Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3,67 Mb.
səhifə19/34
tarix28.11.2016
ölçüsü3,67 Mb.
#314
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
IV.2.3.2.3.İqtisadi diversiya

«Müharibədə qalib gəlməyin üç böyük şərti mövcuddur: bunlardan birincisipul, ikincisipul və nəhayət, üçüncüsüyenə də puldur

Napoleon

Müasir siyasət və iqtisadiyyatın aktiv elementlərindən biri də müxtəlif növlü iqtisadi diversiyalardır. Bugünkü qloballaşma dövründə bunun aktuallığı xüsusilə artıb. Belə ki, bazar iqtisadiyyatı müxtəlif növlü ekspansiyalara geniş meydan açır. Bu baxımdan, yenicə öz müstəqil iqtisadiyyatını qurmaq istəyən Azərbaycana qarşı transmilli monopolist korporasiyalar tərəfindən bu metodların tətbiq olunması ehtimalı istisna deyil, eləcə də, Azərbaycan özü də rəqibi olan dövlətlərə bu metodların bəziləri tətbiq edə bilər. Müxtəsər formada bu siyasəti belə formulə etmək olar ki, bu cür təsir halında:

Müxtəlif siyasi, iqtisadi, hərbi, texniki, ideoloji və s. təsir formaları ilə rəqibin başlıca gəlir yerləri blokirovkalanır, bunlardan məhrum olmasına, eləcə də, olan sərvətinin qeyri-səmərəli istifadə edilməsi ilə tükəndirilməsinə çalışılır.

Geniş varianta isə bunun variantlarının bir qismi aşağıdakılardır.

Ümumi olaraq, istənilən dövlətin cəmi gəlir sferalarına qismən aiddir:

Xaricdən təmiz kapital idxalı: O cümlədən, birbaşa maliyyə yardımları və köçürmələr (göndərişlər, transferlər); qrant, patent, qonorar və mükafatlar; investisiya və kreditlər; təzminat və restitusiyalar (nə vaxtsa qarət olunmuş əmlakın qaytarılması); emmiqrantların (bura köçüb gələnlərin) özü ilə birlikdə gətirdiyi mülkiyyət, dövlət borcları və s. formasında olan gəlirlər;

Məhsul ixracından gələn gəlir: O cümlədən, aqrar-sənaye, təbii sərvətlər, işçi qüvvəsi və s.-in (o cümlədən, intellekt potensialının), mədəniyyət-incəsənət məhsullarının (məs., rəsm işi, ədəbiyyat, film və s.-in), informasiya (o cümlədən, kompromat, kommersiya sirri və s. formalı informasiyalar da daxil olmaqla) və elmi-texniki-praktiki biliklərin (hansılar ki, nou-xau və lisenziyalarda təsbit edilir...), milli valyutanın (konvertirə olunmaqla) və s.-in ixracından gələn gəlirlər;

Xidmət ixracından gələn gəlir: O cümlədən, təsərrüfat-məişət, mənzil-kommunal, maarif, hüquq, səhiyyə, tibb, bank, rabitə, sığorta və s. xidmətləri, injinirinq xidməti (layihələşdirmə, kəşfiyyat və s. kimi), məhsula satışdansonrakı xidmət (məs., təmir xidməti), qulluq (məs., xəstəyə, məktəbəqədərki yaşda olan uşağa qulluq) və qəyyumluq (o cümlədən, bir dövlətin digərinə qəyyumluğu, yəni protektorat) və s. kimi xidmətlərdən gələn gəlirlər, o cümlədən, müxtəlif növlü rüsumlar formasında olan gəlirlər;

Digər qanuni fəaliyyətlərdən gələn gəlir: o cümlədən, kurort-sağlamlıq mərkəzlərindən, ölkədə beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsindən, turizm və ziyarətgahlardan7, bədən tərbiyəsi və idmandan, nəqliyyat və tranzitdən, ticarətdən, mədəniyyət ezamiyyətlərindən (qastrollardan), lisenziya satışından, icarə (konsessiya) və kirayədən, borc faizindən (divident) və s. gələn gəlirlər, həmçinin vergidən, kömrükdən və birbaşa olaraq dövlət inhisarında olan iqtisadi strukturların fəaliyyətindən əldə olunan gəlirlər;

Qeyri-qanuni fəaliyyətlərdən gələn gəlir: Rüşvət, meşşanlıq, fahişəlik, narkotika alveri, insan alveri, qarət (o cümlədən, qarətçilik müharibəsi), qaçaqmalçılıq, reket fəaliyyəti və s.-dən gələn gəlirlər; və s.



(Bir sözlə, dolayısı ilə ifadə olunsa, yəni dövlətin gəlir mənbələri bir təkcə neft sektoru ilə məhdudlaşmır).

Özü də, sadalanan mənfəətlər dövlət üçün bir təkcə büdcəyə əlavə vergilər (istər fiziki və istərsə də hüquqi şəxslərdən, o cümlədən, infrastrukturlardan) cəlb olunması baxımdan deyil, eyni zamanda, həm də dövriyyəyə daxil olan əlavə xarici valyutanın milli valyutanın kursuna təsir göstərərək, onun məzənnəsini artırması baxımından əhəmiyyətlidir.

Deyildiyi kimi, başlıca məqsəd, istənilən vasitələrlə rəqibin hər sahədəki gəlirlərini tromblayıb, əlindən çıxarmaqdır. Bu məqsədi həyata keçirməyə imkan verən vasitələrin bir qismisə aşağıdakılardır:

V.3.2.2.3.1) Siyasi, hüquqi, texniki və s. formalı təzyiq formaları ki, bunlar barədə digər bölmələrdə nisbətən ətraflı formada danışılır;

V.3.2.2.3.2) Hərbi təzyiq ki, bu halda onun gəlir gətirən sahələrinə qarşı müxtəlif formalı diversiya-terror əməliyyatları həyata keçirilir və ya rəqib bütövlükdə hansısa müharibəyə cəlb olunur;

V.3.2.2.3.3) İdeoloji təzyiq: Buraya onun gəlir sahələrinə qarşı anti-reklam fəaliyyəti aparmaq (məs., istehsal etdiyi məhsullarda xəstəliktörədən inqredientlər aşkarlanması barədə şayiə yaymaq), müxtəlif dezinformasiya, şayiə vasitəsilə ixrac məhsulları (o cümlədən, bank və infrastrukturları) ətrafında ajiotaj, panika yaratmaq və s. daxildir;

V.3.2.2.3.4) İqtisadi təzyiq: Buraya müxtəlif iqtisadi diversiya və sabotajlar, qiymət, taarif, pul-kredit və ödənc diskriminasiyaları, lisenziya və vergi baryerləri, limitləşdirmələr, aktiv və ya passiv boykotlar, embarqolar, repressarilər, rüşvət vermə, biznes sirlərini faş və s. kimi çoxsaylı vasitələrlə həyata keçirilən manipulyasiyalar aiddir.

Bu sonuncu kateqoriyadan olan bəzi fəndlər:

a) İqtisadi diversiyanın klassik variantı – dempinqdir. Bu halda rəqibin bazarlarına (daxili və xarici bazarlarına) onun istehsal etdiyi məhsulun nisbətən daha ucuz qiymətdə olan analoqu istehsal edilib çıxarılır. Baxmayaraq ki, bu məhsul həmin ixracçının özünə də baha qiymətə başa gəlir, lakin uzaq məqsəd naminə o, bu müvəqqəti itkiyə dözür. İtki isə, adətən digər sahədə əldə olunan qazancla və ya alınan subsidiyalarla kompensasiya edilir. İşin mahiyyətindən xəbərdar olmayan həmin rəqibinsə müştəriləri, daha ucuz məhsul dalınca qaçaraq, ondan uzaqlaşır, səhmdar və sərmayədarları bazardakı təbəddülatı hiss edərək, kapitallarını daha perspektivli olan bir başqa şirkətə yönəldir. Nəticədə, həmin bu şirkət ya iflasa uğrayır, ya da iflasdan xilas olmaq üçün profilini (istehsal oriyentasiyasını) dəyişir və bu bazarı ona qalib gələn rəqibə güzəştə gedir (eynən də, bu profil üzrə bazarda indiyə qədər mövcud olmuş şirkətlərin, kompaniyaların hamısı). Nəticədə, bazarda monopoliya əldə etmiş diversant, bundan sonra bu sektorda qiymət siyasətini öz əlinə keçirir və bazara öz şərtlərini diktə etməyə başlayır. O cümlədən, indiyə qədər su qiymətinə satdığı məhsuluna bundan sonra «od qiyməti» qoyaraq çəkdiyi xərci beşqat qaytarır;

b) Rəqibin istehsal məhsulları lazımlılığına və bahalılığına əhəmiyyət verilmədən alınır, bir başqa bazarda dəyər-dəyməzinə başdan edilir. Qiymət fərqindən törəyən amortizasiya isə, digər sferadakı fəaliyyətdən gələn qazancla və ya alınan kreditlərlə kompensasiya etdirilir (daxili bazarda monopoliyaya maliklik şəraitində, əslində heç dəyərindən aşağı qiymətə satışa ehtiyac qalmır). Deyilən metodla rəqibin təklifi qarşısında süni tələb formalaşdıraraq, marketinq oriyentasiyası azdırılır və o, istehsalının həcmini genişləndirməyə stimullaşdırılır. Müvafiq məqsəd əldə olunduqdan sonra isə məhsullarının alışı dayandırılaraq istehsalatı lazımsız məhsul buraxan bir yığın dəmir kütləsinə çevriltdirilir.

Metodun variasiyaları:

əmtəə ondan alınıb satılmır, ehtiyat anbarlarına yığılaraq saxlanılır. Müəyyən hədd toplandıqdan sonra geriyə – elə öz bazarlarına qaytarılır. Bazarın formalaşmış tələb-təklif balansının kəskin disproporsiyası isə, akselerativ faktor kimi, rəqibi sürətlə iflasa uğradasıdır. Yuxarıdakı haldan fərqli olaraq, nəticəni nisbətən qısa müddət ərzində əldə etməyə imkan verir;

Həmin əmtəənin analoqu bir başqasından alınaraq kütləvi partiya ilə rəqibin əsas ixrac bazarına çıxarılır (ortaya çıxan amortizasiya yenə də deyilən mənbələr hesabına tarazlanır). Bu variant lazımi effekti yuxarıdakından da tez vaxtda əldə etməyə imkan verir.

Hər iki variantdan, həmçinin hansısa malın (o cümlədən, aksiyanın və ya hansısa müəssisənin «nəzarət paketi»nin) dəyərini kifayət qədər aşağı salıb ələ keçirmək halları üçün də aktivliklə istifadə olunur;

Həmin əmtəənin analoqunu özünüzün istehsal etdiyiniz hal üçün onun maya dəyərindən aşağı qiymətlə bazara çıxarılması fəndi – rəqiblərin müştərilərini əllərindən alaraq bazarda monopoliya qazanmaq və rəqibləri müflisləşdirərək bazardan sıxışdırıb çıxarmaq məqsədi üçün istifadə olunur. Bu yolla bazarda qazanılan dominant mövqe əvvəlki itkiləri kompensasiya etməyə imkan verir;

c) Bir başqa hal üçün bu fənd rəqibin qiymətli kağızlarına, o cümlədən, valyuta sisteminə qarşı tətbiq edilir. Bunun üçün milli valyutası böyük partiyalarla konversiya edilərək (başqa valyutaya çevriltdirilərək) dövriyyədən çıxarılır, bununla da, faktik olaraq, dövlətin daxili borclarının artımına zəmin yaradılır. əhalinin alıcılıq qabiliyyətini bərpa etmək üçün dövlət Bankının valyuta emissiyasından (dövriyyəyə əlavə pul buraxmasından) sonra, toplanan valyutası mübadilə edilərək dövriyyəsinə qaytarılır ki, bu da arxasında əmtəə dayanmayan saxta pul kütləsi («ölü kapital») kimi inflyasiyaya gətirib çıxarır.

Yeri gəlmişkən bir şeyi qeyd edək ki, İslam ölkələrinin bugünkü iqtisadi geriliyinin də başlıca səbəblərindən biri – məhz bu «ölü kapital» amilidir. Belə ki, İslam dininin borca görə faizi (sələmi) qadağan etməsi, burada bankların özünə kapital cəlb etməsi işini başlıca stimuldan məhrum edir ki, bunun da nəticəsində, əhali fərdi olaraq dövr elətdirə bilmədiyi pul ehtiyatını ya «kasıbın malı göz qabağında olar» prinsipini əsas tutaraq özündə saxlayır, ya da onu yaxşı dividentlər ödəyən xarici banklara yerləşdirir. Nəticədə isə, kredit, sərmayə defisiti ucbatından ölkənin bir tərəfində nə qədər real planlar, layihələr həyatakeçməmiş yarımçıq qaldığı halda, digər tərəfində xərclənə bilməyən böyük pul kütləsi dövriyyədən kənarda toplanıb qalır, yaxud da immiqrasiya olunur.

d) Məhsulları saxtalaşdırılır. Belə ki, istehsal etdiyi məhsul onun yarlığı, adı, standartı ilə, lakin ondan qat-qat aşağı keyfiyyətlə istehsal edilib onun ixrac bazarına çıxarılır. Bununla da məhsullarına qarşı inam qırılır, müştəriləri əlindən çıxarılır və faktik olaraq, iflasına zəmin yaradılır;

e) Orada ayrıca maqnatların biznesi və ya ümumiyyətcə, hər növ iqtisadi fəaliyyət üçün mövcud olan konyunktur amilləri aradan qaldıran provakasiyalar aparılır, əməliyyatlar həyata keçirilir (Nümunə üçün, məs., elita ilə maqnatlar arasına nifaq salaraq buradakı siyasi, hüquqi vəziyyət maqnatların əleyhinə çevriltdirilir, onların bizneslərinə təhlükə formalaşdırılır, ümumiyyətcə, müxtəlif vasitələrlə bütün ölkədə situasiya destabilizə etdirilir və s.), yaxud ölkədəki maqnatlara bir başqa ölkədə daha əlverişli şərait yaradaraq onlar şirnikləndirilir ki, bütün bununla da oradan kapital immiqrasiyası stimullaşdırılır (determinləşdirilir).

(Yeri gəlmişkən ABŞ-ın bugünkü fövqəl-inkişafının səbəblərindən də daha birisi məhz onun ərazisində son iki yüz il ərzində müharibə olmadığından situasiyanın destabilizə olmaması və buna görə də, dövriyyəsində konsentrasiya olunan valyutanın heç vaxt immiqrasiya olunmamasıdır. Məhz həmin hesaba, bugünkü gündə ABŞ bütün dünya sərvətlərinin yarıdan çoxunu təkbaşına öz əlində cəmləyib. Onun tənəzzülü ilə dövriyyəsində konsentrasiya olunan valyutanın desentralizə olaraq dünya dövlətləri arasında paylanacağını və hər bir dövlətin milli gəlirinin ən azı bir neçə dəfə artacağını hesablayan bir sıra dövlətlər [söhbət Rusiya, Çin, İran və b. kimi siyasi rəqiblərindən getmir] ABŞ-ın tənəzzülü üçün gecə-gündüz məxfi planlar cızmadadırlar);



f) «Seçici investisiya siyasəti» və ya digər növ təsirlərlə daxilində güclü şirkətlərinə rəqib yetişdirilir və ya olanlar arasında bir-birinə rəqib şirkətlər tapılır, həmin yolla qüvvələrinin tarazlığına nail olaraq, bir-birini zəiflədib gücdən salana qədər rəqabətlərinin davam etməsinə çalışılır, bununla da bütün iqtisadi strukturları bir-birinin ardınca iflic vəziyyətinə salınır.

Psixoloji baryerlər səbəbindən rəqib cəbhəsinə bu növ ekspansiya adətən müşkül olsa da, beynəlxalq arenada bu məqsədlə öz müttəfiqlərindən və ya nəzarətində olan beynəlxalq qurumlardan tramplin kimi istifadə etmək praktikası geniş yayılıb;

g) İdxal-ixrac bazarlarının əlindən çıxmasına çalışılır, biznes üzrə rəqibləri, daxildə kölgə iqtisadiyyatı dəstəklənir, və s.:

Bunun üçün, idxal-ixrac bazarlarında rəqiblərinin meydana gəlməsinə çalışılır, müxtəlif iqtisadi rıçaqlarla olan müştəriləri əlindən çıxarılır və s.;

h) əleyhinə casusluq fəaliyyəti təşkil edilir və ya həyata keçirilir, bu məqsəddə olan əleyhdarlarına yardım edilir, ələ keçirilmiş biznes, kommersiya sirləri onlardan ona qarşı istifadə edə biləcək tərəflərin diqqətinə çatdırılır.

Adi həyatda düşmən olan qonşulardan biri digərindən qisas almaq məqsədilə «krim» elementlərlə kontakta girib, onun evini yardırmaları (oğurlatmaları) üçün onlara lazımi «nakolka» verməsi bu kateqoriyadan geniş yayılmış fəndlərdəndir;

ABŞ-dakı bir bankın öz rəqiblərindən birini aşağıdakı fəndlə iflasa uğratması barədə məlumat verilir: Həmin bank rəqibinin istifadə etdiyi parol sisteminin bir-sıra elementlərini müəyyən edir və bunu internetdə xakerlərin istifadə etdiyi xüsusi sayta daxil edir. Buradasa işin qalan hissəsini başa çatdırmağa bilik və təcrübəsi kifayət edən xakerlər tapılır və tezliklə rəqib bank iflasa uğrayır.

i) Sair növ təsirlərlə qeyri-istehsal sahələrinə və ya yaxın vaxtda mənfəət gətirməyəcək istehsal sahələrinə olan investisiyalarının, hərbi xərclərinin, kreditlərinin, sosial xərclərinin (dotasiyalarının, ianələrinin, kompensasiyalarının, təqaüdlərinin, mükafatlarının, səhiyyə və maarif kimi sahələrinə ayırmalarının və s.), büdcədən maliyyələşən strukturlarında məvaciblərinin, beynəlxalq qurumlardakı üzvlük haqlarının, beynəlxalq cərimələrinin (məs., restitusiya, təzminat və s. formasında), xaricdə tranzit, kömrük xərclərinin və s. artımına cəhd olunur.

Məs., Qərb 1998-ci ildə motivsiz olaraq qəfil Rusiya ilə münasibətləri yaxşılaşdırıb, ona birbaşa və ya dolayısı ilə (o cümlədən, nəzarətində olan beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatların və b. xətti ilə) kifayət qədər maliyyə və kredit yardımları etməyə başladı. Bu isə eyforiyaya uyan o vaxtkı rus hökumətini ruhlandıraraq, onu büdcədən maliyyələşən qurumlarda məvacibləri dalbadal artırmağa stimullaşdırdı (bu həmin dövr idi ki, Rusiyanın o vaxtkı baş naziri Çernomırdin yüksək tribunadan fəxrlə Rusiyadakı məvaciblərin Azərbaycandan on dəfə artıq olması bəyanatını verirdi). ələlxüsus da (yəqin ki, yenə də həmin Qərbin stimullaşdırıcı təbliğatı ilə), həmin ərəfədə sosial gərginliyin qəfil artması və şaxtaçılarla müəllimlərin məvacibləri artırmaq tələbi ilə səngiməyən mitinq və tətillər keçirməsi bu addımı qaçılmaz edirdi, baxmayaraq ki, əslində bu pullar istehsal sahələrinə yönəldilməli idi. Bundan çox qısa bir müddət sonra, Qərb Rusiyaya maliyyə yardımını qəfil dayandırdı və Qərbin nəzarətində olan beynəlxalq maliyyə qurumları da, həmçinin. ətalət üzrə verilən və arxasında real istehsalın, yaxud əmtəənin dayanmadığı bu şişirdilmiş məvaciblər, bir anda bankları iflic vəziyyətinə saldı və növbəti aylarda dövlətin əhaliyə heç bir maaş verə bilməməsi, Rusiyada hansı siyasi, sosial nəticələrə gətirib çıxardığı yəqin, çoxlarının yadındadır: əyalətlər dövlət büdcəsinə vergi ödəməyi dayandırdılar və faktik olaraq, müvəqqəti müstəqil iqtisadi siyasət yürütməyə başladılar. Bunlardan bəziləri, hətta tamamilə müstəqillik qiyamına qalxdı. Hiperinflyasiya və artan sosial gərginlik qarşısında duruş gətirə bilməyən V.Çernomırdin vəzifəsindən istefaya getdi.

j) Sair hər növ vasitələrlə istehsalı ilə istehlakı, tələbi ilə təklifi, mədaxili ilə məxarici, kredit resursları mənbəyi ilə onlardan istifadə, dövriyyəsində olan pul kütləsi ilə ona olan real tələbatı və s. arasındakı balansın pozulmasına, disproporsiyaya və s. nail olunur.



Sadalanan bütün bu hallar üçün təzyiqin dinamikası – iqtisadi yardım, imtiyaz və ya güzəştin azaldılmasından, embarqoya və iqtisadi diversiyaya doğru təkamül edir.

Yekunda, iqtisadi təsirin psixoloji effekti barədə bir neçə cümlə:

Müxtəlif dövrlərdə İrak, Yuqoslaviya, Kuba, Liviya və s. dövlətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq olunub. Bu sanksiyalar ölkə əhalisinin əsas hissəsinin həyat səviyyəsinin əhəmiyyətli səviyyədə aşağı düşməsinə, hiperinflyasiyaya, bir çox zəruri məhsulların defisitləşməsinə və s. gətirib çıxarır. Uzunmüddətli iqtisadi böhran insanları azğınlaşdırıb, onları bu burulğandan, təlatümdən özünü və ailəsini xilas etmək üçün həyat və ətraf insanlarla ölüm-dirim savaşına girməyə vadar edir. İnsanlar bir-birinə qənim kəsilir, qardaş-qardaşdan, övlad valideyndən üz döndərir. Ölkədə mənəvi pozğunluq, cinayətkarlıq və rüşvətxorluq aləmi başına götürür, perspektivi olmayan siyasi iğtişaşlar ölkəni bürüyür. Uzunmüddətli iqtisadi böhrandan üzülən və ya ölkənin hərbi qüdrətini üstələmiş nümayişlərdən qorxuya düşən əksər əhalinin (o cümlədən, bunun tərkib hissələrindən olan hərbi xidmətçilərin) mənəvi-psixoloji durumu aşağı düşür. Buradakı istənilən qarışıqlıqda maraqlı olan qonşu dövlətlər hər dəqiqə sürpriz gözləyirmiş kimi göz-gözə dayanırlar. Dövlət xaosun qarşısını almaq üçün əlavə (belə deyilərsə, qeyri-populyar) tədbirlər görməyə məcbur olur: Hərbi-polis sistemini gücləndirir, vətəndaşlarının müəyyən azadlıqlarını məhdudlaşdırır, vertikal hakimiyyətin dayanıqlığını gözlənilməz qiyam və xarici təsirlərdən sığortalayan ekstern qanun və qərarlar qəbul edir və s. Bütün bunlarsa, təzyiq göstərən xarici bədxahlara əsas verir ki, burada insan haqlarının pozulması, söz azadlığının və digər bir sıra azadlıqların boğulması, diktaturaya meyl olunması və s. kimi məsələlər barədə aləmə haray-həşir salsınlar, bununla da buraya qarşı nəzərdə tutduqları perspektiv təzyiqlərini, hərbi müdaxilələrini qabaqcadan bəraətləndirsinlər, hər şeyi buradakı əzilən sadə xalq kütləsinin xatirinə, söz azadlığının, şəxsiyyət azadlığının xilası naminə etdiklərini əldə bayraq tutaraq, beynəlxalq ictimaiyyətin dil-ağzını bağlasınlar. Hansı ki, guya, lap əvvəldən bu ölkəyə qarşı iqtisadi sanksiya tətbiq edərkən (o cümlədən, məşhur «907-ci qərar» da bunun növmüxtəlifliyidir – müəl.), bunun həmin ölkənin ali vəzifə sahiblərinin şəxsi həyat səviyyəsinə heç bir təsir göstərməyəcəyini və bütün yükün yalnız fağır, şikəst, vicdanlı sadə kütlənin üzərinə düşəcəyini, sanki, qabaqcadan bilmirdilər ki, indi də çox böyük canfəşanlıqla özlərini sadə kütlənin halına acıyan yeganə tərəf kimi təqdim edirlər.



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin