SOSİAL TƏSİSATLAR, NƏZARƏT VƏ TƏŞKİLATLAR SİSTEMİ 5.1. Sosial təsisatlar Bizim artıq qeyd etdiyimiz kimi, sosial münasibətlər qrupun sabitliyi və daxili birliyini qoruyub saxlayan sosial əlaqənin əsas elementidir. Əlaqələr o vaxta qədər davam edir ki, partnyorlar əlaqələndirici hissənin xarakterindən irəli gələn vəzifələri, funksİyaları yerinə yetirirlər. Deməli, bütöv bir tam kimi qrup öz üzvləri arasındakı münasibətlərdən irəli gələn vəzifələrin hamı tərəfindən yerinə yetirilib-yetirilməməyinə, necə yerinə yetirilməsinə və onların nə qədər sabit olmasına laqeyd deyildir. Sosial münasibətlərin sabitliyini təmin etmək üçün, — bizim artıq gördüyümüz kimi, qrup və ya cəmiyyətin mövcudluğu bu münasibətlərdən asılıdır, — onlar öz üzvlərinin davranışına nəzarət edən təsisatların özünəməxsus sistemini yaradır. Bu "sosial nəzarət" sistemlərində institutların (təsisatların) yerinə yetirdikləri rol xüsusən vacibdir.
Sosiologiyada, adi danışıq dilində və digər sosial elmlərdə bu söz müxtəlif mənalarda işlədilir. Onların ümumi toplusunu dörd əsas mənada qruplaşdırmaq olar:
"institut" (təsisat) termini birgə yaşayış üçün mühüm işləri qaydaya salmalı olan. müəyyən şəxslər qrupuna aid ola bilər. Bu mənada biz ictimai funksiyaları yerinə yetirən müəyyən şəxslər qrupunu (təsisat) adlandırırıq;
bu istilah həmçinin qrupun bəzi üzvləri tərəfindən yerinə yetirilən funksiyalar kompleksinin müəyyən təşkilat forması mənasını verə bilər;
hərdən bu terminlə bəzi səlahiyyətli fərdlərə qrup üzvlərinin tələbatını ödəmək və ya onların davranışını nizamlamaq məqsədi güdən, ictimai şəxssiz funksiyaları yerinə yetirmək imkanı verən maddi təsisatlar və hərəkət formaları sistemini də ifadə edirlər;
bəzən qrup üçün" xüsusi vacibliyə malik olan bəzi sosial rolları da təsisat adlandırırlar.
Məsələn, əgər desək ki, məhkəmə sosial təsisatdır, onda birinci mənada məhkəmədə işləyən adamlar qrupu; ikinci mənada məhkəmənin yerinə yetirdiyi funksiyaların təşkilati formaları nəzərdə tutulacaqdır; üçüncü ən mühüm mənada qrup tərəfindən məhkəməyə həvalə edilmiş funksiyaları yerinə yetirmək üçün məhkəmənin sərəncamında olan müəssisələr və vasitələr institut adlandırılacaqdır; nəhayət, dördüncü mənada bu hakim və ya prokurorun sosial rolunu təsisat adlandırırıq.
Sosial təsisatları müəyyənləşdirməyin müxtəlif üsullarından — maddi, formal və funksional üsullarından danışmaq olar. Lakin bütün bu mənalarda sosial təsisatın əsas hissəsini təşkil edən müəyyən ümumi elementləri fərqləndirmək lazımdır. Onlar elə təsisatlar sistemlərindən ibarətdir ki, bu sistemlərdə qrup üzvləri tərəfindən müəyyən şəxslər mövcud fərdi və qrup tələbatını ödəmək naminə və digər şəxssiz funksiyaları yerinə yetirmək səlahiyyəti alırlar. Hətta ilkin təşkilat rüşeymləri aşkara çıxan bütün qruplarda bütöv bir tam kimi qrupun adından hərəkətin müəyyən üsulları yaradılır; məsələn, kimsə qrupu kənarda təmsil edir, qrup üzvləri üçün lazımi davranış qaydası müəyyənləşdirir, bütöv qrupun adından qərarlar qəbul edir. Bu hərəkət üsulları şəxssiz üsullar kimi müəyyənləşdirilmişdir, yəni bunları həmişə eyni tərzdə yerinə yetirən adamın şəxsi keyfiyyəti və mənafeyindən asılı olmayaraq icra olunmalıdır. Bu funksiyaları yerinə yetirən fərd bütün qrupun və ya onun həlledici hissəsinin köməyinə arxalanır. Bu funksiyaların yerinə yetirilməsi üsulu bütöv bir tam kimi qrup tərəfindən müəyyənləşdirilmişdir və fərdlər bu funksiyaları həmin müəyyənləşməyə uyğun şəkildə yerinə yetirməlidirlər. Bu, hər bir sosial təsisatın mühüm elementidir.
Sosial təsisat ictimai həyatda aşağıdakı funksiya və vəzifələri yerinə yetirir:
Üzvlərə özlərinin müxtəlif növlü tələbatını ödəmək imkanı yaradır;
Sosial münasibətlər çərçivəsində üzvlərin hərəkətlərini nizamlayır, yəni arzu olunan funksiyaların yerinə yetirilməsini təmin edir və arzuolunmaz davranışa qarşı cəza tədbirlərini həyata keçirir;
Şəxssiz ictimai funksiyaları saxlayaraq və təkrarən yaradaraq ictimai həyatın sabitliyini müəyyənləşdirir;
Fərdlərin istək, əməl və münasibətlərini qovuşdurur və toplunun daxili birliyini təmin edir.
Müasir cəmiyyətdə hər bir adam saysız-hesabsız təsisatların əməyi və xidmətlərindən istifadə edir: o, ailədə doğulur, ailədə, uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə tərbiyə olunur; müxtəlif yerlərdə işləyir, şəhər nəqliyyatı, dəmir yollarının xidmətlərindən istifadə edir, qəzet, radio və televiziyadan informasiya alır, kino, teatr, klublar onun üçün əyləncələr təşkil edir; mağazalar onu təchiz edir, onun təhlükəsizliyini polis və məhkəmə təmin edir; bələdiyyə müəssisələri sistemi onun üçün ev təsərrüfatını, su, qaz və elektrik enerjisinin alınmasını təmin edir; o, ictimai səhiyyə xidmətindən istifadə edir və s. Qısaca deyilərsə, hər bir adam özünün həyati tələbatını ödəməyə can atarkən təmasa və sosial münasibətlərə girərək tələbatın ödənilməsi vasitələrini yaradır, bu vasitələri əldə etmək üçün işləyir, başqa adamlara təsir göstərir və ya onların əməllərinə reaksiya verir, yəni o, hər addımbaşı onun fəaliyyəti və davranışını nizamlayan müxtəlif təsisatlar şəbəkəsinə düşür.
Hər bir təsisat tipindən asılı olaraq az və ya çox dərəcədə formalaşmış şəkildə çıxış edən tərkib hissələrinə malikdir. Təsisatın öz məqsədi (geniş mənada funksiyası), yəni onun fəaliyyətini əhatə edən məsələlər dairəsi vardır. Daha sonra o, bu məsələlərin həlli üçün nəzərdə tutulan funksiyalar dairəsini müəyyənləşdirir. Bəzən mövcud təsisat çərçivəsində sabitləşmiş sosial rollardan danışmaq olar. Məqsədinə çatmaq üçün təsisatın ixtiyarında vasitə və müəssisələr var. Bunlar maddi, rəmzi və ya qeyri-maddi vasitələr ola bilər. Məsələn, məscid bir dini təsisat kimi maddi vasitələrə (binalar), rəmzlərə (ulduz, aypara) və dindarların inandıqları bu inam vasitəsilə (onların davranışına təsir göstərən qeyri-maddi predmetlərə sahibdir. Nəhayət, təsisatların sərəncamında, həm müəyyən funksiyaları yerinə yetirən, həm də bu əməllərin obyekti olan şəxslərə qarşı müəyyən sanksiyalar vardır.
Sosial təsisatların fəaliyyətinin müvəffəqiyyətli olması aşağıdakı şərtlərdən asılıdır:
məqsədin və yerinə yetirilən əməllər dairəsinin və ya funksiyaların həcminin dəqiq müəyyənləşdirilməsindən. Əgər təsisatın funksiyası dəqiq müəyyənləşdirilməyibsə, o, münaqişəsiz olaraq müəyyən qrupun və ya cəmiyyətin qlobal təsisatlar sisteminə qoşula bilmir və müxtəlif növlü müqavimətə rast gəlir: b) əməyin səmərəli bölgüsündən və onun səmərəli təşkilindən;
fəaliyyətin fərdsizləşdirilməsi və funksiyaların obyektivləşdirilməsi dərəcəsindən. Başqa sözlərlə desək, əgər mövcud bir təsisat müəyyən təsbit edilmiş funksiyaları yerinə yetirməyə vəkalət almış şəxslərin mənafeyindən asılı olan bir müəssisəyə çevrilərsə, onda o, özünün ictimai xarakterini, nüfuzunu və bütün qrupun etibarını itirər;
bütün qrup və ya onun əksər hissəsinin yanında təsisatın nüfuzunun etiraf olunmasından;
nəhayət, təsisatların qlobal sisteminə münaqişəsiz qoşulmasından.
Burada biz hər hansı sosial toplunun yaratdığı bütün təsisatların daxili birləşməsi, qovuşması probleminə yanaşırıq. Hər belə bir sosial topludakı təsisatlar sistemi mürəkkəbdir, genişlənən tələbatlar yeni-yeni təsisatların yaranmasına səbəb olur, nəticədə həmişə xeyli sayda müxtəlif təsisatlar bir-biri ilə yanaşı mövcud olur. Ona görə də təsisatların bu qlobal sisteminin daxili birləşməsini nəzərdən keçirməyə başlamamışdan əvvəl onların heç olmasa qısa təsnifatını vermək lazımdır.
Bütün təsisatları hər şeydən əvvəl formal və qeyri-formal təsisatlara bölmək lazımdır. Məsələn, həyətdə və ya parkda əylənən oğlanlar qrupu özünün liderini və onun köməkçilərini seçir, onların oyun zamanı daşıdıqları funksiyaları müəyyənləşdirir. Biz burada göstərilmiş aspektlərin, demək olar ki, hamısında rüşeym halına malik olan təsisatla rastlaşırıq. Lakin bu təsisatın nə funksiyaları, nə də onun fəaliyyət üsul və metodları geniş qrupun sabit təşkilatının təminatına, əsaslanan formal qaydalarla müəyyənləşdirilməmişdir. Burada biz qeyri-formal təsisatla rastlaşırıq. Əgər prezidenti xalq seçirsə, onda onun funksiyaları, fəaliyyətinin üsul və metodlarının məcmusu qanunların tələbləri ilə dəqiq surətdə nizamlanır. Oğlanlar dəstəsinə başçılıq qeyri-formal, prezidentlik isə formal təsisatdır.
Bu, formal bölgüdür. Bununla yanaşı biz həmçinin təsisatların yerinə yetirdikləri mühüm vəzifələrə görə bölgüsünü də verməliyik. Bu bölgü sosial topluların yerinə yetirdikləri başlıca funksiyalara cavab verir. Aşağıdakı təsisatları fərqləndirək:
iqtisadi təsisatlar, nemət və xidmətlərin istehsalı və bölgüsü, pul dövriyyəsinin nizamlanması, əməyin təşkili və bölgüsü və s. ilə məşğul olan bütün təsisatları buraya aid edək. Onlar cəmiyyətin maddi bazası əsasında formalaşırlar;
siyasi təsisatlar və ya hakimiyyətin qurulması və müdafiəsi ilə bağlı olan təsisatlar. Siyasi təsisatlara hökumət, parlament, polis, siyasi partiyalar və s. təsisatlar daxildir;
tərbiyəvi və mədəni təsisatlar və ya gənc nəslin ictimailəşdirilməsi, bütöv bir tam kimi, cəmiyyətin mədəni sərvətlərini ona vermək üçün mədəniyyəti möhkəmləndirməli, yaratmalı və inkişaf etdirməli olan bütün təsisatlar. Buraya tərbiyəvi təsisat kimi ailə, məktəblər, elmi təsisatlar, incəsənət təsisatları və s. aiddir;
sosial təsisatlar və ya sözün dar mənasında ictimai təsisatlar. Sözün geniş mənasında bütün təsisat növləri ictimai təsisatlardır. Sosial təsisatlar dedikdə biz könüllü birləşmə yolu ilə təşkil olunan bütün təsisatları — yerli cəmiyyətləri, klubları və şirkət birliklərini, nəhayət, qrup üzvlərinin davranışına nəzarət edən təsisatları nəzərdə tuturuq. Gündəlik insanlararası təması, kontaktları nizamlayan bu təsisatlar qarşılıqlı anlaşmanı asanlaşdırır, gündəlik həyatın "hamar" gedişini müəyyənləşdirir. Biz, adətən, təbrik üsul və vasitələrinin, ad günlərinin keçirilməsinin, toy təntənələrinin təşkilinin, yığıncaqların keçirilməsinin, yuxarı vəzifəli şəxslərə müraciətin və ictimai həyatın digər oxşar hadisələrinin, adətən qeyri-formal, lakin buna baxmayaraq güclü və çox uğurla fəaliyyət göstərən sosial təsisatların mürəkkəb sistemi tərəfindən nizamlanması haqqında düşünmürük;
insanın transsedent qüvvələrə, yəni insanın empirik nəzarətindən kənar fəaliyyət göstərən fövqəl hissi qüvvələrə münasibətini, insanın müqəddəslik atributlarına (rəmzlərinə) münasibətini təşkil edən dini təsisatlar. Biz teoloji problemlərin təfərrüatına varmadan qeyd edirik ki, dinə inanan adamlar üçün o dünya mövcuddur, həmin dünya dinə inanan adamların davranışına və sosial münasibətlərinə təsir göstərir. Nəticədə, bəzi cəmiyyətlərdə dini təsisatlar hökmran dəyərlər yaradaraq və hökmran təsisatlara çevrilərək insanlar arasında qarşılıqlı əlaqə və münasibətlərin gedişinə çox qüvvətli təsir göstərir.
Bu təsnifat yeganə və hər şeyi əhatə edən təsnifat deyildir, bundan əlavə, müasir cəmiyyətdə bu təsnifatla əhatə olunmamış təsisatlar da tapmaq olar. Lakin, bu təsnifat sivilizasiyaların bütün tiplərində özünü göstərən əsas sosial funksiyaları nizamlayan bütün baş təsisatlar adlanan təsisatları əhatə edir.
Təsisatların qarşılıqlı əlaqəsi və inteqrasiyası aşağıdakı bir neçə prinsipə əsaslanır:
insanın (şəxsiyyətin) strukturuna, onun tələbatlarının yekcinsliyinə. İnsan bütün tələbatlarını ödəmək üçün təsisatların müxtəlif tiplərində iştirak etməlidir;
əməyin əhəmiyyətli dərəcədə bölgüsünə və yerinə yetirilən funksiyaların səmərəli əlaqəsinə;
birtipli təsisatların üstünlüyünə, məsələn, Avropa feodal cəmiyyətində kilsənin hökmranlığı təsisatların bütün qalan növlərinin inteqrasiyasını müəyyənləşdirirdi.
Digər cəmiyyətlərdə biz siyasi və ya iqtisadi təsisatların hökmranlığı ilə rastlaşırıq. Təsisatların qarşılıqlı əlaqədar sistemi qrup üzvləri tələbatının ödənilməsini təmin edən, bu üzvlərin davranışını nizamlayan, qrupun bütöv bir tam kimi inkişafına təminat verən sistem yaradır. Bütöv bir tam kimi bu sistemin sabitliyi və gücü onun ziddiyyətsiz strukturu və daxili qarşılıqlı uyğunluğundan asılıdır. Təsisatlar sistemini inkişaf yolunda maneəyə çevrilmək təhlükəsi ilə rastlaşdığı inkişaf gedişində, sosial dəyişkənlik proseslərində təsisatın "elastikliyi" problemi xüsusən vacibdir.