İkinci hissə: İslam inqilabına qarşı mədəni hücumun səbəb və kökləri
1- İranda və dünyada inqilabçı İslamın dirçəlməsi
Bu 1400 ildə İslam dini dünyada nə zaman öz həqiqi simasında meydana çıxmışdırsa, qarşısında güclü düşmənlər, dərin ədavətlər və qəribə xəyanətlər peyda olmuşdur. İslam nə zaman öz həqiqi formasından xaric olub gözəlliklərini, parlaqlığını, kəsərliliyini və böyük iddialarını gizlətmiş, göstərməmişdirsə, düşmənliklər azalmışdır. İslamın əvvəlindən bu günədək belə olmuşdur. Siz görün Peyğəmbər (s) Məkkədə hansı ədavət və xəyanətlərlə üzləşdi. Bütün heyvansifət və qaba adamlar o həzrətin və onun İslamının qarşısında cəbhə açdılar. Görün Mədinəyə gələndən sonra Peyğəmbərlə (s) düşmənliklər nə qədər qanlı və xaincəsinə olmuş, hansı pis və çirkin insanlar tərəfindən törədilmişdir. İslam dininə və onun uca rəhbərinə qarşı çıxan müxtəlif qrup və cinahlar arasında Qüreyş müşrikləri, Səqif müşrikləri, kitabdan uzaq düşmüş kitab əhli, yəhudilər, məsihilər və münafiqlər vardı. İslamı məhv etmək üçün hamı əlbir olmuşdu. İslam dini onların hamısının qarşısında bütün iddia və gözəllikləri ilə dayanmışdı. Əməvi və Abbasi sülalələrinin uzun hakimiyyəti dövründə həqiqi İslamdan danışanlar müxtəlif təzyiq, işgəncə, repressiya və təxribatlara məruz qaldılar. İmam Kazimin (ə), digər imamların, böyük din alimlərinin və hədisşünasların həyatına baxın, görün o zaman zalım xəlifələrin əlindən nələr çəkmişlər; döyülmüş, qamçılanmış, həbs olunmuş və öldürülmüşlər. Bunları tarixdə oxuyun. Əsl İslamın xüsusiyyəti belədir. Harada meydana çıxırsa, qarşısında şər qüvvələr peyda olur və var gücləri ilə ona qarşı mübarizə aparırlar.
Hakim qüvvələr öz əsas şüarlarından və ruhundan uzaqlaşan, zülmlə vuruşmayan, müxtəlif qisimli əxlaq fəsadları ilə barışan, bəzi şüarların olduğu və bir çox prinsiplərin olmadığı İslama qarşı mübarizə aparmır, şər qüvvələr ona qarşı çıxmırlar. Bu da tarixdə geniş bir bəhsdir. Siz kitablarda oxuya və bu vəziyyəti öz zamanımızda Pəhləvi şahlığının və ondan öncəki rejimlərin fəsad dolu dövründə görə bilərsiniz. Bu gün də dünyada belə bir İslam var. Zülm və hememoluqla vuruşan, fəsad və talançılığı rədd edən İslam böyük güclərin, ABŞ-ın, sionizmin, soyğunçu transmilli şirkətlərin və bugünkü fəsad törədən ölkə başçılarının düşmənliyini gözləməlidir.154
Dünyanın hakim güclərinin İslam inqilabı və İslam Respublikası quruluşuna qarşı vuruşmasının səbəbi qlobal hegemonizmin əlaltılarının təhriflərindən uzaq olan əsl İslamdır. Başqa sözlə desək, həm bizim üçün, həm də düşmənlərimiz üçün əsas məsələ İslamdır. Bizim hegemonizmə qarşı mübarizəmiz də İslama görədir.
Qlobal hegemonizmin, birinci növbədə ABŞ-ın, ondan sonra hegemonizmin maraqlarına xidmət edən bütün şeytani qurumların müsəlman İrana qarşı mübarizəsində məqsəd yalnız İslamdır, başqa bir məqsəd yoxdur. Biz yalnız özümüz üçün yox, bütün bəşəriyyətin gözəl İslam həyatı üçün mübarizə aparırıq. Bu o demək deyil ki, biz qoşun yığıb hegemon qüvvələrin bəşər həyatını məhv etdikləri yerlərdə vuruşmaq istəyirik. Bu belə döyüş deyil.
Biz İslamın mərkəzində sübut etməyə çalışırıq ki, bəşəriyyət hegemonizmin güclü hökmranlığı altında əziyyət çəkir və günbəgün fəlakətə yaxınlaşır. İslam isə bəşəriyyəti xilas edə bilər. Biz bunu sübut etmişik və sübut edəcəyik ki, İslam dünyanın böyük gücləri ilə mübarizə apara, dünyanın zalım düzənini poza bilər. Hegemonizm də bu məsələ üzərində həssasdır. Odur ki, qızıl və güc sahiblərinin və beynəlxalq imperatorluğun hakimiyyətini rədd edən hər bir xalq, hökumət və quruluş onlar tərəfindən sevilmir. Bu gün biz dünyada bu istismarçı düzəni rədd edirik, hər yerdə xalqların və insanların bədbəxtliyində onu günahkar sayırıq.
Biz Qərbə bağlı təbliğat qurumlarının bizim inqilabımıza və xalqımıza qarşı ittihamlarından əl-ayağa düşməmişik və düşməyəcəyik. İnqilabın əvvəlindən dünyanın ən mürtəce qüvvələri dövrlərinin ən mütərəqqi hadisələrindən olan inqilabımızı və xalqımızı mürtəcelikdə ittiham edirlər və bu bizi qorxutmur.155
Qərbin hegemon gücləri bu gün hər yerdə özlərini İslamla qarşı-qarşıya görürlər. Onlar İslamdan təhlükə duyurlar. Onlar hər bir islamsevərlik əlamətini öz hakimiyyət və maraqları üçün ciddi təhlükə hesab edirlər. Cəmiyyətlərdə zülmə, fəsada və əxlaq pozğunluğuna dözməyən əsl Məhəmməd (s) İslamının zülm, fəsad və pozğunluq üzərində qurulan rejimlərə həqiqi təhlükə olması bəlli məsələdir. Məhz buna görə bu gün dünyanın bütün şeytani qüvvələri İslama qarşı ən qəddar üsullardan istifadə edir və indiyədək şüar seçdikləri ən aydın prinsipləri tapdayırlar.156
İslam inqilabının qatı düşmənləri olan böyük güclər özlərinin İslam Respublikasına qarşı düşmənliklərinin səbəbini heç zaman açıq söyləməmişlər və söyləməyəcəklər. Amerika özünün İranla düşmənliyinin səbəbinin İslam olduğunu etiraf etsə, dünyanın bir milyard müsəlmanını öz əleyhinə qaldırar.157
Həqiqi İslam meydana çıxanda xəbis və çirkin qüvvələr ona qarşı mübarizə aparsalar da, digər tərəfdən pak insanlar, təmiz qəlblər, saf ruhlar, çirkaba bulaşmamış fitrətlər var gücləri və bütün vücudları ilə onu müdafiə edirlər.158
İranda İslam inqilabı qələbə çalan zamandan bizim mömin və məsuliyyətli xalqımız İslama əməl etdi; yəni İslam bizim ölkəmizdə yalnız sözdə deyildi və deyil. Bizim xalqımız Quranın müsəlmanlar üçün istədiyi istiqamətlərdə çalışdı, şeytanlarla və zalım güclərlə mübarizə apardı. Bizim xalqımız Allah yolunda hər şeyindən keçdi, İslamın istədiyi kimi fədakarlıq etdi və qlobal güclər qarşısında öz şərəfini qorudu: "İzzət və ucalıq yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur!"159 İzzət möminə məxsusdur. Çünki mömin şeytanlıq, zülm və fəsad əlaməti olan hər bir şeyə qarşı bütün vücudu ilə mübarizə aparan və müqavimət göstərən yeganə şəxsdir. İran xalqı inqilabla Allahın dinini və İslamı ictimai bir quruluş formasında təcəssüm etdirməyi bacaranda hegemonların ürəyinə qorxu düşdü. Onlar hər bir mümkün yolla İslam əleyhinə mübarizə və fəaliyyətlərə başladılar. İslam Respublikasına qarşı mübarizə də İslama görədir. Çünki İslam Respublikası özünün İslamın etiqad və prinsiplərinə sadiqliyini sübut edəndə böyük bir təhlükə sayıldı, bütün hegemon qüvvələr onun əleyhinə hərəkətə keçdilər. Hələ İslam Respublikasının nə olduğunu, öz əsaslarına və sözlərinə hansı həddə sadiq qaldığını bilmədikləri ilk çağda çox da qıcıqlanmadılar. Deməli, qarşı-qarşıya dayanan iki cərəyan biz İran xalqı üçün mühüm, ibrət və dərslə doludur. Bir tərəfdən hegemonizmin və maddi güclərin İslamdan əlamət görünən hər bir yerdə göstərdikləri güclü təzyiqləridir. Siz hər gün buna dair xəbərləri eşidir və görürsünüz ki, hətta bir Avropa ölkəsində İslamdan kiçik bir əlamət ajiotaja səbəb olur, dövlət rəsmiləri və siyasi şəxslər ona qarşı mübarizəyə qalxırlar. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi budur ki, bu gün İslam və müsəlmanlara qarşı təzyiqlərə rəğmən, dünya xalqı, xüsusən də gənclər, ziyalılar və ayıq insanlar İslama yönəlir, cəlb olunurlar. Bu iki məsələ həqiqi İslamın inkişafını təmin edəcək amillərdir. İnsanların fitrətinə əsaslanan və bütün zalım qurumlara qarşı mübarizə halında olan İslam insanları özünə cəlb edib qala və dünyaya hakim ola biləcək.
Bu amil bizi və xalqımızı ölkəmiz daxilində İslam hökmlərini daha çox icra etməyə sövq edir. Çünki xalqımızı bütün boyunduruqlardan azad edəcək amil İslam quruluşu və İslam hökmləridir.160
Onlar İslam quruluşundan ibarət olan parlaq bir İslamla qatı düşmənlik edirlər, onu məhv etmək üçün müxtəlif yollardan istifadəyə hazırdırlar. Biz inqilabın əvvəlindən indiyədək vuruşmuşuq, indi də faktiki olaraq bütün iqtisadi, mədəni, siyasi sahələrdə vuruşuruq və hər sahədə özümüzü hazırlamalıyıq.161
Bu gün hegemon düşərgənin müsəlman İranla düşmənliyi İslama görədir. Onlar İslamla düşmən olduqlarına görə İran İslam Respublikasına təzyiq göstərirlər. Onlar Quranın dirçəlişi ilə düşmən olduqlarına görə İran xalqına qarşı düşmənlik edirlər. İslam yolunda hərəkətə və fədakarlığa can atan bütün müsəlman xalqlar özlərini İslam düşmənləri ilə mübarizəyə hazırlamalıdırlar. Biz İran xalqı Allaha və Qurana görə dünyanın hegemon və zalım qüvvələrinin kin və ədavəti ilə üzləşməyimizlə fəxr edirik.162
Qlobal hegemonizm, dünyanın siyasi quldurları və hər bir yerdə olan qızıl və güc imperatorluğu İslam və İslam quruluşu ilə düşməndirlər. Fəsad və pozğunluğa qərq olduqlarından, zülm, istibdad, zorakılıq və quldurluq əsasında hərəkət etdiklərindən, həmçinin İslamın onları ifşa və təhdid etdiyinə görə müsəlmanların oyanışı onlar üçün böyük təhlükədir. Məhz buna görə İslam və İslam quruluşuna sərt müxalifdirlər. Təbii ki, İslam quruluşunun və İslam Respublikasının əleyhinə bacardıqları hər bir işi görürlər.163
Allaha and olsun, ABŞ İran xalqının heç bir şeyindən onun müsəlman olması və əsl Məhəmməd (s) İslamına sadiqliyi qədər narahat deyil. O sizin bundan əl çəkmənizi istəyir. O sizin bu uca və dik boynunuzu görmək istəmir.164
Hegemon düşmənlər - yəni dünya quldurları, qızıl və güc sahibləri və asılı mürtəcelər bizim kəşf etdiyimiz sirri kəşf etmişlər. Onlar da anlamışlar ki, İran xalqının qüdrət və qələbəsinin əsas səbəbkarı imandır. Odur ki, düşmənlər var gücü ilə bu imanı məhv etməyə səfərbər olmuşlar. Əsas məsələ budur: İslamın erkən çağında və əziz Peyğəmbərin (s) dövründə olduğu kimi, düşmənliyin əsas amili imandır; çünki inkişafların əsas səbəbi budur.165
Bu gün hegemonizmi təhdid edən amil atom bombası deyil, düzgün bir sözə malik olmaqdır və ona malik olan bizik. Əgər biz düzgün işləsək, mömin kimi rəftar etsək, özümüzdə lazımi İslam cəsarətini qorusaq və İslamdan xərcləməsək, şübhəsiz ki, düşmən belə bir şeyin qarşısında zəif olacaq. ABŞ və onun kimilər bizim bu İslamdan əl çəkdiyimiz zaman bizdən razı qalacaqlar. Kimsə İslamdan əl çəkməyə hazırdırmı?! Biz İslamdan əl çəkəsi olsaq, daha hakimiyyətdə olmağımıza nə lüzum var?! Başqa qüvvələr gəlib hökumət qursunlar. Xalq bizi nə üçün istəyir?! Xalq məni və sizi İslama görə istəyir, bilir ki, biz İslamın quluyuq və hərəkətimizin İslam üçün olduğunu elan etmişik: "Sən yəhudi və xaçpərəstlərin dinlərinə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar"166. Bu, Quranın möcüzələrindən biridir. İndi də belədir. Biz keçmişdə elə bilirdik ki, bu o dövrə aiddir, bir zaman belə olub. Onlar müsəlmanlığın bütün mərhələlərinə müxalif, bəzi mərhələlərə isə sərt müxalifdirlər. Məsələn, Bosniya müsəlmanlarının müsəlmanlıq mərhələsi belədir, zəif bir mərhələdir. Hamımız gördük ki, elə zəif müsəlmanlara qarşı nə etdilər və ona da dözmədilər. Bosniya və Herseqovinadan sonra isə növbə Albaniyanındır. Onlar Avropa müsəlmanlarını məhv etmək istəyirlər.167
Düşmən İslama və inqilaba qarşı güclü kin bəsləyir, heç zaman onunla barışmayacaq. Allah-Taala da müsəlmanlara buyurur: "Sən yəhudi və xaçpərəstlərin dinlərinə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar"168.
Bir xalq hegemonizmə təslim olub öz din və prinsiplərindən əl çəkməyincə ondan razı qalmayacaqlar. Hegemon qüvvələrin ədavəti xalqın etiqadlarına, istiqlaliyyətinə, "nə şərqçi, nə qərbçi" şüarına və İslama sadiqliyinə görədir. Deməli, hegemonizmin ədavəti bitən deyil. Lakin bütün bunlara rəğmən, mən ümidvar və Allahın lütfü ilə arxayınam ki, bu xalq bütün iqtisadi, siyasi və mədəni sahələrdə ilahi məqsədlərinə nail olub düşməni məğlub etməyi bacaracaq.169
İnqilabın mesajı və çatdırmaq prinsipi İslamın qəti qaydalarındandır. Təbliğ – çatdırmaqdır; yəni maneələri qət edib haqq sözü lazım olan yerə çatdırmaq.
Bütün amillərin ümumi olaraq iman, din və özəlliklə İslam əleyhinə çıxdığı və bu müxalif amillərə rəğmən, xalqların mənəvi və ruhani sözü eşitməyə müştaq olduğu bir şəraitdə güclü və doğruçu bir fəryad ucaldı. Bu fəryadın doğruluğuna, onu ucaldanın səmimiliyinə, yalnız söz olmadığını göstərmiş əməli dayaqlarına, hegemonizmin, irticanın, oliqarxiyanın çirkin simalarının düşmənliyinə və bu qəbildən olan müxtəlif amillərə görə bu fəryad xalqların, xüsusən də müsəlmanların qəlbində özünə yer açdı, həqiqi və nisbətən dərin təsir buraxdı.170
Bu gün İslam dini bütün cəmiyyətlərin daxilinə yol tapmaqdadır. Dünya məsələlərindən xəbərdar olanlar bu işıqlı həqiqəti görür, buna heç bir şübhə etmirlər. Bu qrupa şeytani güclərin və tağut rejimlərinin zülmündən cana doyub yeni bir düşüncə və yol axtaran cəmiyyətlər, məsələn, Afrika və Asiya ölkələrinin əhalisi, eləcə də Avropa xalqları daxildir. Avropada da İslam bir şəkildə nüfuz halındadır. Təbii ki, bunun hansı İslam olması müzakirə mövzusu ola bilər. Çünki İslam adlı iki şey var; onların bəzi zahiri cəhətləri bir-birinə bənzəyir, ruh, məğz və istiqamətləri isə eyni deyil. Həqiqi İslam, Quran və əsl Məhəmməd İslamı öz ardıcıllarını yeni həyata səsləyən, Şərq və Qərb güclərinə xidmət etməyən İslamdır. Başqa bir İslamın da adı və zahiri cəhətləri İslamdır, amma asanlıqla ABŞ-ın, Qərbin və Şərqin xidmətində durur. Bəzi müsəlman ölkələrinə hakim olan quldurların İslamı belədir. Onlar da İslamdan dəm vururlar, amma İslam onlar üçün bir dükan və hakimiyyət vasitəsidir. İslam həqiqi Quran İslamı olsa, Amerikanın müsəlmanların taleyinə və yaxud neft xəzinələrinə hakim olmasını açıq şəkildə rədd edər. Necə ola bilər ki, bir adam həm müsəlman olsun, həm də Amerikaya müti; həm müsəlman olsun, həm də fəsadla, pozğunluqla, eyş-işrətlə və müxtəlif əxlaq fəsadları ilə məşğul olsun; həm müsəlman olsun, həm də zalım hakimiyyətin başında durub İslam düşmənlərinin istəyi ilə müsəlmanlara sıxıntı yaratsın və zülm etsin. Deməli, belə insan və iddiaçıların İslamına bizim mərhum və böyük imamımızın dəfələrlə dediyi "Amerika İslamı" ifadəsi uyğundur. Bu gün cəmiyyətlərə və insanların qəlbinə yol tapan İslam təslimçiliyi qəbul etməyən əsl İslamdır. Siz görürsünüz ki, bəzi ərəb və Afrika ölkələri kimi əhalisi müsəlman olan, məscidlərin olduğu və bir qrupun İslama tərəfdar kimi ayağa qalxdığı ölkələrdə asılı hökumətlər bu cəmiyyətlərə zülm edir, işgəncə verir, onları təxribatçı adlandırırlar. Bu nə deməkdir? Bunun mənası odur ki, həmin ölkələrdə geniş yayılmış din həqiqi İslamdan uzaq olduğuna görə, mömin, vicdanlı, ayıq və azad insanlar təslimçiliyi qəbul etməyən həqiqi İslamı hakim etmək istəyirlər və bu zaman hökumətlə toqquşma yaranır. Bu gün İslamın inkişaf halında olması bir həqiqətdir. Bu, İslamın və Quranın möcüzələrindən biridir. Xüsusən son on ildə İslam əleyhinə o qədər təbliğat aparılmış və pul xərclənmişdir ki, bəlkə də bu müddətdə heç bir düşüncə və etiqadın əleyhinə bu qədər işlər görülməmiş, düşmənlik edilməmişdir.171
Bu inqilabın birinci sözü bu idi ki, mənəvi dəyərlərin hakimiyyət dövrü başlanmışdır. O zaman bu sözü anlayan, ona inanan şəxslər az idi. Çünki materialist dalğalar və materializmə əsaslanan qüvvələr dünyanı bürümüşdülər. Bu gün isə bu həqiqəti tam dərk edib anlayanlar çoxdur.
Bu gün dünyanın hər yerində mənəvi dəyərlər yenidən dirçəlmək üzrədir və onların çoxu dirçəlmişdir. Müxtəlif formalarda - istər marksist təfəkkürlər formasında, istər ondan təhlükəli formada olub, pulla, güclə və media imkanları ilə silahlanan, qlobal hegemonizmdə və hamısından çox ABŞ dövlətində görünən maddi hakimiyyət formasında olan materializm öz uğursuzluğunu və acizliyini göstərmişdir.
İnqilabın digər mesajı bu idi ki, materialist güclər mənəvi dəyərlərlə, insanların hərəkət və iradəsi ilə mübarizəyə acizdirlər. Bu gün dünyada bu həqiqəti anlamayan azdır.172
Bu gün İslam dünyası oyanmışdır, müsəlmanlar bütün dünyada şərəf və ucalıq hiss edirlər. Müsəlmanın dünyanın hər yerində öz dini mənsubiyyətindən xəcalət çəkdiyi dövr arxada qaldı. Bu gün onlar müsəlman olduqlarına görə fəxr edirlər. Bu, bizim böyük rəhbərimizin və əzəmətli imamımızın güclü qolları və böyük İran xalqının möhtəşəm fədakarlığı ilə dünyanın bu həssas bölgəsində qələbə çalan və dünyanı heyrətləndirən inqilabın qüdrətinə və əzəmətinə görədir. İslam Respublikası on ildir hegemon qüvvələrin müxtəlif təxribatları qarşısında mərdliklə duruş gətirib İslamı və İslam Respublikasını qüdrətlə müdafiə edə, düşmənin zərbələrini özünə qaytara bilmişdir. Hegemon dövlətlər elə bilirlər ki, səkkizillik müharibə, iqtisadi və informasiya blokadası və dünya miqyasında yaydıqları şayiə və böhtanlarla bizə zərbə vura biləcəklər. Onlar unudurlar ki, İslam və müsəlmanların oyanışı onların hakimiyyət taxtını lərzəyə gətirmişdir və İslam oyanışının bu fırtınasının ağır zərbələri hər gün ötdükcə dünya fironlarının hakimiyyətini daha çox titrədəcək.173
Biz bu gün dünyada xalqların oyanışını görürük. Bu da başqa bir reallıqdır və qəlblərdə işıqlı gələcəyə ümid yaradır. Yeni texnikaların, televiziya, radio, media, pul və sənaye imkanlarının inkişafına görə hegemon qüvvələrin xalqlar üzərində hökmranlığı günbəgün çoxalsa da, ilahi qaydalar xalqların oyanmasını göstərir. Görürsünüz ki, xalqlar günbəgün oyanmaqdadırlar və bu, onlarda gələcəyə dair yaranan ümidə görədir.
Ümid xalqları oyatmaqdadır. Şübhə etmək olmaz ki, son on ildə xalqlar üçün ən mühüm ümid amili İran İslam İnqilabının qələbəsi, "nə şərqçi, nə qərbçi" formatında xalq hakimiyyətinin qurulması və hegemon güclər qarşısında müqavimət siyasətinin uğuru olmuşdur. Bu, dünya xalqlarına, xüsusən də müsəlmanlara ümid bəxş etdi, dünyanın hər yerində müsəlmanları yuxudan oyatdı. Bu, Allahın işi və qüdrəti idi.174
Son yarım əsrdə antiislam qüvvələrin davamlı təbliğatı nəticəsində özlərinə, öz qüvvələrinə və hətta İslamın gücünə ümidi tamamilə itirmiş bütün müsəlman xalqlar inqilabın hər bir hadisəsindən, inqilab imamının hər bir söz və işarəsindən və xalqın hər bir hərəkətindən ümid, həvəs və etimad dolu mesaj alır, öz qüvvələrinə inanır və hegemonizmin zəlifliyini dərk edirdilər. Dünya İranda İslam inqilabının qələbəsindən bu günə qədər müsəlman xalqların hər yerdə özlərinə güvəndiklərini, öz İslam kimliklərinə və mədəniyyətlərinə qayıdış istiqamətində addım atdıqlarını müşahidə edir. Bunun səbəbi odur ki, İran xalqının fədakar mübarizəsi Şərq və müsəlman xalqların Avropa və Amerika hegemonlarını məğlub etməyə qadir olmadığına dair hiyləni puç etmiş və həqiqi gücün ünvanını göstərmişdir. Həqiqi güc imanlı xalqdır. Belə bir xalqın qarşısında heç bir maddi güc, nə qədər böyük və imkanlı olsa da, öz iradəsini yeritməyə qadir ola bilməz.175
Bu güclərin təzyiqi altında olan hər bir xalq ürəyindən xəbər verən bu inqilabı sevir. Ölkələrində Amerikanın və hegemonizmin nüfuzuna, iqtisadi müdaxilələrə və əcnəbi mədəniyyətin təbliğinə qarşı nifrət bəsləyən çoxlu xalqlar var, amma nəfəs almağa cürətləri, addım atmağa qüdrətləri və ən önəmlisi, hərəkətə gətirməyə rəhbərləri yoxdur. Repressiya elə bir həddədir ki, onlara tərpənmək imkanı vermir. ABŞ-a bağlı olan mürtəce ölkələrin əksəri belədir. Bu xalqlar bir xalqın azad şəkildə, qüdrətlə və qorxmadan ABŞ-ın, Qərb mədəniyyətinin nüfuzuna, hegemon qüvvələrin zülmünə, əcnəbilərin hər bir iqtisadi və mədəni müdaxiləsinə qarşı şüar verdiyini, əməl etdiyini və möhkəm dayandığını gördükdə təbii olaraq ürəklərində həmin xalqa və inqilaba qarşı sevgi yaranır. Beynəlxalq uğur budur. Yəni bizim xalqımızın və inqilabımızın digər xalqlara mesajı var. O mesaj budur ki, xalq istəsə, güclü bir rəhbər və mərkəz ətrafında birləşsə, qeyri-mümkün işləri görməyi bacarar. Bunun bütün müsəlmanlara bir mesajı da budur ki, antiislam qüvvələr uzun illər İslamı məhv etməyə çalışsalar da, müsəlmanlar iradə etdikdə İslamı cəmiyyətə qaytarıb hakim edə bilərlər. Bunlar bizim xalqımızın və inqilabımızın mesajlarıdır. Siz elə bilməyin ki, digər xalqlar bu mesajları dərk etmir və eşitmirlər. Görürsünüz ki, həcc mərasimində sizin kənarınızda və sizinlə birgə Afrikadan, Asiyadan, Orta Şərqdən, ərəb, türk və digər millətlərdən insanlar dayanıb şüar verir, yürüş edirlər. Bu əslində onların sizin mesajlarınıza cavablarıdır.176
Əvvəllər dünyanın bir çox bölgələrində yaşayan çoxlu müsəlmanlar müsəlman olduqlarını deməyə və bildirməyə utanırdılar. Öz ölkəmizdə də belə idi. Bu gün isə Uzaq Şərqdən Qərbi Avropaya və dünyanın digər bölgələrinə qədər hər yerdə "biz müsəlmanıq" deməklə fəxr edirlər. Bu gün İslamın adı ucalmışdır. Allaha şükür ki, İslam cəmiyyəti quruldu, möhkəmləndi və kök saldı.177
Allaha şükür olsun ki, İran xalqının bu böyük hərəkatı qələbə çaldı, dini hakimiyyət quruldu, dindar və müsəlmanlar bir neçə əsr təhqirdən sonra ucalıq və mənlik hissi keçirdilər, dirildilər, İslam dünyasında İslam hissləri, İslam kimliyi və şüuru peyda oldu. Afrika ölkələrində islamçı qrupların hakimiyyət iddiasında olması, müsəlmanların zalım hökumətlərə qarşı mübarizə aparması və "Allahu Əkbər" şüarı verməsi yeni bir şeydir. İslama müxalif olan bəzi şəxslərin zahirdə İslamdan danışmaları da yeni bir şeydir, müsəlman xalqların tarixində İslam inqilabının qələbəsi və bu möhtəşəm hərəkətin meydana çıxması nəticəsində yaranan işıqlı sabahdan irəli gəlir. Bu vəziyyət böyük din alimlərinin, ən çox da güclü əli, iradəli, imanlı qəlbi, özünün Allaha sonsuz arxayınlığı, yaxınlığı və ixlası ilə bu hərəkata rəhbərlik edən və onu tarixdə misilsiz bir hadisəyə çevirən böyük insanın zəhmətlərinə borcludur. İslam hakimiyyətinin qurulması ilə İslam quruluşu ərsəyə gəldi. Biz günbəgün İslam hökmlərinə yaxınlaşırıq və yaxınlaşmalıyıq.
Müsəlman xalqlar ayıldılar və İslam inancının genişlənməsi prosesi başlandı. İslam, xüsusən də Şiə ruhanilərinin çoxlu üstünlükləri var. Onların elm sevgisi, ixlası, xalqa qayğıkeşliyi, dünyaya etinasızlığı, hakim və quldurlardan qorxmaması və hakim ərbablara bağlı olmaması böyük imtiyazlardır. Bizim sərvətimiz bunlardır.178
Bu gün bütün dünyada müsəlmanlara qarşı təzyiqin çoxaldığını hiss edirik. Bir ömür dindən uzaq və Allaha yad şəkildə yaşayan marksist ölkələrdə dinə qayıdış duyulur, həmin ölkələrdə və digər yerlərdə müsəlmanlara qarşı bir həssaslıq vardır. Kilsə zənglərinin əlli il səslənmədiyi ölkələrdə kilsələr rövnəqləndi, amma həmin ölkələrdə, Avropanın ürəyində, azadlıq və demokratiya iddiasında olan ölkələrdə, Hindistanda və dünyanın digər yerlərində xüsusən müsəlmanlara qarşı güclü bir basqı var. Səbəb nədir? Bunu təhlil edin; görün səbəb zalım qüvvələrin dünyanın hər yerində İslamın həyata qayıtmasını hiss etmələri deyil?! Görün səbəb müsəlman cəmiyyətlərdə yenidən İslam kimliyinin canlanmasını görmələri deyil?! İşğal olunmuş Fələstində müsəlmanların gülləbaran edilməsinin səbəbi bu gün həmin yerlərdə İslamın ciddi qüvvəyə çevrilməsi deyil?! İşğal olunmuş Fələstinə qonşu olan və olmayan ərəb ölkələrində İslam hərəkatının və İslam baxışının kök saldığını, tərəfdar qazandığını, sağlam düşüncə, hiss və fitrət sahiblərinin mübariz İslama qoşulduğunu hiss etmələri deyil?! Heç şübhə yoxdur ki, səbəb bunlardır.179
İslam iqtidarı, müsəlman İran xalqının möhkəmliyi, əsrin bütqıranının uca fəryadları, daim o saleh bəndəyə və dostlarına olunan ilahi lütf və yardım inqilab düşüncəsinin düşmənin sədd çəkdiyi, yaxud zərbə vurmaq üçün nəzərdə tutduğu yollarla ixracına səbəb oldu. İran xalqının məzlumluğu və çətinliklərə dözümü bu böyük xalqın haqlılığının isbatına, bir çox ölkələrdə inqilabın əhatəsinin genişlənməsinə və dünya müsəlmanlarına daha möhkəm iradə, daha güclü İslam kimliyi hissi bəxş etməsinə bais oldu.
Bu gün qlobal hegemonizmin əlaltıları hər yerdə İslam qarşısında zəifdirlər, onların İslama qarşı mədəni, siyasi və hərbi üsullarla göstərdikləri ədavət artan İslam dalğası qarşısında zəif olduqlarını bildiklərinə və qorxduqlarına görədir.
Bu da Allahın mərhəmətindəndir ki, onların İslamı aşağılamaq, ona zərbə vurmaq məqsədi ilə atdıqları hər bir addımları müsəlmanların qəzəbinin artmasına və İslamı müdafiə iradələrinin möhkəmlənməsinə səbəb olur. Buna bariz nümunə ingiltərəli mürtəd yazıçının şeytani kitabıdır. Hegemon dövlətlər bununla İslamı zəiflətmək istəyirdilər, Allah-Taala isə əksinə, bunu onların rüsvayçlığına səbəb etdi: ümmət imamının edam fətvasından sonra müsəlmanların səsi daha ucaldı və birliyi gücləndi. Düşmənin İslam əleyhinə bütün işləri inşallah belə nəticələnəcək: "Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir"180.181
Görün bu gün Avropada, İslamı düşmən seçən və ona qarşı mübarizə aparan Qərb mədəniyyətinin mərkəzində İslam dəvəti necə həvəs və coşqu yaratmışdır. Gələcəkdə böyük peyğəmbərlərin və İslamın bizə vəd etdiyi mütləq baş verəcək: İslam özünün bütün düşmənlərinin məktəblərinə qalib gələcək.
Əgər bir zaman adi insanlara Avropanın ürəyində İslam təşkilatlarının yaranacağını desəydilər, çətin inanardılar; materialist və ateist imperiyanın dağılacağını desəydilər, çətin inanardılar; zahirdə İslam, əlsində isə Qərbdən və antiislam qurumlardan asılı olan mürtəce ölkələrdə mütərəqqi İslam hərəkatlarının yaranacağını desəydilər, çətin inanardılar; İslam ölkələrinin ucqar bölgələrində müsəlman xalqların öz iman hissləri ilə hərəkət və qiyam edəcəklərini, İslamın sözünü ucaltmaq üçün fədakarlıq göstərəcəklərini desəydilər, çətin inanardılar. Çünki qlobal hegemonizmin və şeytani istismarçılığın hakimiyyəti elə qurulmuşdu ki, mənəviyyat, din, xüsusən də İslam tamamilə səhnədən çıxmışdı. Lakin Allahın möcüzəsi baş verdi, İslam qayıtdı, öz müxaliflərini səhnədən çıxardı və çıxarmaqdadır. Bu gün dünyanın iki siyasi və iqtisadi blokundan biri olan Şərq bloku təxminən dağılmışdır və daha dünyada söhbət mövzusu deyil. Heç kim buna inanmazdı. Mən deyirəm ki, İslamın nüfuz dairəsi bundan çox-çox irəlilərə gedəcək və bəşəriyyət çox uzaq olmayan gələcəkdə Qərb hakimiyyətinin, istismarçı mədəniyyətin və bəşər həyatına hakim olan antidəyərlərin dağılmasına da şahid olacaq, bu gün Qərb bloku adı ilə dünyaya zülm və cəfa edən amil məhv olacaq. Bəşəriyyət yaxın gələcəkdə İslamın sayəsində işğalçı sionizm dövlətinin geri çəkilməyə məcbur olacağını və məzlum Fələstin xalqının öz hüquqlarını əldə edəcəyini görəcək. Bu, zamanın xüsusiyyəti və dünyada gedən proseslərin nəticəsidir. Mömin və etiqadlı müsəlmanlar özlərini hazırlayıb günümüzün İslamın inkişaf günü olduğunu, İslamın bəşəriyyətin beyninə və həyatına hakim olacağını bilməlidirlər.182
Bu gün İran xalqı İslamın adı ilə işləyir, çalışır, İslam üçün zəhmət çəkir, cihad edir. Allahın dini, ilahi məfhum və dəyərlər əsasında bir ictimai quruluşun formalaşması bizim dövrümüzdə baş verən möcüzədir. Maddi proqnozlara görə əsla belə bir şey gözlənilmirdi. Müsəlman xalqlar bu hərəkətə həqiqətən məftun olmuşlar. Bu, şişirtmə deyil, reallıqdır. İslam Respublikası əleyhinə aparılan bütün təbliğatlara rəğmən, biz müsəlman xalqların İslam inqilabına və İslam Respublikasına qarşı nikbin olduqlarını və həmin istiqamətdə hərəkət etdiklərini görürük. Bu gün dünyada bu hərəkətdən təsirlənməyən az müsəlman xalq tapmaq olar. Bu şövq və ümid xalqlarda o zamana qədər qalacaq ki, biz qeyd-şərtsiz imandan və Allahın dininə tam şəkildə boyun əyməkdən bir iynə ucu qədər uzaqlaşaq. Qlobal güclərlə münasibətdə də belədir, beynəlxalq məsələlərdə də, xarici siyasətdə də, ölkənin daxili məsələlərində də. Biz cəmiyyətin Allaha iman ətrafında birləşməkdən ibarət olan xoşbəxtlik sirrini öz ictimai həyatımızda və quruluşumuzda hər an gücləndirməli və qabartmalı, xalqı İslam tərbiyəsinə doğru daha çox sövq etməli, cəmiyyətin gənclərini İslama uyğun yetişdirməliyik. Bizim universitet və məktəblərlərimiz öz üzərlərində yalnız elmli yox, həm də müsəlman gənc və müsəlman mütəxəssis yetişdirmək vəzifəsini hiss etməlidir. Biz elə etməliyik ki, cəmiyyətdə İslam dəyərləri mütləq dəyərlər sayılsın və onun qarşısında duran digər dəyərlər zəifləsin. Radio və televiziya proqramları bu istiqamətdə olamalıdır. Və nəhayət, dünya xalqlarının bizim xalqımızı və İslam Respublikası quruluşunu İslamın əsgəri, fədaisi tanıdıqları kimi əməl etməli və bunu sübuta yetirməliyik.183
Bu gün dünyanın bir çox ölkələrində sizin sözləriniz, etiqadlarınız, yolunuz, şüarlarınız, hətta inqilabi adət-ənənələriniz nümunə hesab olunur, digər xalqlar da eyni şüarları verir və eyni adətlərə əməl edirlər. Mən bir neçə il bundan öncə bizimlə böyük məsafəsi olan ucqar ölkələrdən birində zənnimcə, universitet tələbələri olan gənc qızların İranın inqilabçı qadınlarının geyiminə bənzər paltarlar geyindiklərini gördüm. Bu nəyin təsiridir? Biz oraya kimisə göndərməmişik ki, gedib qadınların bu formada geyinməli olduqlarını desin. Bu, inqilab mesajının təbii yayılmasıdır. Yəni həmin söz, şüar, etiqad və məqsədlər bu gün dünyanın bir çox ölkələrində, xüsusən də müsəlman ölkələrində mövcuddur, aktualdır, xüsusən gənclərin və həvəskar insanların diqqətini cəlb edir. Bu, hegemonizmin qorxduğu məsələdir.
Mən bu qısa söhbətdən iki nəticə çıxarıram: Əvvəla bizim xalqımızın və inqilabımızın digər xalqlarla mənəvi əlaqəsi hegemon qüvvələr üçün təhlükəli olduğuna görə onlar bu əlaqəni kəsməyə çalışırlar. Bəs bunu necə kəsmək olar? Bu bir neçə yolla mümkündür: Biri həmin xalqlara asılı və muzdur hökumətlər vasitəsi ilə təzyiq göstərməkdir. Bu təbii ki, uğurlu yol deyil. Çünki təzyiqi nə qədər artırsalar, onların İslam inqilabına və İslam quruluşuna sevgisi bir o qədər çoxalar. Başqa bir yol isə beynəlxalq media vasitəsi ilə xalqları İrandan soyutmaqdır. İnqilabın əvvəlindən indiyədək bu işi görürlər. Onlar bizi mürtəce və fundamentalist adlandırır, daim ölkəmizdə işgəncə və edamların statistikasını yayırlar. Gənclərin və insanların bəlasına çevrilmiş bir qaçaqçı cəzalandırılanda beynəlxalq media siyasi müxaliflərin öldürüldüyünü bildirir, dünya supergüclərinə bağlı olan dırnaqarası Beynəlxalq Amnistiya Təşkilatı əyləncə üçün olsa belə, arabir İranda edam, işgəncə, qətl və həbslərin sayına dair siyahi nəşr edir və düşmənlərimizin hazırladığı statistikaları yayır. Məqsəd odur ki, müsəlman və qeyri-müsəlman ölkələrin xalqları bu sözləri eşidib İran xalqına və İslam hökumətinə qarşı pis fikrə düşsünlər. Bu da inqilabın əvvəlindən indəyədək görülən işlərdəndir. Daha pis və təhlükəli bir yol da budur ki, digər xalqlarla əlaqə fikrini bizim öz beynimizdən çıxarsınlar və əlaqələrin bizim tərəfimizdən kəsilməsinə nail olsunlar. İran xalqına təlqin edirlər ki, siz özünüz haqda düşünün, digər xalqlarla, dünya ilə nə işiniz var, özünüzlə məşğul olun, quruculuq işləri görün və problemlərinizi aradan qaldırın. Bu hamısından təhlükəlidir və bəzi sadəlövh insanlarda təsir buraxması mümkündür. Halbuki inqilabçı bir xalqın problemləri müxtəlif amillərlə aradan qalxır və onların biri də belə beynəlxalq dəstəklərdir. Bizim problemlərimizin bir çoxu düşmən tərəfindən yaradılmışdır. Düşmən problemləri iqtisadi blokada ilə, təzyiqlə, müharibə ilə və bir sıra belə işlərlə yaradır. İran xalqı problemlərini aradan qaldırmaq istəyirsə, yalnız sərhədlər daxilində öz ətrafına fırlanıb düyünləri bir-bir açmağı yetməz. Düşmənə qarşı mübarizə aparmaq üçün onun xaricdə və qlobal cəbhədəki təxribatlarını da zərərsizləşdirmək lazımdır. Bunun ən yaxşı yolu xalqların ictimai rəyindən ibarətdir. Odur ki, biz bu tərəfdən əlaqəni kəsməməliyik. Təbii ki, düşmən bunun üçün təbliğat aparır. Deyilənlərə əsasən, birinci məsələ budur ki, xalqımızın və inqilabımızın dünyanın digər xalqları ilə mənəvi əlaqəsi faydalı, lazımlı, zəruridir və düşmən bunun kəsilməsini istəyir.
Demək istədiyim ikinci məsələ isə budur ki, İran xalqı digər xalqlar tərəfindən həmişə sevilib qəbul olunmasını istəyirsə, daxildə özünün inqilabçı şəxsiyyətini, rəftarını və simasını qorumalıdır. Sizi xalqların gözündə böyüdən amil ilk növbədə birliyinizdir. Bu birliyi qoruyun. Bu çox dəyərli amildir. Bir olan xalq digər xalqlara örnək olur. İkinci amil isə sizin cəsarətiniz və düşmənlərdən qorxmamanızdır. Siz bunu müharibədə, inqilabda və müxtəlif hadisələrdə sübut etmisiniz. Bunu da qorumanız lazımdır; necə ki, Allahın lütfü ilə indiyədək qorumusunuz. Üçüncüsü isə xalqla məmurlar arasında sıx və güclü birlik və əlaqədir. Bu, dünya üçün çox cəlbedici bir amildir. Başqa ölkələrdə başçıların və məmurların öz xalqları arasında bu qədər sevilməsi nadir hallarda görünür.184
Dostları ilə paylaş: |