DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 274. Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 276. Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 277. Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 280. Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 282. Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 375
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.376
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 284. Dövlət sirrini yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32-ci fəsil
Dostları ilə paylaş: |