Qüdrətli cinahın əlbir olması və mühacirlərin nüfuzu ilə xilafət məqamı qəsb edilib, Əbu Bəkrin dərhal xilafətə çatmasından sonra Əhli-beyt (ə)-ın tərəfdar və dostlarının çoxu Əli ibn Əbi Talib (ə)-ın qərarına göz dikdilər. Lakin o həzrəti təzyiq altında və səbir etməyə mə`mur olunduğunu gördükdə, hər bir nəticə əldə etməkdən naümid olub, sükut etdilər və məsələni ciddi şəkildə davam etmədilər. Bu mövqe hökuməti Əhli-beytin məqamına hörmətsiz etməyə daha da cür`ətləndirdi, yavaş-yavaş iş elə bir yerə gəlib çatdı ki, Əli ibn Əbi Talibin (ə) haqqından danışmaq günah sayılırdı. Məhz buna görə də Bəşir ibn Sə`d Ənsari o həzrətin dəlil və sübutlarını eşitdikdə, dedi: “Ya Əbəl-Həsən! Əgər camaat bu sözləri bundan qabaq eşitsəydilər, heç kim sənin barəndə ixtilaf etməz və hamı səninlə bey`ət edərdi. Lakin sən evdə oturduğun üçün camaat elə güman etdi ki, sənin xilafətə ehtiyacın yoxdur!”
Digər tərəfdən isə haşimilər və Əli ibn Əbi Talibin (ə) tərəfdarları elə bilirdilər ki, qeyri-haşimilər tərəfindən xilafət məqamının qəsb ediləcəyi təqdirdə, haşimilər öz haqqını ala biləcəklər.1 Buna görə də hökuməti ələ keçirmək istəyənlərin sə`y və çalışmalarından çox da nigaran deyildilər.
ƏLI IBN ƏBI TALIBƏ (Ə) QARŞI PAXILLIQ VƏ KIN-KÜDURƏT
Camaatın Əmirəlmö`minin əli ibn Əbi Talib (ə)-ın haqqının tapdalanması müqabilində sükut etməsinin ən mühüm dəlillərindən biri ərəb qəbilələrinin, xüsusilə Qüreyş tayfası və bə`zi mühacirlərin o həzrətə qarşı paxıllıq, həsəd və kin-küdurət bəsləmələri idi. Ərəb qəbilələrin adəti bu idi ki, əgər onların qəbiləsindən bir kəs öldürülsəydi, onların özü və onlarla əhd-peyman bağlayanlar qatil qəbilədən intiqam almalıydılar, hərçənd, bu cahil adət-ən`ənə Islamdan sonra mahiyyətini əldən versə də, əsər-əlaməti hələ də qalırdı. Neçə illər sonra Peyğəmbər (s)-in tə`lim-tərbiyəsi və ümumi düşüncələrin nisbi genişlənməsi nəticəsində belə intiqamlara zəmin qalmırdı. Lakin ürəklərdə ədavət və kin-küdurət soyulmamışdı. Çünki qəbilələrin çoxu Peyğəmbərlə müharibə etmiş, onlardan bə`ziləri Əlinin (ə), yaxud haşimilərin vasitəsilə öldürülmüşdülər.
Digər tərəfdən də qədim dövrlərdən Məkkə qibələləri, xüsusilə Qüreyş tayfası Haşimin nəvələrinə və onların mə`nəvi kamal xüsusiyyətlərinə qarşı həsəd aparır, onların yüksək ictimai mövqe qazandıqları üçün nigaranlıq hissi keçirir, onlardan bu məqam və mənzilətin aradan getməsi üçün günləri sayırdılar. Nəhayət, onların qəbilə təəssübləri şö`lələnib, ədavət, həsəd və paxıllıqlarını göstərdilər və bununla da onlar öz arzularına çatdılar.
Bilazəri yazır: “Ənsar qrupundan olan Hübbab ibn Münzər “Səqifə” günü demişdi: “Biz müharibələrdə mühacirlərin ata-babalarını öldürdüyümüz üçün onlar bizdən qisas alacaqlar.” Ənsar, mühacirlərin ata-babalarının öldürdükləri üçün onlardan qorxu keçirdikləri halda, Peyğəmbərin kürəkəni Əli ibn əbi Talib isə Qüreyş tayfasının ən sərt rəftarlarının intizarını çəkməli idi. Çünki “Bədr” müharibəsində Qüreyşdən ölənlərin yarısı onun vasitəsilə qətlə yetirilmişdilər.”
Izzuddin Əbu Hamid Mö`təzili yazır:
“Bir gün Allahın Peyğəmbəri əli ilə Əlinin çiyninə vurub ağladı və buyurdu: “Bir tayfanın ürəklərində qalan kin-küdurətlərə ağlayıram. Onlar mən ölənə qədər səndən bunu gizlədəcəklər!”2
Ibn Cərir Təbəri yazır: “Bir gün Ömər ibn Xəttab, Ibn Abbasa belə dedi: “Bilirsənmi ki, sənin atan Peyğəmbərin əmisi, özün isə onun əmisi oğlu ola-ola, nə üçün Qüreyş tayfası sizdən tərəfdarlıq etmədi?... Çünki Qüreyş tayfası həm nübüvvət, həm də xilafətin hər ikisinin sizin xanədanınızın ixtiyarında olmasını və bununla da qürur və şadlıq hissi keçirməyinizi istəmirdilər.”1
Bunu deyən kəs camaatın Əli ibn Əbi Talibə (ə) qarşı pislik etməsini çox yaxşı bilirdi. Elə buna görə də üzünü Ibn Abbasa tutub deyir: “Əmin oğlu Əli xilafətə daha layiq olsa da, Qüreyş tayfası ona tabe olmayacaq. Əgər o, camaata xəlifə olsa, onları haqq-ədalətə doğru yönəldəcək, lakin bu zaman (camaatın gizli narazılıqları səbəb olacaq ki,) onunla bey`əti pozub, müharibə edəcəklər.”2
Həqiqətdə, ərəb qəbilələri Peyğəmbəri-Əkrəm (s)-in də rəftarına çox çətinliklə dözüb tab gətirdilər. Bə`zi qəbilə başçıları açıq şəkildə e`tiraf edərək deyirdilər: “(Ya Mühəmməd!) Qüdrət sənin əlində olduğu üçün sənə iman gətirəcəyik; bu şərtlə ki, özündən sonra bizdən bir nəfəri xəlifə seçəsən!”3
Məkkənin fəthindən sonra zahirdə Islamı qəbul edən müşriklər zəifləyib gücsüz və qüdrətsiz olduqlarından Peyəğəmbər (s)-lə müharibədən əl çəkdilər. Bir tərəfdən o həzrətin şövkət və əzəməti, məqam və mənziləti onları təslimə vadar etdi. Digər tərəfdən isə həsəd, paxıllıq, ədavət və kin-küdurət onların içini yandırırdı. Həqiqətdə onlar Peyğəmbər (s)-ə qarşı olan ədavət və kin-küdurətlərini Əli ibn Əbi Taliblə (ə) hesablaşdılar.
Peyğəmbəri-Əkrəm (s) elə bir hökumət qurmuşdu ki, onlar onu əldə etməyi arzu edirdilər. Buna görə də təbii olaraq bu məqsədin həyata keçməsini onun üçün hazırladılar. O həzrət vəfat etdikdən sonra qızıl fürsəti əldən vermədən tez bir vaxtda, hətta Peyğəmbər (s)-in cəsədinə qüsl vermədən xilafəti ələ keçirməli idilər, hərçənd, o həzrətin qızı Fatimənin (ə.s) evinə hücumla tamamlansa belə!
Əli ibn Əbi Talib (ə) bunu təsdiq edərək buyurmuşdur:
“...Ərəblər Mühəmməd (s)-in işini bəyənmir və Allahın ona əta etdiklərinə qarşı həsəd edirdilər... Onlar elə o həzrətin dövründən çalışdılar ki, o həzrətin vəfatından sonra işi Əhli-beytin ixtiyarından alsınlar. Əgər Qüreyş onun adını özləri üçün hakimiyyət vəsiləsi qərar verməsəydi və özlərinin tərəqqi nərdivanı bilməsəydilər, hətta o həzrətin vəfatından bir gün sonra belə, Allaha pərəstiş etməz, küfr və mürtədliyə qayıdardılar.”4
Onlar imam Əlinin (ə) qardaşı Əqilə belə bir məzmunda məktub yazırlar: “Qoy, Qüreyş gücləri çatacaq qədər azğınlıq və (ümmət arasında) ixtilaf yaratmaqda irəliləsinlər. Bu gün camaat qardaşınla müharibə etməyə əlbir olduqları kimi, keçmişdə də Peyğəmbər (s)-ə qarşı müharibədə əlbir olmuşdular.”
Ibn Abbas əməvilər sülaləsinin Əli ibn Əbi Talibi (ə) söyməyin səbəbi haqda yazır: “Əməvilər sülaləsi həqiqətdə Əliyə nalayiq və yaramaz sözlər deməklə Peyğəmbəri-Əkrəm (s)-ə qarşı nalayiq sözlə deyirdilər. Çünki Peyğəmbər (s) buyurmuşdu ki, Əliyə nalayiq söz deyən kəs, həqiqətdə mənə nalayiq söz demişdir.”1 Lakin Peyğəmbərdən sonra hakimiyyəti ələ keçirdikdən sonra o həzrətin yerinə Əliyə (ə) nalayiq və yaramaz sözlər deməyə başladılar.
Peyğəmbər (s) bütün Qüreyşin və Məkkə müşriklərinin hiylə və tədbirlərinə mə`ruz qalmadı. Mədinədə o həzrətin əleyhinə dəfələrlə qoşun yürüdülsə də, Bəni-Haşim tayfası həmişə Qüreyş qəbiləsinə qələbə çalırdı. Düşmənlər onun Peyğəmbərliyi ilə qarşılaşa bilmədiklərini başa düşdükdə, məcbur olub risalət və Peyğəmbərliyini qəbul etdilər, haşimilərə qarşı ədavət, həsəd və kin-küdurətlərini söndürdülər. Lakin o həzrət vəfat etdikdən sonra o həzrətin Peyğəmbərlik şövkətini göstərən xilafət məqamının haşimilərin ixtiyarında olmasına heç bir vəchlə razılıq vermədilər.2
Əbdül-Həmid Mədayni Mö`təzili, Əbu Cə`fər Nəqibin sözlərini qeyd etdikdən sonra bir neçə incə nöqtəyə işarə edirərək, Əli (ə)-ın müxaliflərinin çirkin məqsədlərini ifşa edir. O yazır:
“Bir qrup, ərəblərdən bə`zilərinin Əliyə qarşı həsədini, bə`zilərinin ondan intiqam və qisas alma hissini, bə`zilərinin onun cavanlığını bəhanə etdiklərini, bə`zilərinin Əlinin onlardan üstün olduğunu istəməsini, bə`zilərinin həm Peyğəmbərlik, həm də xilafət məqamının bir tayfaya məxsus olduğunu qəbul edə bilmədiklərini, bə`zilərinin onun dini işlərdə ciddi iltizamlı olduğundan qorxduğunu, bə`zilərinin isə xilafətin bir tayfaya məxsus olmayıb, ərəb qəbilələri arasında dövr etməsi və onun hamıya qismət olduğunu düşünməsini nəzərə alaraq, onların Əliyə itaət etməycəklərini güman edirdilər. Bə`ziləri də onunla düşmənliyinə görə hökumət və xilafətinə razılıq vermədilər. Bu düşmənlik onun Peyğəmbərlə qohum olması üzündən idi. Bu qruplar içərisində əvvəldən Peyğəmbərliyə e`tiqad bəsləməyən münafiqlər bir-birləri ilə əlbir olub xilafəti Əlidən almaq və onu başqasına vermək istəyirdilər. Onların tanınmış şəxsiyyətləri dedilər: “Biz fitnə-fəsadın baş verəcəyindən qorxub, xilafəti ondan aldıq və bilirdik ki, ərəblər ona itaət etməyəcək.”3
O, başqa bir yerdə isə belə yazır:
“Camaatın Peyğəmbər (s)-in Əli (ə)-ın xilafət və rəhbərliyi haqda açıq-aşkar buyruğunu inkar edənlərin müqabilində sükut etmələrinin səbəbi onların həmin vaxtlarda müxtəlif fikirlərdə olması idi. Onların bə`zisi Əlinin düşmən və rəqibləri kimi tanınırdı ki, Əlinin xilafətdən kənarlaşmasına sevinir və bunu özləri üçün gözaydınlığı bilirdi.”4
Təcrübə göstərdiyi kimi, zaman ötüb-keçdikcə həsəd, ədavət və kin-küdurət şö`lələri sönür və bir nəsildən sonra daxili çəkişmələr unudulur. Lakin maraqlıdır ki, bu qanun Əli ibn Əbi Talib haqda icra olunmadı; zaman keçsə də, həsəd, paxıllıq, kin-küdurət və ədavət şö`lələri əsla sönmədi.”5
Ibn Abbas, Osmanın dediyi “Əgər xilafət sizin haqqınız idisə, bunu sizdən mənimsəyən elə öz qövmünüz idi!” – sözünə cavab verərək deyir: “Allaha and olsun ki, o qövmün xilafəti bizdən mənimsəməsinin səbəbi həsəd və kin-küdurətləri idi və sən bunu yaxşı bilirsən!”6
Əli ibn Əbi Talib (ə) Xüzeymət ibn Sabitə buyurmuşdu: “..Görürsənmi ki, Allah-taalanın elmdən mənə əta etdiklərinə qarşı necə paxıllıq edirlər?!”1 Məhz bu məsələlər üzündən Əli (ə) dəfələrlə Peyğəmbər (s)-in yanında şikayət edirdi.2
“Səqifə” yığıncağında və ondan neçə illər sonra imam Əli ibn Əbi Talibin (ə) xilafətdən kənarlaşdırılması üçün yaşının az olması ən mühüm bəhanə kimi yad edilirdi. Həqiqət isə budur ki, bunun əsas səbəbi onların qəlblərindəki həsəd, kin-küdurət idi və yaşlı bir şəxsin rəhbər olmasını əsas götürmək bəhanədən başqa bir şey deyildi.
Təbərsi yazır: “Əbu Bəkr atası Əbu Qühafəyə məktub yazıb, xəlifə olmasını və Mədinəyə gəlməsini bildirdikdə, Əbu Qühafə məktubu gətirən qasidə dedi: “Necə oldu ki, Əlidən üz döndərdiniz?” O dedi: “Onun yaşı azdır, Əbu Bəkr isə ondan yaşlıdır, həm də ki, Qüreyşin böyüklərinin və başqa qəbilə başçılarının çoxunu qətlə yetirmişdir.” Əbu Qühafə dedi: “Əgər xilafətdə yaş əsas götürülürsə, onda mən buna oğlumdan daha layiqəm! Sözsüz, Əliyə zülm etdilər. Halbuki Allahın Peyğəmbəri onunla bey`ət etmiş və bizdən də bey`ət almışdı!”3
Onların arasındakı söhbətin ən mühüm nöqtəsi budur ki, qasidin Əbu Qühafənin cavabında Əlinin yaşının az olduğunu dəlil gətirsə də, dərhal sonra ərəblərin o həzrətə qarşı ədavət və kin-küdurətlərini açıqlayır.
Həqiqətdə görəsən, həmin günlərdə kimlər bu bəhanə və dəlilin nə qədər puç və məntiqsiz olduğunu düşünürdülər? Buna diqqət yetirirdilərmi ki, Peyğəmbəri-Əkrəm (s) dəfələrlə Əliyə (ə) elə azyaşlı vaxtında xüsusi işləri tapşırırdı?! O həzrətin digər yaşlı və məşhur səhabələr ola-ola Əlini (ə) Yəmən xalqına qazı göndərməsi, müharibələrdə sərkərdə tə`yin etməsi, “Bəraət” surəsini çatdırması, “Xeybər” qalasını fəth etməyə göndərməsini və s. yozmaqmı olar?!
Dostları ilə paylaş: |