Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

M.Hüseyn 
 
QIZIL QÖNÇƏLƏR 
(ixtisarla) 
Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı 
aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında 
işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, 
ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara 
söykəyib mürgüləyir. 
Axır zamanlar o, hər axşam gün batan kimi bazardan çıxıb, hara isə tələsir. 
Bu zaman onun üçün bir iş çıxsa da, bütün günü işsiz keçirdikdə də, o qədər 
yorğun olur ki, tozlu küçələrdə öz ayaqlarını güclə sürüyüb aparır. 


223 
O, şəhər kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq 
saxlayır, çoxdan qurumuş bir çinar ağacına söykənib dayanır, gözləri karxana 
darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox! 
İndi daha ağır bir yük gözləyir… 
Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darva-
zasından çıxan dəstə-dəstə irili-xırdalı uşaqlar içərisində onun gözləri kimi isə 
axtarır. Budur, axır iki qız qolları üstündə yeddi-səkkiz yaşlarında arıq və solğun 
bir qızı qapı ağzına çıxarır. 
Bu, qoca hambalın nəvəsi Sürəyyadır. O, hələ ayaq açıb yeriməyə başla-
mamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən 
düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdu. Oğlu 
qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü, ondan heç 
bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış öldü. 
Qoca yaxınlaşıb, ehtiyatla nəvəsini kürəyinə alır və başıaşağı, dinməz-
söyləməz yoluna düzəlir. 

Baba, deyəsən, bu gün çox yorulmusan? 

Yox, qızım, bu gün bir iş görməmişəm. 
Qızcığaz o saat anlayır ki, babasının cibində, bu gün də pul yoxdur… 
Səngəkçi dükanı qarşısından keçərkən qız səslənir. 

Baba, dayan səngək alaq! 
Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb, qocaya verir. 
Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı 
çıxarıb şagirdə verir. Qoca Firuzu tər basır. Demək, o bu gün də balaca nəvəsinin 
muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır. 
Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar – baba və nəvə həsir üstünə 
salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir 
neçə səngək və bir parça pendirdən ibarət olardı. Lakin əvəzində bu kasıb süfrə 
başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl 
nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq, babasını dinlərdi. 
Səhərlər isə o, babasının səsinə oyanardı. Qoca, nəvəsini 
şirin yuxudan
ayıldar, kürəyinə alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi. 
Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Hər səhər gün çıxanda 
karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Bir-iki ustadan və 
karxananın qoca nəqqaşından başqa, iki cərgə düzülmüş əlliyə qədər böyük 
dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçikyaşlı uşaqlar idi. Onlar iki-
iki, üç-üç və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib, axşama qədər 
xalça toxuyardılar. 
Sürəyyanın özündən bir neçə yaş böyük olan iş yoldaşları hər səhər 
köməkləşib onu dəzgah qarşısındakı taxt üzərinə qaldırar, sonra özləri də onun 
yanında: biri sağında, biri solunda yer tutar və işə başlardılar. 
Onların sağ əllərindəki ucu qarmaq bıçaqlar və sol əllərinin barmaqları 
sürətli bir ahənglə əlvan ipliklər içərisində batıb-çıxardı. 
Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını, 


224 
yorucu əməklərini unutmaq, yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxu-
mağa başlardılar. Bir-birinə qarışmış dağınıq və cürbəcür mahnılar içərisində 
hərdən kimin isə, gözəl səsi yüksələr və o zaman başqaları dərhal öz səslərini 
alçaldardılar. 
Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı… O, yalnız 
işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq, bütün diqqətini və səyini öz 
sənətində canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada 
məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər 
içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə 
tutardı. 
Sürəyya yoldaşları ilə bərabər toxuduğu xalçaları bitirən kimi, dərhal 
aparardılar və o, bu qönçələri bir daha görməzdi. 
* * * 
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. 
Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun 
yoxdu, qırıq bir lampaya neft güclə çatırdı. Qoca, Sürəyyanın gecələr titrədiyini 
görür, səhərə qədər gözünə yuxu getmirdi. 
Bu gün o, Sürəyyanı karxana açılmamış, qaranlıq ikən gətirib qapı ağzında 
qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşına-
caqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə 
cür olursa olsun, bu gün, heç olmasa, bir şələ odunun pulunu qazanmalı idi. 
Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə 
salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli 
tay daşımışdı. 
Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və 
dik pilləri ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri 
qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara 
isə atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir 
yük tayını onun üzərinə aşırdı. O cəld döşündəki kəndiri boşaldıb, yükü yerə at-
maq istədi, lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi 
anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq, bir-birinin dalınca 
aşağıya doğru itələdi, nəhayət, o, anbarın kərpic döşəməsi üzərinə sərildi, qışqır-
mağa, haraya çağırmağa da macal tapmadı. Lap aşağıda üzüqoylu, hərəkətsiz bir 
halda yıxılıb qaldı. Yolda açılıb düşmüş tay isə, sanki ondan ayrılmaq istə-
məyərək, ilişdiyi pillələrdən qopub onun üzərinə aşdı. 
Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qal-
dırıb qocanı çıxartdılar. Lakin iş-işdən keçmişdi. 
* * * 
Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayaqyalın idi, 
yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq, tələsə-tələsə evlərinə 
gedirdilər. 
Balaca Sürəyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar, lakin 


225 
bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə 
küçənin başına baxdı. Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu 
gözləmirdi. Sürəyyanın yoldaşları da ətrafa boylandılar. 
-
Firuz baba niyə yoxdur? 
Onlar bir-birinin üzünə baxdılar. 
- Gələr, bir az gözləyək. 
Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaran-
lıqlaşan küçəyə və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi: 
-
Sürəyya, bəlkə, köməkləşib səni birtəhər evə aparaq, Firuz baba, görəsən, 
nə iş çıxdı ki, gəlmədi. 
Sürəyya qəti hərəkətlə başını buladı: 
-Yox, babam harada olsa, bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız. 
Yoldaşları qaranlıq düşdüyünü görərək, doğrudan da, qorxurdular. Bir az 
gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında, küçədə təkba-
şına gözləməyə başladı. 
Qar getdikcə şiddətlə yağırdı. 
İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. 
Lakin gecə keçdiyini görərkən, babasına qarşı bir küskünlük duyaraq kövrəldi və 
səssiz-səssiz ağlamağa başladı. 
Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya 
çağırmağa başlamışdı. O, əvvəlcə babasını çağırırdı. Səs verən olmadı. Sonra o, 
sadəcə, bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı… 
Artıq dodaqları söz tutmurdu. Nəhayət, bu qarlı gecəni küçədə tək qala-
cağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı, bəlkə orada, 
darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün ola idi…
Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda, balaca Sürəyya hələ 
yarıhuşsuz bir halda darvaza ilə divar arasındakı bucağa qısılıb yatmışdı. İndi 
onun çit çadrası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun 
üzündə əks etmişdi. Bəlkə, üzərinə düşən günəş şüalarının təsiri altında idi ki, bu 
saat o, qəribə və gözəl bir yuxu görürdü. 
Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. İndi onun özü-
nün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş, döşəmə 
və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdir. 
Günəşin şüaları vurduqca, onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir 
açılır, onların hər biri bir qızılgülə dönürdü… Bunu görən Sürəyya sonsuz bir 
sevinclə od kimi yanan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi 
gəlmir, bir-bir oxşamaq istəyirdi. 
Lakin birdən kim isə onun qolundan tutub, bu aləmdən kənara çəkməyə 
başladı. O getmək istəmir, ayağını yerə dirəyirdi. Amma onun qollarından 
yapışmış əl qüvvətli idi, onu güclə çəkib aparır, Sürəyyanı bu işıqlı dünyadan 
qoparıb hara isə, soyuq, qaranlıq bir yerə sürüyürdü. 
Birdən onun yuxusu dağıldı. O, gözlərini açdı. 
Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn 


226 
uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar. 
Qoca nəqqaş onu qucağına alıb içəri apardı, öz otağında taxt üstündə uzatdı. 
Qızın gözləri yumuldu. Yarım saat sonra o, yarıhuşsuz bir halda sayıq-
lamağa başladı: 
-
Harada qalmışdın, baba? Bir bax gör, necə gün çıxıbdır!.. Bunlar hamısı 
mənim toxuduğum xalçalardır. Qönçələr də mənimdir… İndi gün vurduqca, 
hamısı bir-bir açılmağa başlamışdır. Bəs sən harada idin, baba? 
Qoca nəqqaş qalxıb, əlini qızın alnına qoydu. Sürəyya qızdırma içində 
yanırdı. Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra 
küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi 
qarşıladı, bərabər içəri girib, Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə 
əyildi. Bir dəqiqə sonra isə başını qaldıraraq, qoca nəqqaşa tərəf döndü: 
- Gecikmişsiniz, – dedi, – uşaq keçinmişdir… 
Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb 
pəncərə qarşısına getdi. Kiçik otağının şüşələri, qırıq pəncərəsi arxasından bütün 
karxana onun gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz-səmirsiz dəzgahların 
qarşısında oturmuşdular. Bu gün onların heç birindən səs çıxmır, heç kəs nəğmə 
oxumurdu. Onlar hamısı başlarını aşağı dikib işləyirdi. 
Qoca nəqqaş qəmli-qəmli onlara baxdı, bir az əvvəl Sürəyyanın sayıqladığı 
sözləri xatırladı və indi birdən, bu uşaqların hamısı ona, günəş gözləyən solğun 
qönçələr kimi göründülər. O, köksünü ötürdü və dedi: 
– Yox, bu cür davam edə bilməz! O gün gələcəkdir!.. Günəş doğacaq, 
qönçələr açacaqdır!.. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin