HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR
Maddə 262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma
262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.359
262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.360
262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.361
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.362
263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.363
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.364
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
M a d d ə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma365
263-1.1. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda -
dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.4. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—366
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.KM2
Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. 367
Maddə 265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma
265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.368
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 266. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.369
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—370
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.371
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.372
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 270. Beynəlxalq uçuş qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.373
374Otuzuncu fəsil
Dostları ilə paylaş: |