Mir Cəlal
KƏRƏM ƏFSANƏSİ
I
Mən bu hekayədə köhnə bir igiddən danışacağam... Bu igidi el arasında
Qaçaq Kərəm adı ilə tanıyırdılar.
Kərəm öz dəstəsi ilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan
düşməni İsrafil ağa da özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri
219
vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində
yaşayırdı.
Günlərin birində, hələ obalar yaylaqda ikən, Kərəm dəstəsini çəkib, arvad-
uşağını görməyə gəlmişdi. Dostları dəyələrə dağılışıb, paltarlarını çıxarmadan,
aynalı tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-
döşək saldırıb uzanmışdı. Ağır və məşəqqətli yorğunluğunu unutmaq istəyirdi.
Amma onun gözlərinə yuxu getmirdi. Düşmənini unuda bilmirdi.
II
Kərəm gecədən xeyli keçmiş qalxıb alaçıqdan eşiyə baxdı. Gəzindi. Ətrafı
yoxladı. Bütün oba sanki əbədi yuxuya getmişdi. Adətən, sayıq yatan qapı
itlərindən də səs-səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən
hücum edə biləcəyini düşünürdü. O, gəzinə-gəzinə obadan bir az kənarda hündür
qayanın dalına girib keşik çəkən dostuna yanaşdı, qəsdən pıçıltı ilə soruşdu:
—
Yatmısanmı, Mərdan?
Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:
—
Xeyir, Kərəm dayı, dedi. – Əgər yuxu məni üstələsə, barmağımı kəsib
düz basaram!..
—
Duzun varmı?
—
Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi.
Yaralı barmağa duz basmaq vəfalı dost nəzərində o qədər də fədakarlıq
deyildi.
III
Kərəm Mərdana bir söz demədən yenə gəzindi, yenə ətrafı dinlədi. Bu sakit,
səssiz aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat ola bilmirdi. Oba
üzərini çən bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası
ilə süzən ay indi hardasa gizlənmişdi.
Kərəm çox gəzib dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər
saldı, amma heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi.
“Görünür İsrafil ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa, indiyəcən harda
olsaydı, dəstəsini çəkib üstümüzə gələrdi,” – deyə düşündü və alaçığına qayıtdı.
Qaranlıqdan arvadının səsini eşitdi:
—
Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!
Vəfalı qadın köksünü ötürəndə kədər dolu bir ah çəkdi. O, yaşarmış
gözlərini göyə dikib Allaha yalvardı:
—
Ey böyük Tanrı, mənim balalarıma rəhmin gəlsin!
Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir-
duası onu da qəhərləndirdi:
—
Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar.
Qadin dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da
artırdı. Kərəm uzandı. Tüfəngini yorğanının üstünə qoydu. Azca yatmaq və
dünyanın dərdini, kədərini unutmaq istədi.
Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...
Nəhayət, Kərəmin gözləri qapandı. Şirin yuxu o mərd, o qüdrətli igidi də
220
məğlub elədi...
IV
Kərəm nə qədər yatdığını bilmədi. O yalnız hava işıqlanmağa başlarkən
oyandı. İndi, artıq, qorxu azalmışdı. İsrafil ağa gündüz hücum fikrinə düşə
bilməzdi. Kərəm yerindən qalxaraq alaçığı tərk etdi. Obanın şimalında, dünən
keşikçinin dayandığı qaya dibində pıq-pıqla qaynayan muncuqlu bulağa tərəf
getdi. Hələ gənc yaşlarından sevdiyi bu gur çeşmə ən əziz xatirələri ilə bağlı idi.
Kərəm tüfəngini qayaya söykədi, patrondaşını açıb daşın üstünə qoydu, çuxasının
ətəklərini qatlayıb kəmərlərinə keçirtdi, qollarını çırmadı. Buz kimi soyuq suda
doyunca əl-üzünü yudu. Əgər bu dəmdə güzgüyə baxsaydı, geniş alnındakı
xəncər yerinin qaraşın saqqalına, uzunsov, qırxıq başına, qalın burma bığlarına,
nə isə daxili kədərlə yanan iri, tünd qara gözlərinə necə yaraşdığını duymamış
olmazdı. At belinə qalxanda saçaqlı papağı və qara yapıncısı onu nəhəng bir
qartala oxşadırdı. Amma indi, bulaq başında yuyunan vaxt Kərəmi sadə və sıravi
kənd dəliqanlısından fərqləndirmək çətin idi.
V
O, yaylıqla əl-üzünü silib daş üstündə oturdu, istər-istəməz dərin düşün-
cələrə daldı. Özünün, ailəsinin, dostlarının taleyini fikirləşir və namərd zəmanəyə
lənət oxuyurdu. Kərəm bilirdi ki, onu arvad-uşaqlardan, el-obasından didərgin
salan da bu zəmanədir. İsrafil ağanı öldürsə də, həyat onun üzünə gülməyəcək.
Kərəm gənclik illərində indiki kimi qaraqabaq deyildi. O, gülər, oynar, zarafat-
laşardı. Qəhqəhə çəkəndə qənd kimi ağ dişləri görünər, dağ-dərədə əks-səda
verən səsi köhlən atın kişnəməyini xatırladırdı. “Yox, görünür alnıma belə
yazılıbmış, el-obadan uzaqda – qürbətdə ömrümü başa vurmaqdan qeyri carəm
yoxdur,” – deyə düşünərək patrondaşını çiynindən aşırdı, tüfəngini də götürüb
obaya qayıtdı.
VI
Alaçığa girmək istəyəndə qapıdan sağda, çətənin dibində gözünə bir patron
sataşdı. Kərəm duruxdu və dərhal qeyri-ixtiyari patrondaşını yoxladı: “Bu, mənim
deyil!” – deyə xəyalən yoldaşlarını danladı, böyük oğlunu göndərib onların
hamısını çağırtdırdı. Bütün dəstə yığışandan sonra əlindəki patronu yuxarı
qaldırıb dostlarına göstərdi, töhmətli nəzərlə bir-bir onları süzərək hamı eşitsin
deyə ucadan soruşdu:
- Bu, kimindir?
Qaçaqlar tez-tələsik patrondaşlarını yoxladılar. Kərəm bir də soruşdu:
- Kimindir, hə?
Heç kəs patron itirməmişdi. Kərəmin rəngi kömür kimi qaraldı:
- Ay uşaqlar, – dedi, – bu gecə İsrafil ağa burdaymış... Məni vurmağa
gəlibmiş... Ax, Mərdan, Mərdan... Bax, yaxşı göz-qulaqda olmamısan!
Mərdanın rəng-ruhu qaçdı, bir an belə onun gözünə yuxu getməmişdi.
Kərəm dedi:
- Məni o, çox asanlıqla vura bilərmiş, amma istəməyib. Bilirsinizmi niyə?
Qaçaqların gözlərində sanki eyni sual yazıldı: “Niyə ki?”
221
Kərəm öz sualına cavab vermədi. Onu dinləyənlər içərisində arvad-uşaq da
vardı. Kərəm əmr elədi:
-Gedin, atlanın! Dağlara çəkilək. İsrafil ağa da, kazaklar da hər dəqiqə
başımızın üstünü ala bilərlər...
Yoxsa, Kərəm qorxurdu? Əlbəttə, yox. O bütün obanın gülləbaran
olunmağını istəmirdi.
VII
Qaçaqlar atlanıb yola düşdülər. Bir az gedəndən sonra oba görünməz olanda
Kərəm atının qantarğasını çəkdi, maral gözlü, ceyran yerişli kəhər ayğır şahə
qalxaraq yanakı dayandı, o biri atların yolunu kəsdi. On iki nəfərin gözü Kərəmə
dikildi. Hamı diqqət kəsildi. Kərəm dedi:
-
Ay uşaqlar!... İsrafil ağa gecə ikən obaya gəlibmiş. Ancaq məni vur-
mayıb. Bilirsinizmi nə səbəbə, hə? O, mənim düşmənim də olsa, əsl igiddir...
Məni arvadımın yanında gördüyü üçün fikrindən daşınıb... Bu patronu da o atıb...
Demək istəyib ki, səni öldürə bilərdim, amma arvadına bağışlayıram. Mən ona bir
borclu!...
Dəstə yoluna düzəldi. Uzaq dağlara yol aldı.
VIII
Ay keçdi, il dolandı, Kərəm İsrafil ağaya rast gəlmədi. Yaz günlərinin birin-
də, obalar yaylağa köçməyə başlayanda, Kərəm öz dəstəsi ilə kəndə üz tutan za-
man yolda qəfildən çar kazakları ilə qarşılaşdı. Qanlı vuruşma oldu. Qaçaqlar
yaxşı səngərlənə bilmədilər. Yoldaşlarından ikisi vuruldu. Kəndə girmək fikrin-
dən əl çəkdilər, həlak olmuş yoldaşlarının meyitini götürüb yenə dağlara qalxdı-
lar. Kərəmin də, dostlarının da göz yaşları sel kimi axdı. Bundan sonra qacaqlara
batmaq çətin idi. Onların üstünə bir alay qoşun da yerisəydi, Kərəmin halına təva-
füt eləməzdi, çünki qaçaqlar arxalarını sıldırımlı bir dağa söykəmişdilər, hücuma
keçən düşməni isə bircə-bircə biçib tökə bilərdilər. Amma Kərəm buralarda çox
dayanmaq fikrində deyildi. Dəstənin azuqəsi qurtarmışdı. Ac-susuz qalmamaq
üçün uzaq bir yerə çəkilib hökumət adamlarının nəzərindən yayınmalı idilər.
IX
Dəstə yenə yaylaqlara üz tutdu. Kərəm ömründə bu qədər qəmgin və
ümidsiz olmamışdı. Obalar arana köçürdülər. Dağların döşü ilə uzanan dar, əyri-
üyrü yolları qoyun sürüləri tutmuşdu. Hər tərəfdə hay-haray qalxmışdı. Yanıqlı
mahnı səsləri yamaclarda əks-səda verirdi. Kərəm də, yoldaşları da bədbin idilər.
Qürbət diyarlarda sərgərdan gəzməkdən, artıq cana doymuşdular.
-
Ən uzağı ölümdür!... - deyə obalarına dönmək, heç olmasa, arvad-uşaq-
ları ilə son dəfə görürşmək istəyirdilər.
X
Birdən Kərəmin gözləmədiyi bir hadisə baş verdi. Dağ yolunda qan düşməni
İsrafil ağaya rast gəldi. İsrafil ağanın obası dolama yolla dağdan enirdi. Göy
mahuddan vəznəli çuxa geymiş, ceyrandan iti, maraldan göyçək səkil atına
minmiş İsrafil ağa çiynində aynalı tüfəng, özü kimi silahlı dostlarının əhatəsində,
222
köçün qabağınca gəlirdi. Kərəm onu lap uzaqdan tanıdı. Yoldaşlarına dönərək:
-
Atdan düşün, daşa girin! – deyə ucadan səsləndi.
Qaçaqlar bir göz qırpımında onun əmrini yerinə yetirdilər, özləri də, atları
da görünməz oldular. İsrafil ağa yaxınlaşırdı. O, at belində necə məğrur otur-
muşdusa, Kərəmin ürəyində qibtə oyadacaq qədər qamətli və gözəl görünürdü.
Kərəm intiqam saatının gəlib çatdığını düşündü, kinlə qarışıq bir sevinc duyaraq
tüfənglərini hazır tutmuş dostlarına müraciət elədi:
-
Uşaqlar, mən deməyincə atmazsınız, ha!
İsrafil ağa qaçaqların düz bərabərinə çatanda Kərəmin əlləri yanına düşdü:
-
Atmayın, uşaqlar!.. – dedi, amma özü nə üçünsə tüfəngin çaxmağından
barmağını çəkmədi.
XI
İsrafil ağa nəyə isə gülürdü. Dostları da onun kimi şad və xürrəm idilər.
Kərəm isə qəzəbindən titrəyir, belə bir fürsəti əldən verməyə məcbur olduğuna
hirslənirdi.
-
Eyy, İsrafil!... – deyə qaçaq Kərəm boğuq və titrək bir nida ilə düşmə-
nini səslədi. – Mənəm. Borcumu verməyə gəlmişəm.
İsrafil ağa bir an, yalnız bircə an özünü itirən kimi oldu, ancaq tezcə də
tüfənginə əl atdı. Lakin artıq gec idi. Tərkindəki oğlan uşağı onun hərəkətini
ləngitmişdi.
-
Mən borcumu ödədim!.. – deyə Kərəm bu dəfə artıq fərəhini boğa bil-
məyib dəli kimi qəhqəhə çəkdi, sanki onun at sayağı kişnədiyi gənclik illəri
geriyə qayıtdı. – Mən də səni körpənə bağışladım!... Sür atını, get. Lənət bu fani
dünyaya! Lənət bu zəmanəyə!...
İsrafil ağa da əl saxladı. Yoldaşları da əl saxladılar. Hamısı Kərəmi
tanımışdı. Üzünü görməsələr də, tanımışdılar. Bir də ki, güllə atmağın heç bir
faydası yox idi. Onsuz da hədəfi görmürdülər. Kərəm də, yoldaşları da qaya
dalında möhkəm səngərlənmişdilər.
Köç uzaqlaşdı. Kərəm deyəsən, dərd-qəmini unutmuşdu. O, qeyri-ixyiyari
saçaqlı papağını gözünün üstünə endirdi, məlahətli və zil səsi ilə bir-iki ağız
bayatı dedi...
Dostları ilə paylaş: |