2. Mədəniyyət ictimai həyatın amili kimi Mədəniyyət dedikdə təbiət tərəfindən verilməyən, insan fəaliyyətinin məhsulları olan bütün şeylər başa düşülür. Bu məhsullar həm maddi, həm də müəyyən şərtlərə cavab verən ideyalardan ibarət ola bilər. Onu da qeyd edək ki, insan fəaliyyətinin hər hansı bir məhsulunun mədəniyyətə daxil olması üçün həmin məhsul əvvəlcə obyektivləşməlidir, yəni hər hansı bir maddi formada öz əksini tapmalıdır. Məsələn, şairin şerləri və ya bəstəkarın musiqisi yaradılarkən heç bir yerdə yazılmamış, müəyyən maddi formada öz əksini tapmamış, onunla bağlanmamış, başqalarına ötürülməmiş, başqa adamların idrakı və təcrübəsi üçün əlçatmaz olarsa onlar məhv olar və yoxa çıxar. Poema, mahnı yalnız və yalnız yazılı və şifahi şəkildə başqasına ötürüldükdə, yazıda və ya bədii formada oxucuların, müğənnilərin yaddaşında həkk olunduqda, insanlar tərəfindən dirçəldilmiş, canlandırılmış və yaşanılmış olduqda, onların şüuruna keçdikdə və onların təfəkkür üsulunun, tərzinin bir hissəsinə çevrildikdə, demək olar ki, həmin əsərlər mədəniyyətin adamların davranışı və meyllərini, arzularını müəyyənləşdirən, ictimai həyatı formalaşdıran elementi olurlar.
Beləliklə, mədəniyyət insan fəaliyyətinin bütün maddi və qeyri-maddi məhsullarıdır, obyektivləşdirilmiş və kifayət qədər geniş toplularda qəbul edilmiş və sonrakı nəsillərə ötürülmüş ideyalar, deyərlər, sərvətlər və qəbul olunmuş davranış tərzləridir.
Mədəniyyət həmişə məkanda və cəmiyyətdə lokallaşdırılmış olur. O, sosial qruplardan kənarda mövcud olmur. Fərdin şəxsi mədəniyyətini qrup mədəniyyətindən fərqləndirmək lazımdır. Fərdin şəxsi mədəniyyəti onun şəxsi davranış modellərinin, fəaliyyət üsullarının, bu fəaliyyətin məhsullarının, onun çox vaxt başqalarına məlum olmayan ideya və fikirlərinin məcmusudur. Şəxsi mədəniyyət qrup mədəniyyəti çərçivəsində mövcud olur, lakin hər bir cəmiyyət fərdə müəyyən dərəcədə orijinal olmaq və hamı tərəfindən qəbul olunmuş və tanınmış modellərdən bir qədər kənara çıxmaq imkanını verir. Bu orijinallıq yalnız insanın rolu və vəziyyəti ilə müəyyənləşdirilən çərçivədə mümkündür. Bu çərçivədən kənara çıxmaq isə cəmiyyət tərəfindən cəzalandırılır.
Qrup mədəniyyəti onun üzvlərinin fərdi mədəniyyətlərinin cəmi deyil. Bu, qrup tərəfindən qəbul olunmuş, tanınmış və "məcburi" sayılan davranışı (məsələn, ədəb qaydalarını, birgə yaşayış prinsiplərini və s.) müəyyənləşdirərək qrup üzvləri üçün əhəmiyyət kəsb edən davranış tərzləri, dəyərlərin və əsərlərin məcmusudur. Fərdi mədəniyyətə daxil olanların heç də hamısı qrup mədəniyyətinə keçmir, qrupun malı olmur.
Bundan başqa, qrup mədəniyyətini nəsildən-nəslə keçən irsdən də fərqləndirmək lazımdır. Qrup mədəniyyəti hal-hazırda faktiki olaraq mövcud olan, öz funksiyalarını yerinə yetirən və qrupun bütün üzvlərinin həyatında tanınmış rol oynayan predmet və nümunələrin məcmusudur. Mədəni irs sistemin yalnız sonrakı nəsillərə ötürülmüş və zaman prosesində dayanıqlıq sınağından çıxmış hissəsində ibarətdir. Məsələn, bugünkü moda mədəni irsə daxil olmur (muzey eksponatları şəklindən başqa), amma bəzi ideyalar, təsəvvürlər, incəsənət, memarlıq və bədii ədəbiyyat əsərləri, elmi nəzəriyyələr, maşınlar, adətən, mədəni irsin əsasını təşkil edir. Hər hansı bir sosial qrupun mədəniyyətini öyrənərkən, yuxarıda göstərilmiş fərqləri nəzərə almaq və onun daxili strukturu və fəaliyyətinin təhlili, digər sosial proseslərin təzahür formalarının tədqiqi üçün müəyyən anlayışlar sistemini hazırlamaq lazımdır, hər şeydən əvvəl, bəzi fərdi və toplu tələbatları ödəməklə, onların kompleksinə aid olan geniş mədəniyyət sahələrini ayırmaq olar. Buraya iqtisadiyyat və onunla bağlı olan bütün fəaliyyət formaları, hüquq, dövlət, adət-ənənə kimi birgə həyatı tənzimləyən təsisatlar, elm və bilik, ideologiya, incəsənət və din daxildir.
Mədəniyyətin təhlilinə bu böyük sahələrin nəzərdən keçirilməsi ilə başlamaq olar. Lakin sonrakı təhlil müşahidə vahidini tapmağı tələb edir. Hər bir mədəniyyətdə və ya onun hər bir sahəsində mədəniyyət sistemlərinin fundamental tərkib hissələri olan müəyyən funksional vahidlər mövcuddur.
Mədəniyyətin bu cür fundamental tərkib hissələri mədəniyyətin elementləri adlanır. Bu, ətraflarında onlarla funksional əlaqədə olan başaq predmet və ya ideyaların cəmləşdiyi, ictimai həyatın bir və ya daha çox sahəsində mühüm rol oynayan hər hansı maddi məişət predmeti və ya ideyalar ola bilər. Məsələn, bəzi ibtidai cəmiyyətlərdə bu cür təşkiledici element ox-yaydan, bumeranqdan, toxa və ya başqa bir şeydən ibarət ola bilərdi. Bu elementin meydana çıxması mühüm amillərin fəaliyyət göstərməyə başlaması demək idi (bumeranqın köməyi ilə ov, ox və yay vasitəsilə aparılan ovdan fərqli keçirdi).
Mədəniyyətin elementi, məsələn, ətrafında eyni zamanda çoxsaylı və mürəkkəb predmetlərin, əmək üsullarının, davranış nümunələrinin, ideyaların və s. birləşdiyi buxar maşını ola bilər. Bu cür elementlərdən, məsələn, öz ətraflarında bütöv elmi, fəlsəfi sistemlər yaradan təkamül ideyası, nisbilik ideyası da ola bilər. Mədəniyyətin hər bir konkret sahəsində bir sıra elə əsas elementlər tapmaq olar ki, onlar tələbatları oyadaraq və ödəyərək, adamların fəaliyyətinə təsir göstərən, daha mürəkkəb mədəniyyət sistemlərinin yaradılmasına yönəlmiş səyləri təşkil edən və birləşdirən olsun.
Predmetlərin, təsisatların, təsəvvürlərin, ideyaların, davranış etalonlarının daha geniş sistemi mədəni kompleks adlanan hər hansı bir element ətrafında funksional surətdə birləşir. Məsələn, əgər biz avtomobili mədəniyyətin xüsusi elementi hesab ediriksə, onda bütün predmetlər, təsisatlar, müəssisələr, əməllər, davranış etalonları geniş mədəni kompleks əmələ gətirərək avtomobillərin istehsalı, satışı, istifadəsi və təmiri ilə bağlı olacaqdır. Mədəni komplekslər cəmiyyətin səciyyəvi simasını yaradır, onların meydana çıxması və ya olmamağı cəmiyyətin inkişaf mərhələsini müəyyən edir.
Bir sıra mədəni komplekslər daha geniş mədəniyyət konfiqurasiyası adlanan tamlığa daxil ola bilər. Məsələn, "maşın sivilizasiyası" bir-birilə sıx funksional (yəni birinin təsir göstərməsi üçün başqalarının mövcudluğunun zəruri olması) və struktur (yəni birinin quruluşunun digərlərinin quruluşu ilə müəyyənləşdirilməsi) asılılıqları ilə bağlı olan bir çox mədəni sistemlər konfiqurasiyasıdır. Müəyyən maşınların inkişafı yeni əmək metodlarının meydana çıxmasını, onlar isə, öz növbəsində başqa qanunvericilik və yeni tipli avadanlıq, yeni növ elmi tədqiqatlar tələb edir. Buradan təkcə dar peşə məsələlərinə deyil, həm də insan həyatının məqsəd və mənasına yeni baxışlar sistemi yaranır və yeni təfəkkür üslubu meydana çıxır. Xeyli sadələşdirilmiş halda mədəniyyət konfiqurasiyalarının yaranması və inkişafını bu cür təsəvvür etmək olar.
Mədəniyyətin yuxarıda verilmiş tərifi və onun daxili strukturunun sxemi bizə onun fərdlərin və qrupların ictimai həyatına təsirini təhlil etməyə imkan verir. Bu təsir müxtəlif yollarla həyata keçirilir:
ayrıca fərdin ictimailəşməsi və formalaşması vasitəsi ilə;
dəyərlərin yaradılması və daxil edilməsi yolu ilə;
hərəkətlər, davranış və əməllər etalonları vasitəsi ilə;
təsisatların və sosial sistemlərin modellərinin yaradılması yolu ilə.
Artıq qeyd etdiyimiz kimi, mədəniyyət insan fəaliyyətinin məhsuludur. O, nə isə insan cəmiyyətindən asılı olmayaraq mövcud olan bir şey, "özü-özündə varlıq", hansısa "obyektiv ruh" deyil, obyektivləşdirilmiş fəaliyyət məhsullarından yaranır. Beləliklə, bütün cəmiyyətin təcrübəsi və ya heç olmasa müəyyən qruplar üçün əlçatan olan, artıq özlərinin hər hansı bir qrupun etirafı və sanksiyasına əsaslanan yaradıcılarından asılı olmayaraq mövcud olan məhsullarından əmələ gəlir.
Hər hansı bir ailədə dünyaya gəlmiş insan doğulduğu ilk dəqiqədən mövcud şəraitin, əşyaların, görüşlərin, inamların, uşaqları tərbiyə metodlarının və s. təsirinə məruz qalır. Onun üçün mədəniyyət artıq hazır olan bir aləm, onu formalaşdıran, onun uzun illər ərzində bir çox şeyləri öyrənərək daxil olacağı bir dünyadır. Onun orqanizmi, onun arzuları, təbii meylləri o dəqiqə onun doğulduğu qrupun mədəniyyətinin formalaşmış etalonları və qaydaları məngənəsinə düşmüş olur. Mədəniyyət onu qəbul edən və onun etalonlarına, qaydalarına, dəyərlərinə və modellərinə uyğunlaşan adamlar vasitəsilə təsir göstərir,
"İnsan doğularkən deyil, tərbiyə prosesində şəxsiyyət olur" məşhur kəlamında məsələnin əsas məğzi qısaca ifadə olunmuşdur. Dünyaya gələn körpə uşaq hələlik sırf bioloji orqanizmdir, onun bir sıra potensial keyfiyyətləri vardır ki, onları tərbiyə prosesi inkişaf etdirir, formalaşdırır və beləliklə balaca südəmər insan işləmək və yaratmağa qadir olan şüurlu məxluqa çevrilir. Tərbiyə irsi bioloji xüsusiyyətləri formalaşdırır və modelləşdirir, lakin onları aradan qaldırmır. Lakin, yalnız fizioloji proseslərə təsir göstərərək uşağa nə danışmağı, nə oxumağı, nə işləməyi, nə də onun həyatında meydana çıxacaq problemləri həll etməyi öyrətmək olmaz. Bu yalnız böyüklər vasitəsilə uşağa təsir etmək, ona təlim vermək və onu dəyərlər və davranış etalonları sisteminə "daxil" etmək yolu ilə mümkündür.
Uşağın şəxsiyyətinin onun təlim almasına və mədəniyyətə qovuşmasına əsaslanan, ona cəmiyyətlə olan münasibətlərini tənzim etməyə və onun hüdudlarında şüurlu surətdə fəaliyyət göstərməyə imkan verən formalaşması və ictimai həyata uyğunlaşması prosesini biz ictimailəşmə prosesi adlandırırıq.
Bu yolla mədəniyyət cəmiyyətin yeni üzvlərini formalaşdırır, onlara özlərini necə aparmaq, qarşıya həyati məqsədlər qoyub onlara çatmaq üçün nə etmək lazım olduğunu öyrədir.
Mədəniyyətin ictimai həyata təsir mexanizmində xüsusi əhəmiyyət daşıyan odur ki, mədəniyyət dəyərlər sistemini və onları müəyyənləşdirən meyarları təyin edir. Söhbət nədən gedir? İnsanın əməlləri hər şeydən əvvəl onun bioloji və onların əsasında əmələ gəlmiş digər tələbatları ilə müəyyən edilir. Tələbatlar dedikdə, biz insanın anadangəlmə və ya nəyinsə olmamağı, çatışmamağı duyğusu ilə sonradan yaradılan və fəaliyyətə sövq edən hər bir tələbəni nəzərdə tuturuq. Fərd və qrupların tələbatları əsasında onların maraqları əmələ gəlir, yəni ayrı-ayrı tələbatlara böyük əhəmiyyət verilir. Bəzən deyirlər ki, kimsə müəyyən bir işlə "maraqlanır", yəni o, istərdi ki, işlər onun arzularına müvafiq surətdə getsin.
Maraqlar müxtəlif cür ola bilər: iqtisadi, siyasi, estetik, dini və s. Lakin həm əsas tələbatlar, həm də maraqlar müxtəlif üsullarla ödənilə bilər. Fərd və qruplar daim öz tələbatlarının ödənilməsi üsulları arasında seçki aparmalı olurlar. Bununla bərabər fərd və qruplar çox vaxt özlərinin bütün tələbat və maraqlarını ödəyə bilmirlər və onlardan birinə üstünlük verərək onlar arasında seçki aparmalı olurlar. Bu cür seçki aparılan hallarda dəyərlər şkalasını müəyyənləşdirən dəyər və meyarlar öz təsirini göstərir.
"Dəyər" anlayışı etikada, iqtisadiyyatda, sosiologiyada və digər elmlərdə müxtəlif mənalarda çıxış edir. Bu anlayış adi həyatda da işlədilir. Fərd və qrupların ona öz həyatlarında mühüm rol ayırdıqları və ona yiyələnmək arzusunu zərurət kimi duyduqları hər bir maddi və ya mənəvi predmeti, ideya və ya təsisatı, həqiqi və ya xəyali, uydurulmuş predmeti biz dəyər adlandıracağıq. Fərdə daxili tarazlığı təmin edən və onda vəzifə, borc duyğusunu doğuran, habelə qrup daxili həmrəyliyi saxlamaq üçün zəruri olan və s. predmetlər dəyər kimi çıxış edə bilərlər.
Bəzi qruplarda ən yüksək dəyər dini kult, sitayiş predmetləri, başqaları üçün isə dəyərlər siyasi məqsədlərdən ibarət ola bilər. Bəzi fərdlər üçün ən yüksək dəyər puldan, başqaları üçün mənəvi təmizlikdən, üçüncüləri üçün elmi biliklərdən, digərləri üçün incəsənət əsərlərindən, başqa birisi üçün sağlamlıqdan, namusdan və s. ibarət ola bilər.
Dəyərlər insanların davranışının çox mühüm amilidir. Onlara can atmaq başqa fərdlərlə münasibətlərə prinsipial surətdə təsir göstərir. Hər bir fərdin az və ya çox dərəcədə qiymətləndirdiyi müəyyən dəyərlər iyerarxiyası vardır. Elə qəbul olunmuş dəyərlər vardır ki, onlara can atmırlar, amma elə dəyərlər də vardır ki, onlara həqiqətən can atırlar, lakin bu etiraf edilmir. Bizi burada maraqlandıran yalnız dəyərlərin ictimai həyata təsiri mexanizmidir. Onlar insan meylləri və əməllərinin tənzimləyicisidir, onlar başqalarının əməllərini, hərəkətlərini qiymətləndirməyə imkan verir, qrup üzvlərinin ictimai yararlığını qiymətləndirmək üçün əsas olur və ən başlıcası sosial iyerarxiya prinsiplərini müəyyən edir və birgə həyat fəaliyyətinin əsasları dairəsini göstərir.
Dəyərlər necə yaranır? Onlar uzun müddət davam edən proseslərdə nə zaman isə formalaşmış kollektivin məhsuludur, hər bir fərd və kollektivin mədəniyyətinin əsas tərkib hissəsidir. Hər bir sosial toplunun mədəniyyətində müəyyən dəyər sistemləri və onların müəyyən iyerarxiyası qəbul olunmuşdur. İbtidai cəmiyyətlərdə bu iyerarxiya onların üzvlərinə daha artıq ciddiliklə qəbul etdirilir, daha inkişaf etmiş cəmiyyətlər, dəyər fərqlərinə daha dözümlü olurlar. Lakin hələ lap yaxın zamanlarda kəskin dini və ya siyasi dözümsüzlük halları meydana çıxır və fərdlər tərəfindən müəyyən dəyərlərin qəbul edilməməyi bütün qrup üçün təhlükə yaradan hal sayılır və bəzən hətta ölümlə cəzalandırılırdı.
Elə dəyərlər vardır ki, onlara ehtiram göstərilməsini qrup özünün mövcudluğu üçün vacib sayır və onlar bütün üzvlərə məcburən qəbul etdirilir; elə dəyərlər də var ki, onlar daha az əhəmiyyətli sayılır. Fərdin tanıdığı, qəbul etdiyi xüsusi dəyərlər iyerarxiyası qrupun qəbul etdiyi iyerarxiya hüdudlarında yerləşməli, dəyərlər sistemini dəyişdirməyə cəhd etmək hüququ isə qrupda xüsusi mövqe tutan olduqca az sayda fərdlərə məxsus olmalıdır.
Beləliklə, dəyərlər sistemi mədəniyyət hüdudları daxilində inkişaf edərək ictimai həyatın gedişinə ciddi təsir göstərir.
Dəyərlər sistemi tələbat və maraqların ödənilməsi vasitələrinin seçilməsini, meyllərin hansının üstünlük təşkil edəcəyini müəyyənləşdirir. Müəyyən hallarda fərdin özünü necə aparacağını, başqaları ilə münaqişəyə girişməmək üçün ayrı-ayrı problemləri və onun mənafeyinə toxunulan zaman münaqişələri necə həll edəcəyini hərəkətlər etalonları və ya daha geniş götürsək, müəyyən mədəniyyət çərçivəsi daxilində təsbit edilmiş əməllər etalonları müəyyən edir. Məsələn, salamlaşmaq kimi adi davranış salamlaşanların qrup mənsubiyyətindən, ictimai mövqeyindən, onların yaşadıqları cəmiyyətin mədəniyyəti və ya strukturundan asılı olaraq ən müxtəlif formalar qəbul edə bilər.
Sadə dillə desək, davranış etalonları müəyyən hallara uyğunlaşdırılmış müəyyən sxemlərdir. İctimai həyatı insanların rastlaşdıqları, bir-birinə təsir göstərdikləri, bir-birinə nə isə verdikləri, bir-birindən nə isə tələb etdikləri, başqalarının əməllərinə hansı isə təsir göstərməyə çalışdıqları, onlardan nəyi isə almaq istədikləri və s. halların sonsuz sırası kimi nəzərdən keçirmək olar. Adamlarla hər bir görüş insan üçün yeni bir hadisədir. Belə hallarda nə isə bir iş görməmişdən əvvəl həmin vəziyyətlərin nə olduğunu — iclasmı, dostcasına söhbətmi və ya nəyinsə tələb edildiyi halmı olduğunu müəyyən etmək lazımdır. Vəziyyətin müəyyənləşdirilməsi müvafiq hərəkətlər və ya əməllər etalonlarının istifadə olunması üçün zəruridir.
Etalon — müəyyən halda, "normal" sayılan davranış üsuludur və ya daha dəqiq desək, müəyyən halda yol verilən və normal sayılan davranışlar diapazonudur. Müəyyən mədəniyyətdə formalaşmış davranış etalonları qarşılıqlı anlaşma imkanı yaradaraq başqalarının davranışını aydınlaşdırır və onlara səmərəli təsir göstərməyə imkan verir. Onlar fərdlərin əməllərini, hərəkətlərini və topluların davranışını unifikasiya edən amildir. Bəzi etalonlar, məsələn, saray mərasimi, iqtidara müraciət üsullarını tənzimləyən qaydalar (məsələn, ərizələrin verilməsi), əsgəri nizamnamələr, küçə hərəkəti qaydaları və s. göstərişlər, təlimatlar vasitəsilə müəyyənləşdirilir və formalaşdırılır.
Etalonları bilmək adamların davranışını qabaqcadan görməyə imkan verir və yaxın tanıdığımız adamlardan lazımi reaksiyaların gözlənilməsinin əsasını təşkil edir. Formalaşmış etalonlar ictimai həyatın müntəzəmliyinə, "qaydada" olmasına şəhadət edir və qarşılıqlı uyğunlaşmanı mümkün edir, çünki müəyyən şəxslərin müəyyən hallarda mümkün davranış diapazonu bəlli olur.
Nəhayət, mədəniyyət, davranış, təsisatlar, əşyalar, incəsənət əsərləri və s. modellərini müəyyən edərək ictimai həyatın gedişinə təsir göstərir. Etalon müəyyən mədəniyyətdə formalaşmış və qəbul olunmuş hadisələr gedişinin müntəzəmliyini ifadə edir, davranışın "şifrini açmağa", onu başa düşməyə imkan verən müəyyən sxem kimi çıxış edir. Model isə müsbət qiymətləndirilən, həqiqi vəziyyətin qiyməti kimi çıxış edən xəyali arzu olunan hadisə haqqında simvolik rəmzi təsəvvür və ya müəyyən obrazdır. Model irsən alınan, mənimsənilən və təkrar edilən dəyərlərlə bağlı arzu olunan sxemdir.
Qəbul edilmiş, tanınmış model incəsənət və memarlıqda üsluba çevrilir, təsisatların təşkilinə təsir göstərir, tutuşdurma və qiymətləndirmələrdə müqayisə prinsipi olur. Bu mənada modellər həm də etalon adlandırılır.
İctimailəşdirilmə, dəyərlərin, etalon və modellərin müəyyənləşdirilməsi mədəniyyətin, ictimai həyatın gedişinə təsir etməyin ən mühüm (lakin yeganə və qəti yox) üsuludur. Bu, təbii qüvvə və amillər, iqtisadi əsas üzərindəki üstqurumdur və o, insanlara və qruplara simvollar, dəyərlər verir, fikrin, təfəkkürün məzmununu müəyyən edir, arzuları, səyləri idarə edir, əsas — bioloji və maddi tələbatların ödənilməsindən sonra meydana çıxan tələbatlara cavab verir.