Nəsib Muxtarov “Ocaq” təşkilatının (Şəki) sədri Mitinqə nail olmaq istəyimiz isə hələ ki, baş tutmur, cəhdlərimiz nəticəsiz qalırdı. Bu barədə Nemət Pənahlının aşağıdakı xatirəsi həmin dövrü çox gözəl əks etdirir: «Dağlıq Qarabağda baş verən təxribatlarla bağlı 88-ci ilin fevral ayının 19-da keçirilmiş mitinqdən sonra biz dəfələrlə nümayiş keçirməyə cəhd etmişdik. Ancaq bu nümayişlər baş tutmamışdı. Bizim onları təşkil edə bilmək üçün kifayət qədər təcrübəmiz yox idi. Bu səbəbdən də nümayişləri asanlıqla dağıdırdılar. 88-ci ilin fevralında Elmlər Akademiyasının qarşısında təşkil etməyə cəhd etdiyimiz nümayiş də eyni səbəbdən baş tutmamışdı» (6, s. 114).
Qeyd etməliyəm ki, həmin dövrdə N. Pənahlı çalışdığı L. Şmidt adına zavodda və «Çənlibel» təşkilatında yetərincə məşhur olsa da, eləcə də respublika rəhbərliyində çalışanlar onu yaxşı tanısalar da, hələ geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmırdı. Onun ulduzu 1988-ci ilin 21 martında Azad Əligilin «Aktyorlar evi»ndə təşkil etdiyi Novruz şənliyində parlamağa başladı. «Çənlibel»çilərin zəfər bayramına çevrilən həmin tədbirdə ilk çıxış edən M. H. Hatəmi oldu və həmişəki kimi ağzına qədər dolmuş zalı coşdurdu.
Növbəti çıxış Xəlil Rzanın olmalı idi. Elə bu məqamda L. Şmidt adına zavodun bir neçə fəhləsi mənə yaxınlaşaraq, həyacanla tədbirə gələrkən yolda N. Pənahlının milislər tərəfindən saxlanıldığını söylədilər. Dərhal Xəlil Rzaya yaxınlaşıb durumu bildirdim, o da tribunaya qalxar-qalxmaz dedi: