SƏQIFƏNIN TÖRƏTDİYİ FƏSADLAR
Səqifə hadisəsinin digər səbəblər əsasında baş verməsinə baxmayaraq, bəzi başqa işlərin meydana gəlməsinə səbəb oldu. O işlərin bəzisinə işarə edirik:
1.Baş vermiş hadisə ilahi mənsəb olub Peyğəmbərin (s) canişini kimi tanınan “İmamət” məqamını, dünyəvi məqam olan “Xilafət” məqamına dəyişdi. Bu dəyişikliyə əsasən, artıq xəlifədə imama lazım olan xüsusiyyətlərə ehtiyacı olmur, hər kəs – yaxşı və ya pis rəhbərliyə seçilmək ixtiyarı tapır və itaət olunur. Bəni Üməyyə və Bəni-Abbas xəlifələrini buna misal göstərmək olar. Elə bu səbəbdən içdiyi şərabdan məst olur, camaata imam olaraq namaza dayanır, onlarla qondarma hədis yaradaraq camaatın içində yayırdılar.
Allahın Rəsulu (s) buyurmuşdur: “Məndən sonra mənim rəftarım əsasında əmək etməyən rəhbərlər meydana gələcəkdir. Onların bəzisinin zahiri insan olsa da, ürəkləri şeytan ürəyi kimidir.”
Huzeyfə sual edib dedi: “Ey Allahın Rəsulu (s)! Əgər elə bir zamanı görsəm hansı rəftar əsasında əməl edim?”
Buyurdu: “Arxandan vurub malını əlindən alsa da belə, əmrini eşidib ona itaət et!”1 Onlar öz işlərinin, siz də öz işinizin məsuliyyətini daşıyırsınız.2 Hakiminizin günah etdiyini gördükdə, əməlindən şad olmayın. Buna baxmayaraq ona itaət etmədən əl götürməyin.”3
2.İmamət məqamı xilafət məqamı ilə bir səviyyədə olunduqda, imam bütün mənəvi ucalığıyla adi insan səviyyəsində qərar tapdı. Beləliklə, ona qarşı çıxmaq, müharibə aparmaq günah sayilmadı. Bəzi vaxtlar camaat onu bəyənmədikdə onun vəzifədən kənarlaşdırmanı vəzifə bildilər.
Allahın Rəsulundan (s) Əli ibn Əbi Talib (ə) haqında buyurduğu: حربك حربى و...من آذى عليّاً فقد آذانى 4 (Ey Əli! Səninlə müharibə etmək mənimlə müharibə etməkdir...və Əliyə əziyyət edən mənə əziyyət etmişdir) cümlələrini eşidən insanlar Səqifədən sonra Cəməl, Nəhrəvan və Siffeyn müharibələrində Əli (ə)qarşı qoşun çəkdi və onun minlərlə səhabələrini şəhadətə yetirdilər.
3. Ümmət arasında Səqifədən başlamış ilk ən böyük parçalanma, tədricən dində böyük azğınlıq meydana gətirdi. Hökmlərin fəlsəfi və cüzi açıqlamaları, eləcə də Quranın bəyan və təfsiri xəlifə və hökumətə xidmət edən şəxslərin öhdəsinə buraxıldı. Beləliklə hər kəs nəyi istədisə, dindən çıxartdı və ya dinə əlavə etdi.Əhli sünnət mənbələrində xəlifələr dövründə yaşamış insanlardan (Əli (ə) xilafətə yetişənə qədər) Peyğəmbərin (s) sünnətinin və dinin əsərlərinin tamamilə dəyişdirilməsi və az qala dindən heç bir iz qalmayacağı haqqında onlarla hədis vardır.5
Əhli sünnət hədislərində Allahın Rəsulundan belə bir xəbər nəql olunmuşdur ki: “Qiyamət günü əshabımı sola tərəf (cəhənnəmə) aparacaqlar. Onların hara aparılması haqqında soruşduqda deyəcəklər: Cəhənnəmə! (Bu zaman) Deyəcəyəm: “Pərvərdigara bunlar Mənim əshabımdır!” Cavab veriləcək: “(Məgər) Bilmirsən sənin vəfatından sonra dində necə bidətlər meydana gətirdilər!..” Bu zaman onlardan bir neçə nəfərdən savayı heç kəsin nicat tapmayacağını görəcəyəm.”6
4. İnsanların dini rəhbəri ilahi səlahiyyət əsasında qəbul olunmadığına görə, qüdrəti əlinə alan hər kəs iğtişaş törətmək və müharibə yolu ilə xilafətə çatırdı. Elə bu inhirafa görə bəni Uməyyə və bəni Abbas əsrlər boyu müsəlmanlara hakimiyyət etmişdirlər.
5. O yığıncaqda rəhbərlik meyarı elm, təqva, idarəçilik və ləyaqət deyil, qəbilə şərafəti olduğuna görə, rəhbəri müəyyən etmək üçün olan bütün qaydalar bir-birinə dəydi. Biri qəbilə şərafətli, digəri ondan əlavə təqvalı, fəqih ləyaqətli olan iki nəfərdən birinci rəhbərliyə seçildi. Bu iş tədricən Allahın Rəsulunun (s) uzun illər boyu insanlar arasından yox edib çıxarması üçün mübarizə apardığı qəbilə üstünlüyünə yenidən şəxsiyyət verərək həyat bağışladı. Bu qəbilə imtiyaz və üstünlüyü qəbilələr arasında rəqabət toxumu səpdi və onları hökümətə yetişmək üçün fürsət güdməyə sövq etdi.
O gün Səqifə aparıcılarının bəhanəsi qarışıqlığın qarşısını almaq idi. Daha sonralar isə qüdrətə yetişəcək hər bir dəstə heç bir dini xüsusiyyətə malik olmadan istədiyi bəhanə ilə xilafətə yetişə bilər və tədricən onu padşahlıq vərasətinə çevirərdi. (Necə ki, bu iş baş verdi.) Əlbəttə, belə başlanğıcın sonda məhz belə olması təbii qəbul olunmalıdır. (Rəhbərlik qureyşdən Əməvi qəbiləsinə keçdi, Əməvi rəhbərliyi irsi padşahlığa və irsi padşahlıq isə daimi hakimiyyətə çevrildi. Camaatın onların işinə müdaxilə etmə haqqı əllərindən alındı. İş sonda o yerə çatmışdı ki, söhbət artıq rəhbərin necə olmasından deyil, rəhbəri necə razı salmaqdan gedirdi).
Əməvi və Abbasilər bir əsrdən artıq müsəlmanlara ən qəddar və acınacaqlı şəkildə hakimiyyət edib islami torpaqlara sahib durdular. Xilafəti ələ almaqda sübutları, Səqifədə mühacirlərin ənsarın əleyhinə qaldırdığı dəlillər idi. Yəni Peyğəmbərlə qohumluq və qureyşdən olmaq.
6.Əməvi və Mərvanilərin etdiyi 132 illik hakimiyyəti Səqifənin məhsulu kimi adlandırmaq lazımdır.
İkinci və üçüncü xəlifələr tərəfindən Müaviyənin Şama hakim təyin olması ilə dindən uzaqlaşma özünün ən zirvə həddinə yetişdi. Onun hökmranlıq etdiyi hər yerdə nübüvvət əsərləri məhv olundu. (Tanınmış şərqşünas) lamins demişdir:
“Biz xristianlar Müaviyənin qızıldan heykəlini düzəldib Şamda qoymalıyıq. Əgər Muaviyə islamı öz düz yolundan əyməsəydi, bu gün bütün avropa islama tabe olub onu qəbul edərdi.”
ÜÇÜNCÜ FƏSİL ALLAHIN RƏSULU (S) VƏ CANİŞİNLİK ÜMMƏTİN ARSINDA ƏN BÖYÜK İXTİLAF
Əhli-sünnə Allahın Rəsulunun (s) öz canişini haqqında olan nəzərində bir-birinə zidd olan sözlərinin çoxluğu, təhqiq əhli olan hər kəsi təəccübə gətirir. İnkar olunmayan yeganə şey Allahın Rəsulunun (s) Səqifə yaradanlara şura barəsində heç bir tövsiyənin olmamasıdır. Əgər Əbu Bəkr haqda kiçik bir tövsiyə belə olsaydı, mütləq Səqifədə sübut kimi ona arxalanardılar. 1Halbuki nə Əbu Bəkr və nə də onun tərəfdarlarından olan başqa bir nəfər Allahın Rəsulunun (s) onun canişin olması barəsində tövsiyə etməsinə azacıq da olsa işarə etməmişdir. Bundan əlavə, Əbu Bəkrin öz e`tirafına görə o, heç də Allahın Rəsulunun (s) hamıdan bilikli və hamıdan fəzilətli səhabəsi deyildi. Həmçinin hamı Allahın Rəsulunun (s) Əlinin (ə) fəziləti və məqamı haqqında çoxlu sözlər deməsi fikrində yekdildirlər. Bununla belə bu sözlərin ümmətin Əli (ə)-a itaət etmələrinin vacib olması üçün deyil, məhz onun haqqını tanımalarına yönəlmiş bir sözlər olmalarını iddia edirlər.
Bəzi vaxtlar Ayişədən belə rəvayət edirlər: Peyğəmbərin xəstəliyi şiddətləndikdə (qardaşım) Əbdür-Rəhmana dedi: “Qələm-kağız gətirin ki, Əbu Bəkr haqqında tapşırıq vermək istəyirəm ki, məndən sonra heç kim onun barəsində ixtilaf etməsin...yaxud heç bir tamahkar onun məqamını arzu etməsin.”2
Əgər (həqiqət) belə olsaydı, Ömər ibn Xəttab kağız-qələm gətirilməsinin qarşısını almaz, Əbu Bəkr isə Səqifədə onu dəlil gətirərdi. Halbuki bir vaxt Əbu Bəkr Əbdür-Rəhman ibn Ovfa xitab edərək demişdi: “Kaş ki, Peyğəmbərdən xilafətə kimin layiq olmasını soruşaydım və onunla davalaşmayaydıq.”3
Bundan əlavə, sünnü mühəqqiqləri Ayişənin bu rəvayətini səhih olmayan bir rəvayət sayırlar.4
Həzrət Mühəmmədin (s) özündən sonra canişini haqqında heç nə bildirməməsi nəzəri, Allahın Rəsuluna(s) “danışığını bilmir” – nisbəti verilməsindən az bir şey deyildir. Peyğəmbər haqqında belə əqidədə olan insan onu öz zəmanəsində olan sadə ərəbdən də kiçik saymışdır. Necə ola bilər ki, İlahi risalətin təbliğində çəkdiyi bütün zəhmətlər, işkəncələr, Allah hökmünü çatdırmaqda heç bir süstlük göstərməmiş İslamın uca Peyğəmbəri (s) hər bir məsələdən böyük olan canişini məsələsi haqqında heç nə demədən onu camaatın öhdəsinə buraxsın və onlar da öz növbələrində bir-birinə hədiyyə etsin və digəri onu qənimət sayaraq qəbilə adamları arasında bölüşdürsün?!!”
Görəsən, dəyəri çox uca olan işi bu hala gətirən atılmış bu mənfi addım əks təsir qoyan amil deyil ki baş verdikdən sonra biri “Bu bir səhv idi ki, baş verdi və Allah bizə rəhm edib etdiyimiz səhvdən amanda saxladı. Ehtiyatlı olub daha belə səhvə yol verməyin” cümləsini desin!!
Yazırlar: Əbu Bəkr ölüm halında olan zaman huşunu itirdi. Bu zaman Osman onun Ömərin rəhbərliyi haqda olan vəsiyyətini sona çatdırdı. Huşa gəldikdən sonra Osmanın vəsiyyəti tamamlamasını eşitdikdə ona dedi: “Yaxşı yazmısan. Ümməti özbaşına qoyub getməmdənmi qorxdun?! Allah sənə xeyir əvəzi versin!”1
Abdullah ibn Ömər canişinin təyin olunması zərurətini hiss etdikdə atasına dedi: Camaat deyir: Necə olur ki, sən canişin təyin etmirsən, halbuki, əgər sənin dəvə otaranın ya çobanın olsa və sürüləri özbaşına buraxarsa sən onlara işlərində səhlənkarlıq etmələrini və işi zay etmələrini deyəcəksən! Həqiqətdə isə camaata rəhbərliyi dəvə və qoyuna başçılıqdan daha mühümdür. Ölümündən sonra Allahın görüşünə elə bir halda gedəcəksən ki, bəndələri arasında özünə canişin qoymamısan. Bu təqsirinə görə Allah qarşısında nə üzrün olacaqdır?2
Həmçinin Ayişə Ömər ibn Xəttaba xəbər göndərərək deyir: “Mühəmməd ümmətini başçısız qoyma! Onlar üçün özündən sonra canişin təyin et. Onları yüyənsiz dəvə kimi öz başına buraxma. Mən qarışıqlıq düşməsindən qorxuram!”3
Bunlardan da təəccüblüsü Müaviyənin Yəzidi özünə canişin seçdiyi zaman həmin əqli dəlili əsas gətirməsidir. O deyir: “Mən qorxuram ki, xəlifə seçmədən dünyadan gedim və Mühəmməd ümmətini çobansız sürü kimi sahibsiz qoyumuş olum.”4
Atasının sözü ilə arvadını boşamaqdan belə 5 aciz olan Abdullah ibn Ömər, ümmətin rəhbərinin canişin təyin etmədən onları özbaşına buraxmamalı olmasını başa düşür , amma Allahın sonuncu seçilmiş Peyğəmbəri həzrət Mühəmməd (s) belə bir işin varlığından agah olmur! (Nübüvvət məqamından uzaq!) Görəsən, bir kəs Allahın Rəsuluna (s) canişin təyin etməsi haqda işarə belə etmədi? Yoxsa Ayişənin ikinci xəlifəyə dediyi kimi, camaatı çaş-baş qalmamalarına görə heç olmazsa, seçilmə yolunu belə onlar üçün açıqlamasını istəmədi?! Nəyə görə hər bir kiçik və böyük məsələni Həzrətdən soruşan camaat bu məsələni soruşmadı?! Halbuki bu iş aydın açıqlama tələb edən bir məsələdir! Nəyə görə əziz Peyğəmbər (s) bu məsələ qarşısında susdu?!6Yox, əgər doğurdan da canişin müəyyən etməmişdisə, onda nəyə görə xəlifələr onun etdiyi rəftar əsasında rəftar etmədilər?!
Əgər Allahın Rəsulu (s) vəhy gətirən yox, əksinə zəmanəsinin böyük bir siyasətçisi kimi tanınsa belə, yenə də belə bir işin onun fikrindən yayınması və ona işarə etməməsi təsəvvür olunası deyildir. Şəhristani “Əlmiləlu vən-nihəlu kitabının 1-ci cildi, 16-cı səhifədə yazır:
“İslam ümməti arasında ən böyük ixtilaf imamət mövzusundadır. Belə ki, islamın bütün həyatı boyu imamət məsələsi üstündə qılınc çəkilib, qan tökülməsi qədər heç bir mövzu haqqında qan tökülməmişdir.”
Rəvadırmı ki, həccin ən kiçik məsələlərindən olan ağcaqanad və ya bu qəbildən olan həşəratların ehram halında öldürülməsi haqqında onlarla haşiyəsi olan hökm, Qurandan xüsusi ayə ola lakin camaatın rəhbərliyi məsələsi küçə-bazar adamlarına tapşırıla?! Başlarının qırxılması, dırnaqlarının tutulması, təharət, bəzi yemək və dərmanların xasiyyəti və bu qəbildən olan yüzlərlə məsələlər haqqında sual edənlərdən heç kim bu məsələ haqqında bir şey soruşmadı?! Bütün bunlar Peyğəmbərin (s) onların arasında 23 il yaşadığı və bir gün dünyadan gedəcəyinin hamının bildiyi halda baş verirdi!
Görəsən, Quran Allahın Rəsulunu (s) vəsiyyət etməyə əmr etmirmi və Peyğəmbər (s) öz ümmətinə, müsəlmanın ən mühüm vəzifələrindən birini – həmişə vəsiyyətinin öz yanında olmasını tövsiyə etmirmi?!1 Bütün bunlardan sonra, həzrət özü dünyadan vəsiyyət etmədən gedir! Quran Allahın Rəsulu (s) və onun ardıcıllarından hətta kiçik işlərdə, bir dirhəm belə olsa, vəsiyyət etməni tövsiyə etmişdir.2
İzzuddin Əbu Hamid Mötəzili deyir:
Bir gün ustadım Əbu Cə`fər Yəhya ibn Muhəmməddən (o, insaflı və ağıllı bir adam idi) soruşdum: Əlinin öz xilafəti haqqında buyurduğu “Bir dəstə ona həsəd və paxıllıq etdi, başqa bir dəstə isə göz yumdu!” – sözündən məqsədi Səqifənin qurulmasıdır, yoxsa Ömərin qurduğu şura günü?
O dedi: Məqsədi Səqifə günüdür.
Dedim: Səhabələrin Allahın Rəsulunun (s) əmrindən çıxmalarına inana bilmirəm!
O dedi: Mən də Allahın Rəsulunun Mədinəni canişin təyin etmədən tərk etmədiyi halda imamət məsələsində səhlənkarlıq göstərərək ümməti öz başına buraxmasına heç vaxt inanmıram. Öz həyatında Mədinədən o qədər də uzaq olmadığı bir halda, şəhəri başçısız qoymurdu, ölüm ayağında özündən sonra baş verə biləcək heç bir hadisənin düzəlməsinin mümkün olmayacağını bildiyi halda canişin təyin etmirdi? Müsəlmanların fikrincə, Allahın Rəsulunun (s) ağlı və düşüncəsi kamil olmuşdur. Müsəlman olmayanlar da onu hikmətli və uzaqgörən, güclü düşüncəyə malik olub ümmət yaradan din əsası qoyan bir adam kimi tanımışlar. Ərəblərin təbiətinə tamammilə agah olub, onların intiqamçılıq ruhiyyəsini bilən belə ağıl və kamal sahibi olan insan öləcəyini bildiyi halda, öz övladından artıq istədiyi iki nəvəsi olan qızı və əmisi oğlu olan kürəkənini müharibələrdə ondan və Əlidən zərbə görmüş adamların arasında öz başına qoyub gedə bilərmi?! Onun xilafəti haqqında göstəriş verməməsi mümkündürmü?! Peyğəmbər ailəsi və övladlarını digər rəiyyət kimi tərk edib gedərsə, onların təhlükə altına düşəcəyini bilmirdimi?! Üstəlik belə olduqda özü onların qanını yerə tökmüş və ölmünə səbəb olmuşdur! Çünki Peyğəmbərin Əhli-beytinin ondan sonra pənah aparacaqları bir yer yoxdu və onlar vəhşilərin şikarına çevriləcəkdi və kinəli olanlar öz kinələrini onlardan çıxaracaqdı.
Görəsən, Peyğəmbərin özü ayıqlıq verdiyi ənsar qədər də bu məsələdən agah deyildi?! Ənsar deyirdilər:
“Biz vaxtilə (kafir) ata və övladlarını öldürdüyümüz adamların sizdən sonra hökumətə gələcəyindən qorxuruq.”3
Ömər ibn Xəttab, İbn Abbasla olan söhbətində deyir: “Qureyş, inək öz qəssabına baxdığı kimi sizə baxır!”4 Peyğəmbərin bir gün dünyadan gedəcəyini və belə bir təhlükənin olduğunu bilədikləri halda heç kəsin zehninə gəlmədimi ki, Peyğəmbərdən (s) sonra gələcək rəhbərin kimliyi barədə soruşsun?
İbn Əbil Hədid yazır: Ömər ibn Xəttab Allahın Rəsulunun dünyadan getdiyini bildikdə, rəhbərlik üstündə qarışıqlıq düşməsindən, dəyişiklikdən, ənsar və digərlərinin rəhbərliyi ələ keçirərək dindən dönmələrindən qorxuya düşmüşdü. 5 Deməli, daha yaxşı olardı ki, Peyğəmbərin özü bu ürək yanmadan qafil olmayaydı.
Əgər həzrət Mühəmməd (s) özündən sonra rəhbər seçməni ümmətin öhdəsinə qoymuşdusa, deməli ixtilafın baş verməyəcəyini bilirdi (hətta ixtilaf baş verə biləcəyinə ehtimal belə vermiş olsaydı, bu işə yol verməzdi) Beləliklə, həddindən artıq tələsmək, hətta Peyğəmbərin mübarək bədənini dəfn etmədən Səqifə qurmaq necə izah olunmalıdır?
Allahın Rəsulunun (s) canişini barəsində üç əsaslı nəzər vardır:
1. O həzrət camaatı özbaşına buraxmışdır ki, ümumi seçim, yaxud əksəriyyətin rəyinə əsasən əməl etsinlər;
2. Onları qövm başçılarının öhdəsinə buraxmışdı;
3. Müəyyən bir şəxsə itaət etməni tövsiyə etmişdir;
Dostları ilə paylaş: |