Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri


Beynəlxalq ticarət nəzəriyyələrinin iqtisadi mahiyyəti və konseptual yanaşmalar



Yüklə 210,43 Kb.
səhifə4/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   2   3   4   5   6   7   8   9   ...   57
muhazre1

1. Beynəlxalq ticarət nəzəriyyələrinin iqtisadi mahiyyəti və konseptual yanaşmalar.

Hər bir ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən edən mühüm göstəricilərdən biri də xarici ticarət əlaqələrinin səviyyəsidir. İstehsal olunan məhsulların dünya bazarlarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, onların bu bazarlara sərbəst çıxışının təmin edilməsi, daxili istehlak bazarı üçün zəruri malların idxalı nəticə etibarilə ölkələrin iqtisadi qüdrətinin artmasına təsir edir.

Müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikası özünün zəngin təbii xammal ehtiyatlarından məqsədyönlü şəkildə istifadə etmək, dünya təsərrüfat sisteminə inteqrasiyanı sürətləndirmək və qarşıda duran bir sıra qlobal problemlərin həllinə nail olmaq məqsədilə xarici ticarət əlaqələrinin tənzimlənməsinə, ticarətin müasir tipli infrastrukturunun yaradılmasına, ticarət sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasına xüsusi əhəmiyyət verməlidir. Məhz bu səbəbdən də yeni iqtisadi şəraitə uyğun normativ-hüquqi bazanın yaradılması bu sahədə aparılan iqtisadi islahatların strateji xəttini təşkil etməkdədir. Təbii olaraq ölkənin beynəlxalq ticarət əlaqələrinin əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün tarixi keçmişdən bu günə kimi inkişaf yolu keçmiş müxtəlif nəzəriyyələrin təhlili və bunların üstünlüklərinin öyrənilməsi zəruri məsələlərdəndir.

Beynəlxalq ticarət nəzəriyyələri uzun bir təkamül prosesi keçərək çoxəsrlik tarixə malikdir. Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü özünün inkişaf dövrü ilə feodalizmin dağıldığı və kapitalist istehsal münasibətlərinin yarandığı ilk dövrlərdən etibarən dünya iqtisadi fikrinin inkişafının əsas mərhələlərini əks etdirir. Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü merkantilizm, klassik, neoklassik və müasir nəzəriyyələr istiqamətlərindən keçmişdir.

Beynəlxalq ticarətə dair ilk sistemli fikirlər yalnız XVI əsrdə merkantilistlər tərəfindən yaradılmışdır. Merkantilizm nəzəriyyələrinin əsas nümayəndələri kimi, Tomas Meni, Antuan Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu və digərlərini göstərmək olar.

Əgər merkantilizmin mahiyyətini son dərəcə qısa şəkildə ifadə etsək, həmin mahiyyət iqtisadi siyasətdə-ölkədə və dövlət xəzinəsində qiymətli metalların hər vasitə ilə toplanmasından, nəzəriyyədə- tədavül sahəsində- (ticarətdə, pul dövriyyəsində) iqtisadi qanunauyğunluqların axtarılmasından ibarətdir. Merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini ifadə edirdi. Merkantilistlər millətin sərvətini mahiyyət etibarilə ticarət kapitalının mənafeyi baxımından nəzərdən keçirirdilər. Merkantilistlər sərvətin mənbəyini tədavül sferasında, əsasən xarici ticarətdə görürdülər. Qeyri-ekvivalent mübadiləni əsas götürürdülər və ucuz alıb baha satmağı sərvətin mənbəyi hesab edirdilər. Merkantilizmin dövlət müdrikliyinin zirvəsi xaricdən satın alındığından daha çox xaricə satmaq olmuşdur.

Merkantilistlərin beynəlxalq ticarət nəzəriyyəsinə verdikləri töhfə danılmazdır, ən azı ona görə ki, onlar ilk dəfə xarici ticarətin ölkə iqtisadiyatı üçün əhəmiyyətini qeyd etmiş və müasir iqtisadiyyatda tədiyə balansı adlanan anlayışı təsvir etmişlər.

Xarici ticarət əlaqələrinin xarakteri ölkələrin kim ilə, nə ilə və nəyə görə ticarət etməsi problemi xarici ticarət sahəsində nəzəri axtarışların əsas məqsədi olaraq qalmaqda davam etmişdi və bu tarixi vəzifə ilk dəfə olaraq XVIII əsr ingilis klassik iqtisadi məktəbinin üzərinə düşmüşdü.

Beynəlxalq ticarət sahəsində irəli sürülmüş nəzəriyyələrdən biri klassik məktəbin ən görkəmli nümayəndəsi A.Smitin “Mütləq üstünlüklər” nəzəriyyəsidir11. Bu nəzəriyyəyə görə, ölkələr daha az xərclərlə istehsal etdikləri (yəni istehsalında mütləq üstünlüyə malik olduqları) əmtəələri ixrac edir və digər

ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan (yəni istehsalında mütləq üstünlüyün tərəfdaş ölkələrə məxsus olduğu) əmtəələri idxal edir.



A.Smit merkantilistlərdən fərli olaraq, belə bir müddəa irəli sürdü ki, xarici ticarətdən hər hansı bir ölkənin iqtisadi faydası heç də, hökmən hər hansı digər bir ölkənin ziyanı hasabına əldə edilmir. Başqa sözlə, beynəlxalq ticarət, ticarət edən bütün ölkələrin hamısına da eyni zamanda fayda verə bilər.

A.Smit İngiltərənin bütün xarici ticarət siyasətini ətraflı tətqiq etmiş və xarici ticarət azadlığı üçün proqram işləyib hazırlamışdır. O, merkantilistlərin əksinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və hesab edirdi ki, beynəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir.

A.Smitdən təxminən 40 il sonra klassik məktəbin digər görkəmli nümayəndəsi David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarının inkişaf etdirərək “Müqayisəli üstünlüklər nəzəriyyəsi” 1 ni işləyib hazırladı.

Bu nəzəriyyənin müddəlarını “Siyasi iqtisadın prinsipləri və vergiqoyma” (1817) əsərində əks etdirən D.Rikardonun fikrincə, beynəlxalq ticarəti təkcə mütləq üstünlüklərə əsaslanaraq izah etmək düzgün olmazdı. O, beynəlxalq əmək bölgüsünün əlverişliliyini müqayisəli üstünlük prinsipi əsasında izah etməklə sübut etmişdir ki, iki ölkə arasında ticarət, hətta onlardan biri digəri qarşısında mütləq üstünlüyə sahib olmadıqda belə, onların hər biri üçün sərfəlidir. Müqayisəli üstünlüklər nəzəriyyəsinə görə, əgər ölkələr digər ölkələrlə müqayisədə nisbətən daha az xərclərlə istehsal edə bildikləri əmtəələrin istehsalında ixtisaslaşırlarsa, onda ticarət hər iki tərəf üçün qarşılıqlı faydalı olacaq. Bu zaman, istehsalın onların birində digərinə nisbətən mütləq effektivliyə malik olması əhəmiyyətə malik olmayacaq. Beynəlxalq ticarət nəzəriyyələrinin mühüm istiqamətlərindən biri neoklassik nəzəriyyələrdir. Bu nəzəriyyələrdən “İstehsal amilləri nəzəriyyəsi” (J.Sey), “İstehsal amillərinin nisbəti nəzəriyyəsi” (E.Hekşer, B.Olin) “İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi teoremi” (Hekşer-Olin-Samuelson), “Müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə intişar edilməsi” (P.Samuelson) nəzəriyyələrini göstərmək olar.

Üstünlüklər nəzəriyyəsinin digər nəzəriyyə nümayəndələri tərəfindən tənqidi ona əsaslanırdı ki, bu nəzəriyyə istehsal xərclərini ancaq əməklə bağlayır. Həqiqətdə isə bir sıra konsepsiya təmsilçilərinə görə, istehsalın bir neçə amili vardır. İstehsal amilləri nəzəriyyəsi”1 nin banisi olan Jan Batista Sey bu cür amillər kimi əməyi, torpağı və kapitalı göstərirdi və onları dəyərin mənbəyi elan edərək, buradan belə nəticə çıxardı ki, həmin amillərdən hər birinin sahibləri özlərinə çatası gəliri götürürlər: fəhlə əmək haqqı, kapitalist mənfəət, torpaq sahibi renta götürür. J.Sey öz nəzəriyyəsində mənfəəti borc faizinə və sahibkar gəlirinə ayırır. Borc faizi kapitalın sahibi kimi, sahibkar gəliri isə müəssisənin rəhbəri kimi kapitalist tərəfindən mənimsənilir. Sahibkar gəliri istehsalın bütün amillərinin səmərəli şəkildə birləşdirilməsindən ibarət olan xüsusi və çox mühüm ictimai funksiya üçün mükafatdır.

J.Sey yazırdı ki, sahibkarın gəliri “onun sənayeçilik qabiliyyəti, istedadı, nizam-intizam ruhu və rəhbərliyi üçün mükafatdır”.

Sahibkarın isə əsas məqsədi istehsal xərclərini aşağı salmaq və yüksək gəlir götürməkdir. Gəliri isə əldə etmək üçün əmtəələrin bir hissəsini xarici ölkələrdə satmaq lazımdır. Onun nəzəriyyəsinə görə xarici ticarətə daxil olan əmtəələrin müqayisəli qiymətləri istehsal amillərində olan fərqlərlə müəyyən edilir. İstehsal amilləri qiymətləri ölkə daxilində eyni və ya bir-birinə yaxın olduğu halda, ölkələr arasında bir-birindən ciddi fərqlənir. Bu cəhət beynəlxalq ticarətin daxili ticarətə nisbətən müxtəlif şərtlər altında baş verdiyini göstərən mühüm amildir. XIX əsrdə istehsal amilləri nəzəriyyəsinin müxtəlif variantlarının əmək-dəyər nəzəriyyəsini sıxışdırması nəticəsində klassiklərin davamçıları olan neoklassik məktəbin nümayəndələri beynəlxalq ticarəti istehsal amilləri nəzəriyyəsi vasitəsilə izah etməyə başladılar.

Bu zaman bir çox variantlar irəli sürülürdü. Lakin bu istiqamətdə doğrudan da əhəmiyyətli irəliləyiş XX əsrin 20-ci illərinin ortalarında baş verdi. İsveç neoklassik iqtisadçıları Eli Hekşer və onun şagirdi Bertil Olin yeni bir konsepsiya işləyib hazırladılar ki, bu da sonradan “İstehsal amillərinin nisbəti nəzəriyyəsi”1 adını aldı. Bu nəzəriyyə çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən ana fikri belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə edər, yəni onları daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar.

Tutaq ki, hər hansı bir ölkədə əmək amili boldur. Belə bir ölkədə normal olaraq əməktutumlu mallar daha ucuz istehsal olunar. Həmçinin kapital amili ilə zəngin olan ölkələrdə də kapitaltutumlu əmtəələrin daha ucuz istehsal olunması gözlənilməlidir.

Əyani surətdə göstərmək üçün Azərbaycan və Yaponiya kimi iki ölkə və parça və mühərrik kimi iki əmtəə götürək. Azərbaycanda əmək, Yaponiyada isə kapital bol olsun, parça əməktutumlu, mühərrik isə kapitaltutumlu əmtəə olsun. Belə bir halda, nəzəriyyənin ana fikrinə görə, Azərbaycan parçada, Yaponiya isə mühərrikdə müqayisəli üstünlüyə malik olmalıdır.

Beləliklə, Hekşer-Olin teoremi müqayisəli üstünlüklər nəzəriyyəsindən də bir addım irəli gedərək ticarətin müqayisəli üstünlüklərə əsaslandığını göstərir və eyni zamanda müqayisəli üstünlüklərin səbəbini müəyyən edir. Bu səbəb isə ölkələrin istehsal amilləri ilə fərqli surətdə təmin olunmasıdır. Amerika iqtisadçısı Pol Samuelson tərəfindən isbat olunan və Hekşer-Olin teoreminə əsaslanan “İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi” (Hekşer-Olin--Samuelson teoremi) teoreminə görə, beynəlxalq ticarət mübadilədə iştirak edən ölkələrdə istehsalın homogen amillərinin mütləq və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır.

Daha sadələşdirilmiş şəkildə desək, ticarət nəticəsində əmtəələrin nisbi qiymətinin bərabərləşməsi son nəticədə bu əmtəələrin istehsalında istifadə edilən amillərin də nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır. Kapitalın homogenliyi dedikdə, eyni məhsuldarlıq və riskli kapital, əməyin homogenliyi dedikdə isə, eyni hazırlıq, təhsil və məhsuldarlıq səviyyəsi ilə xarakterizə olunan əmək nəzərdə tutulur.

Dediklərimizi əyani surətdə təsvir etmək üçün yenə də nümunəyə müraciət edək. Hekşer-Olin modelinə görə, hər bir ölkə daha çox malik olduğu amillərdən istifadə edilən əmtəə istehsalında ixtisaslaşmalıdır. Yəni, nümunəmizə görə, Azərbaycan mühərrik istehsalından imtina edərək və onu maksimum dərəcədə azaldaraq resurslarını parça istehsalına yönəltməlidir. Lakin bu iki istehsal sahəsində amillərdən istifadə xüsusiyyətləri eyni deyildir. Mühərrik kapitaltututmlu, parça isə əməktutumludur. Bu baxımdan mühərrik istehsalının azaldılması ilə sərbəst qalan iş gücü parça istehsalında asanlıqla işləyə bildiyi halda, kapital faktorunun bu sektorda istifadə olunma imkanları daha məhduddur. Nəticədə genişlənən parça istehsalı iş qüvvəsinə olan tələbi sürətlə artırarkın kapitala olan tələb daha məhdud templə artır. Bu isə əmək haqqının, yəni iş gücünün qiymətinin artımına, faizlərin, yəni kapitalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar.

Yaponiyada isə bunun əksi olan proses baş verər. Bu ölkə mühərrik istehsalında ixtisaslaşır. Parça istehsalının azalması ilə ortaya nisbətən bol miqdarda əmək çıxar. Mühərrik istehsalında artım, nəticədə digər sektorda istifadəsiz qalan kapitalın asanlıqla mühərrik sənayesinə cəlb edər. Lakin iş gücü üçün bu asanlıq müşahidə edilmir, əmək istifadəsiz qalır. Nəticədə kapitala görə iş gücünün qiyməti aşağı düşər.

Neoklassik məktəbin nailiyyəti kimi həmçinin müqayisəli üstünlüklər nəzəriyyəsinin ikidən artıq əmtəə və ölkə modelləri üçün də keçərli olduğunu sübut etməsini göstərmək olar. “Müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə aid edilməsi”ni öz əsərlərində ilk dəfə əsaslı surətdə əsaslandıran yuxarıda adı çəkilən amerikan iqtisadçısı Pol Samuelson olub. O, müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının iki ölkə və ikidən artıq əmtəəli modellər, həmçinin iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də doğru olduğunu sübut edib. Hər iki modeli ardıcıllıqla nəzərdən keçirək.

İki ölkəli və ikidən artıq əmtəəli modellərdə müqayisəli üstünlükləri tətbiq etmək üçün, hər əmtəənin hər iki ölkədəki dəyərləri müqayisə edilir və bunun nəticəsinə görə, əmtəələr müqayisəli dəyəri ən aşağı olandan ən yüksək olanına doğru sıralanır. Beləliklə, ölkənin nisbətən daha ucuz istehsal etdiyi əmtəə sıralamada ilk yerdə, daha bahalı istehsal etdiyi əmtəə isə son yerdə qərar tutur. Yəni başda gələn əmtəələr ixrac, sondakılar isə idxal istiqamətli əmtəələrdir. Bu iki qrup arasındakı sərhədi isə ölkə valyutaları arasındakı məzənnə fərqi müəyyən edir.

Müqayisəli üstünlüklər nəzəriyyəsini iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də tətbiq etmək çətin deyil. Burada da əvvəlki nümunəyə oxşar hərəkət edilməlidir. Sadəcə, burada əmtəələrin yerinə ölkələr müqayisəli üstünlüklər dərəcəsinə görə sıralanmalıdırlar. Bir əmtəə üzrə daha yüksək müqayisəli üstünlüyə sahib olan ölkə o əmtəənin ixracatçısı olmağa ən şanslı namizəddir. Sıralamada ixracatçı ölkələrlə idxalatçı ölkələr arasında sərhədi yenə də beynəlxalq mübadilə nisbəti (ticarət həddləri) müəyyən edir.

Yuxarıda göstərilən nəzəriyyələr beynəlxalq ticarətin klassik və neoklassik nəzəriyyələridir. Bu nəzəriyyələrin hamısının ümumi zəif tərəfi ondan ibarətdir ki, onların praktikada təsdiq olunması üçün çoxsaylı məhdudiyyətlərə və ilkin ehtimallara əməl etmək lazımdır. Buna görə XX əsrin ikinci yarısında da iqtisadçılar beynəlxalq ticarətin müxtəlif aspektlərini izah edən yeni nəzəriyyələr axtarışında olmuşlar. Polyak mənşəli ingilis iqtisadçısı T.M.Rıbçinski hələ 1955-ci ildə, tələbə olarkən belə bir fakta diqqət yetirmişdi ki, sənayenin hər hansı sahələrinin sürətli inkişafı çox zaman digərlərinə mənfi təsir göstərir. T.M.Rıbçınskinin teoreminin1 beynəlxalq ticarət üçün nəticələrini aşağıdakı kimi formalaşdırmaq olar. Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsinə görə, ölkə daha yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac edir. Rıbçinski teoremi isə göstərir ki, nisbətən daha bol olan amilin köməyi ilə ixrac istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə idxal əmtəələrinə ehtiyacaq artacaq. Əksinə, nisbətən daha qıt olan amildən istifadənin genişləndirirlməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına gətirib çıxaracaq.

Dəyişməz qiymətlər və iqtisadiyyatda yalnız iki sahə olduqda birinci sahədə intensiv istifadə olunan istehsalat amillərindən birinə tələbatın artması, digər sahədə malların buraxılmasının ixtisarına gətirib çıxarması teoremini Rıbçinski nəinki təsdiq etmişdir, həmçinin bu hadisənin xarici ticarət üçün mümkün nəticələrini tədqiq etmişdir. Rıbçınskinin teoremi dəfələrlə təcrübə vasitəsilə təsdiq edilmişdir. Əyani sübut kimi, Holland xəstəliyini göstərmək olar. Hollandiya tərəfindən Şimal dənizində təbii qaz yataqlarının işlənməsinin aktivləşdirilməsi, bu sahədə olan daha yüksək gəlir və maaş, digər sahələrdə olan resursların bu sahəyə istiqamətlənməsinə səbəb olurdu ki, bu proses də çox keçmədən öz mənfi təsirini büruzə vermiş oldu.




Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin