olan çoxsaylı məlumatlardan qaçmağın mümkün olmadığını görüb, albanların guya xristianlığı ermənilərdən qəbul edib erməniləşdiklərini iddia edir və bunun antik dövrlərdə baş verdiyini önə sürür. Halbuki, həm alban, həm də erməni mənbələrində yazıldığına görə, ermənilər xristianlığı albanlardan çox – çox sonralar qəbul etmişdilər. Albanların bir qisminin gerçəkdən də erməniləşdiyi məlumdur, fəqət bunun XlX əsrdən tez olmadığını sübut edən mənbələr var. Bu halda söhbət o dövrə qədər böyük əksəriyyəti İslamı qəbul edib Azərbaycan türkləri ilə qarışan türk mənşəli albanlardan (albanlar, qarqarlar, saklar, kəngərlər, qazaxlar, dondarlar, qaytaqlar, kergillər və s.) və ya bugünə qədər etnik simasını qoruyan qeyri – türk albanlardan (ləzgilər – leqlər, avarlar – silvlər, xınalıqlılar – qatlar, ubıxlar – boxlar və s.) yox, onların xristianlıqda dirənən kiçik bir hissədən gedə bilər. Hər halda, xristian udinlərin bu günə qədər etnik simalarını saxlamış olması da bu halın kütləvi olmadığını göstərir.
Əldə olan mənbələr isə Şamaxı və Ağsu bölgəsindəki bir - iki xristian tat kəndinin zamanla erməniləşdiyini təsdiq edir. Bu barədə Qiyasəddin Qeybullayev XlX – XX əslərə aid rəsmi sənədlərə istinadən məlumat verməkdədir. Bundan başqa sənədləşmiş heç bir fakt yoxdur və albanların bir qisminin guya orta əsrlərdə erməniləşməsi barədə söylənilənlər, o cümlədən Azərbaycan tarixçilərinin söylədikləri əslində sübut olunmamış fərziyyə və ehtimallardan başqa bir şey deyil. Fakt isə budur ki, türk mənşəli albanların əksəriyyəti İslamı qəbul edərək Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmişlər. Bunu ən azı Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindəki müsəlman qəbristanlığndan tapılmış və XlV əsrlərə aid edilən iki alban qəbri sübut edir. Hər iki qəbrin sinə daşının ərəb əlifbası ilə (biri türkcə, digəri farsca) ilə qeyd edilmiş kitabələrində onların məhz albanlara aid olduğu bildirirlir. Bu fakt eyni zamanda Qərbi Azərbaycan ərazisinin, yəni bugünkü qondarma Ermənistanın köklü əhalisinin ermənilər deyil, albanlar olduğunu da təkzibedilməz şəkildə ortaya qoyur.
Deyilənlərə onu da əlavə edək ki, türk mənşəli xristian albanlar XlX əsrə qədər Azərbaycan türkcəsində çox sayda şer nümunəsi yaratmışlar ki, bu fakt da onların ən azı XlX əsrə qədər öz ana dillərində danışdıqlarını və hətta şerlər yazdıqlarını göstərir. Erməni qrafikası (alban əlifbası) ilə yazılmış bu əsərləri Əkbər İrəvanlı üzə çıxarmış və hələ sovet dövründə onlar barədə məlumat vermişdir. Fəqət sovet dövründə mövcud olan basqı üzündən o, bu əsərlərin müəlliflərindən “azərbaycanca yazıb – yaratmış erməni şairləri” kimi söz açmışdır.
Ş. Smbatyanın irəli sürdüyü iddialardan biri də “ənənəvi erməni mövzusu”nu əhatə edir. O da digər erməni tarixçiləri kimi Kür – Araz ovalığının ermənilərə aid olduğunu önə sürür və antik müəlliflərin, ilk növbədə də Starbonun Albaniyanın sərhədləri bardə söylədiklərinə istinad edir. Yeri gəlmişkən qeyd edək bu, bütün erməni müəlliflərinin əsas arqumentidir. Digərləri kimi Smbatyan da başlanğıcda Albaniyann Kürdən şimalda yerləşdiyini əsas tutaraq, qeyd edir ki, V əsrə qədər (onun fikrincə, Kür – Araz ovalığı V əsrdə Albaniyanın tərkibinə keçmişdir) bu ərazilər yalnız Ərməniyyənin tərkibində ola bilərdi. Onun fikrincə, çünki o dövrdə guya bölgədə Ərməniyyədən başqa heç bir qüvvətli ölkə yox idi. Yəni müəllif bu halda hər hansı bir konkret fakta deyil, öz “erməni məntiqinə” əsaslanır. O ki qaldı V əsrə qədər bölgədə Ərməniyyədən güclü dövlətin olmaması məsələsinə, bu, əlbəttə ki, gülməli fikirdir. Çünki bu halda qüdrətli Parfiya - türk imperatorluğu və onu lll əsrdə əvəz etmiş fars – Sasani imperatorluğu bilərəkdən gözardı edilir. Üstəlik də həmin dövrdə Ərməniyyə və Albaniya hökmdarlarının türk – Arsaklar sülaləsinə mənsubluğu barədə də bir söz deyilmir.
Kür – Araz ovalığı ən azı e.ə. lX əsrdən etibarən Mannanın tərkibində idi və Bərdə də (Parta) Mannanın “Saqarta” (Zikertu) adlanan bölgəsinin mərkəzi şəhəri idi. Sonrakı dövrlərdə bu ərazinin adı mənbələrdə Sakasena, o cümlədən erməni mənbələrində “Şakaşen” kimi çəkilir ki, bu da “saklar ölkəsi” deməkdir. Sakların isə türklər olduğu məlumdur. Polibi və Strabonun verdiyi məlumatlardan isə belə aydın olur ki, e.ə. lV əsrdən, yəni Atropatena (Azərbaycan) dövlətinin tarix səhnəsinə çıxmasından sonra bu ərazi onun tərkibində olmuş və bu ölkənin nüvəsini təşkil etmişdir. Təsadüfi deyil ki, ölkənin həm yay, həm də qış paytaxtları bu ərazidə yerləşirdi.
Albaniya və albanlar haqqında cəfəng fikirlərə A. Akopyanın da əsərlərində rast gəlinməkdədir. Onun da fikrincə, Kür – Araz ovalığı Ərməniyyənin şərq torpaqları olmuş və Kür çayı təkcə guya Ərməniyyə ilə Albaniyanın deyil, həm də erməni etnosu ilə alban etnosunun sərhəddini müəyyən etmişdir. Müəllif iddia edir ki, guya bu ərazi e.ə Vl əsrdən, yəni Ervanditlər dövründən Ərməniyyənin, ondan öncə isə Urartunun tərkib hissəsi idi. Əlbəttə ki, dediklərini sübut edə bilmək üçün heç bir dəlil gətirə bilmir, sadəcə, faktların təhrifi ilə məşğul olur.
A. Akopyan da yazır ki, guya özünü “alban” adlandıran etnos olmamışdır və
guya bu adla Albaniya əhalisini qonşuları adlandırmışlar. O bunu iddia edərkən, təbii ki, Musa Kağankatlının “Alban tarixi” kitabında özünü və mənsub olduğu xalqı alban adlandırmasını gözardı edir. Onun fikrincə, Parfiya hökmdarı tərəfindən Albaniyanın məliyi təyin edilən Ərən (e.ə ll əsr, bəzi mənbələrə görə, l əsr) guya Ərməniyyənin şərq əyalətlərinin canişini olmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, “Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində də Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağdaş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimi tərcümə etməkdə və yazmaqda, bununla da faktları təhrif edərək, guya Albaniyann müstəqil dövlət deyil, Ərməniyyənin şərq əyaləti olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev yazır:
"...Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir.
Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (ll kitab, XX fəsil), “Şərq” (l kitab, Vlll fəsil), “Şərq məmləkəti”(l kitab, XXVll fəsil, ll kitab, l, XXVll və XXXVll fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (ll kitab, XXVll fəsil, ll kitab, XXVlll fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (l kitab, Vl fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər.
Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, l kitab, XXll fəsil, ll kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(ll kitab, ll fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (ll kitab, ll fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (ll kitab, ll fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (ll kitab, XXVlll fəsil). Türküstan, yəni türklr ölkəsi isə “Şimal” adlandırılır (ll kitab, XXVll fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir (l kitab, Xll və XXVll fəsillər; ll kitab,Xlll fəsil)... Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin kordinatları ilə heç bir əlaqəsi yoxdur.”
Eyni şeyi Akopyanın da yazılarının ruhunda da görürük. Bu müəllif əski erməni tarixçilərinin əsərlərində göstərilən faktları da özü istədiyi kimi şərh etməkdən çəkinmir. Məsələn, Həm Moisey Xorenatsi, həm də Tovma Artsruni göstərmişlər ki, Kür – Araz bölgəsində saklar, utilər və albanlarla yanaşı qarqarlar da yaşamış və burada onların adını daşıyan Qarqar düzənliyi olmuşdur. Akopyan isə iddia edir ki, guya Qarqar düzənliyi Kürdən şimalda olmuşdur. O, iddialarında daha da uzağa gedərək bildirir ki, guya qarqarlar alban xalqlarından biri deyildi və albanların da heç bir yazısı olmamışdır. Bu halda da o, əski ermni tarixçilərinin söylədiklərini inkar etməkdədir.
Kür və Araz çayları arasında yerləşən bütün ərazilərin, o cümlədən Qarabağ və Uti vilayətinin Ərmniyyənin tərkibində olduğunu iddia edən bütün erməni müəllifləri öz iddialarını əsaslandırmaq üçün bəzi mənbələrdə adı “Etuini” (Eduri – Etuini) və ya “Otena” (Udin) kimi çəkilən və Ərməniyyənin tərkibində olduğu vurğulanan əski Urartu vilayəti ilə Bərdə ətrfında mövcud olan və erməni mənbələrində adı Utik, antik mənbələrdə isə “Toten” kimi qeyd edilən alban vilayətini eyniləşdirirlər. Bu halda onlar antik müəlliflərin Araz çayınn Atropatena ilə Otena arasından axdığı və onlar arasında sərhəd olduğu barədəki fikirlərini misal çəkirlər. Eyni zamanda Araz çayınn Atropatena ilə Ərməniyyəni ayırdığı barədə Strabonun dediklərini misal çəkirlər. Şübhəsiz ki, bu halda Atropatenanın guya Arazdan cənubda yerləşdiyinə inanan Azərbaycan alimlərinin onlara tutarlı cavab verə bilməsi mümkün deyildir. Halbuki, Atropatenanın həm də Arazdan şimaldakı torpaqlarımızı əhatə etdiyini və bu ölkə ilə Ərməniyyə arasındakı sərhəddin çayın şimaldan cənuba axan hissəsinin olduğunu qəbul etsək, - bunu Polibiy və Strabonun sözləri tam təsdiq edir, - o zaman hər şey aydın olar. Yəni aydınlaşar ki, Atropatena Bərdə ətrafındakı, yəni Kür – Araz ovalığındakı Uti (erməni mənbələrində Utik) vilayəti ilə yox, Arazın qərbindəki əski Urartu vilayəti Otena (Udin) ilə həmsərhəd imiş. Uti isə Atropatenanın tərkib hissəsi idi.
Biz bu məsələyə kitabımızın “Kutilər və Mahan (Manna) dövləti” bölümündə toxunduğumuzdan onun üzərinə yenidən qayıtmaq istəmirik, fəqət bəzi məsələləri xatırlatmağı vacib hesab edirik.
Udinlərin mənşəyi məsələsinə toxunan iL.M.Meliksetbekov haqlı olaraq, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri - Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq yazmışdır ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər. Yəni alim öncə Urartunun, daha sonra isə Ərməniyyənin tərkibində olmuş Etuini (Otena, Udin) vilayətinin Bərdə ətrafındakı Uti – Otenadan fərqli bir şey olduğunu göstərmişdir.
Xatırladaq ki, elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Bərdə şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir.
Bu deyilənlərdən açıq – aydın görünür ki, Atropatena məhz Ağrı dağı bölgəsində yerləşən Etuini (Otena, Udin) vilayəti ilə həmsərhədd idi və onları Araz çayı ayırırdı. Bərdə ətrafındakı Uti (Otena) vilayətinə gəlincə isə, o, l əsrə qədər Atropatenanın tərkibində olmuş, l əsrdən sonra isə Albaniyann tərkibinə keçmişdir. Təsadüfi deyi ki, Ptolomey Otenadan (Utidən) məhz Atropatenanın vilayəti kimi söz açmışdr. Iqrar Əliyev də özünün “Midiya tarixi” kitabında Atropatenanın əhalisindən danışarkən uksi (oğuz), kark (kərki), mik (maq, muğ) və s. ilə birlikdə utilərin də (udulular) adını çəkmişdir. Lakin çox təəssüflər olsun ki, rus – sovet konsepsiyalarına hələ də ağlasığmaz bir “sadiqlik” göstərən Azərbaycan alimləri Atropatenanın Arazdan şimaldakı torpaqlarımızı da əhatə etdiyi fikrini inkar edərək, bu günə qədər iki Otenadan (Utidən) – Atropatena və Albaniya Otenasından fərqli – fərqli vilayətlər kimi söz açmaqda və guya utilrin öncə Arazdan cənubda (Atropatenada) yaşadıqları və sonralar oradan şimala (Albaniyaya) köçdüklri barədə cəfəng konsepsiyanı müdafiə etməkdədirlər.
Məsələn, Qiyasəddin Qeybullayev kimi böyük alim də Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, guya onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.
Yeri gəlmişkən qeyd edək ki, Kür – Araz vadisi ilə bağlı qondarma erməni (hay) konsepsiyaları ermənilərin hər zaman himayəçisi olmuş rus və sovet alimləri tərəfindən də dəstəklənmişdir və təbii ki, bu dəstək Kremlin direktivləri əsasında gerçəkləşmiş, elmi deyil, siyasi mahiyyət daşımışdır. Kremlin birbaşa direktivləri əsasında işləyən alimlərindən biri də K. Trever idi. Bu xanım yazmışdır:
“E.ə. ll əsrdə Ərməniyyə çarı l Artaşes (e.ə. 189 – e.ə. 160) bir çox vilayətləri, o cümlədən Kür çayının şakilərin (sakarın), utilərin və qarqar – albanların yaşadığı sağ sahilini Ərməniyyəyə birləşdirdi.”
Bu fikri digər sovet alimi A. Şanidze də dəstəkləmişdir. Fəqət bu iddialar qəiyyən doğru deyil... Çünki Artaşesin dövrümüzədək ulaşmış sərhəd daşlarının Göyçə yaxınlğından tapılması sübut edir ki, bu Ərməniyyə məliyinin Azərbaycandan (Atropatenadan) işğal etdiyi torpaqlar indiki Türkiyə sərhədlərinidən Göyçə gölünə qədər olan torpaqları əhatə edirdi və bu torpaqlarda gerçəkdən də o dövrdə türkdilli saklar və qarqarlar yaşayırdılar. Fəqət mərkəzi Bərdə olan Uti vilayəti buradan uzaqda idi. Odur ki, A. Novoseltsevanın aşağıdakı sözlərinin də heç bir elmi – faktoloji əsası yoxdur:
“30 – 60 –cı illər arasındakı zaman kəsiyi istisna olmaqla, düz lV əsrə qədər Ərməniyyə ilə Albaniya arasında sərhəd Kür çayı böyunca uzanırdı və Sakasena, Artsax, Uti, Qardman və s. vilayətlər Ərməniyyənin tərkibində idi.”
Eyni müəllif də eynən erməni müəllifləri kimi bu fikrini onunla əsaslandırır ki, guya həmin dövrdə Ərməniyyədən başqa həmin ərazilərə sahib olmaq iqtidarında heç bir başqa güc yox idi. Bu fikrin cəfəngiyyat olduğunu yuxarda göstərdik.
Erməni “alimləri” Strabonun Sakasena və Araksenadan Ərməniyyənin əyalətləri kimi söz açmasını əldə əsas tutaraq, bunu guya Kür – Araz vadisinin Ərməniyyənin tərkib hissəsi olmasının əlavə dəlili hesab edirlər. Bu fikirlərini sübut etmək üçün isə Sakasenanın Kür – Araz ovalığının adı olmasını, yəni bu ölkənin həmin ərazidə yerləşməsini misal çəkirlər.Təbii ki, onlar bu halda Strabonun sözlərini özləri istədikləri kimi şərh edirlər. Söhbət Strabonun aşağıdakı sözlərindən gedir.
“Saklar Ərmniyyənin ən yaxşı torpaqlarını ələ keçirərək oranı öz adları ilə “Sakasena” adlandırdılar.”
Eyni zamanda Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:
"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."
Sakasenaya keçməmişdən öncə qeyd edək ki, Strabonun “Araksena” dediyi və Araz çayının oradan axdığnı qeyd etdiyi düzənlik bu çayın axarı boyu uzanan və Sakasenadan öncə gələn yerin adı olub və Strabonun sözlərindən belə aydın olur ki, söhbət Araz çayının mənbəyindən başlayaraq bu çayın şimaldan cənuba axdığı hissəsini əhatə etmişdir. Eyni müəllifin sözləri ilə desək, məhz bundan sonra o, sərt bir şəkildə şərqə dönür və Xəzər istiqamətinə axır. Orada, yəni sərt dönüşdən sonra isə Sakasena başlayır. Araksena və Sakasenanın haraları əhatə etdiyini başa düşmək üçün isə xəritəyə nəzər yetirmək yetərlidir.
Belə aydın olur ki, Araksena düzənliyi Arazın şimaldan cənuba axdığı hissəsinin yatağının adıdır. Söhbət bu gün Türkiyəni Qərbi Azərbaycandan və Naxçıvandan ayıran hissəsindən gedir. Məhz Naxçıvanın Türkiyə və İranla sərhəd olan hissəsində həmin çay şərqə dönür və oradan da Sakasena başlayır. Nəzərə alsaq ki. Çayın yuxarı, yəni şimaldan cənuba axan hissəsi o dövrdə Ərməniyyə ilə Atropatena arsında sərhəd olub və Sakaşena Atropatenanın trkibində olub, elə çıxır ki, Araksenanın Arazdan qərbdəki hissəsi, yəni bugünkü Türkiyə ərazisində qalan hissəsi Ərməniyyəyə, şərq hissəsi isə Atropatenaya aid olub. Fəqət Artaşesin dövründə, yəni Arazdan Göyçə gölünə qədər olan Atropatena əraziləri Ərməniyyə tərəfindən işğal edildiyi dövrdə bu düzənliyin hər iki tərəfi artıq, müvəqqəti olaraq, Ərməniyyəyə keçmişdi.
Sakasenaya gəlincə isə, kitabımızın “Kimmer – iskit –sak dövləti”, “İskit və sakların mənşəyi və etnik mənsubiyyəti”, eləcə də “Maday (Midiya) dövləti və Maday - İşquz (İç Oğuz) münasibətləri” adlı bölümlərində Kür – Araz ovalığında yaşayan sakların bir qisminin hələ e.ə. Vll əsrdə işquzların (iskitlərin, İç oğuzların) təzyiqi ilə Araz çayını keçərək, sonralar “Ərməniyyə” adlanacaq Urartu ərazisinə köç edərək Kappadokiyaya qədər geniş bir ərazidə yayıldıqlarını və öz adlarını (Sakasena) bu ərazilərə də yaydıqlarını göstərmiş və bu zaman həm antik müəlliflərin, həm də mixi kitabələrin məlumatlarına istinad etmişdik. Odur ki, məsələyə təkrar dönmək istəmirik. Sadəcə bunu qeyd edək ki, o dövrdə artıq iki Sakasena var idi və onlardan biri mərkəzi Gəncə olan və Atropatenaya daxil olan Sakasena idi, digər Sakasena isə Ərməniyyə (əski Urartu) ərazisinə düşürdü. Məhz bu saklar da Ərməniyyənin hakimi idilər və Atropatena torpaqlarını işğal edən Aratşes və Tiqran da onlardan idilər. Yəni qətiyyən hay (erməni) olmamışlar.
Atropatenanın sərhədlərinin düzgün dərk edilməməsi nəticəsində Azərbaycan alimləri bu günə qədər ermənilərin Kaspiana ətrafındakı hay – küylərinə də tutarlı cavab verə və ortaya vahid və təkzibedilməz konsepsiya qoya bilmirlər. Biri – birilərini inkar etmək məcburiyyətində qalırlar.
İlk öncə qeyd edək ki, ll Tiqranın Atropatenadan işğal etdiyi ərazilərdən biri də Kaspiana vilayəti idi. Elə bu səbəbdən də Strabon Kaspiananın Ərməniyyəyə aid olduğunu qeyd etmişdir. Erməni müəllifləri bu halda da söhbətin guya Kür və Araz vadisindən getdiyini iddia etməkdə və Kaspiananın da guya orada yerləşdiyini söyləməkdədirlər. Atropatenanın sərhədləri barədə Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyadan çıxış edən və mənbələrdə Kaspiananın Atropatenada olduğunu əsas tutan qiyasəddin Qeybullayev belə, yanlış olaraq yazmışdr:
“...Həqiqətdə isə ərməniyyəlilər tərəfindən e.ə. ll əsrdə işğal edilmiş Kaspiana Atropatenada, yəni Kürdən cənubda, təqribən onun Arazla qovuşan yerindən dənizə qədər olan ərazidə - indiki Muğan düzündə və Talış zonasında olmuşdur.”
Bu və bənzər fikirlər səhv konsepsiyalara əsaslandığı üçün onların üzərində durmağı boş vaxt itirmək hesab edirik. Çünki ll Tiqran tərəfindn işğal edilən Kaspiananın mövqeyini hər kəsdən daha doğru Firidun Ağasıoğlu göstərmişdir. O, bütün əski mənbələri incələyərək sözügedən Kaspiananın indiki Gürcüstan ərazisində olduğunu təkzibedilməz dəlillərlə ortaya qoymuşdur. Bu ərazilərin isə əzəldən Atropatenaya aid olduğunu yuxarıda göstərmişik.
Fəridə Məmmədova haqlı olaraq, yazır ki, Kaspiana yalnız ll Tiqranın dövründə, yəni e.ə. 66 –cı ilə qədər Ərməniyyədə olmuşdur və erməni (hay) tarixçilərinin bu halın guya 387 – ci ilə qədər davam etdiyi barədə söylədiklri uydurmadan başqa bir şey deyildir. Məlumat üçün bildirək ki, e.ə l əsrin ortalarından həm Ərməniyyə, həm Atropatena, həm də Aran, eləcə də Albaniya vahid Parfiya Türk imperatorluğunun tərkibinə daxil edilmişdi ki, bu barədə bütün əski erməni (hay) mənbələri yazır. Odur ki, çağdaş erməni (hay) “alimlərinin” həmin dövrdən sonra Azərbaycanın bu və ya digər ərazilərinin guya Ərməniyyənin tərkibində olması barədə söylədikləri boş və mənasız sözlərdən başqa bir şey deyildir. Çünki o dövrdə Ərməniyyə müstəqil dövlət deyildi. Ərməniyyə və Albaniyann türk - Arsaklar soyundan olan canişinləri yalnız lll əsrin əvvəllərində fars – Sasanilər Parfiya dövlətinə son qoyduqdan sonra bu ölkələrin müstəqilliklərini elan etdilər. Atropatenanın Arazdan cənubadakı əraziləri Parfiya imperatorluğunun digər əraziləri ilə birlikdə Sasanilərin hakimiyyəti altına keçdi, onun Arazdan şimaldakı torpaqlarına, o cümlədən Kür və Araz arsındakı bütün ərazilərə isə Albaniya Arsakları hakim oldular. Bir müddət sonra Atropatenanın qış paytaxtı olmuş Bərdə Albaniyanın paytaxtına çevrildi. Bundan öncə isə Albaniyanın paytaxtı Qəbələ idi. Lakin bu müstəqillik də uzun sürmədi. Artıq l Qubadın dövründə bu dövlətlər fars – Sasani imperatorluğunun tərkibinə keçdi. Atropatena, Ərməniyyə və Albaniya, mərkəzi şəhəri Gəncə olan vahid Aturpatakan (Azərbaycan) əyalətinə çevrildi. Sasanilərdən sonra həmin vahid əyalət və ya vahid ölkə “Azərbayqan” adı altında İslam xilafətinə birləşdirildi. Bugünkü Gürcüstan və Abxaziya da həmin ölkənin tərkib hissəsi idi. Azərbaycan xalqı da məhz həmin geniş ölkənin ərazisində yaşayan ayrı –ayrı türk soy və boylarnın, ilk növbədə də oğuzların və qıpçaqların, qismən də uyğur, bulqar, suvar və s. boyların qaynayb – qarışması nəticəsində formalaşmışdır.
Dostları ilə paylaş: |