Sosioloji tədqiqat məntiqi ardıcıllığa malik və ümumi məqsədlə öyrənilən hadisə və ya proses haqqında maksimal dərəcədə etibarlı məlumatlar almaq zərurəti ilə üzvi surətdə bir-biri ilə bağlı olan əməliyyatlar sırasıdır.
Bu əməliyyatlar vahid sistem halında tədqiqat proqramı şəklində birləşdirilir. Yalnız metodoloji və metodik cəhətdən düzgün tərtib edilmiş proqram tədqiqatın yüksək səviyyədə aparılmasının rəhni ola bilər.
Sosioloji tədqiqatın proqramı elmi axtarışın metodoloji və prosedur şərtlərini özündə cəmləşdirən sənəddir. Bu sənəddə tədqiqatın metodoloji şərtləri, əsas vəzifələri, sosioloji informasiyanın toplanması və işlənməsinin metodika və texnikası şərh edilir.
Sosioloji tədqiqatın proqramında ümumi dialektik metodla xüsusi sosioloji metodlar, ümumsosioloji nəzəriyyə ilə öyrənilən sosioloji faktlar, sosioloji idrakın obyekti ilə subyekti, proqramı təşkil edən elementlər, obyektin öyrənilməsi prosesində bir-biri ilə qarşılıqlı təsirdə olan tədqiqatçı qruplarla ayrı-ayrı icraçılar, tədqiqatçılarla sosioloqların tövsiyələrini həyata keçirən əməli işçilər arasında əlaqələr reallaşdırılır. Bu proqramda tədqiqatın aparılması üçün zəruri olan sosioloji bilik və vərdişlərin strukturca təşkili öz əksini tapır, nəzəri nəticələr almaq və əməli tövsiyələr hazırlamaq mexanizminin özülü qoyulur. Əgər səhra tədqiqatına başlayarkən sosioloq hazır proqrama malikdirsə, onda onun hərəkətləri və bu hərəkətlər üzərindəki nəzarəti məntiqi və ardıcıl olacaqdır. Sosioloji tədqiqatın proqramı, həmçinin idrak subyekti kimi sosioloqla onun öyrəndiyi adamlar arasında optimal əlaqə yaradır və onların təhlili və dəqiqləşdirilməsində əhəmiyyət kəsb edir.
Sosioloji tədqiqatın proqramında sosioloji tədqiqatın müəyyən ardıcıllığı, mərhələliyi əks olunur. Hər bir mərhələnin idrakı prosesin nisbətən müstəqil hissəsi — həlli, tədqiqatın ümumi məqsədi ilə bağlı olan spesifik vəzifələrlə səciyyələndirilir.
Tədqiqatın ciddi mərhələliklə aparılması prinsipi proqramın strukturu və məzmununa qarşı xüsusi tələblər irəli sürür.
Sosioloji tədqiqatın proqramı iki hissədən ibarətdir; metodoloji və prosedur hissə.
Metodoloji hissədə araşdırılan məsələlər aşağıdakılardır:
— tədqiqatın probleminin ifadə edilməsi, obyekt, subyekt və predmetinin müəyyənləşdirilməsi;
— tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
— məfhumların təfsiri və əməliyyatlaşdırılması;
— tədqiqat obyektinin ilkin sistem təhlili;
— hipotezaların ifadə edilməsi;
Proqramın prosedur hissəsinə daxildir:
— müşahidə vahidlərinin seçilməsi;
— empirik məlumatlar yığma metodları və texnikasının müəyyənləşdirilməsi;
— tədqiqatın strateji və işçi planının tərtib edilməsi