BiRİNCİ HİSSƏ


Sosial qarşılıqlı təsirlər



Yüklə 454,05 Kb.
səhifə10/49
tarix16.05.2023
ölçüsü454,05 Kb.
#114538
1   ...   6   7   8   9   10   11   12   13   ...   49
referat 905

4.2. Sosial qarşılıqlı təsirlər
Qarşılıqlı təsirlər artıq müəyyən fəaliyyət və hərəkətlər dairəsini nəzərdə tutan sosial kontaktların əsasında inkişaf edir. Bu hərəkətlər kontaktın predmeti və ya əsası olan əşya və ya digər dəyərə aid olur. Qarşılıqlı təsir partnor tərəfindən cavab reaksiyası oyatmağa və partnyorun özünə yönəlmiş hərəkətlərin sistematik surətdə yerinə yetirilməsidir və bu zaman cavab reaksiyası öz növbəsində ilk təsir göstərəndə reaksiya doğurur.
Bunu sxematik şəkildə belə göstərmək olar: A müəyyən reaksiya oyatmaq üçün B-ə təsir göstərir, bundan sonra həmin reaksiya öz növbəsində A-nın növbəti hərəkətlərini doğurur. Deməli, qarşılıqlı təsir ən azı iki fərdin və ya iki qrupun, yaxud fərd və qrupun hərəkətləri sistemidir. Qarşılıqlı təsirlər olmadan ictimai həyat mümkün deyil. Onları sosial hərəkətlərdən bir fərdin digərinin görüşlərində, meyllərində, funksiyalarında dəyişiklik törətmək üçün yerinə yetirdiyi hərəkətdən fərqləndirmək lazımdır. Heç də bütün sosial hərəkətlər qarşılıqlı təsirə gətirib çıxartmamalıdır. Əslində, biz gərək əvvəlcə sosial hərəkətlərin özünün, yəqin bir şəxsin digərinə təsirinin nə olduğunu müəyyənləşdirib, sonra isə qarşılıqlı təsirdən danışaydıq, lakin izahın gedişi üçün əvvəlcə qarşılıqlı təsir problemini göstərmək daha məqsədəuyğundur.
Qarşılıqlı təsirin nə vasitəsiz kontaktla, nə də partnyorun şəxsiyyəti barədə məlumatlılıqla qarışdırmaq olmaz. Qarşılıqlı təsir mürəkkəb ictimai, iqtisadi və siyasi sistemlərə daxil olan və bir-birini tanımayan, hətta bir-biri haqqında fikirləşməyən adamlar arasında mövcud ola bilər. Lakin bu cür qarşılıqlı təsiri vasitəsiz təsirlərdən, məsələn, kart oyunundan (oyunda iştirak edən hər iki tərəf öz qarşısındakı partnyorun xüsusiyyətlərini bilavasitə bilir və reaksiyaları bilavasitə müşahidə edərək müvafiq olan hərəkət üsullarını seçir) fərqləndirmək lazımdır. Deməli, qarşılıqlı təsirlər vasitəsiz və vasitəli olurlar. Lakin həmin fərqlə məsələ qurtarmır. Bundan başqa, A-nın məhz təsir göstərən subyektiv niyyətindən yaranan qarşılıqlı təsirdən və mürəkkəb sistemlərdə birgə iştirakdan doğulan qarşılıqlı təsirdən də danışmaq olar. Məsələn, iqtisadi və siyasi sistemlərdə iştirak edən A-nın B ilə bağlı heç bir niyyəti yoxdur, lakin onlar obyektiv asılılıqlar şəbəkəsilə elə bağlıdırlar ki, A-nın hər bir hərəkəti B-nin reaksiyasını oyadır və s. baxmayaraq ki, onlar öz aralarında baş verən qarşılıqlı təsiri dərk etmirlər. Əmək haqqının miqdarını dəyişdirərək, fabrik sahibi bütün fəhlələrə, o cümlədən fərdi mövcudluğu haqqında heç bilmədiyi fəhlələrə təsir göstərir. Bu qarşılıqlı təsir geniş sosial sistemə daxil olmaqdan yaranır.
Burada biz sosial hərəkətlərin özlərinin xarakteristikası haqqında daha ətraflı danışmalıyıq. Biz belə hesab edirik ki, sosial hərəkətlər və ya əməllər bir neçə elementdən ibarət müəyyən sistemlərdir. Hər şeydən əvvəl, biz yalnız o hərəkətləri sosial hərəkət adlandıracağıq ki, onların məqsədi fərdlərin və ya qrupların davranışını və görüşlərini dəyişdirməkdən ibarət olsun. Aydındır ki, iqtisadi, sosial və siyasi hərəkətlərin arasına qəti surətdə sərhəd çəkmək olmaz, çünki bu hərəkətlər həmişə "ictimai" elementlərə malik və başqa fərdlərin davranışını dəyişməyə meylli olur.
Hər bir sosial hərəkət tərkibində aşağıdakı elementlərin olduğu sistemdir:

  • hərəkət edən (fəaliyyət göstərən) fərd;

  • hərəkət obyekti və ya təsir edilən fərd;

  • hərəkət vasitələri və ya alətləri;

  • hərəkət metodu və ya vasitələrindən istifadə üsulu;

  • təsir göstərilən fərdin reaksiyası və ya hərəkətin nəticəsi.

Sosial hərəkətlər nəzəriyyəsində hərəkət vasitələri və ya alətləri, hərəkət metodu problemləri xüsusi maraq doğurur. Elə görünə bilər ki, hərəkət vasitələri və metodu arasında çox böyük fərq vardır. Lakin həmin sahələrin sistemləşdirilməsi göstərir ki, bütün cəmiyyətlərdə tətbiq edilən və bütün mümkün hərəkət metodları və vasitələri çox az saylı, heyrətamiz yeknəsəqliklə bütün ictimai formasiyalarda qorunub saxlanılan tiplərdən ibarətdir.
Hər şeydən əvvəl "davranış" və "hərəkət" anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Davranış orqanizmin daxili və ya xarici qıcıqlandırıcılara verdiyi cavabdır; davranış reflektiv (qeyri-ixtiyari), dərk edilməmiş və qəsdən edilən, dərk edilən və ya şüurlu ola bilər. Davranışın yalnız bəzi növləri, yəni müəyyən məqsədə çatmaq üçün başlanılmış qəsdən edilən, şüurlu əməllər kompleksi və fəaliyyət göstərənin həmin məqsədə çatmağı təmin edən vasitələrin seçilməsilə yerinə yetirilən davranış hərəkət adlanır. Yuxarıda deyildiyi kimi, sosial təsisatlar elə müəyyən əməllər, vasitələr və metodlar sistemləridir ki, onların köməyi ilə şəxs və ya qrup başqa şəxs və ya qrupların davranışı, görüşləri və ya rəylərini dəyişdirmək niyyətindədir.
Hərəkətlərin genezisini kontaktlarda axtarmaq lazımdır. Qarşılıqlı təsirlər ilkin kontaktlarsız, fərdin və ya qrupun müəyyən reaksiyalarını oyatmaq, onun davranışını dəyişdirmək meyli, cəhdi yaranan müəyyən platformasız qarşılıqlı təsir olmur. Hansı ümumi şərtlər olmalıdır ki, A və B arasında qarşılıqlı təsir yaransın, yəni A özünün arzu etdiyi reaksiyanı B-də yaratmağa yönəlmiş əməl və ya əməlləri yerinə yetirsin?
Kontaktlar haqqında indiyə qədər dediklərimizdən belə çıxır ki, kontaktlarda olan iki fərd bir-birinin elə xüsusiyyətləri ilə maraqlanır ki, onları öz tələbatlarının ödənilməsi üçün "istifadə" etmək mümkün olsun (onları maraqlandıran əşyalar və ya onların ixtiyarında olan və onlardan biri tərəfindən qarşılıqlı surətdə "istifadə" edilə bilən dəyərlər və s.) Deməli, əgər A müəyyən etmişsə ki, onun tələbatlarını, arzularını və s. ödəyə bilən müəyyən xüsusiyyətlər (biliklər, vərdişlər, vəziyyət və s.) və ya müəyyən predmetlər (əşyalar, simvollar, ideyalar və s.) B-də vardır və onun ixtiyarındadır, onda A-nın tələbatlarının ödənilməsi üçün B-nin öz xüsusiyyətlərinin və ya əşyalarının istifadə olunmasına razılığını almaq məqsədilə A-nın müəyyən funksiyasını yerinə yetirmək qərarına gəlməsi üçün lazım olan şərtlərin kompleksi mövcuddur. Lakin bu yalnız obyektiv şərtlərdir. Əməl həqiqətən yerinə yetirilsin deyə bundan başqa A-da müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müəyyən yönəlişliyin və ya daimi meylin olması gərəkdir. Lakin tələbatların, maraqların mövcudluğu hələ kifayət deyil ki, fərd və ya qrup onları ödəmək üçün hərəkət etməyə başlasın. Bunun üçün müəyyən vadaredici qüvvə, hərəkətləri icra etməyə müəyyən sabit daxili hazırlıq olmalıdır. Bəzən fərd gözlənilməz impulsların, ani əhval-ruhiyyənin və s. təsiri altında hərəkət edə bilər, lakin nadir hallarda bu cür hərəkətlər sistematik, təkrar olunan, sabit və ardıcıl surətdə mühüm məqsədə nail olmağa yönəlmiş hərəkətlərə çevrilir. Belə hərəkətlər yönümlər zəminində yaranır.
Deməli, sosial hərəkətlər özgə yönümün və davranışın elə dəyişdirilməsinə yönəlibdir ki, onlar müəyyən tələbatların, arzu və maraqların ödənilməsinə aparsın, Buna görə də hərəkətin vasitə və metodları burada ən mühüm şeydir, çünki hərəkətin uğurlu olması onların düzgün seçilməsindən asılıdır. İlk baxışdan, sosial hərəkətlər daxilində sonsuz sayda müxtəlif hərəkətlərin mümkünlüyü olan qeyri-məhdud xaosu xatırladır. Lakin bu heç də belə deyil və daha dərin təhlil göstərir ki, bütün sosial hərəkətlər müəyyən, daim təkrar olunan etalonlara və ya sabit surətdə təkrar olunan, irsən keçən müəyyən sxemlərə əsasən baş verir. Buna görə də adamların davranışını dəyişdirməyə yönəlmiş hərəkətlərə aşağıdakı kateqoriyaları tətbiq etmək olar: neqativ məcburiyyət və pozitiv inandırma.
Neqativ məcburiyyət daha çox əmr və qadağanlar — arzuedilməz davranış barəsində repressiya, cəza tədbirləri şəklində tətbiq edilir. Pozitiv inandırma arzu edilən davranışı hər hansı repressiya formasına (hədə, cəza və s.) müraciət etmədən yaradan vasitələrin köməyi ilə təsirə, hərəkətə əsaslanır. Sosial hərəkətlərin bütün növlərini iki kateqoriyaya bölmək olar — uyğunlaşma və müxalifət. Bunların birincisinə partnyorun heç bir dəyər və imkanlarına təhlükə yaratmayaraq fərdlərin və ya qrupların arzu olunan davranışını doğuran bütün hərəkətlər, ikincisinə isə hədə və repressiyalarla bağlı olan bütün hərəkətlər aiddir. Hər iki kateqoriyaya aid edilə bilən davranış tipləri az saylıdır, çünki özgənin davranışını hədə və repressiyasız necə dəyişdirmək olar? Xahiş və ya dəvət etməklə, tərbiyəyə rəhbərlik etməklə, təqlidə sövq etməklə, hərəkətin icrasının gedişində tabe etməklə və öz məqsədinə nail olmaq üçün başqasını bilərəkdən özünə tabe etməklə.
Sosial hərəkətlər bir-birilə qarşılıqlı surətdə bağlı olan və ya aralarında səbəbiyyət asılılığı yaranan sistemlərdir: A-nın əməli B-nin davranışı və ya yönəlişliyini modifikasiya edərək (onların şəklini dəyişərək, öz növbəsində A-nın yönəlişlik və davranışını modifikasiya edən B-yə məxsus əməli törədir. Qarşılıqlı təsirlər sabit (məsələn, partiyalar arasında illərlə davam edən mübarizə) və ya keçici (məsələn, hər hansı bir problem üzrə bir axşam ərzində keçirilən diskussiya və ya ötəri inciklik) ola bilər.
Beləliklə, "qarşılıqlı təsir" istilahı çox geniş hadisələr dairəsini əhatə edir. Buna görə də bəzi sosioloqlar buradan belə bir nəticə çıxarırlar ki, qarşılıqlı təsir əsas sosial prosesdir və hər hansı bir cəmiyyətdə hər hansı miqyasda baş verən bütün hadisə və prosesləri qarşılıqlı təsir hadisələrinə aid etmək olar.
Məhz buna görə də onların təhlili cəmiyyətdə baş verən bütün prosesləri təsvir və izah edə bilər. Bu səbəbdən bəzi sosioloqlar (xüsusilə biheviorizmin təsiri altında olanlar, məsələn, Corc A. Landberq) belə hesab edirlər ki, "fərdlərin və qrupların qarşılıqlı təsiri ictimai elmlərin tədqiqatlarının ən mühüm predmetidir"1. Onu da qeyd edək ki, həmin sosioloqlar yalnız təsir predmetinin mövcudluğunun, iştirakının dərk edilməsinin yaratdığı vasitəsiz qarşılıqlı təsirləri öyrənməyə meyl göstərmişlər. Onların fikrinə görə, interaktiv, yəni qarşılıqlı təsir qrupu birləşdirən əlaqənin əsas elementidir və empirik surətdə öyrənilə bilən qrup həyatı kompleks və mürəkkəb qarşılıqlı təsir sistemidir. Bu sosioloqlar qrup üzvləri arasındakı münasibətlərin müəyyən olunmuş sxemlər üzərində əsaslandığını fərz edərək qarşılıqlı təsir məfhumuna daha geniş məna verirdilər. Buradan da sosial qarşılıqlı təsirin qrup üzvləri arasındakı münasibətlər sisteminin və eyni zamanda qrupların daxili strukturunun öyrənilməsi üsulu kimi çıxış edən empirik tədqiq edilməsi təmayülü yaranır. Buna misal olaraq R. F. Beylsin hazırladığı metodu göstərmək olar. O, qarşılıqlı təsirin bütün mümkün formalarını on iki kateqoriyalı sistem halına salmış və qrupda üstünlük təşkil edən qarşılıqlı təsir tipləri əsasında qrupun ümumi xarakteristikasını müəyyən etmək üsullarının axtarışı ilə məşğul olmuşdur.2
Biz qrupun və ya digər toplunun bütün həyati "gerçəkliyinin" yalnız onların üzvləri arasındakı qarşılıqlı təsirdən ibarət olması və həmin qarşılıqlı təsirin bilavasitə qarşımızdakı partnyorun davranışına reaksiya olan hərəkətlərdən yaranması fikrilə razı deyilik. Biz "Qarşılıqlı təsir" məfhumuna daha geniş məna verərək, onunla fərdlər arasında dərk edilib-edilməməyindən asılı olmayaraq, mövcud olan asılılıqlar sistemindən yaranan qarşılıqlı təsirləri də əhatə edirik və bu bizə fərdi qüvvələrin təsiri nəticəsində əmələ gələn struktur və prosesləri tədqiq etməyə imkan verir.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin