BiRİNCİ HİSSƏ


ŞƏXSİYYƏTİN SOSİOLOJİ KONSEPSİYASI



Yüklə 454,05 Kb.
səhifə6/49
tarix16.05.2023
ölçüsü454,05 Kb.
#114538
1   2   3   4   5   6   7   8   9   ...   49
referat 905

ŞƏXSİYYƏTİN SOSİOLOJİ KONSEPSİYASI

Artıq qeyd etdiyimiz kimi, ictimai həyat insanlar və insan topluları arasında baş verən hadisə və proseslər kompleksidir. Bu hadisə və prosesləri, həmçinin onların əsasını təşkil edən sosial əlaqə və asılılıqları üzə çıxarmaq və təsvir etmək üçün insanın mahiyyətini, bir-birinə qarşılıqlı surətdə təsir göstərən adamların xüsusiyyətlərini öyrənmək, şəxsiyyətin sosioloji mahiyyətini və onun strukturunu müəyyən etmək lazımdır.


3.1. İnsanın mahiyyəti anlayışı
"İnsan nə deməkdir?" — bu, sadə sualla texnologiya, fəlsəfə, antropologiya, psixologiya, sosiologiya və s. kimi elmlər cavab verməyə çalışırlar. Müxtəlif dinlərdə mövcud olan teoloji görüşlər insanın mahiyyətini, onun xüsusiyyətlərini, həyatının məqsəd və mənasını insanı yaratmış ilahi qüvvələrlə, onların insanın işlərinin gedişini müəyyən edən və onlara məna verən iradəsi ilə əlaqələndirirlər. İnsan bütün məxluqlar arasında ölməz ruha malik yeganə varlıqdır, bu da onun dünyada görkəmli yer tutmasını təmin edir və eyni zamanda onun ruhunu xilas etməkdən və onu yaradana xidmət etməyə yönəltməkdən ibarət olan məqsədini müəyyən edir.
İnsanın mahiyyəti və taleyi haqqında çoxsaylı fəlsəfi baxışlar mövcuddur. Onların əsasını başqa məxluqlardan fərqli olaraq insanı ilahi qüvvə ilə daha çox əlaqəsi olan və buna görə də təbiətin mahiyyətini dərk etmək qabiliyyətinə malik şüurlu məxluq sayan yunan filosoflarının konsepsiyaları qoymuşdur. Protaqor insanın başqa canlılar arasındakı yerinin müstəsnalığını özünün hikmətli ifadəsində xüsusi bir tərzdə qeyd etmişdir: "İnsan bütün şeylərin ölçüsüdür". Digər fəlsəfi nəzəriyyələr teoloji fikir formasında, insanın şüurlu olması doktrinasına müxtəlif izahlar verən erkən yunan humanizmi formasında və XIX əsrdən sonra naturalizm və təkamülçülük formasında çıxış etmişdir.
Əsas etibarilə təkamülçülüyün və darvinizmin təsiri altında inkişaf edən təbiət elmlərində insan özünəməxsus zooloji bir növ kimi nəzərdən keçirilir və belə hesab edilir ki, onun həm bütün anatomik xüsusiyyətləri, həm də fiziki, kimyəvi və ya psixiki xüsusiyyətləri artıq heyvanlarda olan komplekslərin təkamül yolu ilə inkişaf nəticəsində yaranmışdır. Lakin insan bundan başqa daha hansısa elə bir xüsusiyyətə malikdir ki, bu məsələnin başqa səpkidə qoyulmasını tələb edir. İnsan ictimai varlıqdır və onun psixiki inkişafı əsasən ictimai amillərin üstünlüyünün təsiri altında baş verir. Buna görə də insan haqqında təbiət elmlərində irəli sürülən nəzəriyyələr ictimai həyatın tam təsviri və izahı üçün qənaətbəxş sayıla bilməz. Bu nəzəriyyələr insanın cəmiyyətin həyatında iştirakının sosioloji təhlili ilə tamamlanmalıdırlar.
Elmi ədəbiyyatda bir çox hallarda insanın mahiyyəti insan orqanizmində fəaliyyət göstərən, bioloji tələbatların ödənilməsini, ətraf mühitə fəal surətdə uyğunlaşmanı və həyatın qorunub saxlanılmasını şərtləndirən hərəkət qüvvələrinin və əsas qabiliyyətlərin kompleksi kimi müəyyən edilir. Bu kompleks əsasən sabit və dəyişməzdir, hərçənd müxtəlif mühitlərə uyğunlaşma prosesində müəyyən modifikasiyalara uğraya bilər. İnsanın mahiyyətinin bu cür müəyyənləşdirilməsini naturalistik nöqteyi-nəzər, yəni insanın əsas xüsusiyyətləri kompleksinin bioloji cəhətdən şərtləndirilməsi və bioloji irsiyyət yolu ilə ötürülməsi nəzəriyyəsi irəli sürür.
İnsanın bu cür dəyişməz mahiyyəti konsepsiyası mühüm nəzəri və əməli siyasi nəticələrə gətirib çıxarmışdır. Hər şeydən əvvəl bu konsepsiyadan çıxarılan əməli nəticələr üzərində dayanaq.
C.Dyüi onları aşağıdakı suallarla əhatə etmişdir:
"1. Müasir siyasi və iqtisadi təsisatlar insanın mahiyyətindən irəli gələrək zəruri surətdə yaradılmış şeylərdirmi? Və yaxud, daha ümumi şəkildə desək, insan mahiyyətinin əsl konstitusiyasından çıxış edərək müəyyən ictimai təsisatların uğur qazanmaq şansına malik olduğunu, başqalarının isə qəbul edilməməyə məhkum olduğunu demək olarmı? Müharibə insanın mahiyyəti faktı olduğu üçün labüddürmü? Şəxsi mənafeyə can atmaq insan mahiyyətində o qədərmi dərin kök salmışdır ki, dövləti rəqabət və ya şəxsi gəlirdən başqa digər əsaslar üzərində qurmağa yönəlmiş bütün cəhdlər uqursuzluğa uğramalıdır?
2. İnsan mahiyyətini şüurlu səylər vasitəsilə dəyişdirmək mümkündürmü və yaxud, başqa sözlə desək, nə daha mühümdür — təbiət, yoxsa mühit? İnsan davranışının müəyyən edilməsində ən mühüm olan nədir — irsiyyət, yoxsa mühit?
3. İnsan mahiyyətinin fərdlər və qruplar arasında dəyişikliklər diapazonu nə dərəcədə geniş və qəti müəyyən olunmuşdur? Müxtəlif irqi və ictimai qruplar dəyişdirilə bilməyən səbəblərlə müəyyən edilirmi? Bunu fərdlərə də aid etmək olarmı?"1
Bu sualların cavabları siyasi, ictimai və təsərrüfat fəaliyyətini müəyyən etməlidir. Əgər həqiqətən insanın müəyyən xüsusiyyətləri dəyişməzdirsə və bu xüsusiyyətlər birgə həyat üçün mühümdürsə, onda tərbiyəvi təsir və ictimai islahatlar cəhdi ya uqursuzluğa məhkum olmalıdır, ya da yalnız çox məhdud nəticələrə gətirib çıxara bilər.
Bu mövzuya həsr edilmiş, insanın mahiyyəti nəzəriyyəsini nüfuzdan salan çoxsaylı ədəbiyyat və hər şeydən əvvəl, ictimai və siyasi praktika, bu durğun nəzəriyyəyə qarşı dəlillərlə çıxış edir.
Diskussiyalar əsas etibarilə instinktlər konsepsiyası və insan əməllərinin, onun təbiətinin əhəmiyyətli hissəsini təşkil edən dəyişməz instinktlərlə müəyyənləşdirilməsinin mümkünlüyü dərəcəsi haqqında məsələ ətrafında gedirdi. Bu diskussiyalar xeyli dərəcədə "instinkt" istilahının çoxmənalı və məsələnin empirik üsulla birmənalı həllinin çətin olması ilə mürəkkəbləşdirilirdi. Problem özünün ən ümumi ifadəsini irsiyyətin, yoxsa mühitin təsirinin daha mühüm olduğu haqqında mübahisədə tapdı.
Bir çox filosoflar bəzən bütün ictimai həyatı instinktlərin fəaliyyəti ilə izah edərək insanın davranışının instinktiv nəzəriyyələrini irəli sürmüşlər. Digər tərəfdən, marksizm və bir çox digər sosioloji cərəyanlar hər cür irsiyyət nəzəriyyələrini onların instinktlər nəzəriyyəsi və ya insanın dəyişməz təbiəti nəzəriyyəsi şəklində çıxış etməsindən asılı olmayaraq kəskin tənqid etmişlər.
Bəzi amerikalı sosioloqlar və, ilk növbədə, R.E.Park belə bir fikri irəli sürürdü ki, insan dünyaya gəlməklə insan olmur, yeni doğulmuş körpənin orqanizmi və onun anadangəlmə xüsusiyyətləri fərdin davranışını müəyyənləşdirmir. Yalnız insan toplusunda olmaq və ictimailəşmə prosesi insani xüsusiyyətləri formalaşdırır. Bu fikri əsaslandırmaq üçün həmin alimlər tamamilə təcrid olunmuş halda, məsələn, heyvanlar arasında böyümüş uşaqları misal olaraq göstərir və bununla bu cür uşaqlarda insani keyfiyyətlərin olmadığını, yəni onların insan təbiətinin irsi, anadangəlmə mexanizmlərinə aid edilən xüsusiyyətlərə malik olmadıqlarını sübut edirlər.1
İnsanın bu sosial mahiyyətinin axtarışları tamamilə müxtəlif yollarla getmişdir. Kiçik qrupların və onlardakı tərbiyə proseslərinin tədqiqi belə bir nəticəyə gətirib çıxarmışdır ki, insan xüsusiyyətləri və davranışı oxşarlığının mənbəyini anadangəlmə psixofizioloji strukturda deyil, insana olduqca böyük formalaşdırıcı təsir göstərən qrupların strukturunda axtarmaq lazımdır: ailədə, yaşıdlar qrupunda, qonşular qrupunda və s. Amerika sosioloqu Kuli yazırdı: "İnsan təbiəti bu cür sadə, səmimi, bütün cəmiyyətlərdə bir-birinə oxşayan, ailə əlaqələri, əyləncələr və ya qonşuluq yaradan qruplarda inkişaf edir və öz ifadəsini tapır. Təcrübə göstərir ki, fikirlərin oxşarlığı əsasını bu qrupların prinsipial oxşarlığında tapmaq və insan intellektində duymaq olar. İnsan təbiəti elə məhz onlarda yaranır. İnsan doğularkən hələ insan mahiyyətinə malik olmur: o, həmin mahiyyətə yalnız birgə yaşayış vasitəsilə yiyələnir, təcrid edilmə halında isə həmin mahiyyət yox olmağa məhkumdur".2
Bu düşüncələr sosioloji axtarışları ictimai həyatın insan şəxsiyyəti amilinin eksperimental və digər empirik tədqiqi yoluna yönəldir.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin