“ İKİNCİ FƏRMAN “
Görkəmli və tanınmış alim Mədaini öz sözlərini belə davam edir :
“Əbu Süfyan oğlu Müaviyə Osman barədə söylənilən rəvayətlərin düzəlməsindən bir müddət sonra vilayət başçılarına belə yazdı :
“Osman barədə hədislər kifayət edər. Həddindən artıq çoxalaraq İslam məmləkətlərinin bütün nöqtələrinə kifayət qədər çatmışdır. Bu fərman əlinizə çatan kimi camaatı səhabələrin və iki xəlifənin ( Əbu Bəkr və Ömər) fəzilətləri barəsində hədis uydurmalarına rəğbətləndirin. Əbu Turabın (Əli (ə)-ın) barəsində nəql olunan hər bir hədisə oxşar bir hədisi səhabələr barədə də qoşsunlar. Bu əməl mənim gözlərimin işıqlanmasına, bununla da Əbu Turab şi`ələrinin və övladlarının məhv olmasına səbəb olacaqdır.
Bu fərman camaata oxundu və onun məzmunu bütün camaat arasında yayıldı. Dərhal səhabənin fəziləti barədə uydurma və həqiqətdən uzaq olan çoxlu xəbər və hədislər söylənilməyə başladı. Camaat belə hədislərin düzəlməsində və yayılmasında çox çalışırdılar. O yerə çatdı ki, uydurma fəzilətləri mənbərlərdə, namaz arası xütbələrdə camaat üçn oxunur və müsəlmanlara əmr olunurdu ki, bu hədisləri öz uşaqlarına da öyrətsinlər. Qur`an ayələri kimi onları əzbərləməkdə çalışırdılar. Hətta qadınlara, qızlara və xidmətçilərə də bu uydurma fəzilətləri öyrədirdilər. Bu minvalla bir müddət belə davam etdi.”
“ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ FƏRMAN“
Mədaini yenə də deyir :
-“Bir müddət də keçdi. Əbu Süfyan oğlu Müaviyə`nin xidmətində olanların və ona itaət edənlərin, səhabələr və iki xəlifə barədə uydurduqları saxta hədislərini yazdıqdan sonra, Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmanı çıxartdı:
- “Diqqətli olun ki, hər bir kəs Əli (ə)-ın və onun övladlarının dostu adı ilə ittiham olunsa və bu ittihama kiçik bir sübut tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını beytul maldan kəsin !”
Bu fərmannin ardınca yeni bir fərmanı bu məzmunda göndərdi:
“ Hər bir kəs, Əli (ə)-ın övladlarının dostu adı ilə ittiham olunsa ona təzyiq göstərin və evini altüst edin ki başqaları üçün ibrət dərsi olsun.”
Mədaini deyir:
-“İraq əhli, məxsusən Kufəlilər bu hadisədən və müsibətdən böyük bir müsibət görmədilər. Çünki, Əli (ə)-ın şi`ələri bu fərmanın tə`siri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli qorxu şəraitində yaşayırdılar. Beləki, bə`zən iki nəfər dost Əli (ə)-ın şi`ələrindən bir-birilərinin evlərinə gedərdilər. Ev sahibi qulamının və xidmətçisinin qorxusundan onlara and verib əhd peyman bağlamazdan əvvəl qonağına bir söz açıqlaya bilmirdi. O da, başqalarına deməmək şərti ilə olurdu.
Beləliklə, Əli (ə) və onun övladları barədə uydurma hədislər tapıldı. Hədis söyləyənlər, qazilər və hakimlər həmin uydurma hədislərdən itaət edirdilər. Riyakar, camaatın ən pisi, əqidəsi zəif olan, zahirdə i`manlı və ibadət əhli olan, hakimliyə yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər uydurma hədislər düzəldirdilər. Zaman keçdikcə bu yalan və böhtanlarla dolu olan uydurma xəbərlər mutədəyyin və təqvalı şəxslərın əlinə keçdi. Lakin, bir qurup insanlar əqidələrinin yaxşı olması və sadəlikdən həmin uydurmaları qə`bul etmiş və başqalarına da söyləmişlər . Əgər o hədislərin batil və uydurma olduğuna diqqət etsəydilər onu söyləməkdən çəkinərdilər”.1
“ ƏMƏVİ XƏLİFƏLƏRİ ZAMANINDA HƏDİSİN VƏZİYYƏTİ ”
Mədaini Müaviyə`nin dövründə hədislərin vəziyyətini nəql etdikdən sonra, 21 il Əbdul Məlik ibn Mərvanın səltənəti və xilafəti dövründə hədislərin aqibətini, şi`ələrin əzab - əziyyət çəkmələrini Müaviyə`nin zamanında heç də az olmadığını geniş şəkildə bəyan etmişdir. O cümlədən Mərvan və onun qan içən və şi`ələrə zülm edən, vilayət başçısı tə`yin etdiyi Həccac ibn Yusifin etdikləri günahların və cinayətlərin bir qismini qeyd edərək belə deyir :
“ Həccacın məclisinə bir kişi daxil oldu və dedi:
- Əmir ! Mənim atam və anam mənə haqsızlıq ediblər. Çünki, mənim adımı “Əli” qoyublar. Mən də hələ ki fəqirəm və əmirin hədiyyəsinə möhtacam .
Həccac onunla xoş davrandı və dedi:
- Sənin bu gözəl sözlərinə görə filan şəhərə başçılıq etməyi sənə həvalə edərək o şəhəri sənə bağışladım. “1
“ HƏDİS YAZMAQDA İLK ADDIM “
Peyğəmbər (s)-dan sonra hədisin necə yazılması barədə bəhs edildi. Əyyaşlıq və xoşgüzaranlıqla məşğul olan Əməvi xəlifələri dövründə hədisin mövzusu, başqa ibarətlə söyləsək mə`nəviyyat tədricən yaddaşlardan silinirdi. “Din”-dən yalnız onun quru adı və rəsmi olaraq Qur`andan başqa bir şey qalmamışdı. Alimlər və hədisçilər də ictimai mühütün tə`siri altına düşərək xulafayi raşidinin2 əməllərini özlərinə hədəf və me`yar bilirdilər. Bir başa hədis yazmağı zehnlərdən çıxarmış və onu batil bir iş bilirdilər. O cümlədən Ömər ibn Əbdul Əzizin xilafətinə qədər (hicri-qəməri tarixi ilə 99-101-ci illər) hədis yazmağın önünə qırmızı bir xətt çəkmişlər.
Ömər ibn Əbdul Əziz öz qısa xilafəti zamanı müsbət və faydalı addımlar atmağa başladı. Bu addımlardan biri də özündən əvvəlki xəlifələrin hədis yazılışını qadağan etmək siyasətinin üzərindən xətt çəkməklə ləğv etməsi və hədis yazılışının başlanmasına bir təkan idi.
Buxari nəql edir ki, Ömər ibn Əbdul Əziz , onun tərəfindən Mədinədə qaziliyə və hakimliyə tə`yin olunmuş Əbu Bəkr ibn Həzm-ə rəsmi şəkildə hədis yazılmasını əmr etdi. Bununla da həmin məktubda, köhnəlmiş və aradan getmiş hədislər üçün öz nigaranlığını bildirdi. 1
“ ÖMƏR İBN ƏBDUL ƏZİZİN XİLAFƏTİ DÖVRÜNDƏ HƏDİSİN ƏMƏLİ SURƏTDƏ YAZILMASI “
Əhli sünnə alimlərinin bir çoxu Ömər ibn Əbdul Əzizin məktubunu nəql etmış və onu hədisin yazılma tarixi kimi tanıtdırmışlar. Hicrətin birinci yüz illiyinin axır illərində və yaxud hicrətin ikinci yüz illiyinin əvvəllərini hədis yazılışının çiçəklənən illəri kimi adlandırmışlar.2
Mərhum Əllamə Seyyid Həsən Sədr (vəfatı-1354-cü hicri-qəməri tarixi) bu nəzəri tarixi dəlillərlə rədd edərək belə deyir:- “Hədis yazmağa başlayan ilk şəxs Malik olmuşdur. O,“Muvət`tə” kitabını Mənsur Dəvaniqinin (hicri-qəməri tarixi ilə 136-158-ci illər) əmri ilə, onun xilafəti zamanı yazmağa başlamışdir”.
Mərhum Əllamə Sədr öz nəzəriyyəsini isbat edərək belə deyir:
1. - Ömər ibn Əbdul Əzizin xilafəti iki il beş ay çox çəkdi;
2. - Bu əmrin, onun xilafətinin əvvəllərində ya axırlarında icra olunması barədə olan tarix mə`lum deyildir;
3. - Heç bir tarixdə Əbu Bəkr ibn Həzm kimi xəlifənin əmrlərinə e`tiraz edən bir şəxs görünməyib. O cümlədən İbn Həzmin adına olan bir kitab və ya əsər hələ tapılmayıb. İbn Həzmə hədisin yazılmasnı istinad verənlər və bu nəzəriyyə`nin tərəfdarları ehtimal və şübhələrə çox əsaslanmışlar;
4.- Əgər bu əmr, İbn Həzmin zamanında yerinə yetirilsəydi və hədisin o zamanda yazılışı isbat olsaydı, nəyə görə onda bə`zi tanınmış tarixçilər tərəfindən hədisin yazılışı hicrətin ikinci yüz illiyinin axırlarına təsadüf etdiyini nəql edirlər?. O cümlədən Hafiz Zəhəbi ki, onun işində ustalığı və doğruçuluğu hamıya çox mə`lumdur, açıq aşkar belə deyir: - “Sunən” və bu kimi kitablar, ilk dəfə Əməvilərin xilafətindən və Əbbasilərin hakimiyyətə gəlişindən sonra yazılmağa başladı.
Heç bir tarixçilər Syutinin və İbn Həcərin nəzərini qə`bul etmirlər”.1
Biz də mərhum Sədrin nəzəriyyəsinin təsdiqində deyirik ki:- İbn Həcərin özü birinci müəllif barədə müxtəlif nəzəriyyələr vermişdir. Bir yerdə belə deyir:-“Hədis yazmağa başlayan ilk şəxs, Rəbi` ibn Səbih idi.2 Başqa bir yerdə isə; Əvvəlinci müəllif Şəhab Zohəridir ki, birinci əsrin sonunda Ömər ibn Əbdul Əzizin əmri ilə bu işi gördü”.3 Başqa bir yerdə isə belə deyir:
-“Birinci müəllif və hədis yazan, İbn Həzmdir”.1
Fərid Vəcdi də hədisin birinci müəllifini, Maliki olduğunu bildirmişdir:-“Hədis barədə əvvəlinci müəllif Malikdir. O, ”Muvəttə`” kitabını tə`lif etdi və bə`ziləri dedilər ki, İbn Cəriğ (vəfatı-150-ci hicri-qəməri tarixi) ilk hədis müəllifidir”.2
Katib Çələbi deyir: - “İslamda ilk tə`lif olan kitab ibn Cəriğin kitabıdır”. Sonra deyir:- “Malikin “Muvəttə`” kitabının birinci yazıldığı söylənilmişdir. O cümlədən deyilmişdir ki; hədis kitabı yazmağa başlayan ilk şəxs, Rəbi` ibn Səbih idi”.3
Hafiz Zəhəbi hicri-qəməri tarixi ilə 143-cü ilin hadisələrindən belə nəql edir:-“Bu ildə alimlər Məkkə və Mədinə şəhərlərində hədis yazmağa başladılar”.4
Doktor Əhməd Əmin, Ömər ibn Əbdul Əzizin əmri barəsində olan bəhslərdən sonra belə deyir:- “Bizə mə`lum olan budur ki, Əbu Bəkr ibn Həzmin adına olan tə`lif və birinci tə`lif adlı bir şey bizim əlimizə çatmayıb. O cümlədən keçmişdəki hədisçilərdən heç biri bu kitab barədə heç bir söz deməmişlər. Əgər belə bir kitab olsaydı, hədis yazanlar üçün ən mühüm sənədlərdən biri kimi sayılardı. Belə olduğu halda da, hökmən onlar öz yazılarında belə bir kitaba istinad edər , ondan dəlil kimi istifadə edərdilər”.
İş burasındadır ki, bə`zi qərb alimləri,1 belə xəbərin olmasına şəkk etmışlər. Lakin Əbdul Əzizin əmri və əsl xəbər barədə şəkk və tərdid yoxdur. Ancaq bu əmrin yerinə yetirilməsi məsələsi şübhəli bir məsələdir. Bəlkə də, bu əmrdən sonra dərhal Ömər ibn Əbdul Əzizin2 vəfatı səbəb oldu ki, Əbu Bəkr ibn Həzm bu əmri yerinə yetirə bilməsin. 3
Əziz oxucu! Gördüyünüz kimi alimlər hədisin yazılması barədə və sünnilər arasında birinci müəllifin kimliyi barədə nəzər ayrılığına malikdirlər. Hədisin Ömər ibn Əbdul Əzizin xilafəti dövründə yazılması barədə heç bir dəlil sübut olunmamışdır. Bu haqqda yazılan mövzu budur ki, Buxarinin nəql etdiyinə əsasən bildiririk ki, Ömər ibn Əbdul Əziz hədis yazılması barədə əmr etmışdir. Lakin bu əmrin tarixi nöqteyi nəzərdən yerinə yetirilməsi isbat olunmamışdır. Bəlkə tarixdə gələn hadisələr və bu hadisələrin adi axarına nəzər salarkən bu məsələnin əksi sübut edilir.
Uzun bir müddət, yə`ni bir əsr və yarım qadağadan sonra hədis yazılışı və deyilişi azadlığa çıxdı və çiçəklənməyə başladı. Dərs hövzələrində hədis yazmaq yavaş-yavaş adi hala çevrildi. Bu iş sonralar xəlifələrin təzyiqi və əmrləri ilə genişləndi. Çünki, müsəlmanlar bir əsr haram bildikləri işin ardınca getmək istəmirdilər. Buna görə də, Muəmmər, o da Zohəridən nəql edir ki:
-“Biz hədis yazmağı günah və səhv bir iş bilirdik. Xəlifələr və hakimlər bizə hədis yazmağı məcbur etdilər”.4
Dostları ilə paylaş: |