Həmin mitinqin birbaşa təşkilatçılarından və kordinatorlarından biri mən idim və tam məsuliyyətim ilə Məhəmməd bəyin haqlı olduğunu təsdiq edir, "Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti"nin rolu barədə söylənilənlərin həqiqəti qətiyyən əks etdirmədiyini bildirirəm. Lakin onu da qeyd etməliyəm ki, yuxarıdakı sitatda adı Namiq Qulamov kimi keçən şəxsin adı əslində Namiq yox, Natiq idi. Bəhmən Sultanlının bacısı oğlu olan bu gəncin «Çənlibel»in təşkil etdiyi ilk iki mitinqin (16 və 18 may) ərsəyə gəlməsində müstəsna xidməti olub. Sonra isə onu DTK-ya çağırdılar, qorxutdular və o da qorxusundan növbəti mitinqi pozdu. Bizim təbii ki, bundan xəbərimiz yox idi. Etdiyi əməldə peşimançılıq hissi keçirən Natiq bəy bir-iki gün sonra mənə yaxınlaşaraq başına gələnləri, qorxduğu üçün mitinqi pozduğunu etiraf etdi və dedi ki, «zavod və universitetlərin inqilabçı rəhbərlərinə tapşırmışam ki, bundan sonra Hatəmiyə və sənə tabe olsunlar. Mən qorxuram və kənara çəkilirəm. Amma bundan sonra hər şey qaydasında olacaq».
Ondan sonra hər şey gerçəkdən də qaydasına düşdü. Mən onun mənimlə tanış etdiyi fəhlə liderləri Nemət bəylə, universitet tələbələrinin başçılarını isə Hatəmi ilə tanış etdim və bundan sonra göstərişləri onlardan almalı olduqlarını söylədim.
Yuxarıdakı sitatda Orxan və Rəfael Əliyev qardaşlarının da adı çəkilir. Tarix üçün qeyd etməliyəm ki, böyük qardaşın adı əslində Orxan yox, Robert idi. O, ata-anasının hansısa filmin və ya bədii əsərin təsiri ilə ona qoyduqları bu addan utandığı üçün hamıdan xahiş etmişdi ki, onu «Orxan» deyə çağıraq. Biz də elə edirdik.
Görünür, Məhəmməd bəy unudub, ilk və sonrakı mitinqlərin həyata keçirilməsində Nemət Pənahlı başda olmaqla, L. Şmidt adına zavodun fəhlələrinin rolu da az olmayıb.
M. H. Tantəkin davam edir: «16 may nümayiş-mitinqini Ermənistanda türklərin evlərinin yandırılmasına etiraz olaraq təşkil etmişdik. Səhər saat səkkiz otuzdan fantanlar bağında oturub, onun baş tutub-tutmayacağını həyəcanla gözləyirdim. Bağda DTK-nın, Daxili İşlər Nazirliyinin xəfiyyələri, həmin bağın milis nəzarətçiləri dolaşır, oğrun-oğrun məni izləyir-dilər. Özümü o yerə qoymayıb, başımı əlimdəki qəzetlərə qatmışdım. Onların rahatsız hərəkətlərindən hiss etdim ki, dövlət mitinqin təşkilindən xəbər tutmuş və onu basdırmağı qərarlaşdırmışdır. Amma basdıra bilmədi. Xalqın qarşısına çıxarılmış milis qüvvələrinə ratsiya ilə göstəriş verildi ki, şəhərin hər tərəfindən meydana axın var, qabağında durmayın. Nümayiş baş tutmuşdu. Sevincimin həddi-hüdudu yox idi.
Xalq elə bil ermənilərə qarşı etiraz mitinqinə toplaşmamış, qanlı, zülmkar sovet rejimi əleyhinə üsyana qalxmışdı. Qızmar may günəşi altında dəniz kimi coşan, dalğalanan millət az qala özünü şəhid edirdi. Yönüm mitinqin hansı səmtinə çevrilirdisə, əzab-əziyyət çökmüş, məzlumluq tökülən üsyankar üzlər görürdüm. Onlara dözə bilməyərək, tribunanın arxasına çəkilib, xalqımın bədbəxtçiliyinə içdən acı-acı ağladım.
Tribunada mikrafondan dövlətə qarşı ağzından od püskürən cavan bir qadının natiqliyi diqqətimi çəkdi. Yanıma çağıtdırıb tanış oldum. Məlum oldu ki, o, uşaqlıq yoldaşım, astaralı Təhmures Cahaninin qızı Sevil xanım Cahanidir.
Sevil xanım milli hərəkat zamanı mənim yaxından tanıdığım mübariz 4 gözəl natiqdən biri olmuşdur: Xəlil Rza, Mənsur Əlisoy, Sevil Cahani, Seyid Tahir Qarabaği.
Sonralar mübariz qadınlardan aşağıdakılarını tanıyacağam: Süsən xanım Paşa qızı, Süsən xanım Əliyeva, Rima xanım, Sima xanım, odlu-alovlu türk qızı Solmaz xanım Akçay, Fatma xanım Yusifzadə, iki bacılar Fəridə xanım Həsənova, Əminə xanım Həsənova, Gülnaz xanım, Cəmilə xanım, Vəturə xanım Həsənova, Naibə xanım və b.
Könül adlı gənc bir qadın öz nitqində Türkiyə və islamiyyətlə ilgili, xalqın gur alqışıyla qarşılanan, cəsarətli şüar verdi. Dövlətyanlı ziyalılar xalqın gözü qabağında onu mikrofondan çəkərək, hər tərəfdən başına qapaz tökməyə başladılar. Qadını təpikləyənlər də vardı. Bir dəstə ruspərəst, qeyrətsiz ziyalı alçağın zəif bir qadın xaylağının, özü də milli ruhlu bir qadın xaylağının, üstünə düşmələrini vicdanım, qanım, ruhum götürməyib, onun müdafiəsinə qalxdım. O biri tərəfdən olaydan əsəbiləşmiş xalq hücum edərək, biz qarışıq, tribunadakıların hamısını əzişdirmək, hər şeyi dağıtmaq istəyirdi. Ara qarışacaq, mitinqi çağırmağımız heç nə olub gedəcəkdi. Xalqı sakitləşdirmək üçün çəkdiyimiz çətinliyi bir Allah bilir!
Əlimdə mitinqin içərisindən tribunaya göndərilmiş çoxlu qeydlər vardır. Mitinq zamanı və mitinqdən sonra dövlət onları əlimdən çıxartmaq üçün çox çalışdı. Vermədim, qoruyub saxladım. O vaxtlar xalqı duymaq, bilmək baxımından tarixi dəyəri olan həmin qeydlər bunlardır:
"Arvadları erməni olan rəhbər azərbaycanlı işçilərimiz işdən qovulsun. Onlardı torpağımızı satır",
"Qazax, Naxçıvan torpaqları geri qaytarılsın", "Mərkəzi Komitənin nümayəndəsi A. Rəsizadənin dəhşətli ağlasığmaz hərəkəti Azərbaycan xalqına, onun mədəniyyətinə ağırdan da ağır zərbə oldu. Hökmən Rəsizadə bu hərəkətini MK qarşısında izah etsin. Torpaqdan pay olmaz. 5000 hektar torpağı pay verməklə o, anasının südünü, bacısının namusunu pay verdi. Qətiyyətlə tələb edirik: o, bu müqəddəs torpağı qarış-qarış yadelli işğalçılardan alıb birləşdirən Şah İsmayıla, Babəkə, Azərbaycanda adı çoxdan unudulan Hacı Zeynalabdin bəy Tağıyevin müqəddəs ruhuna cavab versin!... M. Əliyev adına ADİİ tələbəsi Zülalova G.Y ",
"Ermənistanda ölən əsgərlərin ölümü haqqında məlumat verilsin", "Ermənistan cinayətkarları haqqında məlumat",
"Bütün qəzet səhifələrinin axırındakı ünvan Avakyan adı ilə bağlıdır. Tələb edirik: Avakyan küçəsinin adı dəyişdirilsin!",
"Necə ola bilir ki, Sumqayıta qoşun yeriyir, əmin-amanlıq yaranır, ancaq Qarabağda, xüsusi ilə Stepanakertdə indi də işləmirlər. Bu barədə xalqa niyə məlumat verilmir?",
"Sumqayıtda tutulanlar xuliqan adlandırılmasın və buraxılsın!",
"Sumqayıtda tutulanlar buraxılsın! Azərbaycan xalqı",
"40-cı illərdə Stalinin əmri ilə köçürülmüş 100 min azərbaycanlı öz vətənlərinə qaytarılsın!",
"Azərbaycan tarixi haçan öz yerini tutacaq?",
"Milli qəhrəmanlarımızın heykəlləri Bakının görkəmli yerlərində qoyulsun!",
"Tələbimiz: 1. Şah İsmayıl Xətainin abidəsi ucaldılsın, şəhərimizin görkəmli yerlərindən birində. 2. Zeynalabdin Tağıyevin adına küçələr və meydanlar qoyulsun, abidəsi ucaldılsın!",
"Sovet İttifaqında... ən çox xeyir verən bərəkətli Azərbaycan torpağıdır. Belə isə Moskva, konkret desək, Qorbaçov və durğunluq dövrünün havasından heç cür yaxa qurtara bilməyən Azərbaycan Mərkəzi Komitəsi nə vaxta qədər bizim xalqın arzularını boğacaqlar?",
"Bütün zəhmətkeşlər ümumi tətilə çağrılsın".
Qeydlərin bir sırasında ali məktəblərin qapılarını bağlatdırıb tələbələri mitinqə buraxmaq istəməmiş İsmayıl İbrahimov, Timuçin Əfəndiyev kimi rektorlara etiraz və Sumqayıtın keçmiş partiya katibi Cahangir Müslümzadənin köhnə iş yerinə qaytarılması tələb edilir» (3, s. 28-29).
Qaynaqça
-
Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.
-
Elçibəy Ə. "Bu mənim taleyimdir", Bakı, 1992.
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
"Qurtuluş" qəzeti, № 1, 1990.
-
Nəcəfxalı Ə. Sumqayıt: SSRİ-nin suqutunun başlanğıcı. “Xalq qəzeti”, 02 mart 2015.
-
Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Puc olan erməni təxribatı . “Azərbaycan”, 01 Mart 2015.
Dostları ilə paylaş: |