Ə.Məmmədxanlı
ODLU QILINC
I
Günəş doğdu. Hava işıqlaşdıqca, Girdman qalası aydın görünməyə
başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi.
Kürün ətrafı meşəlik idi. Göz işlədikcə uzanan düzlər yaçıllıq içində üzülürdü.
Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri
yerləşmişdi. Girdman qalasının qoca keşikçisi, adəti üzrə, yenə də geniş həyətdə
gəzinir, arabir dayanıb ətrafı dinləyirdi.
Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki
böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girişmişdi. Qoca, şəhərə düşmən
qoşunu doluşduğunu zənn edib, hökmdara xəbər aparmaq istədi. Bu anda
vuruşanlar həyətdə göründülər.
Qoca keşikçi qəhqəhə çəkib güldüş Qoşun hesab etdiyi adamlar yalnız iki
nəfərdi. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım
kimi şığıyırdı.
Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də
eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək
parıldayırdı.
227
Vuruşan gənclərin üzü güldü.
İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir
idi.
Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını
yarıya böldü:
–
At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan...
Qoca keşikçini yalnız indi görüb utanan Urmuz, Cavanşirin qələbəsinə
dözməyib etiraz etdi:
– Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə
endirmisən... mən ğzüm sənin xətrinə dəymirəm...
Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu:
– Bu bəhanədir, dostum, – dedi... – İstəyirsən bir də vuruşaq, bu meydan, bu
da mən...
Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi:
– Mən davanızı ayırd elərəm.
Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki
addım geri çəkildi. Pərt halda gözlərini döydü:
– Bax, buna sözüm yoxdu, – dedi. Vuruş zamanı danışmaq mənə baha başa
oturdu.
Qopca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı
kənara atıb, Urmuzun üstünə cumdu:
– Al, bu da üç!.. – deyə sevinclə bağıraraq, Urmuza möhkəm bir zərbə
vurdu. – İndi razısanmı?
Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncının ucunu yerə dayadı,
çiyninin ağrısından qollarını dörd-beş dəfə havada fırlatdı.
– Çox gözəl, – dedi, – mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük
hökmdarımız Varaz, doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi
Girdmanın igid sərkərdəsi olmağa, doğrudan da, layiqdir... Gəl, gəl, üzündən
öpüm!
II
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük
meydana toplaşdılar.
Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri
hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir
sözü ilə insan dənizi bir səmtə doğru axardı.
İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi.
Varazın arvadı Cəvahir xatun da onun yanında idi.
İnsan dənizi sükut içində gözləyirdilər. Varaz sözə başladı. Onun səsində
qəribə bir titrəyiş vardı. Hamı cəbhələr yarmış bu qocaman sərkərdənin səsini
eşidəndə fəlakətin böyük olduğunu anladı.
Varaz dedi:
– Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs
Girdman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gılir. O, çox
228
insafsız düşməndir, çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus
deyəndə – od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu
verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdman adı
gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bu gün səhər
ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq?
Göstərin!
Bu anda Urmuzun qılıncı parladı. O, Varazın qarşısında əyildi, qılıncını
oynatdı və dedi:
– Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik
qılıncını mənə verin!
Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi:
– İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox,
döyüş meydanı verər!
Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir
meydana çıxdı.
– Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən
sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan
keçirmək istədi:
– Bəlkə, birdən o səni məqlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
– Kür çayı dayanar, Varaz oğlu basılmaz!
O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək
istədi:
– Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən?
Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar
etdi:
– Hələ cavansan, oğlum!
Cavanşir, hamı eşitsin deyə, səsini daha da ucaltdı:
– On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında
düşmən sərkərdəsinin başını bədənindən ayırdı.
Varaz onun sözünü kəsmək üçün dedi:
– Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz.
Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb
dedi:
– Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaq-
laşacağam.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun
bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı.
– Elə isə tədbirini söylə, oğlum, – dedi.
Vuruşmanın sonunu gözlərsən, ata! – deyə Cavanşir cavab verdi.
Sonra Varaz üzünü xalqa tutaraq, onların fikrini soruşdu.
– Razıyıq, razıyıq! – dedilər.
229
– Elə isə, uğurlar olsun, bala! Unutma ki, Girdman torpağının sərhədi Kür
çayının o tayından başlanır.
– Bunu bilirəm, ata... Qoy mehriban anam mənə xeyir-dua versin!
Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı
eşitmək üçün hamı diqqətlə qulaq asırdı.
Cavahir xatun dedi:
– İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən,
davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum!
"Cavanşirim sağ olsun!" dedim. Evə qayıtdım. Sənin sinəni təzə al qanıma
boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi
vuruş meydanına gedirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinəndən
aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərini eşidən Girdman cəngavərləri qılınclarını havada oynadıb,
ucadan çığırdılar:
– Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
– İgid dostlar! Atam məni "cavansan" sözü ilə yola salır. Anamın sözləri isə
qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də
şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin.
Bax, bu meydanda iki cərgə cavan düzülsün. Bu cərgənin birində yeddi oğlan –
əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın.
Məqlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara
vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin...
III
Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi:
– Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
– Səbr et, Varaz! qocaldıqca deyəsən hökmdar olduğunu unudursan!
Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu
hamıdan əvvəl gördü və dedi:
– Cavanşirin elçisidir!
Həamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan
düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
– Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi.
Üstümüzə ucsuz-bucaqsız nizələr dənizi axıb gəlirdi. Sərkərdə Cavanşir gözlədi,
düşməni yaxına buraxdı. İlk həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə
qədər igid qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır.
Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış
oğlanlara, qızlara üzünü tutub dedi:
– Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də
onun ikinci şərtinə əməl edin!
230
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir
yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi:
– Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin
qarşısına çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin
qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: "Eyy, qorx ki, sən
başını da itirməyəsən!" Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on
dəfə çoxdur.
Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi:
– Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Bu anda üçüncü elçi atdan düşüb səndələyə-səndələyə gəldi. Özünü güclə
dikəldib, qılıncına söykəndi və dedi:
– Böyük hökmdar! Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara
dırnaqlı atını cavanşirin üstünə səyirtdi, əyri qılıncını düz onun başına endirdi.
Cavanşirin atı kənara sıçradı və birdən hərlənib, özünü düşmən sərkərdəsinin
üstünə atdı. Bir də nə görsək yaxşıdır? Bədəndən ayrılmış bir baş havada
fırlanır...
Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı:
– Kimin başı idi?
Elçi nəfəsini dərdi və gülümsünərək dedi:
– Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara
dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb
tökürlər.
Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq
əmr etdi:
– Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın!
IV
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə
barabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı
vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
– Söylə, oğlum, söylə mənim körpə aslanım, düşmən atları Kür çayının
suyundan içə bildimi?
Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi:
– Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir
damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər.
Sonra Varazın səsi ucaldı:
– Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!
Qızlar Cavanşiri çiçək dənizində üzdürdülər. Amma yenə də onun odlu
qılıncı parıldayırdı.
Yeddinci əsrdə parlamış bu qılınc Odlar yurdunun şöhrətini bütün dünyaya
yaydı.
Dostları ilə paylaş: |